Müsavatda növbəti fraksiya... Siyasət

Müsavatda növbəti fraksiya...

Tural Abbaslı deyib: "Müsavat Partiyasında yeni rəhbərlikdən narazı olanlar fraksiya yarada bilər"

Müsavat Partiyasının son qurultayından, Arif Hacılının partiya rəhbərliyinə gətirilməsindən və İsa Qəmbərin faktiki partiyanı nəzarətdə saxlamasından sonra partiyadaxili parçalanmalar qaçılmaz oldu. Qurultayda az səslə məğlubiyyətə uğrayan Qubad İbadoğlu tərəfdarlarının "Azərbaycan Demokratiya və Rifah" hərəkatı yaratmasının ardınca Müsavatda daha bir fraksiya təsis olunub. Yayılan məlumata görə, Gənclər fraksiyası"adlanan birlikdə adından da göründüyü kimi, əsasən gənclər təmsil olunacaq: "Tural Abbaslı, Əhəd Məmmədli və digər fəal gənclərlə yanaşı vaxtilə Müsavatın Gənclər Təşkilatına rəhbərlik etmiş şəxslər də bu fraksiyada yer alır. Adı gənclərlə bağlı olsa da, müxtəlif yaş qruplarından olan müsavatçılar da bu fraksiyada təmsil olunur. Hazırda kimin fraksiyaya rəhbərlik edəcəyi bilinməsə də, güman ki, quruma Müsavat başqanlığına namizəd olmuş gənc fəal Tural Abbaslı rəhbərlik edəcək. Müsavat rəhbərliyi, xüsusən İsa Qəmər və Arif Hacılı hər vəchlə fraksiyanın yaradılmasının və ictimaiyyətə elan olunmasının qarşısını almağa çalışır. Hətta bununla bağlı fraksiya təsisçilərinə xəbərdarlıq da olunub. Açıq şəkildə deyilib ki, onlar bu fikrindən daşınmasa, partiyadan qovulma məsələsinə baxıla bilər.
Başqanlığa keçmiş namizəd Tural Abbaslı deyib ki, Müsavat Partiyasında yeni rəhbərlikdən narazı olanlar fraksiya yarada bilər. Onun sözlərinə görə, Qubad İbadoğlunun tərəfdarlarının yaratdığı ADR hərəkatında təmsil olunmaq fikirləri yoxdur: "Onlar qurultayın nəticələrini tanımır. Biz isə qurultayın nəticələrini qəbul etdik, sadəcə olaraq, sonra yaranmış situasiya ilə razılaşmadıq. Bütövlükdə narazıların fraksiya şəklində birləşməsini təklif edirdik. Bu, partiyanın güclənməsinə, demokratikləşməsinə xidmət edən məsələdir. Fraksiya ideyasının düzgünlüyünü qəbul etmək üçün bir qədər zaman lazım idi. Lakin onlar gözləmədilər və hərəkat yaratdılar. Halbuki ölkədəki siyasi şəraitə görə yeni yaranan hər hansı hərəkat, yaxud təşkilatla nəsə etmək çətindir. Bu daha çox enerji sərfiyyatı deməkdir. Onların bu addımı mənim kimi narazıların fəaliyyətini də çətinləşdirir. Digər tərəfdən, hərəkat kənardan Arif Hacılı və onun tərəfdarlarına təzyiq elementi kimi görünəcək. Eyni zamanda, onların partiyaya təsir imkanları olmayacaq". Tural Abbaslı ADR-in Müsavat daxilindəki narazıların bölünməsinə gətirib çıxartdığını bildirib. O, qarşılarına fraksiya yaratmaq məqsədini qoyduqlarını deyib: "Hələlik fraksiya olaraq formalaşmamışıq, strukturlar qurulmayıb. Lakin bununla bağlı müzakirələrimiz gedir, narazı olan rayon təşkilatları ilə danışıqlar aparırıq. Elektorat toplanarsa, fraksiya yaranacaq. Həm partiya daxili demokratikləşmə prosesini yerinə yetirəcəyik, həm də hakimiyyətə qarşı mübarizə aparacağıq".

Əli