Azərbaycan beynəlxalq münasibətlərinə yenidən baxacaq - Bəhruz Quliyev Siyasət

Azərbaycan beynəlxalq münasibətlərinə yenidən baxacaq - Bəhruz Quliyev

Qələbəmizlə başa çatan Vətən müharibəsində biz bir daha kimin dost, təəssübkeş, kimin isə əks tərəfdə dayandığının şahidi olduq. Əslində, bu reallıq xarici siyasətimizdə yenilənmələrin aparılmasına şərait yaratmış oldu.

Bu fikirləri “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev İtaliya deputatlar palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərimizə səfərlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində uzun illər ərzində bizim torpaqlarımız dağıntılara, talana məruz qalaraq viranəliyə döndərildi. Eyni zamanda, bizim işğalda olan rayonlarımızda heç bir erməninin yaşamağa cəsarət etməməsi göstərir ki, bu torpaqları özlərinin torpaqları kimi görməyiblər: “Əlbəttə, bunun özü birmənalı şəkildə işğalçılıq faktının təsdiqi olaraq sübuta yetirilib, həmçinin həmin ərazilərimizi xoşluqla vermək fikrində olmadıqları da göz önündə idi. Müharibə dövründə Ordumuzun qəhrəmanlıqla keçdiyi böyük və çoxsaylı istehkamlar, müdafiə xətləri də isbat edirdi ki, düşmən asanlıqla işğal etdiyi yerləri tərk etmək niyyətində olmayıb. O cümlədən, dağıdıcılıq, terrorçuluq, barbarlıq xislətləri də buna imkan verməyib və nəticə etibarı ilə onlara layiqli cavab verildi, düşmən geri otuzduruldu və kapitulyasiya aktına imza atmağa məcbur edildi. Söz yox ki, Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizə etdiyi səfərləri zamanı vurğuladı ki, dağıdılmış yerlərimiz bərpa olunacaq, insanlarımız geriyə, öz doğma yurd-yuvalarına geri dönəcəklər, amma buna qədər talançılıqlarla, dağıdıcılıqla məşğul olmuş Ermənistan tərəfi təzminat ödəməli olacaq və artıq dəymiş ziyanın ölçülməsi ilə bağlı beynəlxalq audit təşkilatları ilə danışıqlar aparılır. O cümlədən, güclü iqtisadiyyatımız, habelə bizə dost münasibəti nümayiş etdirən nüfuzlu xarici şirkətlər də Qarabağın bərpası istiqamətində layihələrə cəlb ediləcək”.

“Məhz İtaliya dövləti müharibə dövründə Azərbaycana açıq dəstək göstərən ilk Avropa ölkələrindən biri oldu və ölkəmizin, xalqımızın apardığı haqlı, ədalətli mübarizəsində yanımızda olduğunu bəyan etdi”, deyən siyasi ekpert əlavə edib ki, bütün bunlarla yanaşı, italiyalı parlamentarilər ilk avropalı nümayəndələrdir ki, işğaldan azad edilmiş ərazilərimizə səfər edərək reallıqları öz gözləri ilə gördülər: “Baxın, Prezident İlham Əliyev italiyalı deputatlarla görüşündə də bildirdi ki, hazırda bərpa dövrü başlayır, genişmiqyaslı quruculuq işləri aparılacaq. O cümlədən, Azərbaycan şirkətləri bu prosesdə bizim üçün dost olan ölkələrin şirkətləri ilə əməkdaşlıq edəcəklər. Əslində, bu bəyanatın təməlində dayanan həqiqət budur ki, Azərbaycanın apardığı 44 günlük mübarizəsində qeyri-tərəflərdə dayanan, qeyri-müəyyən siyasət yürüdən ölkələrin şirkətləri sözügedən quruculuq işlərinə cəlb edilməyəcəklər. İtaliya isə bizim üçün əsl dost və tərəfdaşdır. Ona görə də dövlətimizin başçısı onlarla görüşündə bildirdi ki, İtaliya şirkətləri bu işlərdə fəal iştirak etsinlər. Bu ifadə ilə ölkə rəhbərimiz sübut etdi ki, İtaliya Azərbaycanın dostudur”.

“Beləliklə, postmüharibə dövründə qarşıda dayanan nəhəng işlərdə əsas fəaliyyət istiqamətləri müəyyən olunub və söz yox ki, qüdrətli iqtisadiyyatımız, münbit imkanlarımız qısa müddətdə düşmən tərəfindən viran qoyulmuş torpaqlarımızın çiçəklənməsinə, abadlaşmasına, dünyanın ən gözəl bölgələrindən birinə çevrilməsinə geniş şərait yaradacaq”, deyən “SƏS” qəzetinin baş redaktoru bildirib ki, artıq həmin dövr proseslərində yeni konfiqurasiya gerçəklikləri yaranmağa başlayır: “İstər iqtisadi, istər siyasi, istərsə də digər istiqamətlərdə, bir sözlə, beynəlxalq münasibətlər sistemində yeni bir eranın başlanğıcının əsasları qoyulur. Bu yanaşmada isə Azərbaycan dövləti yenə də söz sahibi olaraq çıxış edəcək, yəni dostlarla, müttəfiqlərlə iş birliyini, strateji əməkdaşlıqlarını artıracaq, əks tərəfdə dayananlara isə əlbəttə ki, yer verilməyəcək. Bu artıq aksiomadır ki, Azərbaycan tərəfi ona tərəf uzanan əli sıxmağa, səmimiyyətə imza atmağa hər an hazırdır. Yaxın gələcəyin perspektivləri də məhz bu istiqamətə doğru yönəlib”.