“Qarabağ inkişaf forumu – 2021” mövzusunda onlayn tədbir Siyasət

“Qarabağ inkişaf forumu – 2021” mövzusunda onlayn tədbir

“Azərbaycan Gənclik Platforması”nın və “Qarabağ Azərbaycandır” Platformasının birgə təşkilatçılığı ilə “Qarabağ inkişaf forumu – 2021” adlı onlayn tədbir keçirilib. Bu barədə məlumat verən “Qarabağ Azərbaycandır” Platformasının təsisçisi İlkin Namazlı bildirib ki, tədbirə müxtəlif ölkələrdən nümayəndələr qoşulublar.
“Qarabağ Azərbaycandır” Platformasının həmtəsisçisi Şəbnəm Səfərova və “Azərbaycan Gənclik Platforması”nın sədri Fariz Vəliyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan şanlı Zəfər münasibətilə iştirakçıları təbrik edib, bu yolda canından keçmiş şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıb, qazilərimizə şəfa diləyiblər.
Tədbirdə dünya şöhrətli fotoqraf Reza Deqati çıxış edərək Azərbaycan həqiqətlərinin təbliğində fotojurnalistikanın önəmindən bəhs edib. Milli Məclisin deputatı Ceyhun Məmmədov informasiya müharibəsinin günümüzdə də davam etdiyini və gənclərin bu yolda daha çox çalışmalı olduğunu bildirib.
Onlayn tədbirdə, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi xidmətləri olan “CNN Türk” kanalının müxbiri Fulya Öztürk müharibə zamanı dünya telekanallarının Azərbaycana qarşı haqsızlıqlarından, Azərbaycan və Türkiyə qardaşlığının daha da inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.
Forumda turizm sahəsində böyük təcrübəyə malik Azər Qərib çıxış edərək Qarabağın turizm potensialından və onun inkişafı istiqamətində görüləcək işlər barədə məlumat verib. Daha sonra spiker və qonaqlar – siyasi şərhçi Əli Hacızadə, “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Elmin Xəlilov Qarabağın inkişaf yolları, informasiya müharibəsində sosial medianın rolu və gələcəkdə sosial media dayaqlarının gücləndirilməsi ilə bağlı məlumat veriblər. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədr müavini, professor Gülməmməd Məmmədov Qarabağda Azərbaycan və erməni xalqlarının birgə yaşaması üçün görüləcək işlərdən, yenidən qarşıdurmaların baş verməməsi üçün atılacaq addımlardan söz açıb. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.