Təzə və köhnə həmsədrlər... Siyasət

Təzə və köhnə həmsədrlər...

Asim Mollazadə: "Uorlikin Amerikadan olan digər keçmiş həmsədrlərlə görüşü onlardan məlumat əldə etmək məqsədi daşıyıb"

Hikmət Hacızadə: "Qarabağ danışıqlarında əhəmiyyətli irəliləyiş Rusiyaya tətbiq edilən sanksiyalardan asılıdır"

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədrləri Keri Kavano və Robert Bradke Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi ilə bağlı aparılan danışıqlara qoşulublar. Bu barədə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün twitter səhifəsində məlumat verib. Diplomat bildirib ki, keçmiş həmsədrlərlə Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsinin perspektivlərini müzakirə edib. "Keçmiş həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması ilə bağlı aparılan danışıqlarda mənə qoşuldu",-deyə Ceyms Uorlik yazıb.
Millət vəkili Asim Mollazadə C. Uorlikin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini keçmiş ABŞ həmsədrləri ilə müzakirə etməsinə münasibət bildirərkən "çox güman ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Amerikadan olan digər keçmiş həmsədrlərlə görüşü onlardan məlumat əldə etmək məqsədi daşıyıb",- deyə bildirib. Deputat ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallaşmasını müsbət addım kimi dəyərləndirib: "Sadəcə olaraq Ermənistan bu münaqişənin həllində prosesi tam dondurub və bunun inkişafına imkan vermir. Ümumiyyətlə bu prosesdə heç bir inkişaf yoxdur. İnkişaf olmadığı təqdirdə isə rəsmi İrəvanı sanksiyalar və təzyiqlərlə sülhə məcbur etmək olardı. Lakin bu istiqamətdə də heç bir addım yoxdur. Zənnimcə, münaqişənin həll edilməməsinin də əsas səbəbi təcavüzkara qarşı sanksiyalardan və təzyiqlərdən istifadə olunmamasıdır".
ABŞ-ın Ermənistandakı səfiri Con Heffern isə deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri alternativ, kreativ yollar tapmağa çalışır ki, Qarabağ münaqişəsinin tərəfləri əlaqədə olsun" Onun sözlərinə görə ATƏT-in ABŞ-dan olan həmsədri Qarabağ danışıqları üzrə yeni səviyyəyə keçməyin vacibliyini bildirib. Con Heffern qeyd edib ki, Minsk qrupunun həmsədrlərinin əsas rolu tərəflərin danışıqlar masası ətrafında oturmasıdır. "Aydındır ki, əsas qərarlar prezident səviyyəsində qəbul edilməlidir. İkitərəfli qarşılıqlı əlaqələr üçün başqa formatlar da var. Vasitəçilər prezidentlər səviyyəsində görüşlərə əlavə ediləcək bu formatları tapmağa çalışırlar",-deyə diplomat bildirib.
Politoloq Hikmət Hacızadə isə deyib ki, Qarabağ danışıqlarında əhəmiyyətli irəliləyiş Rusiyaya tətbiq edilən sanksiyalardan asılıdır: "Qarabağ məsələsində irəliləyiş Krım və Donetskdə iki nəhəngdən birinin qalib gəlməsindən asılıdır. Hər şey Rusiya-Ukrayna davasından asılıdır. Əgər Avropa Rusiyanı yerində oturda bilsə, danışıqlara Qərb rəhbərlik edəcək. Qərbin bu məsələdə daha praqmatik mövqeyi var. Qərb bu məsələdə sülh istəyir. Çalışır ki, bundan biznes mənfəəti qazansın. Əgər iki nəhəngin toqquşmasında Kreml qalib gələrsə, hər şey indiki kimi olacaq. Proqnozum budur. Hər şey Donetskdə, Krımda həll olunur".
Hikmət Hacızadə konfliktin həllində Azərbaycanla Ermənistanın ikilikdə razılığa gəlməsinə inanmadığını da söyləyib: "Düşünmürəm ki, bu iki dövlət razılığa gələ bilsin. Çünki Ermənistan kimi bir dövlət yoxdur. Artıq ora Rusiya əyalətidir. Azərbaycan da sanki danışıqları Ermənistanla yox, Rusiya ilə aparır. Vəziyyət bu cürdür. Yenə də deyirəm, əgər Rusiya çökdürülsə, o zaman danışıqlar gedəcək".
Rusiya xarici işlər naziri Sergey Lavrov Serbiyanın XİN rəhbəri İvitsa Daçiç ilə birgə mətbuat konfransında Serbiyanın ATƏT-də sədrliyini şərh edərkən bildirib ki, Rusiya ATƏT-in münaqişələrin həlli üzrə mexanizmlərdə iştirak etməyə davam edəcək: "Biz Serbiyanın ATƏT-də sədrliyi çərçivəsində bu təşkilatın digər mexanizmlərində iştirak etməyə hazır olduğumuzu təsdiq etmişik".

Əli