Azərbaycan enerji ehtiyatlarının etibarlı tədarükçüsüdür - Səfir Siyasət

Azərbaycan enerji ehtiyatlarının etibarlı tədarükçüsüdür - Səfir

Azərbaycan enerji ehtiyatlarının etibarlı tədarükçüsüdür.

Bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger deyib.

"Biz dostluğumuzun 30 illiyini qeyd edirik. ABŞ lap əvvəldən Azərbaycanın müstəqilliyini dəstəkləyib. 30 il ərzində biz Azərbaycan hökuməti və xalqı ilə qanunun aliliyi, insan haqları, iqtisadiyyat, enerji təhlükəsizliyi kimi məsələlər üzərində işləmişik. Biz Cənub Qaz Dəhlizinin vacib rolunu dəfələrlə qeyd etmişik. ABŞ tərəfindən bu layihənin dəstəklənməsi Avropanın enerji təhlükəsizlinin gücləndirilməsi, qaz tədarükü mənbələrinin şaxələndirilməsi üzrə məqsədlərimizin tərkib hissəsi idi. Biz Azərbaycanın bu prosesdə oynadığı strateji rolu yüksək qiymətləndiririk. Azərbaycan özünü etibarlı enerji tədarükçüsü kimi tanıdıb", - deyə o bildirib.

Səfir qeyd edib ki, ABŞ-ın Azərbaycanla enerji sahəsində əməkdaşlığı "Əsrin müqaviləsi"nin imzalanması, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi ilə başlayıb.

"Biz Azərbaycana qaz ehtiyatlarının işlənməsində, Cənub Qaz Dəhlizinin tikintisində kömək etmək üçün irəli addımlar atdıq. İndi bunun vasitəsilə Azərbaycan qazı İtaliya, Gürcüstan, Yunanıstan, Türkiyə və potensial olaraq Qərbi Balkana çatdırılır", - səfir deyib.