“Ukraynada yaşanan son hadisələr...” Siyasət

“Ukraynada yaşanan son hadisələr...”

Ərəstun Baxşəliyev: "Rusiyanın Cənubi Qafqaz cəbhəsində yenidən aktivləşməsinə gətirə çıxara bilər"

Bu gün bütün dünyanın diqqəti Ukraynada baş verən hadisələrə yönəlib. Ukraynada baş verənlər Rusiyanın necə təhlükəli bir dövlət olduğunu bir daha üzə çıxardı. Bu hadisələr Cənubi Qafqazdakı proseslərə və Dağlıq Qarabağ probleminə necə təsir göstərə bilər?
Politoloq Qabil Hüseynli bildirdi ki, Qərb Qafqazda Rusiyanın zəifləməsini istəyir, ancaq bunun üçün hansı vasitələrdən istifadə edəcəyi barədə çox düşünür: "Təbii ki, Rusiya da öz mövqelərini asanlıqla əldən vermək istəmir. Görürsünüz, Ukraynaya qarşı necə aqressivdir. Nəzəri cəhətdən Ukrayna ilə paralel olaraq Dağlıq Qarabağda da hərbi əməliyyatlara start vermək mümkündür. Yəni Qərb bu yolla Rusiyanın başını qata bilər. Ancaq bir faktı da nəzərə almaq lazımdır ki, Rusiya elə də xırda ölkə deyil ki, iki cəbhədə müharibə apara bilməsin. Ermənistanda Rusiyaya məxsus böyük hərbi kontingent var. Məhz onların vasitəsi ilə qəzəblənən Rusiya Qafqazın mənzərəsini dəyişə biləcək hərbi əməliyyatlar apara bilər. Hər halda Qərb bunları nəzərə alır və gərginliyə getməz. Heç Ukraynanın özündə də hərbi qarşıdurmanın olacağına inanmıram. Dağlıq Qarabağda anti-terror əməliyyatlarına başlamaq kimi məsələ yalnız Azərbaycanın öz iradəsindən asılıdır".
Politoloq Ərəstun Baxşəliyev diqqətə çatdırdı ki, durumun müharibəyə transfer olunması bir çox mənbələr tərəfindən mümkün hal kimi qiymətləndirilməkdədir: "Bunun əsl səbəbkarı və də günahkarı isə işğalçı Ermənistan ilə yanaşı onu himayə edən tərəflərdir. 20 ildən artıq bir müddətdir ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edərək, əhalisinin nə az nə çox, düz bir milyona yaxınını hələ də didərgin bir vəziyyətində saxlayan Ermənistan, Azərbaycanın ərazi bütövlüyünə qarşı işğal siyasətinə bu gün də son qoymaq fikrindən əl götürməyib. ATƏT-n Minks qrupu üçlüyü isə sərsəm və boş bəyanatlardan və turistik səfərlərdən başqa bir iş görməyərək, davamlı olaraq tərəfləri səmərəsiz görüşlərin keçirilməsinin davam etdirilməsinə səsləyir.
Mövcud status-kvonun qalması, Azərbaycanın sürətlə hərbiləşməsi, buna adekvat cavab olaraq isə işğalçı Ermənistana təzyiq etmək əvəzinə ard-arda külli miqdarda silah sursatın ötürülməsi, "Qarabağda müharibə başlayarsa Rusiya buna seyirçi mövqedə qalmayacaq" kimi fikirlərin mütəmadi səsləndirilməsi və ya elə son günlərdə "Freedom House" kimi bir təşkilat tərəfindən, heç işğalçı Ermənistanın özü tərəfindən belə tanınmayan "DQR"-lə bağlı sərsəm açıqlamların verilməsi, habelə Ukraynada yaşanan təlatümlər və s. bu kimi faktlar, əslində barıt çəlləyini xatırladan regionda, hər an partlayışın yaşana bilməsi reallığını da öz bərabərində gətirməkdədir".
Onun sözlərinə görə, Azərbaycan Müdafiə Nazirliyinin atəşkəsin pozulmasıyla bağlı bir müddət öncə yayımladığı açıqlamada belə bir cümlə var.. "Ön xəttə yerləşən bölmələrimiz tərəfindən aparılan müşahidələrdə düşmənin geri çəkilməsi zamanı verilən əmr və komandaların yalnız erməni dilində deyil, qeyri-erməni dilində də səsləndirilməsi qeydə alınıb". Politoloq vurğuladı ki, əslində ratsiyada keçən danışıqları qeyri erməni dilində olması heç də təsadüfi olmayıb: "Burada Azərbaycan və Azərbaycanla bağlı bir çox layihələri dəstəkləyən Qərb dövlətlərinə faktiki olaraq mesaj verilib və bu mesajın verilməsinin də arxasında olduqca ilginc faktlar dayanmaqdadır. Şübhəsiz ki, eşidilən danışıqlar inglilis və ya fransız dillərində olmayıb. Çünki, Ermənistan ərzaisində hərbi baza, o cümlədən Ermənistanı davamlı olaraq silah-sursatla təmin edən, hətta bu dövlətin güvənliyinə qarant olan və onun sərhədlərini qoruyan tərəf məhz Rusiyadır. Və keçən danışıqların dili də çox yəqindir ki, elə bu dövlətin dilində olub".
Eksperlərin fikrincə məslənin ən ilginc tərəfi hazırki dönəm üçün bölgədə hər hansı bir savaşın çıxmasının istənilməməsidir: "Cənubi Qafqazda müharibə təhlükəsinin yaşanması qlobal anlamda dünyanı, regional anlamda isə regionu təhdid etdiyi üçün, regionda hər an alovlana biləcək müharibənin başlanmasında hər hansı bir tərəf maraqlı deyil. Torpaqların müəyyən bir limit çərçivəsində danışıqlar yolu ilə geri qaytarılmasına daha çox səy göstərən tərəf isə Azərbaycandır".
Onun fikrincə son aylarda bölgədə baş qaldıran problemlər, regionun olduqca ciddi bir təhdid mənbəyinə çevrilməsi, dəyişdirilən aktorlar, o cümlədən mühüm enerji layihələrinin həyata keçirilməsi üçün lazım olan sabitlik və həm də hegemon maraqların ön xəttə çəkilməsi, qısa vədədə də olsa rəsmi Bakını müvəqqəti olaraq bu planlardan əl götürməsinə səbəb olub: "Yəni, rəsmi Bakı, mövcud situasiyaya uyğun hərəkət edərək müharibə variantını bir qədər də ertələyib.
Hazırki dönəmdə ehtiyatlı davranma, çevik və dəyişən hadisələrə uyğun siyasət sərgiləmə taktikasına daha çox önəm verən Bakı, baş verə biləcək hər hansı bir təhlükəyə qarşı ciddi şəkildə hazırlıqlar görüb, hərbi gücünü ən yüksək səviyyəyə çıxarmağa nail olub. Təmas və sərhəd xətti boyu müdafiə sisteminin möhkəmləndirilməsinə gəlincə isə... Çox yəqindir ki, bu addımlar qarşı tərəfin istənilən növ təxribatına cavab olaraq həyata keçirilib. Çünki rəsmi Bakı, ona qarşı arta biləcək mümkün təzyiqlərin hər birindən xəbərdardır".
Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 15-də Brüsselə səfər edərək NATO-nun baş katibi Anders Foq Rasmussenlə görüşməsi, Rusiyanın Gömrük İttifaqı ilə bağlı prosesləri davam etdirdiyi bir dönəmdə Azərbaycanın Rusiyanın iradəsindən kənar qaz layihələrini nəzərdə tutan müqaviləyə imza atması təmas və də sərhəd xəttində gərginləşmə ilə nəticələndi: "Çox maraqlıdır ki, bu zaman Ukrayndakı ABŞ səfirliyinin mühasirəyə alınması ilə bağlı məlumatların yayılması, cəbhədə yaşanan gərginliklərlə bağlı ABŞ Dövlət Departementi tərəfindən narahatlığın elan edilməsi, zaman etibari ilə eyni günə təsadüf edib. Bu birmənalı olaraq bilinməlidir ki, istər Yaxın və Orta Şərqdə, istər Qara dəniz hövzəsində, istər Orta Asiya regionunda, istərsə də Avropada cərəyan edən hadisələr bu və ya digər dərəcədə Qafqaza və onun tərkib hissəsi olan Azərbaycana da təsir göstərmək gücündədir. Rusiyanın Avrasiya İttifaqı ideyasında israrlı olması və bu yolda inadlı addımlar atması təbii olaraq Qərbin diqqətindən yayınmayıb.
Avrasiya İttifaqı ideyasının gerçəkləşməsində bu gün ən zəif halqa Kiyev hesab olunduğundan, öncə Ukrayna ilə hesablaşmağı əsas bilən rəsmi Moskva, burada yaşanan hadisələrdən təbii ki narahat durumda idi. Və məhz burada aktivləşən proseslər birmənalı şəkildə Qafqaza da sirayət etməkdədir. Bu isə istər Qara Dəniz hövzəsində, istərsə də Qafqaz regionunda qlobal güclər arası "savaş"ın ən pik həddə olduğu anlamını ehtiva edir. Ukraynada yaşanan son hadisələr, Rusiyanın Cənubi Qafqaz cəbhəsində yenidən aktivləşməsini də öz bərabərində gətirə bilər".
Rusiya Prezidenti Putin bir müddət əvvəl keçirdiyi mətbuat konfransı öncəsi belə bir fikir səsləndirib: "Krımdakı indiki durumu Abxaziya və Cənubi Osetiyadakı hərbi münaqişə ilə müqayisə etmək olmaz...Belə bir hala Abxaziya və Cənubi Osetiyada da rast gəlinmişdi. Orada təkcə yerli sakinlərə deyil, həm də sülhməramlı qüvvələrə və hərbçilərə qarşı da təhlükə var idi..."
Krıma hərbiçilərin yeridilməsi, Ukrayna hadisələri fonunda Abxaziya və Cənubi Osetiya ilə bağlı ifadələrin səslənməsi və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Syüzan Raysın "Ukraynaya hərbi müdaxilə Rusiyanın kobud səhvi olardı..." ifadəsi təsdiqləyir ki, ABŞ prosesləri diqqətlə izləyir ki, ani dəyişikliklərə gecikməsin. Görünən odur ki, bütün münaqişə zonalarında, o cümlədən də Qarabağ cəbhəsində yaxın günlərdə vəziyyət yenidən gərginləşə bilər. Azərbaycanın belə dönüşə hazır olması şübhə doğurmur. Lakin vəziyyətin kəskin radikallaşması baş verdikdə prosesləri tənzimləyən təkcə silah amili olmayacaq. Səlist diplomatiyanın görə biləcəyi iş, hadisələrin gedişatı göstərdiyi kimi, daha mühüm kəsb edir. Bu nöqteyi nəzərdən rəsmi Bakıının ehtiyat imkanları düşmən Ermənistanın potensialını ciddi şəkildə üstələyir. Odur ki, "indi ən etibarlı qazanc ideoloji qənimətlərdir" deyənlər yanılmırlar".

Əli