Sülh müqaviləsi imzalanmasa Ermənistanı böyük fəlakətlər gözləyəcək Siyasət

Sülh müqaviləsi imzalanmasa Ermənistanı böyük fəlakətlər gözləyəcək

Paşinyanın Azərbaycanla danışıqlara hazır olmasıyla bağlı fikri səmimiyyətdən gəlmir, vaxt uzatmaq üçün söylənilib. Hər gün Ermənistan atəşkəsi pozur, 10 noyabr razılaşmasını pozur. Bu hardan səmimi bəyanat oldu? Danışıqlara hazır olan tərəf birinci növbədə bu istiqamətdə lazımı addımlar atmalıdır. Razılaşmanın müddəalarına riayət etməlidir.

Bunu "Xalq Cəbhəsi"nə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

O, qeyd edib ki, Paşinyan belə fikir söyləməklə əsas 10 noyabr razılaşmasında əks olunan bəndlərin həyata keçirilməsindən yayınır: "Hesab edirəm ki, danışıqlara getsək, orada bir məsələ olmalıdır – Sülh müqaviləsi. Çünki başqa məsələlərin hamısı müzakirə olunub və razılaşdırılıb. Əgər Paşinyan sülh istəyirsə, onda Sülh müqaviləsinə imza atmalıdır. Amma sülh istəmirsə, yenə də vaxtı uzadırsa, bu Ermənistana xeyir gətirməyəcək. Onsuz da iqtisadi vəziyyəti yaxşı olmayan Ermənistan, regionda bütün iqtisadi layihələrdən kənarda qalacaq".

F.Əliyev onu da qeyd edib ki, ermənilər uydurma torpaq iddialardan əl çəkməlidir: "Erməni xalqını əsrlər boyu aldadıblar. Erməni xalqın rəhbərliyində olanlar yalan, utopik fikirlər o qədər səsləndiriblər ki, özləri də o uydurmalara inanıblar. Ona görə bir daha qeyd edirəm ki, regionda sülhün bərqərar olunması üçün ermənilər bir xalq olaraq bu “yuxudan” ayılmalıdır. Erməni xalqı başa düşməlidir ki, əsrlər boyu böyük dövlətlərin əllərində “oyuncaq” olublar. Erməni xalqı bunları başa düşüb bu təsirlərdən xilas olmalıdır. Region dövlətlərlə, qonşularla yaxşı münasibət qurub böyük fəlakətlərin qarşısını almalıdır".

Ermənistan və Azərbaycan arasında keçirilə biləcək danışıqlarda Minsk qrupunun iştirakı məsələsinə gəlincə, partiya sədri bunun əleyhinə olduğunu deyib: "Danışıqların ATƏT-in Minsk qrupun vasitəsilə keçirilməsinin də əleyhinəyəm. Sülh müqaviləsinin bağlanmasının ən yaxşı yeri BMT-dir. Ermənistan və erməni xalqı bu fürsəti əldən qaçırmamalıdır".

Cavid