“Bakının geosiyasi təsir dairəsi genişlənir” Siyasət

“Bakının geosiyasi təsir dairəsi genişlənir”

Nurlan Qələndərli: “Güc mərkəzləri ilə müttəfiqlik münasibətlərinin formalaşdırılması Azərbaycana mühüm üstünlüklər qazandırır”

“Qardaş Türkiyənin ardınca qonşu, BMT Təhlükəsizlik Şurasının beş daim üzvündən biri Rusiya ilə müttəfiqliyə dair sənəd imzalanması Azərbaycanın geosiyasi manevr imkanlarının genişlənməsinə, ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafına əlverişli şərait və dayanıqlı zəmin formalaşdırır. Bu, milli və regional təhlükəsizliyin qorunması, həmçinin strateji məqsədlərin reallaşdırılması üçün çox əhəmiyyətlidir".
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Nurlan Qələndərli deyib. Politoloqun sözlərinə görə, Bəyannamənin səciyyəvi xüsusiyyətlərindən biri yeni geosiyasi situasiyanı, daha dəqiq desək, Azərbaycanın yaratdığı reallıqları - postmüharibə dövrünü əks etdirməsidir: “Sənəddə keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Bu, Azərbaycanın milli maraqlarına tam uyğundur, postmünaqişə mərhələsində regional sülh və təhlükəsizliyin təmin olunmasına hədəflənən aydın mövqedir. Çünki üçtərəfli bəyanatların müddəalarının icra edilməsi erməni silahlı birləşmələrinin qalıqlarının Azərbaycan ərazisindən tam çıxarılmasını, Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımasını, sülh müqaviləsinin imzalanmasını, kommunikasiyaların bərpasını və digər məsələləri ehtiva edir. Bu isə proseslərin Azərbaycanın mövqeyinə və mənafelərinə uyğun cərəyan etməsi deməkdir. Separatizmə qarşı mübarizənin də Bəyannamədə öhdəlik kimi müəyyən olunması regional məsələlərə yeni reallıqlar əsasında baxışı ifadə edir. Yəni Qarabağ münaqişəsi həllini tapıb, status və status-kvodan söhbət gedə bilməz”.
N.Qələndərli əlavə edib ki, güc mərkəzləri ilə müttəfiqlik münasibətlərinin formalaşdırılması və inkişaf etdirilməsi Azərbaycana yeni imkanlar, mühüm üstünlüklər qazandırır: “Onun sözlərinə görə, Bakının geosiyasi təsir dairəsi genişlənir, təhlükəsizliyə yönəlmiş təhdidlərə qarşı mübarizə mexanizmi gücləndirilir, ölkə ayrı-ayrı güc mərkəzlərinin toqquşma məkanına deyil, uzlaşma və əməkdaşlıq məkanına çevrilir. “Konkret olaraq Türkiyə və Rusiya ilə müttəfiq olmaq, yaxın zamanlarda Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanması perspektivi siyasi-strateji və diplomatik avantajdır. Bakı Cənubi Qafqazda prosesləri öz geostrateji iradəsi, geosiyasi təqvimi isə öz vaxtı saatı ilə tənzimləyir”,-deyə politoloq vurğulayıb.

Əli Zülfüqaroğlu