Laçının işğalına son qoyulması Böyük Qələbənin son hərbi-siyasi akkordlarıdır - ŞƏRH Siyasət

Laçının işğalına son qoyulması Böyük Qələbənin son hərbi-siyasi akkordlarıdır - ŞƏRH

Laçın rayonunun işğaldan azad edilməsi Azərbaycanın dövlət sərhədlərinin tam bərpası deməkdir. Bu isə istənilən müstəqil dövlət üçün müstəsna əhəmiyyət kəsb edən məsələdir.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəylinin sözlərinə görə, dövlət müstəqilliyi kompleks bir anlayışdır və bu anlayışın sərhədləri dövlət sərhədlərinin toxunulmazlığından başlayır:

“Laçın rayonunun işğalına son qoyulması ilə Azərbaycanın dövlət sərhədlərinin toxunulmazlığı tam təmin edilib ki, bu da ilk növbədə dövlətimizin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suveren hüquqlarının de-fakto təmin olunması deməkdir. Hadisələrin bundan sonrakı gedişatı siyasi xarakter daşıyacaq, bu isə proseslərin Azərbaycan dövlətinin, ordusunun üstün mövqelərinin diqtə etdiyi şərtlər altında inkişafı anlamına gəlir.

Laçın rayonun işğaldan azad edilməsi ilk növbədə Azərbaycan Respublikasının Ali Baş Komandanının rəhbərliyi ilə 44 günlük möhtəşəm zəfər yürüşünü həyata keçirən Azərbaycan Ordusunun rəşadəti, şəhidlərimizin və qazilərimizin müqəddəs qanı bahasına baş tutub. Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları, işğalçı ölkənin faktiki kapitulyasiyasını ifadə edən birgə bəyanat da Ordumuzun möhtəşəm zəfərinin nəticəsidir”.

E.Mirzəbəyli bildirib ki, Laçın rayonunun işğalına son qoyulması Böyük Qələbənin son hərbi-siyasi akkordlarıdır: “Kimin nə deməsindən, hadisələri hansı maraqlar və dünyagörüşləri çərçivəsindən şərh etməsindən, dəyərləndirməsindən asılı olmayaraq, coğrafiyadan anlayışı olan, regionun xəritəsini görməyi bacaran istənilən şəxs Azərbaycanın öz əraziləri üzərində nəzarətinin tam bir şəkildə bərpa olunduğunu anlaya bilir. Azərbaycanın ayrılmaz parçası olan Yuxarı Qarabağ iqtisadi rayonu Azərbaycan əsgərinin ayaqları altındadır və bu əbədiyyətə qədər belə olacaq”.