“Dinləmələr anti-Azərbaycan mərkəzlər tərəfindən hazırlanıb həyata keçirilən planın tərkib hissəsidir” Siyasət

“Dinləmələr anti-Azərbaycan mərkəzlər tərəfindən hazırlanıb həyata keçirilən planın tərkib hissəsidir”

Avropa Parlamentinin vitse-prezidenti Lunaçek Ulrike-nin rəhbərliyi ilə Azərbaycanda keçiriləcək Avropa Oyunlarına qarşı mətbuat konfransı keçirilib.
Konfransda iştirak edən "Mütərəqqi Sosialistlər və Demokratlar Alyansı" qrupunun üzvü ispaniyalı Elena Valenciano və italiyalı qrup üzvü Silvia Costa Azərbaycana qarşı qərəzli bəyanatlar səsləndirib və Azərbaycandakı mövcud insan haqlarına dair narahatlıqlarını ifadə ediblər. Avropa Parlamentinin vitse-prezidenti Lunachek Ulrike-nin ismarışlarının "Twitter" sosial şəbəkəsində cavablandıran "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov sonradan insan haqlarına dair vitse-prezidentdən ismarışlar alıb. Lunachekin Azərbaycanda keçiriləcək tədbirə Avropanın siyasi liderlərinin qoşulmaması mesajına isə birlik sədri bu cür cavab bildirib: "Biz 2012-ci ildə də eyni səhnəni yaşamışıq. Buna görə artıq bizi Dağlıq Qarabağ haqqında bir dəfə də olsun bəyanat verməyən Avropa siyasi liderləri maraqlandırmır".
Avropa Parlamentində sessiyanın açılış iclasında Azərbaycandakı bəzi məhbuslarla bağlı keçirilən aksiya Azərbaycanda birmənalı qarşıılanmayıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib ki, Avropa Parlamentində Azərbaycanla bağlı təşkil olunacaq dinləmələr anti-Azərbaycan mərkəzlər tərəfindən hazırlanıb həyata keçirilən planın tərkib hissəsidir. "Biz belə kampaniyanı bir neçə il öncə "Avrovizion" musiqi müsabiqəsi zamanı da şahidi olmuşuq. Birinci Avropa Oyunları yaxınlaşdıca analoji hadisələrin və təzyiqlərin yenə də artığının şahidi oluruq" - deyən, S.Fətəliyeva mətbuata açıqlamasında bildirib ki, bütün bunlar belə bir mötəbər yarışı keçirməklə üzərinə böyük məsuliyyət götürüb, onu yüksək səviyyədə keçirməyə hazır olan ölkəyə qısqanclıqla yanaşan qüvvələr tərəfindən həyata keçrilir. S.Fətəliyevanın sözlərinə görə, bu qüvvələr Azərbaycanın artan nüfuzunu, inkişafını görüb, onu qəbul etmədiklərindən bu cür cılız hərəkətlərə yol verirlər. O, qeyd edib ki, bədxah qüvvələrin səyləri puça çıxacaq və onların bu hərəkətləri nəticə verməyəcək. S.Fətəliyevanın bildirdiyinə görə, Birinci Avropa Oyunlarının keçirilməsinə sayılı günlər qalıb və bu Oyuna olan maraq elə böyükdür ki, artıq çoxsaylı xarici turistlər ölkəmizə gəlməkdədir:
"Azərbaycan bu mötəbər yarışı yüksək səviyyədə keçirəcək. Bu Oyunların ilk dəfə Azərbaycanda keçirilməsi həm ölkəmizin, həm də Avropanın tarixində mühüm hadisədir. Fikrimcə, bu tədbir Azərbaycanı dünyaya təqdim etmək və tanıtdırmaq üçün yeni bir platforma olacaq. Azərbaycan bu mötəbər tədbiri yüksək səviyyədə keçirməklə özünü dünyaya təqdim edə biləcək. Bundan əndişələnən antiazərbaycan qüvvələr bu inkişafa əngəl olmaq istəyirlər.
Ancaq bir daha deyirəm, nə Avropa Parlamentinin Azərbaycanla bağlı təşkil etdiyi dinləmələr, nə də digər anti-Azərbaycan kampaniyaları nəticə verməyəcək. Çünki Azərbaycan doğru yoldadır. Əksinə, bu idman yarışı bir daha Azərbaycanın dünyada artan nüfuzuna öz müsbət təsirini göstərəcək".