“Dialoqun əhəmiyyəti çox böyükdür” HƏRBİ EKSPERT ŞƏRH ETDİ Siyasət

“Dialoqun əhəmiyyəti çox böyükdür” HƏRBİ EKSPERT ŞƏRH ETDİ

“Azərbaycanla Türkiyə bir millət iki dövlətdir və bütün sahələrdə əməkdaşlıq vardır. İqtisadi, siyasi, mədəni, elmi, hərbi və beynəlxalq münasibətlər sahəsində birgə addımlar atırıq. Azərbaycanla Türkiyənin hərbi əməkdaşlığı da yüksək səviyyədədir və Türkiyə ilə Azərbaycan tez-tez təlimlər keçir, hansıki o təlimlər həm Türkiyədə, həm Azərbaycanda olur. Eyni zamanda qarşılıqlı məsləhətləşmələr aparılır.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında hərbi ekspert Emin Həsənli söyləyib.

Ekspertin sözlərinə görə, bu yüksək səviyyəli hərbi dialoqun da əhəmiyyəti həddindən artıq, çox böyükdür və əməkdaşlıq həm Azərbaycanla Türkiyənin müstəqilliyi üçün önəmlidir, həm də regionda sülhə və təhlükəsizliyə tövhə vermək baxımından əhəmiyyətlidir.

“Azərbaycanın zamanında bir tağımı qardaş Türkiyə taborunun tərkibində həm Əfqanıstanda, həm Kosovada sülh yaratmaq proseslərində iştirak ediblər, beynəlxalq sülhə tövhə veriblər. Azərbaycanlı gənclər Türkiyənin hərbi məktəblərində təhsil alıb, Türkiyənin hərbi tibb müəssisələrində azərbaycanlı hərbçilər müalicə olunublar və hərbi tibb müəssisələrində də yüksək səviyyədə təhsil alıblar. Bu əlaqələr davam edir, əməkdaşlıq, gələcəkdə birgə silahların istehsal edilməsi gündəmdədir. Birgə hərbi sənaye potensialının möhkəmlənməsi, birgə təlimlər və yaxın gələcəkdə Türan Ordusu ideyası var ki, Türk Şurasının bir ordusu da yaransın.

Bundan əlavə, Azərbaycan, Türkiyə, Gürcüstanın da birgə hərbi təlimləri var və hesab edirəm ki, bu əməkdaşlıq regionda sülhə və təhlükəsizliyə böyük tövhədir. Bu siyasət son dövr cənab Prezident İlham Əliyev tərəfindən və Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən yüksək səviyyəyə qaldırılıb və bu proses bu cür də yüksələn xətlə davam edəcək.

Türkiyə Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən öncə də hər cür dəstək verib və Azərbaycanın ərazi bütövlüyünə təhdid olan, ərazilərimizi işğal etmiş Ermənistanla sərhədlərini açmayıb və bu gün də açmır. Türkiyə eyni zamanda bütün beynəlxalq müstəvidə Azərbaycana dəstək verib. Azərbaycan da bütün haqq işində hər zaman Türkiyənin yanında olub və böyük enerji layihələrini, regional layihələrini Türkiyə üzərindən dünya bazarına çıxarır və bu enerji layihələrinin təhlükəsizliyi baxımından da, region dövlətlərinin də təhlükəsizliyi baxımından, beynəlxalq sülhə tövhə vermək baxımından da bu cür yüksək səviyyəli hərbi dialoqların əhəmiyyəti həddindən artıq böyükdür və bu cür əməkdaşlıq bundan sonra da davam edəcəkdir”, deyə Emin Həsənli bildirib.

Müəllif: İnam Hacıyev