Bruney saytı da Ermənistanın Azərbaycana qarşı təxribatlarından bəhs edən məqalə yayıb Siyasət

Bruney saytı da Ermənistanın Azərbaycana qarşı təxribatlarından bəhs edən məqalə yayıb

Bruney Darüssəlamın “BRUDIRECT” ən böyük xəbər agentliyi Ermənistanın Azərbaycana qarşı təxribatlarından bəhs edən məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Bruney Darüssəlamdakı səfiri Qaley Allahverdiyev tərəfindən qələmə alınmış məqalə “Azərbaycan öz regionunda sülh və sabitlik istəyir” sərlövhəsi ilə geniş oxucu auditoriyasına təqdim edilib. Məqalədə Ermənistanın sentyabr ayının 27-dən başlayaraq ölkəmizə qarşı davam etdirdiyi hərbi hücumdan bəhs olunub, bunun bəşəriyyətə meydan oxuyan nəticələri barədə ətraflı məlumat verilib.

Səfir bildirib ki, hazırda dünya ölkələri COVID-19 pandemiyası və onun sosial-iqtisadi yükü ilə mübarizə apararkən, Azərbaycan ikiqat təhdidlə qarşılaşıb. Ermənistan hərbi qüvvələri ağır artilleriya və iri çaplı silahlardan cəbhəyanı yaşayış məntəqələri ilə yanaşı, çox uzaqda yerləşən Gəncə və Mingəçevir şəhərlərini atəşə tutub. Ballistik raketlərlə mülki əhalini və obyektləri hədəfə alan bu ölkənin heç bir beynəlxalq humanitar öhdəliklərə məhəl qoymadığı vurğulanıb. Azərbaycan Respublikasının Baş Prokurorluğu, eləcə də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən dərc edilmiş hesabat və informasiya materiallarına istinad edən səfir, həmin hücumun səbəb olduğu mülki insan tələfatı və dağıntılar barədə də məlumat verib.

Məqalədə qeyd olunub ki, Azərbaycanın siyasi-hərbi rəhbərliyi Ermənistana qarşı həyata keçirdiyi sülhə məcbur etmə əməliyyatlarının ilk günündən etibarən mülki əhalini və mülki obyektləri hədəf almayacağını əvvəlcədən elan edib. Səfir Azərbaycanın işğal olunmuş ərazilərindəki mülki əhali ilə hər hansı probleminin olmadığına işarə edərək, Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağda yaşayan erməniləri Azərbaycan vətəndaşları hesab etdiyinə dair fikirlərini vurğulayıb.

Eyni zamanda, Azərbaycan səfiri Ermənistanın cari ilin iyul ayında qəbul edilmiş Milli Təhlükəsizlik strategiyasına toxunaraq, təcavüzkarlığı aşkar şəkildə təşviq edən bu sənəddən sonra Azərbaycana qarşı hərbi hücumların gözlənilən olduğunu vurğulayıb.

Q.Allahverdiyev onu da bildirib ki, bu gün dünya ictimaiyyətinin göstərməli olduğu qətiyyətli mövqe təkcə Azərbaycanın haqlı mübarizəsi üçün deyil, eyni zamanda beynəlxalq hüquq və ədalətin əsas öhdəliklərinin xilas edilməsi üçün önəm daşıyır.