“30 il işğal müddətində erməni faşistləri Ağdamı yerlə- yeksan ediblər” Siyasət

“30 il işğal müddətində erməni faşistləri Ağdamı yerlə- yeksan ediblər”

Yaşar Kələntərli: “Dünyanın heç bir yerində belə vəhşilik nümunələrinə rast gəlinməyib”

“Martın 18-də Prezident İlham Əliyevin xüsusi göstərişi və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin təşkilatçılığı ilə siyasi partiyaların Ağdama səfəri təşkil olunub. Bu səfərdə də bizim partiyanı mən təmsil edirdim”.
Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) baş katibi Yaşar Kələntərli “Xalq Cəbhəsi”nə açıqlamasında siyasi partiyaların Ağdama səfərini dəyərləndirərkən deyib. Y.Kələntərli bildirib ki, tədbirə 48 partiya qatılıb: “Martın 18-də təqribən saat 11 radələrində Ağdama çatdıq. Ağdamda işğaldan azad edilən ərazilərə yaxınlaşana qədər hamının əhval ruhiyyəsi yaxşı idi. Söhbətimizin mövzusu əsasən qələbəmizlə bağlı idi. İşğaldan azad edilən əraziləri görəndən sonra hamının əhval ruhiyyəsi korlandı”.
Y.Kələntərli bildirdi ki, keçmiş təmas xəttində vaxtilə ermənilərin böyük hərbi qüvvələri yerləşdirilib: “Hətta ağır texnikalar üçün səngərlər qazılıb. Onlar belə hesab ediblər ki, Azərbaycan torpaqlarını işğaldan azad etməyə başlasa, ən uyğun variant Ağdam istiqamətidir. Ona görə də böyük hərbi qüvvə ilə orada müdafiə mövqeləri qurmuşdular. Amma Azərbaycan ordusu düzgün taktiki strategiya həyata keçirdi. Oradan deyil, digər istiqamətlərdən əks-hücuma keçdi.
Nəticədə Ermənistanın böyük hərbi qüvvələri məcburən Ağdam istiqamətində döyüşdən kənarda qaldılar. Biz, əgər Ağdam istiamətindən əks-hücuma başlasaydıq, o zaman təbii ki, yenə də qələbə qazanacaqdıq. Amma itkilərimiz çox ola bilərdi. Ona görə də düzgün taktika seçildi və Azərbaycanın ən böyük rayonlarından biri olan Ağdamı bir güllə atmadan işğaldan azad etdik. Bu çox böyük bir uğurdur”.
Y.Kələntərli əlavə etdi ki, 30 il işğal müddətində erməni faşistləri Ağdamı yerlə- yeksan edib, daşı daş üstündə qoymayıblar:»Yalnız səngərlər qazıblar. Bundan başqa işləri yalnız şəhər və kəndlərimizi viran qoymaq olub. Bütün mədəni tarixi abidələrimizi yerlə bir ediblər. Ağdam məscidini bərbad günə qoyublar. Məscidin minarələrindən isə müşahidə məntəqəsi kimi istifadə ediblər. Ağdam şəhərinin girəcəyində 1500 məzar yerləşən böyük bir qəbirstanlıq olub. Həmin qəbirstanlığı məhv ediblər, qəbirləri qazaraq sümükləri aparıblar. Ərazini isə şumlayaraq taxıl əkiblər. Adam deməyə söz tapmır. Hərb tarixində və dünyanın heç bir yerində belə barbarlıq, vəhşilik nümunələrinə rast gəlinməyib ki, ermənilər bunu Qarabağda törədbilər. Adətən müharibələrdə məscidlər, kilsələr, ümumiyyətlə bütün ibadət yerləri və qəbirstanlıqlara toxunulmayıb. Bu onu göstərir ki, bu vəhşiliyin arxasında təkcə işğal deyil, Azərbayacana, Türkiyəyə və ümumiyyətlə türk millətinə qarşı bir nifrət dayanıb. Adam gördüklərindən dəhşətə gəlir, söz tapıb bunu izah etməkdə çətinlik çəkirsən”.
Y.Kələntərli onu da qeyd etdi ki, bu səfərlərin böyük bir əhəmiyyəti var: “Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi təşkilat təmsilçilərinin bu mənzərəni öz gözləri ilə görməsi və mətbuat vasitəsilə ictimaiyyətə çatdırması önəmlidir. Qarabağa böyük qayıdış olacaq və bu prosesdə bütün ictimai-siyasi təşkilatlar dövlətin yanında olmalıdır. Kimin əlindən nə gəlirsə əsirgəməməlidir. Orada çox böyük işlər görülməlidir. İşğaldan böyük bir xarabalıq miras qalıb və hər tərəf minalarla doludur. Ali Baş Komandan başda olmaqla tədbirin təşkilatçıları və icraçılarına, o cümlədən Ədalət Vəliyevə təşəkkür edirik. Bu çox yaxşı təşəbbüsdür və effektli nəticələri var. Bu ənənəni davam etdirmək lazımdır. İşğaldan azad edilmiş digər ərazilərə də ictimai-siyasi təşkilatlar və media mənsublarının davamlı səfərləri təşkil olunmalıdır”.

Əli Zülfüqaroğlu