“Azərbaycan öz torpaqlarını azad edəcək” Siyasət

“Azərbaycan öz torpaqlarını azad edəcək”

Hidayət Orucov: "Öz ərazi bütövlüyümüzü qoruyacaq, işğalçı qoşunlar Azərbaycan ərazisini tərk etməyincə, təcavüzə qarşı hər vasitə ilə mübarizə aparacağıq"

Azərbaycanın Qırğızıstandakı əfiri Hidayət Orucov bu ölkənin "Akipress" informasiya agentliyinə müsahibə verib. Qırğızstan-Azərbaycan münasibətlərini yüksək dəyərləndirən səfir bildirib ki, iki dövlət arasındakı əlaqələr təkcə siyasi və humanitar sahədə deyil, həm də iqtisadi sahədə inkişaf etməkdədir və bu xətt Azərbaycan və Qırğızıstan prezidenlərinin siyasətinin prioritet istiqamətlərindəndir.
Hidayət Orucov cəbhə xəttində baş vermiş son hadisəyə də münasibətini açıqlayıb və qeyd edib ki, Azərbaycanın işğal edilmiş ərazisində hərbi helikopterlə bağlı insident Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında destruktiv mövqeyinin növbəti təzahürüdür: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesində ölkənin ərazi bütövlüyü, suverenliyi çərçivəsində iştirak edir. Lakin Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək sülh prosesinə mane olmağa yönəldilmiş siyasətini davam etdirir və hərbi helikopterlə bağlı insident növbəti belə addımdır. Xatırlatmaq yerinə düşər: hələ 2012-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə göndərdiyi məktubda deyilirdi ki, Ermənistan tərəfindən Azərbaycanın hava məkanının pozulmasına yönəldilmiş istənilən cəhdə qarşı adekvat addımlar atılacaq.
2014-cü ilin noyabrın 12-də saat cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib".
Səfir bəyan edib ki, Azərbaycan bu münaqişənin sülh yolu ilə həll olunmasının tərafdarıdır: "Amma Ermənistan bilməlidir ki, hər bir xalq işğala nə vaxta qədərsə dözə bilər və biz öz ərazi bütövlüyümüzü qoruyacaq, işğalçı qoşunlar Azərbaycan ərazisini tərk etməyincə, təcavüzə qarşı hər vasitə ilə mübarizə aparacağıq. Azərbaycan öz torpaqlarını qaytaracaq. Biz həmişə bu münaqişənin sülh yolu ilə həll olunması üçün mümkün olan hər şeyi etmişik və edirik də, lakin qarşı tərəf Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh danışıqları pozmaq və status-kvonu saxlamaq niyyətindədir. Əgər dünya ölkələri və beynəlxalq təşkilatlar hansısa subyektin müstəqilliyini tanımırlarsa, bu o deməkdir ki, bu subyektdə ya terror, və ya işğal rejimi mövcuddur. Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan Xocalı soyqırımında və azərbaycanlılara qarşı törədilmiş bir çox qırğınlarda bilavasitə iştirak etmiş, soydaşlarımızın öz tarixi-etnik torpaqlarından məcburi olaraq qaçqın və köçkün düşməsinə səbəb olmuş, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə və dünya sivilizasiyasına qarşı bir çox cinayətlər törətmişdir. O anlayır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli onun cinayətkar rejimə son qoyacaq. Çox gözəl bilir ki, onun beynəlxalq tribunal və ağır cəza gözləyir. Ermənistan rəhbərliyinin cəhdləri və bütün bu cinayətləri gizlətmək ona qarşı çevrilir. Ermənistan tərəfindən gerçəkləşdirilən bütün təxribatlara Azərbaycan hər zaman layiqli cavab verir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ən ağrılı problemi olaraq qalır. Bu problem bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycan torpaqları işğaldan azad olunmalı, bir milyondan artıq qaçqın və məcburi köçkün öz doğma yurdlarına qayıtmalı, ölkəmizin ərazi bütövlüyü bərpa edilməli və Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində özünü idarəetmə statusu verilməlidir. Hər kəs bilməlidir: baxmayaraq ki biz sülh tərəfdarıyıq, müharibənin yenidən başlanmasını istəmirik və bu məsələnin dinc yolla həllinə çalışırıq, bununla yanaşı, status-kvonun saxlanması da sonsuz ola bilməz. Azərbaycan nəyin bahasına olursa-olsun öz torpaqlarını azad edəcək".

XC