Azərbaycan Ordusu xalqımızın qəhrəmanlıq tarixinə yeni parlaq səhifələr yazıb Siyasət

Azərbaycan Ordusu xalqımızın qəhrəmanlıq tarixinə yeni parlaq səhifələr yazıb

Milli Məclisin növbədənkənar iclası keçirilib. İclasın gündəliyinə 12 məsələ daxil edilib. Millət vəkilləri öncə cari məsələləri müzakirə ediblər.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür: “Bu il Azərbaycan xalqı Silahlı Qüvvələr gününü böyük sevinc və qürur hissi ilə qeyd edir”. Spiker qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu xalqımızın qəhrəmanlıq tarixinə yeni parlaq səhifələr yazıb: “Azərbaycan torpaqlarını 30 ildən bəri işğal altında saxlamış Ermənistan silahlı qüvvələri darmadağın edilib. Əzəli və tarixi torpağımız olan Qarabağ mənfur düşmənin əsarətindən xilas edilib. Tarixi ədalətin öz yerini tutması, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması xalqımızın özünə inamını qaytarmış və ruhunu təzələyib. Bu gün biz yurd yerlərimizə, doğma Qarabağa qayıdırıq. Bu haqqı bizə qəhrəman ordumuz, onun Ali Baş Komandanı qaytarıb. Biz şəhidlərimizin, qanlı döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin igidliyini və fədakarlığını heç zaman unutmayacağıq”.
Sahibə Qafarovanın sözlərinə görə, xalqımız əmindir ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri nəinki Qarabağ bölgəsinin mənzərəsini kökündən dəyişəcək, həm də bütün Azərbaycanın inkişaf tarixində yeni bir dövr açacaq: “Azərbaycan bayrağını Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Ağdamda, Hadrutda, Qarabağın digər şəhər və kəndlərində dalğalandıran qalib xalqımız erməni vandalları tərəfindən viran qoyulmuş yaşayış məntəqələrimizi bərpa edib qurucu xalq olduğunu bir daha dünyaya nümayiş etdirəcək. Bu gün Silahlı Qüvvələrimiz işğaldan azad olunmuş bölgənin müdafiəsi, dövlət sərhədlərimizin qorunması naminə öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Xalqımız həm Vətən müharibəsi dövründə, həm də bu gün, dinc dövrdə ölkəmizin hərbi təhlükəsizliyinin təmin edilməsində fədakarlıq göstərən hərbçilərimizlə haqlı olaraq fəxr edir. Biz əminik ki, Azərbaycan Silahlı Qüvvələri qarşıdakı illərdə də inkişaf edəcək və dünyanın ən güclü orduları sırasında öz yerini möhkəmləndirəcəkdir.
Silahlı Qüvvələr günü münasibəti ilə biz müzəffər Ali Baş Komandanı, Silahlı Qüvvələrin qəhrəman əsgər və zabitlərini, bütün hərbi qulluqçularımızı ürəkdən təbrik edir, Azərbaycanın mənafelərinin qorunması naminə şərəfli missiyalarını həyata keçirməkdə onlara yeni uğurlar arzulayırıq".

Deputat Elman Nəsirov parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında parlament üzvlərinin "deputat" adlanmasina etiraz edib. Deputat "millət vəkili" ifadəsinin əhəmiyyətini xüsusi vurğulayıb: "Millət vəkili" sözü daha önəmli məna daşıyır. "Deputat" sözü isə alınma sözdü. "Millət vəkili" sözü ictimai sifarişə çevrilib. Türkiyədə də "millət vəkili" ifadəsi işlədilir. Hesab edirəm ki, qanuna dəyişiklik olunmalıdır".
Deputat Qənirə Paşayeva bildirib ki, Türkiyədən Azərbaycana gəlmək, ölkəmizi görmək istəyən minlərlə insan müraciət edir. Onun sözlərinə görə, hər gün yüzlərlə insan yazır ki, Azərbaycana gəlmək istəyir, amma biletlər əksər ölkələrlə müqayisədə qat-qat bahadır:
“Mən bu məsələni bir dəfə də qaldırmışdım. Amma nəticə olmadı. Gediş-gəliş edən tək turistlər deyil, tələbələrimiz, xəstələrimiz də var. Mən xahiş edirəm ki, bu məsələyə baxılsın. AZAL-a çağırış edirəm, müvafiq qurumlara da müraciət edirəm. Məsələyə baxılsın”.
deputat Aqiyə Naxçıvanlı deyib ki, pandemiya internetdən istifadənin nə qədər zəruri olduğunu xatırlatdı. Deputat xatırladıb ki, pandemiyada əksər layihələr internet üzərindən baş tutdu: “Bu məsələlər rabitə sahəsində problemləri də ortaya qoydu. İnternetin zəifliyi problemlər yarandı. Provayderlər günahı rabitə qovşaqlarına, onlar isə başqa qurumlara atırlar. Oğuz və Qəbələnin elə kəndləri var ki, ucqar deyil, amma ATS belə yoxdur. Bu kəndlərdə internetin yoxluğundan danışmaq mümkün deyil. Rabitə problemlərinə, xüsusilə regionlarda mövcud çatışmazlıqlara diqqət yetirilməsini istəyərdik”.
Millət vəkilləri daha sonra gündəlikdə olan qanun layihələrini müzakirə ediblər.
Deputat Fazil Mustafa deyib ki, enerji sahəsi ilə bağlı düşünmək lazımdır ki, büdcə talançılığının qarşısı necə alına bilər. O qeyd edib ki, tez-tez dəyişilən sayğac oyununa son qoyulmalıdır: “Biz elə etməliyik ki, dövlət büdcəsidən vəsait alan qurumlar şəffaf işləsinlər, bu vəsaitlər kənara getməsin. Biz səmərəliliyi insanlardan tələb edirik. Mən qanunun məqsədini və məzmununu müsbət dəyərləndirirəm, istiqamətini düzgün hesab etmirəm”.
Deputat Qənirə Paşayeva parlamentdə bildirib ki, Tovuzun Qovlar şəhərində 9 ailəyə elektrik enerjisi hələ də verilmir: “Hələ də insanlar elektrik enerjisi təmin edilməyib”.
O qeyd edib ki, vətəndaşa hansı uzaqlıqda yaşamasından asılı olmayaraq, enerjiylə təmin edilməlidir: “Əgər vətəndaş işlətdiyi enerjinin pulunu ödəməsə, o zaman onun vəzifələri yaranacaq. Ancaq aidiyyatı qurumlar bu məsələdə məsuliyyəti bir-birinin üzərinə atır. Koordinasiyalı olaraq məsələlər həll edilmir. Bir vətəndaş ev tikib yaşayır. Deyirlər ki, bu uzaqlıqda ona enerji verəcəm? İstehlakçıların hüquqları qorunmur”.
Deputat Vüqar Bayramov deyib ki, “Enerji resurslardan səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsində nəzərdə tutulan “ağıllı sayğac”lar mövcud sayğaclardan fərqlənmir: “Bu məsələnin dəqiqləşdirilməsinə ehtiyac var”. O bildirib ki, qanun layihəsinin adında və əsas anlayışlar bölməsində enerji effektivliyi və enerji səmərəliliyi ayrıca terminlər olaraq qeyd olunur: “Layihənin 2.1.2 maddəsində enerji effektivliyi və 2.1.4. enerji səmərəliliyi fərqli anlayışları təqdim olunur. Aydındır ki, bir sıra inkişaf etmiş ölkələrdə energy effectivess və energy efficency fərqli terminlər kimi təqdim olunsa da, 2012-ci ildə Avropa Birliyinin direktivi məhz enerji səmərəliyi ilə bağlı olmuşdur və praktik olaraq sinonim sözlər olan effektivlik və səmərəlilik vahid termin olaraq təqdim olunur. Bu baxımdan müzakirə etdiyimiz layihədə oxşar yanaşmadan istifadə daha məqsədə uyğun olardı. 2.1.8. enerji auditorunun yalnız fiziki şəxs olması nəzərdə tutulur, amma nəzərə almaqlazımdır ki, oxşar hüquqi şəxslər də təklif edir və bu baxımdan status diskirminasiyasıarzu olunan deyil. 4-cü maddə dövlət siyasətinin əsas məqsədilərini təsbit edir. 4.1.2. rəqabətli iqtisadi inkişafın təmin edilməsi məqsədinin qeyd olunması pozitiv məqamdır. Bununla yanaşı, sözügedən maddə çərçivəsində özəl sektorun, xüsusən də startap-ların enerji səmərəliyinin əldə edilməsində iştirakının təşviq edilməsi məqsədəuyğun olardı. Maddə 6-da enerji auiditinin nəticələrinin ictimailləşdirilməsi məsələsinin də öz əksini tapması məqsədə uyğun olardı. Eyni zamanda 6.4-cü maddədə nəzərdə tutulan məcburi enerji audit üçün müəyyənləşdirilmiş 3 il müddətinin azaldılması və auditin maliyyələşmə mənbələrinin istiqamətlərinin müəyyənləşdirilməsi yaxşı olardı. 11-ci maddədə istehlak olunan enerjinin ölçülməsi məqsədi ilə “ağıllı sayğac”lardan istifadə nəzərdə tutulur. “Ağıllı sayğac”ın izahatı əsas anlayışlar bölməsində təqdim olunsa da, bu sayğacların hazırda istifadə olunan sayğaclardan fərqinin nədən ibarət olacağı aydınlaşmır. 11.2-də daha məqsədəuyğun olardı ki, ağıllı sayğaclar zədələndiyi və ya dəyişmə zərurəti yarandığı halda onların təchizatçının vəsaiti hesabına dəyişdirilməsi qeyd olunsun. Ümumiyyətlə, yaşayış mənzilindən kənarda quraşdırılan bu sayğacların qorunmasına təchizatçının özünü məsul olması vacibdir. Bərpa olunan enerji mənbəsindən istifadə sadəcə 15-ci maddədə təşviq edici tədbirlərin biri kimi qeyd olunur. Halbuki, Azərbaycanda bərpa olunan enerji mənbəsindən istifadə, yaşıl zonanın formalaşdırılması bu dekadanın 5 əsas prioritetlərindən biri kimi qiymətləndirilmişdir. Halbuki, 2007-ci ildə dünya üzrə eleketrik enerjisi istehsalının 20%-i bərpa olunan enerji mənbələrindən meydana gəlirdisə, 2020-ci ildə bu göstərici 28%-ə yüksəlib. 2025-ci ildə qlobal elektrik istehsalının 33%-ni təşkil edəcək. Son 10 ildə günəş və külək enerjisi istehsalının maya dəyəri müvafiq olaraq 89% və 70% azalıb. Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27000 MVt olaraq dəyərləndirilir. Bunun 23000 MVt-ı günəş, 3000 MVt-ı isə külək enerjisinin payına düşür. Bu baxımdan, enerji səmərəliyinin gücləndirilməsində bərpaoluna enerjidən istifadənin xüsusi təşviq edilməsinə ehtiyac var”.
Mülki Prosessual Məcəlləsində dəyişikliklərin təqdimatı zamanı birinci vitse-spiker Əli Hüseynli bildirib ki, Mülki Prosessual Məcəlləsində dəyişikliklər bu il oktyabrın 1-də qüvvəyə minməlidir, ona görə də qısa müddətdə növbədənkənar sessiyada bu qanunu qəbul etməliyik. Ə. Hüseynli deyib ki, bəzən vəkillər məhkəmə prosesinin müxtəlif mərhələlərində sübutlar təqdim etməklə prosesi uzadırlar: “Ona görə də sübutlar hazırlıq mərhələsində təqdim edilməlidir və layihədə bu məsələ nəzərdə tutulub. Məqsəd məhkəmə prosesinin uzadılmasının qarşısını almaqdır”.
O, bildirib ki, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər: “Bununla bağlı narazılıqlar var, xüsusən vəkillər narazılıqlarını bildirirlər. Digər qanunvericilik aktında indiyə qədər belə hallarda bağlı 55 manat cərimə onsuz da nəzərdə tutulmuşdu. Narazılıq əsasən 500 manat məbləği ilə bağlıdır. Bu narazılıqların aradan qaldırılması üçün ikinci oxunuşa qədər vəkillər və deputatların iştirakı ilə bağlı müzakirələr keçiriləcək”.
Deputat Fazil Mustafa isə Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliklərə münasibət bildirərkən deyib ki, təklif edilən dəyişiklik absurddur: “Yeni qanuna əsasən, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına, onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edəcək. Məsələn, biz deputat olaraq bizə müraciət edən vətəndaşlarla bağlı dövlət qurumuna müraciət edirik. O zaman həmin dövlət qurumu da bizim müraciətimizin əsassız olduğunu yazmalı və bizi də cərimələməlidir? Bu, tamamilə absurddur. Digər tərəfdən, rüsumlar hesabına hansısa qurumların işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi tamamilə aradan qaldırmaq lazımdır”.

Əli Zülfüqaroğlu