Avropa özü də erməni əsilli radikallardan canını qurtarmaq istəyir - Arzu Nağıyev Siyasət

Avropa özü də erməni əsilli radikallardan canını qurtarmaq istəyir - Arzu Nağıyev

Avropa ölkələrindən erməni əsilli radikalların Dağlıq Qarabağda döyüşməyə gəlməsi heç də təsadüfi deyil, burada bir neçə məqsəd var.

Bunu Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputat bildirib ki, 1-ci Qarabağ müharibəsində də ermənilər aktiv şəkildə işğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşma ilə məşğul olurdular və məskunlaşmada da əsas məqsəd terror qruplaşmalarını mülki vətəndaşlar adı altında yerləşdirmək idi:

“Onlar terrorçu dəstələri, muzdluları gətirərərk guya dinc əhali kimi məskunlaşdırırlar. Buradakı bir məqam da ondan ibarətdir ki, son vaxtlar Avropanın bir sıra dövlətlərindən erməni əsilli radikallar və millətçilərin Dağlıq Qarabağda döyüşlərə gəlməsi intensiv xarakter alıb.

Əslində, burada Avropa dövlətlərinin də öz maraqları var. Əsas məqsədlərdən biri odur ki, Avropa özü də bu erməni əsilli radikallardan canını qurtarmaq istəyir və həmin radikalların ölkədən çıxması üçün şərait yaradırlar. Yəni Avropa dövlətləri erməni millətindən olan radikalları öz ərazilərindən birmənalı şəkildə, mədəni surətdə qovur. Onlar da əllərinə silah alaraq guya ki, “vətənpərvər” ruhda burada vuruşmağa gəlirlər. Avropa məsələni ikili həll edir, yəni həm öz ərazisindən radikal erməniləri qovur, eyni zamanda həmin adla guya ki, ermənilərə köməklik göstərir”.