“Azərbaycan Əfqanıstan üçün model ola bilər” Siyasət

“Azərbaycan Əfqanıstan üçün model ola bilər”

Elmar Məmmədyarov NATO-nun toplantısında çıxış edib

Xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 2-si Brüsseldə NATO-nun Əfqanıstan üzrə toplantısında çıxış edib. XİN-in mətbuat xidmətindən "Media forum" saytına verilən məlumata görə nazir deyib: "Dekabrın 1-də Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni və Əfqanıstanın icra rəisi Abdulla Abdulla Bakıda idilər, Azərbaycan prezidenti İlham Əliyev, Azərbaycan hökumətinin üzvləri ilə Əfqanıstanın gələcəyinə dair intensiv və açıq fikir mübadiləsi apardılar. Əfqanıstan hökumətinin nəhəng islahatlar gündəliyi var. Bu yalnız təhlükəsizlik deyil. Sənaye və infrastruktura böyük sərmayələr cəlb edilməlidir. Mənim ölkəm 20 il bundan əvvəl müharibə ilə üzləşib, amma biz bütün bu təhdidləri aşmağı bacardıq, böyük irəliləyişə nail olduq. Ona görə də Azərbaycan Əfqanıstanın mövcud ehtiyaclarını görür və Əfqanıstan üçün model ola bilər.
Azərbaycan Əfqanıstana bir çox sahələrdə, eləcə də insan kapitalının inkişafı üçün təhsil və təlim sahəsində yardım edir. Dəmir yol əlaqəsi Əfqanıstan üçün çox vacibdir. Hazırda ölkədə bir dəmir yol əlaqəsi var. Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Əfqanıstanı Avropa ilə birləşdirən dəmir yol layihəsi ölkənin davamlı inkişaf üçün vacib elementlərdən biridir.
Qətiyyətli dəstək missiyasının başlanması Əfqanıstanın gələcəyi üçün vacibdir. Qoşunlar, təlim, maliyyə yardımı və tranzit formasında əsaslı töhfələr verməklə Azərbaycan bu missiyada öz rolunu oynayacaq.
Bizim regionda olan proseslər onu göstərir ki, daha çox uğurlara imza atmaq üçün beynəlxalq birliyin Əfqanıstana dəstəyi qarşıdan gələn illərdə davam etməlidir".