Azərbaycan Qoşulmama Hərəkatının nüfuzlu liderinə çevrilib Siyasət

Azərbaycan Qoşulmama Hərəkatının nüfuzlu liderinə çevrilib

Nail Cəlil: “Bu, Prezident İlham Əliyevin idarəçilik dühasına, şəxsiyyətinə verilən yüksək dəyərin ifadəsidir”

“Prezident İlham Əliyevin hakimiyyəti dönəmində Azərbaycan beynəlxalq münasibətlər sistemində güclü, ədalətli tərəfdaş, etibarlı aktor kimi tanınıb. Dünyanın müxtəlif ölkələri ilə sivil, hüquqi, çoxtərəfli əməkdaşlıq sayəsində ölkəmiz üzvü, iştirakçısı olduğu nüfuzlu beynəlxalq təşkilatlarda ciddi mövqe sahibinə çevrilib. Azərbaycanın bir neçə il əvvəl BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Avropa Şurasının, ATƏT-in, İslam Konfransı Təşkilatında rəhbər strukturlarda təmsil olunması, nəhayət, dünyada sivil əməkdaşlığın unikal modeli sayılan Qoşulmama Hərəkatına sədrlik etməsi dünyada Azərbaycan Prezidentinin və dövlətinin yüksək nüfuzunun, getdikcə daha da artan reytinqinin göstəricisidir. Hərəkata üzv dövlətlərin Azərbaycanın sədrliyinin daha bir il 2023-cü ilin sonuna qədər uzadılması barədə yekdilliklə qəbul etdikləri qərar bunu bir daha əyani şəkildə təsdiqləyir”.
Bu fikirləri “Xalq Cəbhəsi”nə eksklüziv açıqlamasında Qoşulmama Hərəkatı ölkələrinin təşkilata Azərbaycanın sədrliyinin daha bir il uzadılması, davam etdirilməsi barədə yekdil qərarını şərh edən politoloq Nail Cəlil səsləndirib. Siyasi ekspert vurğulayıb ki, Azərbaycana göstərilən bu böyük etimad Prezident İlham Əliyevin liderlik, idarəçilik dühasına, şəxsiyyətinə verilən yüksək dəyərin ifadəsidir: “Dövlət başçısı siyasi fəaliyyəti ərzində sivil beynəlxalq tərəfdaşlıq müstəvisində fəal, məqsədyönlü, ardıcıl addımları, pozitiv məzmun daşıyan qətiyyətli qərarları ilə diqqəti çəkib. Beynəlxalq əlaqələr müstəvisində Azərbaycanı hər zaman ən yüksək səviyyədə təmsil edən Prezident İlham Əliyev bəşəri və milli maraqları ciddi, harmonik bir şəkildə uzlaşdırmaqla, çoxsaylı mütərəqqi təşəbbüslərlə əksər dünya ölkələri liderlərinin böyük rəğbətini qazanıb”.
Nail Cəlil onu da qeyd edib ki, Azərbaycan çox tez-tez müxtəlif beynəlxalq əhəmiyyətli, nüfuzlu tədbirlərə ev sahibliyi etməsi, dövlət başçısının bu istiqamətdə yüksək təşkilatçılığı, ən incə detalların belə, zərgər dəqiqliyi ilə nəzərə alınması burada öz həlledici sözünü deyir: “Qloballaşan, sivil dünyada mütərəqqi mövqeyi ilə seçilən liderlər, müxtəlif ölkələrin rəhbərləri çox yaxşı başa düşürlər ki, Azərbaycanın fəallığı, bu ölkənin rəhbəri İlham Əliyevin siyasi iradəsi, əzmi, beynəlxalq əlaqələr müstəvisində mühüm, praktik məzmunlu təklifləri bütövlükdə sivil dünyanın, qloballaşan, getdikcə daha çox inteqrasiya edən bəşəriyyətin maraqlarına xidmət edir”.

Cavid