“Qarabağ məsələsinə laqeyd münasibət Ukraynadakı hadisələrə yol açıb” Siyasət

“Qarabağ məsələsinə laqeyd münasibət Ukraynadakı hadisələrə yol açıb”

Rafael Hüseynov: "Faciə davam edəcək, heç təsəvvürə gəlməyən başqa ölkələri də əhatə edəcək, hazır olun"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının bugünkü plenar iclasında Böyük Britaniyadan olan deputat Cim Şeridanın hazırladığı "Ukraynada qaçqın və məcburi köçkünlərin humanitar vəziyyəti" adlı hesabatı ətrafında müzakirələr aparılıb.
APA-nın Avropa müxbiri xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov müzakirələrdə çıxış edərək Azərbaycanın qaçqın və məcburi köçkünlər məsələsinə toxunub: "Bu sualların cavabları sadədir, onları hər kəs tapa bilər. Amma eyni zamanda bunlar çox ağrılı suallardır. Min, on min, əlli min, yüz min çoxdur, yoxsa 1 milyon? 3 ay, 5 ay, 1 il çoxdur, yoxsa 26 il, 22 il? Faciə yenicə baş verəndə daha dəhşətlidir, yaxud 20 ildən artıq müddət ərzində hər gün davam edəndə? Söz yox, bu gün Ukrayna qaçqınları və köçkünləri haqqında danışan insanların hər biri bu fəlakətin acısını hiss edir, nə şəkildəsə həmdərd olmağa, köməklik göstərməyə çalışır. Lakin mənim qənaətimə görə? heç kəs həmin dərdi azərbaycanlılar qədər duya və o dərdlərə azərbaycanlılar qədər həssaslıqla şərik çıxa bilməz. Səbəb sadədir. Biz 20-25 ildən çoxdur ki, bu dərdləri hər gün yaşayırıq, oxşar faciənin fəsadlarına hər gün şahid kəsilirik. İndiyədək Parlament Assambleyasında qaçqınlar problemi ilə əlaqədar dəfələrlə müzakirələr aparılıb, qətnamələr qəbul edilib. Nəticə nədir, hansı irəliləyişlərə nail olmuşuq? Əfsus ki, təxminən heç nəyə! Aydın məsələdir ki, şərə qalib gəlmək həmişə çox çətindir. Bu gün biz Ukraynadakı humanitar fəlakətdən, miqdarı günbəgün sürətlə artan qaçqınlar ordusunun müdhiş vəziyyətindən bəhs edirik. Lakin elə bir dövrdə, Avropa və dünyanın elə bir çalxantılı zamanında yaşayırıq ki, sabah daha başqa bir üzv dövlətin, o biri gün isə digər AŞ ölkəsinin məruz qaldığı eyni ağır problemdən söz aça bilərik. Oxşar hadisələrin baş verməsi ehtimalı təəssüf ki, realdır və səbəb də odur ki, ortada nümunə var".
R. Hüseynov qeyd edib ki, arzuolunmaz presedent yaranırsa və onun qarşısının alınması üçün dərhal kəsərli tədbirlər görülmürsə, qətiyyətli addımlar atılmırsa, prosesin davamlı olması, zəncirvari reaksiyaya çevrilməsi labüddür: "Avropada qaçqın və məcburi köçkünlərin sayı 2001-ci ildə indikindən xeyli az idi. Həmin il işğalçı Ermənistan və onu dəstəkləyən güclər tərəfindən yaradılmış 1 milyona yaxın qaçqın və köçkünü olan dövlət kimi Azərbaycan AŞ üzvlüyə qəbul edildi. O zaman bütün Azərbaycan əhalisi və həmin 1 milyon qaçqın və köçkün AŞ kimi nüfuzlu bir təşkilatın bu düyünün açılmasına yardım göstərməsini arzulayır və ümidlərinin gerçəkləşəcəyinə inanırdılar. Ümidi artıran o idi ki, həmin bəlanı yaratmış Ermənistan da artıq Avropa Şurasına üzv idi bu təşkilatın məsələnin müsbət həllinə bilavasitə ciddi təsir göstərmək üçün imkanları var idi. Lakin səbəbi anlaşılmayan yumşaq, bir az da laqeyd münasibət problemin həllinin bir ildən digər ilə və illərə adlamasına bais oldu. Çadır şəhərciklərində qaçqın və köçkünlərin övladları doğulmağa, dünyaya qaçqın və köçkün statusu ilə göz açan yeni bədbəxt nəsillər yaranmağa başladı. Tarixin amansız, bir az da qəddar qanunları var. Başqasının faciəsinə biganə qalanda mütləq cəzalanacaqsan. Həllinə imkanın olduğu halda biganəlik göstərdiyin faciə bumeranqa çevriləcək, katalizatora dönəcək, yeni bəlalar şəklində sənin üstünə qayıdacaq: dünən Moldovada, srağagün Gürcüstanda, o biri gün Ukraynada, başqa bir gün ayrı bir qonşu ölkədə, hansısa növbəti gündə sənin öz ölkəndə... Nə qədər kədərli olsa da, etiraf etməliyik ki, faciə davam edəcək, onun dairəsi vaxt ötdükcə genişlənəcək, heç təsəvvürə gəlməyən başqa ölkələri də əhatə edəcək. İstəməzdik belə olsun, amma hazır olun, hadisələrin inkişaf məntiqi ona doğru aparır. Mən sözümü seçicim olan, Azərbaycanın çox sərt iqlim şəraitinə malik, qışları həddən artıq soyuq, yayları dəhşətli dərəcədə qızmar keçən Hacıqabul rayonundakı bir düzənlikdə məskunlaşmış, Ermənistandakı tarixi torpaqlarından deportasiya edilərək son 26 ildə qaçqın həyatı yaşamağa məcbur qalan bir insanın məktubundan sətirlərlə tamamlayıram. Yazır ki, 25 ildir dünya birliyindən, mötəbər beynəlxalq təşkilatlardan, 15 ildir ki, AŞ-dan kömək istəyirik, Ermənistanın təcavüz siyasətinə son qoyulmasından ötrü təsirli addımların atılmasını tələb edirik, səsimiz eşidilmir. Anlaya bilmirik ki, 1 milyon insanın səsi zəifdir, ya o səsi eşitməli olanların eşitmək qabiliyyəti? Bu suala cavab verin ki, bundan sonra necə yaşayacağımızı bilək, sizə olan ümidlərimizi dəfn edib-etməməli olduğumuzu anlayaq. Hörmətli həmkarlar! Mən heç istəməzdim ki, illər sonra Ukraynadan və ya hansısa başqa üzv dövlətdən olan qaçqınlardan yenə bu məzmunda olan məktub alaq. O cür məktubların olacağına ehtimallar isə çox böyükdür".