Müsavatdan atmaca Siyasət

Müsavatdan atmaca

Sevinc Hüseynova: "Qubad İbadoğlu partiya yaradarsa, Sülhəddin Əkbərin partiyasından bir fərqi olmayacaq"

"Sülhəddin Əkbərin yaratdığı partiyanın axırı necə oldu? Bu da onlardan biridir". Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Sevinc Hüseynova partiya başqanlığına sabiq namizəd Qubad İbadoğlunun fikirlərinə münasibət bildirərkən deyib. Xatırladaq ki, Q. İbadoğlu təsis etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) partiyaya çevrilməsi məsələsinin nə vaxtsa gündəmə gələ biləcəyini vurğulayıb.
S. Hüseynova ADR-də Müsavat üzvlərinin azlıq təşkil etdiyini və hərəkatın əsasən KXCP üzvlərindən formalaşdırıldığını söyləyib. O bildirib ki, ADR partiyaya çevriləcəyi təqdirdə, Müsavatda istefalar ola bilməz: "Elan verirdilər ki, bütün təbəqələrin birləşdiyi hərəkat yaradılır, ancaq görünən odur ki, orada yalnız Klassik Xalq Cəbhəsi Partiyasının üzvləri var. Müsavat Partiyasının üzvləri isə Qubad İbadoğlundan başqa yalnız iki nəfərdir. Ümumiyyətlə, Qubad İbadoğlu şişirdilmiş ifadələr işlədir. Xüsusən də son zamanlar onun səsləndirdiyi fikirləri çox uğursuz hesab edirəm. Düşünmürəm ki, onun hərəkatı partiyaya çevriləcəyi təqdirdə, Müsavat Partiyasına hər hansı ziyan vuracaq və ya partiyanı zəiflədəcək. Bu hərəkata görə Müsavatdan istefa verəcək adamlar yalnız 5-10 nəfər ola bilər".