“Əgər terror və terror təşkilatlarına bugünkü yanaşma dəyişməyəcəksə…” Siyasət

“Əgər terror və terror təşkilatlarına bugünkü yanaşma dəyişməyəcəksə…”

Bahar Muradova: "Ermənistan ASALA terror təşkilatının iştirakı ilə torpaqlarımızı işğal edib, Xocalı faciəsini törədib"

"ASALA Azərbaycanda 30-dan çox müxtəlif terror aktları törədib və nəticədə 3 mindən çox Azərbaycan vətəndaşı öldürülüb".
APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova ATƏT PA-nın qış sessiyası zamanı Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin iclasında çıxışında deyib.
B. Muradova təəssüflə vurğulayıb ki, uzun illər dünya hər kəsə məlum olan məşhur terror təşkilatlarına lazımi reaksiya verməyib, hətta onların bəzilərinə dəstək göstəriblər: "Dünyaca məşhur terror təşkilatlarından biri olan ASALA-nın adı hər kəsə məlumdur. Bu təşkilat bütün dünya erməniləri adından çoxlu terror aktları törədilib. Digər himayədarları ilə bərabər ASALA-nın iştirak və dəstəyi ilə Ermənistan beynəlxalq hüququ pozub, bizim torpaqlarımızı işğal edib, Xocalı faciəsini törədib, tarixi və dini abidələrimizi dağıdıb. Terrora haqq vermək, maddi və mənəvi dəstək göstərmək, hətta onunla bağlı susmağın özü insanlığa qarşı böyük cinayət hesab edilir. Biz terrorun bütün formalarını mühakimə etməklə onunla mübarizə aparmalıyıq".
B. Muradova Danimarka və Fransada baş verən son terror hadisələrinin hər kəsi sarsıtdığını qeyd edib. Onun sözlərinə görə, terror getdikcə daha böyük əraziləri, hətta hər kəsin indiyə kimi təhlükəsiz hesab etdiyi əraziləri əhatə etməyə başlayıb: "Əgər terror və terror təşkilatlarına bugünkü yanaşma dəyişməyəcəksə və selektiv xarakter daşıyacaqsa, biz onu gələcəkdə cilovlaya bilməyəcəyik. Təəssüf ki, bu gün açıq şəkildə terroru islamla bağlamağa çalışırlar. İslamın radikalizm və terrorla heç bir əlaqəsi yoxdur".