Milli qanunvericiliyin təkmilləşdirilməsində beynəlxalq hüquq normalarının rolu Layihə

Milli qanunvericiliyin təkmilləşdirilməsində beynəlxalq hüquq normalarının rolu

Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr ölkənin qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir

II yazı

Dövlət və onun orqanları tərəfindən yaradılan hüquq normalarının və hüquqi aktların məcmusu mənasında hüquq anlayışı ilə dövlətdaxili münasibətlər sahəsində həyata keçirilməli olan bütün hüquq normalarının və hüquqi aktlar anlayışlarını fərqləndirmək lazımdır. Araşdırmaçı Zamiq Aslanov bu qənaətdədir: "İkinci anlayış birincidən genişdir, çünki milli hüquqla yanaşı həmin dövlət tərəfindən tanınan beynəlxalq hüquq normalarını, habelə milli qanunvericilikdə və ya beynəlxalq müqavilədə nəzərdə tutulduğu halda xarici dövlətlərin ayrı-ayrı hüquq normalarını da özündə əks etdirir. Təbii ki, fərqli hüquq sistemlərinə aid olan normaların belə tətbiqi hüquqi uzlaşma tələb edir. Müasir beynəlxalq hüquq normalarının dövlətdaxili hüquq normalarının da yönəldiyi tənzimləyici funksiyaları yerinə yetirə bilmək xüsusiyyəti bu hüquq sistemlərinin uzlaşmış, birgə tətbiqinə şərait yaradır. Hüquq sistemlərinin qarşılıqlı təsiri birgə tənzimetmə predmetinə aid olan münasibətlərin uzlaşmış tənzimində təzahür edir. Bu baxımdan Q.V.İqnatenko haqlı olaraq göstərir ki, beynəlxalq müqavilələrin milli qanunvericiliyə təsirinin məqsədi onun müqavilə göstərişləri ilə uyğunluğunun təmin olunmasından ibarətdir.
Hüququn həyata keçirilməsi mərhələsində dövlətdaxili hüququn beynəlxalq hüquqa uyğunlaşdırılması xüsusilə aktuallıq kəsb edir. V.Q.Butkeviç qeyd edir ki, beynəlxalq müqavilənin icra edilməsi milli qanunvericilik normalarının qəbul olunması ilə məhdudlaşmamalı, müqavilədə nəzərdə tutulduğu və ya hüququn həyata keçirilməsi şərtlərinin tələb etdiyi qədər davam etməlidir. İ.P.Blişenko hesab edir ki, beynəlxalq müqavilə ilə milli qanun arasında ziddiyyət yarandıqda onu iki dövlətdaxili normanın kolliziyası kimi həll etmək lazımdır. Lakin beynəlxalq hüquq normalarınının dövlətdaxili hüququn subyektləri tərəfindən həyata keçirilməsi üçün onları milli qanunvericiliyə implementasiya etmək lazımdır. Çünki yalnız dövlətdaxili hüquq normaları həmin subyektlər üçün məcburi xarakter daşıyır".
Milli hüququn beynəlxalq hüquqa uyğunlaşdırılması beynəlxalq hüququn üstünlüyü prinsipinə əsaslanır: "Lakin bu, o demək deyil ki, istənilən dövlətlərarası müqavilənin normaları dövlətdaxili hüququ müəyyən edə bilər. Xüsusən də bu, ikitərəfli müqavilələrə aiddir. Tarix göstərir ki, onlar özləri tez-tez beynəlxalq hüququn prinsiplərini pozurlar. Xarici dövlətlərdə milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması müxtəlif cür həll edilir. Məsələn, ABŞ-da, Fransada, Hollandiyada və bəzi digər dövlətlərdə milli qanunvericilik beynəlxalq müqavilələri ölkə hüququnun tərkib hissəsi kimi elan edir. Həmin ölkələrin konstitusiyalarına uyğun olaraq beynəlxalq müqavilələr milli hüququn təsir sahəsində fəaliyyət göstərə bilər. Bəzi ölkələrin konstitusiyasında isə beynəlxalq hüququn milli hüquqa münasibətdə aliliyi elan olunur. Məsələn, AFR Konstitusiyasına görə beynəlxalq hüququn ümumi normaları qanunlar üzərində üstünlüyə malikdir. Beynəlxalq hüquq baxımından dövlətin öz üzərinə götürdüyü öhdəlikləri milli səviyyədə necə həyata keçirməsi və beynəlxalq hüququn milli hüquqla qarşılıqlı münasibəti problemini daxili qanunvericilikdə necə həll etməsi vacib deyil. Vacib cəhət ondan ibarətdir ki, dövlətlər beynəlxalq hüquq normalarına əməl etsinlər. Bu, eyni zamanda beynəlxalq hüququn imperativ tələbidir. Həmin tələbin yerinə yetirilməsinin forma və vasitələrinin seçilməsi hər bir dövlətin öz qanunvericiliyində və praktikasında müəyyən olunur.
Respublikamızda qanunvericiliyin beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə, beynəlxalq müqavilələrin tələblərinə uyğynlaşdırılması üçün məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının qanunvericiliyində beynəlxalq hüquq normalarının yeri, beynəlxalq hüquqla dövlətdaxili (milli) hüququn qarşılıqlı əlaqəsi Azərbaycan Konstitusiyasında dəqiq şəkildə tənzimlənir. Konstitusiyanın "Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar" adlanan 148-ci maddəsinin II hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Bu müddəa Azərbaycanın beynəlxalq müqavilələrin və ya beynəlxalq hüquq normalarının həyata keçirilməsində inkorporasiya yolunu seçdiyini göstərir. Beynəlxalq aktların hüquqi qüvvəsini təmzimləyən 151-ci maddədə qeyd edilir ki, Azərbaycanın qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlarla (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Göründüyü kimi, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr respublikanın hüquq sisteminə daxil olan normativ aktların iyerarxiyasında hüquqi qüvvəsinə görə Konstitusiyadan və referendum yolu ilə qəbul edilmiş aktlardan sonra üçüncü yerdə durur. Konstitusiyamızda insan hüquqları üzrə beynəlxalq standartlara münasibətdə beynəlxalq hüquqla milli hüququn nisbəti məsələsi uğurla həll edilib. Belə ki, Azərbaycan Konstitusiyasının 12-ci maddəsinin ikinci hissəsində birbaşa göstərilir ki, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Beləliklə, milli qanunvericiliyin təkmilləşdirilməsində beynəlxalq hüquq normalarının rolu və əhəmiyyəti ilə bağlı araşdırılan məsələlərin, habelə yuxarıda qeyd edilən bütün fikirlərin təhlili və ümumiləşdirilməsi əsasında aşağıdakı nəticələrə gəlmək olar:
1. Milli hüquq normaları ilə beynəlxalq hüquq normalarının qarşılıqlı təsiri beynəlxalq müqavilələr hazırlanarkən milli hüquq normaları və prinsiplərinin nəzərə alınmasında, habelə milli qanunvericiliyin qüvvəyə minmiş beynəlxalq müqavilələrə uyğunlaşdırılmasında özünü göstərir.
2. Beynəlxalq müqavilələrin implementasiyası beynəlxalq hüququn daxili qanunvericiliyə gətirilməsi prosesinin və üsullarının məcmusu olmaqla, səlahiyyətli orqanların şəxsində dövlətin beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərindən irəli gələn beynəlxalq hüquqi öhdəliklərinin həyata keçirilməsinə yönələn norma yaradıcılığı və təşkilati-icra fəaliyyətində, habelə beynəlxalq hüquq normalarının birbaşa qanunvericilikdə əks olunmasında, yaxud daxili qanunvericilikdə beynəlxalq hüquq normalarına uyğun normaların müəyyən edilməsində təzahür edir. İmplementasiyanın əsas üç üsulu fərqləndirilir: inkorporasiya, istinad və resepsiya.
3. Müasir dövrdə milli qanunvericiliyin insan hüquqlarına dair beynəlxalq aktlara uyğunlaşdırılması üçün əsasən aşağıdakı üsullardan istifadə olunur:
- beynəlxalq normanın dövlətdaxili normativ hüquqi akta daxil edilməsi;
- ratifikasiya olunmuş beynəlxalq aktların bilavasitə tətbiq edilməsi".
Araşdırmaçının fikrincə, ikinci üsul daha təsirlidir. Çünki, bu zaman dövlətin müvafiq beynəlxalq aktın tələblərinə riayət etmək öhdəliyi yaranır və bu öhdəliyin icrasına nəzarət mexanizmi mövcud olur: "Bu isə insan hüquqlarının və azadlıqlarının daha səmərəli və hamılıqla qəbul olunmuş beynəlxalq standartlara uyğun təmin olunması üçün əlverişli zəmin yaradır. Konvensiyanın ratifikasiyası ilk növbədə dövlətin öz üzərinə götürdüyü beynəlxalq öhdəliyi yerinə yetirmək vəzifəsi ilə bağlı olur.
4. Hüquq o zaman inkişaf edir və səmərəli həyata keçirilir ki, onun tərkib elementləri, ilk növbədə hüquq normalarının özü daxilən harmonik, ziddiyyətsiz və uzlaşmış olsun. Hüquq normalarının ziddiyyətli olması hüquqi tənzimetmənin sistemliliyini pozmaqla onun səmərəliliyini azaldır. Dövlətdaxili hüquqda bütün hüquq normaları Konstitusiyaya uyğun olmalıdır. Belə uzlaşmış sistem olmadan hüququn funksiyalarının səmərəli yerinə yetirilməsi qeyri-mümkündür. Bu, normalarının bir hissəsi dövlətdaxili hüquqda tətbiq edilən beynəlxalq hüquqa da aiddir. Müasir dövrdə dövlətdaxili münasibətlərin səmərəli və uğurlu hüquqi tənzimi milli hüquq normalarının beynəlxalq hüquq normalarına uyğunluğundan xeyli dərəcədə asılıdır. Bu insan hüquq və azadlıqlarının ali dəyər, bütün insanları birləşdirən universal meyar kimi qəbul edilməsi, beynəlxalq hüququn tənzimləyici rolunun artması, beynəlxalq hüquq normalarının dövlətlər üçün standart, insan hüquqlarına münasibətdə ədalət ölçüsü kimi çıxış etməsi, habelə dünya miqyasında demokratikləşmə və qloballaşma prosesləri və s. bu kimi amillərlə bilavasitə bağlıdır.
5. Hazırda dövlətdaxili hüquq münasibətlərinin tənzimlənməsində beynəlxalq hüquq normalarının rolu və əhəmiyyəti getdikcə artır. Milli hüququn beynəlxalq hüquqa uyğunlaşdırılması qloballaşma şəraitində dövlətin beynəlxalq birliyə daha yaxından inteqrasiya etməsi, dövlətdaxili qanunvericiliyin təkmilləşdirilməsi və inkişafı, habelə insan və vətəndaş hüquq və azadlıqlarının daha dolğun və səmərəli şəkildə reallaşdırılması üçün vacib əhəmiyyət kəsb edir. Bu baxımdan dövlətdaxili qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması üzrə ayrıca milli institutun yaradılması məqsədə müvafiq olardı. Həmin institut həm beynəlxalq müqavilələrin bağlanması (ratifikasiya olunması), həm də həmin müqavilələrdən irəli gələn öhdəliklərin icrası ilə bağlı müxtəlif dövlət orqanlarının fəaliyyətini əlaqələndirə, dövlətin beynəlxalq öhdəliklərinin vaxtında və lazımi şəkildə icrasına dövlətdaxili nəzarəti həyata keçirə, milli hüququn beynəlxalq hüquqa uyğunlaşdırılması üzrə təklif və tövsiyələr hazırlaya bilər".

Uğur