Soltan Məmmədov: “Azərbaycan ictimai rəyində Fransanın həmsədrlikdən uzaqlaşdırılması artıq tam möhkəmlənmiş qənaətdir” - MÜSAHİBƏ Siyasət

Soltan Məmmədov: “Azərbaycan ictimai rəyində Fransanın həmsədrlikdən uzaqlaşdırılması artıq tam möhkəmlənmiş qənaətdir” - MÜSAHİBƏ

Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədovun APA-ya müsahibəsi

- Fransa senatının qəbul etdiyi qətnaməyə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi münasibətiniz necədir?

- Fransa Senatının erməni diasporunun və lobbisinin təsiri altında qəbul etdiyi qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə tamamilə qərəzlidir. Azərbaycanın dövlət rəsmilərinin, Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı bəyanatlarında Azərbaycan dövlətinin rəsmi mövqeyi açıqlanıb. Azərbaycan Milli Məclisinin bəyanatında Fransa senatının qərarına kifayət qədər dolğun və dəqiq qiymət verilib. Bu sənədin əsassız və qərəzli olduğunu sübut edən faktlardan biri də budur ki, onun bir müddəasında belə obyektiv, reallığa adekvat qiymətləndirmə yoxdur. Yəni azacıq da olsa, obyektiv görünməyə cəhd belə göstərilməyib. Bu da onu sübut edir ki, yeganə məqsəd Azərbaycana qara yaxmaq olub. Layihə müzakirəyə çıxarılmazdan öncə Azərbaycanın Fransadakı Səfirliyi, Azərbaycan diaspor təşkilatları, Fransa Milli Assambleyasında Fransa-Azərbaycan Dostluq Qrupunun üzvləri birlikdə çox ciddi iş apardılar. Məhz bu birgə işin nəticəsi olaraq Milli Assambleyada sənədin müzakirəyə çıxarılmasının qarşısı alınmışdı. Sonrakı dövrdə də Səfirliyimiz çox ciddi şəkildə Fransanın müxtəlif siyasi dairələrinə real vəziyyəti əks etdirən məlumatlar təqdim etdi. Milli Məclis rəhbərliyinin də dəstəyi ilə Fransa parlamentinin bir qrup üzvünün ölkəmizə səfəri təşkil olundu. Onlar real vəziyyəti öz gözləri ilə gördülər, həmkarlarına da bu barədə bütün zəruri məlumatları təqdim etdilər. Azərbaycanın Fransadakı Səfiri qətnamənin səsverməsindən bir gün öncə Senat üzvləri qarşısında çıxış etdi. Layihədə əksini tapmış qeyri-obyektiv məqamlarla əlaqədar bütün vacib məlumatları senat üzvlərinin diqqətinə çatdırdı, ətraflı, kifayət qədər əsaslandırılmış informasiyalar təqdim olundu. Sənədlər, faktlar əsasında. Bütün bunlara baxmayaraq Senat belə bir yanlış qərar qəbul etdi. Bu da onu göstərir ki, sənəd əvvəlcədən nəzərdə tutulmuş konkret məqsədə hesablanmışdı. Əgər doğrudan da Fransa Senatı bu qərarı qəbul etməklə, guya dinc sakinlərin hüquqlarını müdafiə etmək məqsədi güdürdüsə, onda niyə Azərbaycanda dinc insanların həlak olması, mülki obyektlərin dağıdılması ilə bağlı faktları görməzdən gəlib. Niyə ancaq birtərəfli qaydada tamamilə Ermənistanın irəli sürdüyü tezislər əsasında qərar qəbul edir? Bir maraqlı məqam da ondan ibarətdir ki, Senatın üzvlərindən biri Fransa-Qafqaz Dostluq qrupunda təmsil olunan Natali Qule bu sənədin əleyhinə səs verdiyini, lakin səsinin nəzərə alınmadığını bildirib. Bir neçə senatorun da öz səslərini geri götürməsinə dair məlumatlar var. Kifayət qədər ciddi faktlardır və bir daha göstərir ki, Senatın bu sənədi qəbul etməkdə o qədər israrlı olub ki, hətta səsvermə prosedurlarında belə pozuntulara yol verilib.

- Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti dayandırıla bilərmi?

- Milli Məclisin qəbul etdiyi bəyanatda yaranmış vəziyyətlə bağlı adekvat qiymətləndirmə əksini tapıb. Bayaq qeyd etdiyim kimi, Milli Məclis rəhbərliyinin dəstəyi Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun və Azərbaycanın Fransadakı Səfirliyinin birgə təşkilatçılığı ilə Milli Assambleyanın bir qrup üzvünün ölkəmizə səfəri təşkil olunmuşdu. İşçi qrupunun əsas fəaliyyət istiqamətlərindən biri ölkələr arasında münasibətlərin inkişafına, tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə, dostluğun, əməkdaşlığın güclənməsinə töhfə verməkdir. Lakin indiki situasiyanın ümumi mənzərəsi belədir ki, Fransa ikitərəfli əlaqələrin inkişafında maraqlı görünmür. Ən azından belə təəssürat yaranır. Baxmayaraq ki, Fransa Xarici İşlər Nazirliyi, Fransanın Azərbaycandakı Səfirliyi bu qərarın hökumətin mövqeyini əks etdirmədiyini bildiriblər. Yəni Senatın son addımı əməkdaşlıq üçün pəncərələri bağlamaq təşəbbüsüdür. Azərbaycan dövləti hər zaman bütün ölkələrlə bərabərhüquqlu münasibətlərə xüsusi önəm verib. Biz regionda və dünyada əməkdaşlığın, qarşılıqlı faydalı əlaqələrin tərəfdarı olan və buna real töhfələr verən dövlət kimi tanınır, qəbul olunuruq. Lakin Azərbaycan həm də özünə hörmət etməyi, milli maraqlarını, xalqının mənafelərini ləyaqətlə qorumağı bacaran dövlətdir. Bizim üçün müəyyən qırmızı cizgilər var. Parlamentlərarası işçi qrupun fəaliyyəti ilə bağlı qərar vermək səlahiyyəti isə Milli Məclisə aiddir. Fikrimcə, Milli Məclis zərurət yarandığı təqdirdə proseslərin gedişinə uyğun qərar qəbul edəcək.

- Milli Məclisin bəyanatında hökumətə çağırışların icrasını necə görürsünüz?

- Düşünürəm ki, Azərbaycan hökuməti, müvafiq qurumlar proseslərin gedişini analiz edərək adekvat qərar verəcək. Milli Məclisin bəyanatı sizin də qeyd etdiyiniz kimi çağırış, tövsiyə xarakteri daşıyır. Bu tövsiyələri qiymətləndirmək, prosesləri təhlil etmək, real vəziyyətə uyğun qərarlar qəbul etmək isə hökumətin səlahiyyətindədir.

- Fransa ilə siyasi-iqtisadi əlaqələrin dayandırılması istiqamətində addımlar atılmalıdırmı?

- Bu sual əslində Azərbaycan ictimai rəyində nə qədər ciddi narahatlığın olduğunu ifadə edir. Fransa senatının qeyri-obyektiv, qərəzli qərarının ikitərəfli münasibətlərdə öz izini buraxacağını hələ layihə müzakirəyə çıxarılmazdan öncə Azərbaycanın dövlət rəsmiləri, parlament üzvləri açıq şəkildə bəyan etmişdi. Yerli və xarici kütləvi informasiya vasitələrində də belə bir addımın Azərbaycan-Fransa münasibətlərinə təsirsiz ötüşməyəcəyinə dair çoxsaylı proqnozlar var idi. Ona görə də Fransa bütün bu amilləri düzgün hesablamalı idi. Təəssüf ki, biz bu gün tamamilə fərqli bir situasiya ilə üz-üzəyik. Çox güman ki, Senatın qərarının Azərbaycan-Fransa münasibətlərinə, o cümlədən siyasi-iqtisadi əlaqələrə müəyyən təsirləri olacaq. Hansı miqyasda və hansı istiqamətlərdə, bunu zaman göstərəcək.

- Fransanın ATƏT-in Minsk qrupu həmsədrliyindən uzaqlaşdırılması nə dərəcədə realdır?

- Senatın qərarı, eləcə də Fransanın bir çox yüksək vəzifəli şəxslərinin 27 sentyabrda Ermənistanın təxribatından sonra Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları davam edərkən verdiyi açıqlamalar bu ölkənin həmsədr kimi neytrallığına çox ciddi şübhələr yaradıb. Azərbaycan ictimai rəyində isə Fransanın həmsədrlikdən uzaqlaşdırılması artıq tamamilə möhkəmlənmiş ümumi qənaətdir. Daha dəqiq ifadə etsək, Senatın son addımı Azərbaycan xalqının Fransanın ədalətli həmsədr ola biləcəyinə onsuz da güclü olmayan inamını daha da sarsıtdı. Fransa birmənalı olaraq Azərbaycanda Ermənistanın təəssübkeşi kimi qəbul olunur. Bunun səbəbkarı isə biz deyilik. Fransa özü belə bir imic yaradıb. Azərbaycan Milli Məclisinin bəyanatında da Fransa Respublikasının ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması üçün ATƏT-in rəhbərliyinə müraciət edilməsi çağırışı öz əksini tapıb. Geosiyasi proseslər kontekstində baxdıqda, Fransa əslində bu addımı ilə Cənubi Qafqazda öz təsir imkanlarını xeyli dərəcədə zəiflədir, yəni öz milli maraqlarına birbaşa zərbə vurur. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəfsizliyini qoruyub saxlamağa borcludur. Bunu edə bilmirsə, həmsədr kimi qalması bölgədə sülhün, təhlükəsizliyin təmin olunmasına hansısa ciddi töhfə verə bilməz.

- Fransa Milli Assambleyasında Fransa-Azərbaycan Dostluq Qrupunun üzvlərinin bu dövrdəki fəaliyyətini necə dəyərləndirirsiniz?

- Fransa Milli Assambleyasında Fransa-Azərbaycan Dostluq Qrupunun üzvləri sırasında Azərbaycanı həqiqətən özünə dost hesab edən həmkarlarım var. Onların bir qrupu ölkəmizdə səfərdə oldu, Gəncədə Ermənistanın hücumları nəticəsində baş vermiş dağıntıları öz gözləri ilə gördülər. 100-ə yaxın vətəndaşımızın bu hərbi cinayət nəticəsində həlak olması ilə bağlı məlumat aldılar. Qeyd edim ki, bu hərbi əməliyyatlar dövründə Avropadan Azərbaycana səfər edən yeganə deputat qrupu idi. Onlar bir sıra rəsmi şəxslərlə də görüşdülər. Fransaya qayıtdıqdan sonra öz ölkələrinin siyasi dairələrinə, eyni zamanda həmkarlarına bu barədə məlumatlar təqdim etdilər. Hərbi əməliyyatlar dövründə, eləcə də daha öncə Ermənistanın iyul ayında dövlət sərhədində törətdiyi təxribat zamanı həqiqətləri öz ölkələrinin ictimaiyyətinə çatdırmaq üçün bütün mümkün imkanlardan istifadə etdilər. Əlbəttə, qrupun bütün üzvləri barədə bu sözləri demək olmaz, çünki bəziləri səssiz qalmağa üstünlük verdi. Bununla belə, hesab edirəm ki, həm Milli Assambleyada Fransa-Azərbaycan Dostluq Qrupunun, həm də Senatdakı Fransa-Qafqaz Dostluq Qrupunun üzvləri arasında bizim haqlı mövqeyimizi dəstəkləyən deputatlar kifayət qədər fəallıq göstərirlər.