Qarabağ ermənisi: “Burada hamı depressiyadadır” Siyasət

Qarabağ ermənisi: “Burada hamı depressiyadadır”

Dağlıq Qarabağda yaşayan ermənilər acınacaqlı vəziyyətlə üzləşiblər. Onlar əvvəlki kimi xoşbəxt olmadıqlarını, hər an qorxu içində yaşadıqlarını deyirlər.
Müharibə vaxtı İrəvana qaçmış, hazırda Xankəndində yaşayan erməni qadın Anaida Ayrapetyan hazırkı durumlarından şikayətlənib.
"Burada insanların əhvalı yaxşı deyil. Üstəlik, hələ də hamının ürəyində qorxu var. Axşam 9-dan sonra nəqliyyat işləmir, küçələrdə az insan gözə dəyir. Az-çox gənclər küçədə olur. Amma qaranlıq düşən zaman hamı evində olur”, - Anaida erməni KİV-ə müsahibəsində deyib.
Müharibədən sonra Ermənistanla yanaşı Xankəndində də qiymətlər bahalaşıb, yaşayış çətinləşib.
Anaida bildirib: “Qiymətlər dəhşət saçır. Əvvəl 550 drama olan kərə yağı indi 1020-1100 dramadır. 380 drama satılan şəkər tozu hazırda 450-yədir. İcarə qiymətləri də xeyli artıb. İnsanlar hazırkı durumdan sui-istifadə edirlər. Amma ayıbdır. Evsizlər yaranıb. İndi iki otaqlı evin qiyməti 100 minə qalxıb. Əvvəl isə 70-80 min dram idi. Hətta 50 minə bir otaq tapa bilərsiniz. Şəhərdə nə qədər evsizin qaldığı bilinmir. Ancaq "Facebook"da oxuduqda mənzil axtaran çox sayda evsizin olduğunu görürsən. Bələdiyyənin qarşısındakı növbələr isə dəhşətlidir. Hazırda nəqliyyat həm şəhərdə, həm də kəndlər arasında işləyir. Lakin marşrutlar əvvəlki kimi hərəkət etmirlər”.
Onun sözlərinə görə, yerli ermənilər arasında işsizlər çoxalıb, insanlar depressiyadadırlar, heç nə etmək istəmirlər.
Erməni qadın orta məktəbdə xadimə işlədiyini söyləyib: “İnsanlar tənbəl, ümidsiz hala gəldilər. Kəndlərdən gələn köçkünlər torpaqla işləmək istəyirlər. Amma işləmək üçün torpaq varmı?"
Anaida sonda qeyd edib ki, münaqişə yekunlaşsa da, ermənilər arasında müharibənin müxtəlif tarixlərdə yenidən başlanacağına dair şayiələr dolaşır:
"Deyirlər ki, ayın 12-si və ya 16-sı vəziyyət yenidən dəyişə bilər. Yəni qeyri-müəyyənlikdir. Ümid edirik ki, hər şey qaydasında olacaq".