“QHT sektorundakı vəziyyəti qənaətbəxş hesab etmək olar” Layihə

“QHT sektorundakı vəziyyəti qənaətbəxş hesab etmək olar”

Elməddin Hacılı: "Bu sektorun fəaliyyət göstərməsi üçün əlverişli şərait və imkanlar yaradılıb"

II yazı

Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri Elməddin Hacılının sözlərinə görə, XVIII əsrin sonu - XIX əsrin əvvəllərində alman filosofu Hegel vətəndaş cəmiyyəti anlayışını araşdırıb təhlil edərək onu yeni müddəalarla daha da zənginləşdirib: "Hegel dünya tarixinin inkişafının fundamental prinsiplərini hazırlayıb. Bunlar tarixdə nəyin vacib və qanunauyğun olduğunun məntiqliyi; dünya inkişafının son məqsədi kimi azadlıq haqqında; məqsəd və vasitələrin qarşılıqlı əlaqəsi, iqtisadi və siyasi inkişafın dəyişkənliyi və s. haqqında görüşlərdir. "Mövcud olan hər şey - məntiqlidir" və "Tarixin mənası azadlığın dərk edilməsinin tərəqqisindədir" kimi dərin mənalı fikirlərin müəllifi də Hegeldir. Onun siyasi nəzəriyyəsində vacib yerlərdən biri "vətəndaş cəmiyyəti" və "hüquqi dövlət" konsepsiyasına aiddir. Hegelin siyasi-hüquqi nəzəriyyəsi dövlətin tərifinə həsr olunub. Hegel dövləti cəmiyyətdən və insandan üstün yerə qoyurdu. Hegelə görə, vətəndaş dövlət qarşısında borcunu yerinə yetirdikdən sonra azadlığı əldə edir. Dövlət isə görüşləri, ictimai düzəni pozan vətəndaşlardan özünü qorumalıdır. Hegelin vətəndaş cəmiyyəti haqqındakı görüşləri də xüsusi maraq kəsb edir. Onun təliminə görə, vətəndaş cəmiyyəti dayanıqsız və münaqişəlidir. Cəmiyyətin ziddiyyətli olması insanların mülkiyyətlərindəki fərqliliklə və cəmiyyətdəki təbəqələşmə ilə əlaqədardır. Burada hər bir kəs şəxsi maraqlarına görə hərəkət edir. Dövlət, vətəndaş cəmiyyətini məhdudlaşdıraraq onun azadlığını təmin edə bilər. Hegel konsepsiyasına görə, cəmiyyət və dövlət, düşüncə və idrak olaraq əlaqələndirilir. Cəmiyyətin birliyinə müxtəlif maraqların uyğunlaşdırılması yolu ilə, yəni ali hakimiyyət qurumlarında qrupların təmsilçiliyinin nəticəsində nail olunar. Hegel konstitusiyalı monarxiyanı ideallaşdırırdı. O da vətəndaş cəmiyyətini tarixi inkişafın bir nəticəsi kimi qiymətləndirir və belə bir nəticəyə gəlir ki, vətəndaş cəmiyyəti öz tələbatlarını əmək vasitəsilə başqalarının tələbatlarına uyğunlaşdıran individiumlar sistemi kimi çıxış edir. Vətəndaş cəmiyyətinin təməlini şəxsi mülkiyyət, maraqların birliyi və vətəndaşların qanunla təsbit olunmuş formal ümumi bərabərliyi, insanın təsadüflərdən qorunması təşkil edir. Öz sələflərindən fərqli olaraq Hegel vətəndaş cəmiyyətini və dövləti müstəqil institutlar kimi nəzərdən keçirir. Hegelə görə vətəndaş cəmiyyəti dövlətin daxilində deyil, onunla yanaşı mövcuddur.
Fransız mütəffəkkiri Benjamin Constant vətəndaş cəmiyyətinin mənasını izah edərkən vurğulayır ki, bu ideya yalnız müasir dünyada əhəmiyyət qazanıb. Qədim insanla müasir insanın azadlığı arasında Constant deyr: "Müasir dünyanın kəşfi insanların hakimiyyətdə iştirak etmək azadlığından deyil, insanların bir-biri ilə bir araya gəlmək azadlığından ibarətdir ki, bu da ən vacib azadlıqdır". Onun fikrincə, cəmiyyət azad olmasa, insanların əməkdaşlığı da mümkün deyil".
Onun fikrincə, vətəndaş cəmiyyətinin əsas məqsədi, amalı dövlətin cəmiyyətdəki hakimiyyətini, gücünü neytrallaşdıraraq tarazlığa nail olmaqdan ibarətdir: "Fərdlər ayrılıqda qalanda, mütəşəkkil olmayanda, hansısa qruplarda birləşməyəndə yalnız hökumətin təsir dairəsində qalırlar. Vətəndaş cəmiyyəti insanların etimadını qazanmaqla hökumətin təsirini azaldır və nəticədə hökumət insanlardan özünə qarşı loyallıq tələb edə bilmir. Vətəndaş cəmiyyətini təşkil edən QHT-lər, azad həmkarlar ittifaqları, kütləvi informasiya vasitələri və digər könüllü təşkilatlar və təsisatlar hökumətə imkan vermir ki, o insanların inandığı yeganə quruma çevrilsin. Siyasi hakimiyyətə bir sıra məhdudiyyətlər qoymaqla vətəndaş cəmiyyəti elə bir qarşılıqlı öhdəliklər şəbəkəsi yaratmalıdır ki, cəmiyyət özü-özünü idarə edə bilsin. Vətəndaş cəmiyyəti azad insanların spontan hərəkətlərinin nəticəsidir. O, tələb edir ki, hökumət insanların yolundan çəkilsin və onlara istədikləri kimi birləşməyə imkan versin. Vətəndaş cəmiyyəti ilk növbədə müstəqil təşkilatlara aiddir ki, bir tərəfdən dövlət qurumları, digər tərəfdən insanların və müxtəlif insanların fərdi həyatı arasında özünə yer tutur. O, könüllü birliklərin və ictimai hərəkatların geniş spektrindən, yəni müxtəlif ictimai maraqlar və fəaliyyət növünü təmsil edən çoxlu sayda qruplar və təşkilatlardan ibarətdir.Vətəndaş cəmiyyəti demokratiyanın bərqərar olduğu ölkələrdə demokratikləşmə prosesinin ifadəsi, eyni zamanda mühüm və aparıcı amil olaraq onun inkişafında müstəsna rol oynayır. Vətəndaş cəmiyyəti fəal surətdə siyasi liderlərə xatırladır ki, dövlətin ehtiyacları üçün olan xərclər və dövlət siyasəti ilə bağlı olan qərarlar qəbul edilərkən müxtəlif mənafe və maraqlar nəzərə alınmalıdır. Ona görə də fəal vətəndaş cəmiyyəti demokratiyanın inkişafı üçün əsas şərtdir ".
E.Hacılı bildirib ki, ümumiyyətlə, vətəndaş cəmiyyəti anlayışına zaman-zaman müxtəlif təriflər verilib: "Cəmiyyətin, sosial-iqtisadi formasiyanın inkişafı ilə əlaqədar bu təriflərin mahiyyətində dəyişikliklər baş verib. Vətəndaş cəmiyyəti - azad insanların özlərinin, onların könüllü birliklərinin və cəmiyyətlərinin dövlət hakimiyyətinin müdaxiləsi olmadan, uyğun qanunlar tərəfindən qorunan özünüifadə sahəsidir. Vətəndaş cəmiyyəti müasir politalogiyanın əsas anlayışlarından biri, eyni zamanda müasir tariximizin reallıqlarındandır. Vətəndaş cəmiyyəti ilk öncə əmək vasitəsilə öz fərdlərinin tələbatlarını təmin edən və müəyyən inkişaf mərhələsində olan insan birliyinin formasıdır. Görkəmli alman filosofu Hegelin sözləri ilə desək, "Vətəndaş cəmiyyəti öz tələbatlarını əmək vasitəsilə başqalarının tələbatlarına uyğunlaşdıran individiumlar sistemi kimi çıxış edir". Vətəndaş cəmiyyətinin təməlini şəxsi mülkiyyət, maraqların birliyi və vətəndaşların qanunla təsbit olunmuş formal ümumi bərabərliyi, insanın təsadüflərdən qorunması təşkil edir. Ümumilikdə, vətəndaş cəmiyyəti özündə müxtəlif sosial və siyasi subyektlərin maraqlarını cəmləşdirir. Totalitar rejimlərdə vətəndaş cəmiyyəti mümkün deyil. Yalnız bazar münasibətləri məkanında və hüquqi dövlətdə iqtisadi cəhətdən müstəqil insan kütləsinin mövcudluğunda vətəndaş təşəbbüsü və özfəaliyyəti üçün imkan yaranır. Beləliklə, vətəndaş cəmiyyəti bir növ sosial məkandır, burada insanlar, dövlətin birbaşa müdaxiləsi olmadan, fərdlər olaraq, qarşılıqlı münasibətlər yaradır ".

Onun fikrincə, Vətəndaş cəmiyyətinin mövcudluğunun vacib forması, bu və ya digər məqsədlərini həyata keçirmək üçün, könüllü əsasda insanları birləşdirən, qeyri-hökumət təşkilatlarının (QHT) sistemidir: "Vətəndaş cəmiyyəti kifayət qədər mürəkkəb daxili struktura malikdir. Bu strukturda qeyri-hökumət təşkilatları mühüm yer tutur və onun vətəndaş cəmiyyətinin yaranmasında, formalaşmasında və inkişafında rolu danılmazdır. Əslində, vətəndaş cəmiyyətini qeyri-hökumət təşkilatları olmadan təsəvvür etmək mümkün deyil. QHT şəbəkəsi daha çox inkişaf etmiş ölkələrdə vətəndaş cəmiyyəti daha güclüdür. Onu qeyd etmək lazımdır ki, bu təşkilatlar bütün ölkəni, ya regionu əhatə edir və ya lokal xarakter daşıya bilər; rəsmi və ya qeyri-formal ola bilər, uzunmüddətli və ya yaranmış yerli problemin həllinə yönəlmiş konkret hadisə üçün qurular.
Vətəndaşların əsas tələbatları və istəkləri əvvəlcə məhz QHT-lər vasitəsi ilə formalaşmış görkəm alır. QHT-lər vətəndaş cəmiyyəti fəlsəfəsinin, onun ideyalarının həyata keçirilməsində, reallaşmasında mühüm rol oynayır. Fikrimizcə, QHT-lərsiz bu fəaliyyəti həyata keçirmək çətin məsələ olardı. Vətəndaş cəmiyyəti özü təşkil olunan və özü-özünə inkişaf edən sistemdir. Vətəndaş cəmiyyətinin əsas atributlarından olan QHT-lərin onun formalaşmasında və inkişafında rolu yuxarıda qeyd olunduğu kimi böyükdür. QHT-lər vətəndaş cəmiyyətinin üst təbəqəsini təşkil edən əsas amillərdən biridir. Vətəndaş cəmiyyətinin bir tərkib hissəsi olaraq QHT-lərin cəmiyyətdə əsas rolu vətəndaşların tələbatının ödənilməsi istiqamətində onların öz potensial qüvvələrinin səfərbər edilməsindən, bu yöndə vətəndaş şüurunun artırılması və işlək mexanizmlərin formalaşdırmasından ibarətdir...
Azərbaycanda fəaliyyət göstərən QHT-lərin də ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasında rolu müstəsnadır. QHT-lərin mənası, funksiyaları, əhəmiyyəti və fəaliyyətləri barədə əhali geniş məlumatlı olmasa da, intellektual insanlar və cəmiyyətin ictimai fəalları arasında bu barədə informasiya kifayət qədərdir. Respublikamızda fəaliyyət göstərən QHT-lər əsas etibarilə insan hüquqları və demokratiya, ailə, qadın və uşaq məsələləri, iqtisadi və sosial məsələlər, elm, təhsil, mədəniyyət, ekologiya, gənclər və digər sahələrdə fəaliyyət göstərir, oz istiqamətlərinə uyğun müxtəlif layihələr həyata keçirirlər. Onlar insan hüquqlarının təbliğində, əhalinin müxtəlif sahələrdə maariflənməsində, vətəndaşların sosial problemlərinin həllində layihələr həyata keçirirlər.
Təəssüflə demək lazımdır ki, hələ də cəmiyyətimizdə QHT fəlsəfəsini, anlayışını, fəaliyyətini bilməyən, anlamayan insanlar mövcuddur. Bəziləri hətta QHT-ləri antidövlət, antihökumət xarakterli bir qurum kimi qəbul edirlər. Bunların qarşısını almaq üçün QHT-lər cəmiyyətlə, insanlarla daha yaxından işləməli, öz fəaliyyətlərinin daha çox işıqlandırmalıdırlar. Lakin qeyd etmək istərdim ki, ölkəmizdə mövcud olan QHT-lər və insanlar arasında vətəndaş cəmiyyəti quruculuğuna maraq son illərdə daha da güclənib. Buna səbəb QHT-lərin uğurlu fəaliyyəti və dövlətin vətəndaş cəmiyyətinin formalaşmasına verdiyi dəstək, bu sahədə qəbul etdiyi qanunlar, qərarlardır. Bu qanunların qəbulundan istifadə edən QHT-lər öz fəaliyyətini daha da genişləndirib. Həmçinin Azərbaycanın Avropaya inteqrasiya olunmasında QHT-lərin rolunu xüsusi qeyd etmək lazımdır. QHT-lər də öz növbəsində dövlətin müxtəlif sahələrdəki fəaliyyətinə kömək etməli, ona tərəfdaş olmalıdır".

Əli