“Tağıyev daim milli  ziyalılarımızla əhatələnib və yaxından təmasda olub” Siyasət

“Tağıyev daim milli  ziyalılarımızla əhatələnib və yaxından təmasda olub”

Adil Əliyev: “Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin formalaşdırdığı milli xeyriyyəçilik ənənələrinin müasir daşıyıcısıdır”

“Azərbaycanın yerli neft milyonçuları arasında ən məşhuru, sadə xalqın həyatında böyük rol oynayan və böyük irsə malik olanı Hacı Zeynalabdin Tağıyevdir. Onu digərlərindən fərqləndirən əsas cəhət odur ki, milli burjuaziyanın əsas nümayəndələrindən biri kimi Tağıyev daim milli ziyalılarımızla əhatələnib və yaxından təmasda olub”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev deyib. A.Əliyev bildirib ki, onların arasında Rusiya təhsilli Həsən bəy Zərdabini, Əlimərdan bəy Topçubaşovu, Əli bəy Hüseynzadəni və Fransa təhsilli Əhməd bəy Ağaoğlunu qeyd etmək olar. Şübhəsiz ki, Tağıyevin təhsil sahəsində xeyriyyəçilik fəaliyyətində onların müəyyən təsiri var: “Hacı Zeynalabdin Tağıyevin Bakı şəhərinin mərkəzində ucaldılan heykəlinin açılışı zamanı Prezident İlham Əliyev onun təşəbbüsü və maliyyə vəsaiti ilə yaradılmış qızlar üçün dünyəvi məktəbi “gələcəyə yönəlmiş bir addım” kimi səciyyələndirib. O zaman müsəlman aləmində qızlar üçün dünyəvi təhsil verən bu nadir məktəbin açılması təşəbbüskarlıq və vəsaitdən əlavə böyük cəsarət və uzaqgörənlik tələb edirdi. Ruhanilər və mühafizəkar insanlar belə bir məktəbin yaradılmasına qarşı çıxırdılar. Bu addımı atması bir tərəfdən Tağıyevin geniş dünyagörüşü ilə bağlıdırsa, digər tərəfdən onu əhatə edən ziyalıların təsiri də az rol oynamayıb. Bu baxımdan müsəlman qadınlarının təhsili və hüquqları məsələsini intellektual müstəvidə qabardan Əhməd bəy Ağaoğlunu xatırlamaq olar. Əhməd Ağaoğlu 1897-ci ildə Tağıyevin dəvəti ilə Şuşadan Bakıya gələrək onun aldığı rus dilli “Kaspi” qəzetində məqalələr yazır və redaktorluq edirdi. O, qəzetdə müsəlman qadınların problemlərindən bəhs edən çoxsaylı məqalələr yazmiş və bu səbəbdən təhdidlərə məruz qalmışdır. Çox nadir və tarixi bir fotoda Bakıda qizlar məktəbinin açılışında Tağıyevlə yanaşı Ağaoğlunun da iştirak etdiyi görünür”.
A.Əliyev bildirib ki, Tağıyevin təhsil və maarifçilik istiqamətində xeyriyyəçilik fəaliyyəti təkcə müsəlman qızları üçün məktəb açılması ilə yekunlaşmır: “O, azərbaycanlıların Rusiyada və Avropada təhsil alması üçün vəsait sərf edərək xeyli iş görüb. Tağıyevin bu uzaqgörən fəaliyyətinin məqsədi Azərbaycanda yüksək təhsilli milli ziyalılarımızın yetişdirilməsi idi. Onun bu məqsədə müvəffəq olduğunu göstərən parlaq nümunələrdən biri görkəmli ictimai-siyasi xadim və peşəkar həkim Əziz Əliyevdir. Prezident İlham Əliyev bildirdi ki, onun babası, kasıb ailədən olan Əziz Əliyev təhsil almaq ücün maddi imkan olmadığından Tağıyevə məktub yazaraq kömək istəyir. Tağıyevin göndərdiyi pulla Əziz Əliyev Sankt-Peterburq Hərbi Tibb Akademiyasında təhsil alır. Prezident qeyd etdi ki, “bu hadisə onun gələcək taleyində həlledici rol oynamışdır”. Beləliklə, Hacı Zeynalabdın Tağıyev Əziz Əliyevin simasında Azərbaycanda yüksək təhsilli ziyalılar nəslinin yetişməsinə böyük töhfə verib.
Tağıyevin XIX əsrdə Azərbaycanda formalaşdırdığı geniş miqyaslı xeyriyyəçiliyi xalqın maariflənməsinə, onun gələcəyinə xidmət edib. Bu mənada, Tağıyevin çağdaşı olan Xan qızı Natəvanın Şuşada gördüyü xeyriyyəçilik fəaliyyəti də yada düşür.
Məmnuniyyətlə qeyd edilməlidir ki, bu xeyriyyəçilik ənənəsi bu gün də Azərbaycanda davam edir. Azərbaycanda hazırki dövrdə xeyriyyəçilik ifadəsini işlətdikdə göz önündə ilk növbədə Heydər Əliyev Fondunun fəaliyyəti canlanır. Fondun ölkə daxilində və xaricdə uğur qazanmasında Mehriban xanım Əliyevanın rolu danılmazdır. Bir sözlə, xeyriyyəçilik ənənəsi Azərbaycanda yaşayır, çiçəklənir və Heydər Əliyev Fondu bu ənənənin müasir dövrdə əsas daşıyıcısidir.
Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldığı yer də çox rəmzi məna daşıyır. Heykəl Bakıda onun inşa etdirdiyi bir sıra tarixi memarlıq incilərimizə, o cümlədən ilk qızlar məktəbinin binasına yaxındır. Digər tərəfdən isə onun xeyriyyəçiliyinin rəmzlərindən olan qızlar məktəbi ilə müasir Azərbaycan xeyriyyəçiliyinin əsas mərkəzi olan Heydər Əliyev Fondunun arasında yerləşərək keçmişlə gələcəyimiz arasındakı bağlılığı əks etdirir”.