“ADR Müsavat Partiyasına qarşı yaradılıb” Siyasət

“ADR Müsavat Partiyasına qarşı yaradılıb”

Elman Fəttah: "Üzvləri və rəhbərləri anti-Müsavat fəaliyyəti göstərir"

Qubad İbadoğlu: "Müsavat Partiyası daxilində növbədənkənar qurultay çağırılması zərurətini dərk edənlərin sayı getdikcə artır"

Müsavat Partiyasının bir neçə üzvünün Qubad İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah Hərəkatında cəmlənməsi, funksionerlərin ciddi narahatlığına səbəb olub. Belə ki, partiya funksionerləri tərəfindən hələ ilk gündən təşkilatın Müsavat Partiyasının əleyhinə yaradıldığı söylənilsə də, ADR üzvləri bu faktı təsdiqləməyiblər. Sosial şəbəkələrdə müzakirə edilən fikirlərdə artıq 31 yanvarda təsis konfransı keçirməyi planlaşdıran hərəkatı "Müsavat"a rəqib görənlərin də sayı az deyil. Müsavat Partiyasının başqan müavini Elman Fəttah prosesi dəyərləndirib: "Kənardan görünənlər yanlış təəssüratlar yaradır. Əslində isə Müsavat Partiyasının funksionerləri tərəfindən yaradılan hərəkata qarşı heç bir aqressiya yoxdur. Bizim gündəmimizdə ADR yoxdur. O təşkilat Müsavat Partiyasına qarşı yaradılıb. Üzvləri və rəhbərləri anti-Müsavat fəaliyyəti göstərir. Ona görə də onların sırasında müsavatçı olmayacaq. Funksionerlərimiz də mətbuata açıqlamasında bunu demək istəyiblər. ADR üzvləri hər gün bir az daha müsavatçılıqdan uzaqlaşırlar".
Müsavat Partiyası başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) təşkilat komitəsinin sədri Qubad İbadoğlu isə deyib ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının təsis yığıncağının keçiriləcəyi tarix dəqiq məlum deyil. Bu, bölgələrdə təşəbbüs qruplarının formalaşma səviyyəsindən asılıdır. O bildirib ki, ADR-in təsis yığıncağının keçirilməsi istiqamətində fəaliyyət genişlənir: "Həm rayonlardan, həm də Bakı şəhərindən təşəbbüs qruplarının formalaşdırılması ilə bağlı müraciətlər var və biz bunu dəyərləndirib, sonra qərar qəbul edirik. Q. İbadoğlu Müsavatda növbədənkənar qurultay çağırılması üçün yaradılan təşəbbüs qrupunun fəaliyyətinə də toxunub. O qeyd edib ki, bu istiqamətində işlər gedir, partiya fəalları və xüsusi çəkisi olan insanlarla müzakirələr aparılır. Başqanlığa sabiq namizəd qurultay zamanı onu dəstəkləyənlərin artıq səhv etdiklərini anladıqları barədə qarşı tərəfdən səslənən fikirlərə də münasibət bildirib: "Son zamanlar Müsavat Partiyasında baş verənlər onu göstərir ki, əslində əks proseslər gedir. Yəni Müsavat Partiyası daxilində növbədənkənar qurultay çağırılması zərurətini dərk edənlərin sayı getdikcə artır və bu proses güclənəcək". Qubad İbadoğlu tərəfdarlarının Müsavatın qurultayındakı pozuntularla bağlı Ədliyyə Nazirliyinə müraciət edə biləcəyi haqda fikirləri də şərh edərək, bu variantı dəstəkləmədiyini açıqlayıb: "Biz mübarizəmizi partiya daxilində, demokratik şəkildə davam etdirməliyik".

Əli