"Bu gün Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasının əsl vaxtıdır" Siyasət

"Bu gün Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasının əsl vaxtıdır"

Bu gün Azərbaycanda qardaş Türkiyə dövlətinin hərbi bazasının yaradılmasının əsl vaxtıdır. Bizim partiya-BAXCP hər zaman bu məsələni ölkənin gündəmə gətirmişik. Və bunun vacib olduğunu qeyd etmişik. Onsuz da Qarabağda başlanan müharibədən sonra bütün dünya bir daha şahid oldu ki, Azərbaycanla Türkiyə arasında münasibətlər birbaşa qardaşlıq prinsiplərinə söykənir. Və daha dərin köklərə bağlıdır. Hər kəs də gördü ki, dünyada bu cür bir birinə yaxın iki dövlət yoxdur . "Bir millət, iki dövlət" şüarının çox dərin prinsipləri var. Buna şahidlik edənlər etiraf etdilər. Fakt qarşısında qaldılar. Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuzun Qarabağdakı 44 günlük möhtəşəm qələbəsindən dərhal sonra Rusiya, Ermənistan və Azərbaycan dövlətlərinin imzaladığı 10 noyabr bəyanatından sonra Türkiyənin Azərbaycanda hərbi bazasının yaranmasını daha da aktual edir."

Bu sözləri Moderator.az saytına BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Hərbi Doktrina”sının 29-cu bəndinə görə, Azərbaycanda xarici hərbi bazaların yaradılmasına yol verilmir: " Ancaq bunun da həlli yolları var. Yalnız hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud xarici hərbi iştiraka müvəqqəti icazə verilə bilər. Amma daha üstün hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikasının Milli Təhlükəsizliyi haqqında Qanunun 19.4 -cü maddəsinə əsasən, ölkə ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol verilmir. Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılması üçün ilk növbədə Azərbaycanın xarici siyasətində və mövcud qanunvericilikdə ciddi dəyişikliklər edilməlidir. Niyə də etməyək?!"

Politoloq Niyaməddin Orduxanlının fikirincə, bu, dəyişiklikdən sonra, lap elə işğaldan azad olunmuş rayonlarımızın birində, Şuşada Türkiyə hərbi bazalarının yaradılmasını təmin etmək olar:" Azərbaycan alqının son 100 illik tarixinə baxsaq, görərik ki, xalqımızın ən ağır vəziyyətlərində, istər 1918-ci ildə, istərsə də Qarabağda vətən müharibəsinə başlayan gündə 27 sentyabr 2020-ci ildə ən böyük dəstəyi qardaş türk xalqı verib. Məncə, bu ideyanın bu gün reallaşması xalqımızın da ürəyincə olar. "