Prezident İlham Əliyev: Ermənistan rəhbərliyi hesablamaları çox səhv apardılar və bunun nəticəsində acı məğlubiyyətə uğradılar Siyasət

Prezident İlham Əliyev: Ermənistan rəhbərliyi hesablamaları çox səhv apardılar və bunun nəticəsində acı məğlubiyyətə uğradılar

Bir il əvvələ qayıdarkən, əlbəttə, bütün bu prosesləri, bütün bu hadisələri daha da dəqiq təhlil etmək imkanımız olur və görünür ki, Ermənistan rəhbərliyi, hakimiyyətə yeni gəlmiş rəhbərlik hansısa hərbi uğurla da öyünmək istəyirdi, hansısa hərbi uğur əldə etmək istəyirdi. Ancaq hesablamaları çox səhv apardılar, çox böyük xəta törətdilər və bunun nəticəsində acı məğlubiyyətə uğradılar.

Bunu Prezident İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində "Önəmli bir tarixdəyik - Azərbaycan Zəfərinin, 30 ilə yaxın işğal altında olan torpaqların azad edilməsinə başlandığı 27 sentyabr tarixinin birinci ildönümündəyik. O günə qayıtsaq, o günün şərtlərini zehnimizdə yeniləsək, Azərbaycan nə üçün əks-hücuma keçdi?" sualını cavablandırarkən deyib.

Dövlət başçısı bildirib:

"Son müddət ərzində Ermənistanın bizə qarşı təxribatları müntəzəm xarakter almışdı. Həm bizə qarşı yönəlmiş açıqlamalar, eyni zamanda, addımlar onu göstərirdi ki, Ermənistan yeni müharibəyə hazırlaşır. Mən bunun səbəblərini bu günə qədər də anlaya bilmirəm. Çünki 30 il ərzində digər dövlətin torpaqlarını işğal altında saxlayan bir dövlət yeni savaşa çıxmaq fikrində olursa, bu, çox ciddi araşdırılmalıdır ki, bunun səbəbi nədir. Sözümün təsdiqi olan addımlar da göz qabağındadır. Çünki iyul ayında Ermənistan Azərbaycan-Ermənistan sərhədində hərbi təxribat törətmişdir və bu təxribat nəticəsində 13 mülki şəxs və hərbçi həlak olmuşdur. Azərbaycan o zaman düşmənə layiqli cavab verdi. Ancaq biz dövlət sərhədini keçmədik. Yəni, sadəcə olaraq, onları girdikləri Azərbaycan ərazisindən çıxardıq və bir neçə gün davam edən toqquşma sona çatdı. Ondan sonra avqust ayında bir təxribat qrupu göndərildi, təmas xəttini keçdilər və orada bizim hərbçilərimiz onları tərk-silah etdilər. Bir il bundan əvvəl Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının sessiyasında çıxış edərkən mən demişdim ki, Ermənistan yeni savaşa hazırlaşır. Üç gün sonra artıq yenidən bizim mövqelərimiz və yaşayış məntəqələrimiz artilleriya atəşinə tutulmuşdu, yenə də şəhidlər verdik və mənim əmrimlə genişmiqyaslı əks-hücum əməliyyatına başladıq və bildiyiniz kimi, bu əməliyyat böyük Zəfərlə nəticələndi.

Bir il əvvələ qayıdarkən, əlbəttə, bütün bu prosesləri, bütün bu hadisələri daha da dəqiq təhlil etmək imkanımız olur və görünür ki, Ermənistan rəhbərliyi, hakimiyyətə yeni gəlmiş rəhbərlik hansısa hərbi uğurla da öyünmək istəyirdi, hansısa hərbi uğur əldə etmək istəyirdi. Ancaq hesablamaları çox səhv apardılar, çox böyük xəta törətdilər və bunun nəticəsində acı məğlubiyyətə uğradılar".