Xınalıq və xınalıqlılar Layihə

Xınalıq və xınalıqlılar

Ucqar, unikal dağ kəndinin insanlarının məşğuliyyəti

III yazı

2005-ci ildə yaradılmış "Xınalıq Mədəniyyət və Xeyriyyə Cəmiyyəti" İctimai Birliyi Xınalığın tarixi və mədəni irsinin təbliğini, 2010-cu ildə yaradılmış "Xınalıq turizmin inkişafına dəstək" İctimai Birliyi isə Xınalığın turizm imkanlarının artırılmasını, kəndin dayanıqlı inkişafına kömək etməyi qarşılarına məqsəd qoyublar.
Xınalıq kəndi, xınalıqlıların həyat tərzi sənət adamlarının da həmişə marağına səbəb olub. Əməkdar rəssamı Yusif Hüseynovun yurdumuzun füsünkar təbiətinə həsr olunmuş "Xınalıq" akvarellər silsiləsindən "Yağışdan sonra" lövhəsi bu baxımdan maraqlıdır. Paşa Hacıyevin fikrincə, akvareldə dağüstü kənd tərəfdən çay boyu açılan gözəl, şairanə bir mənzərənin təsviri canlanır. Yağışdan sonra yuyulub şəffaflaşan səmada buludlar arasından süzülüb axan günəş şüaları görünür. Sağda, ətəyi yaşıllıqlarla örtülü uca bir dağ var. Gün işığı narıncı rəngə boyanan bu dağın sıldırımlarından, onun yanından burula-burula axıb gedən sakit çay sularında bərq vurur. Dolğun akvarellə çəkilmiş mavi, ağ, yaşıl rənglər çay sularının titrəyişini hiss etdirir. İrəlidə ucalan dumanlı dağlar, yaşıl meşələr, ümumiləşdirilmiş bütöv ştrixlərlə verilib. Bir-birinə qısılmış evlərin damına qalxan kənd sakinlərinin qaməti yumşaq akvarel boyalarla çəkilib. Onların işıqlı fonda görünən tünd qəhvəyi siluetləri ifadəlidir. Nəhəng formalarda: sıldırım dağlar, uca göy qübbəsi - zərif fiqurların müqayisəli təsviri, rəssamın ən xırda detalların bədii ifadəsinə də ciddi münasibətinin nişanəsidir. Bütünlükdə açıq-yaşıl, narıncı, tünd boz, bənövşəyi rənglərdən yaranan kolorit, uca dağlar qoynunda düşmüş əfsanəvi Xınalıq kəndinin bədii obrazını qabarıq ifadə edib.
Xalq rəssamı Cəmil Müfidzadə Xınalığa həsr olunmuş lövhələrdə enerjili təsvir dili və mürəkkəb rakurslarla əsl mənada daş evləri donuq vəziyyətdən çıxarıb. Dağlar qoynunda qərar tutan bu qəribə məkanın bənzərsizliyini göstərməyə imkan verib. "Xınalıq" silsiləsi onun yaradıcılıq səfərindən sonra ağır zəhmət hesabına yaratdığı əsərlərdir. Xınalıq həyatını işıqlandıran lövhələrdə enerjili təsvir dili, mürəkkəb quruluşlu motivlər donmuş anları sanki danışdırır.
Xınalıq qadınlarının məşğuliyyətinə gəlincə, yarımköçəri həyat tərzi keçirən həyat yoldaşlarına təsərrüfatı saxlamaqda köməklik ediblər, həyətyanı təsərrüfatlarında çalışırlar. Xınalıqlı qadınlara məxsus sənət ancaq toxuculuq və xalçaçılıqdır. Bununla yanaşı, onlar müxtəlif heyvandarlıq məhsullarının (pendir, qaymaq, yağ və s.) hazırlanması ilə də məşğul olurlar. Xınalıq kəndinin qadınları təxminən 18-20 yaşlarında 22-27 yaşlı xınalıqlı kişilərlə ailə qururlar. Xınalıqlı qadınların digər kəndlərin kişiləri ilə ailə qurması faktları azdır.
Qədimlərdə obanın şimalında, Qızıl qaya dağının ürəyinin başında qaynayan bulaqların gözü açılıb. Yaylaqlardan endirilən suyu gil borular vasitəsilə evlərə çatdırıblar. Ancaq Qırx Abdal bulaq suyunun obaya necə və nə vaxt gətirilməsinin dəqiq tarixi məlum deyil. Bununla əlaqədar xalqın hafizəsində bir maraqlı əfsanə yaşayır. Qırx Abdal piri haqqında olan əfsanədə deyilir: "Şenliyin qırx bığı burma cavan igidi bulağın çəkilməsini öz öhdəsinə götürür, qayaları, dağları Fərhad kimi yarırlar. Su kəndə çatanda, çeşmələr qaynayanda igidlərə su içmək təklif olunur. Su içəndə alovlanıb hamısı külə dönür. Ürəklər qəmlənir, gözlər nəmlənir. Həmin vaxtdan da bu su müqəddəsləşib "Qırx Abdal piri" kimi ziyarətgaha çevrilir..."
Bildirək ki, əfsanəni akademik Teymur Bünyadov ictimaiyyətə təqdim edib ("Əfsanələr diyarı", "Azərbaycan" jurnalı. № 2, Bakı, 1987, səh. 150).
İlk su xətti kəndin 2 km məsafəsində olan "Xəncər bulaq"dan saxsı borulardan istifadə etməklə 1956-cı ildə çəkilib. Hazırda cari təmir olunmaqla kənd sakinlərinin istifadəsindədir. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə kənddən 5 km məsafədə yerləşən və suyu daha keyfiyyətli olan "Südlü bulaq"dan dəmir borularla yeni su xətti çəkilib.
Xınalıq kəndi Xınalıqlı qadınların yundan toxuduğu "Xınalıq şalı"nın əsas istehsal mərkəzidir. Xınalıq kəndində toxunmuş yun şaldan tikilən çuxa XIX yüzillikdə bütün Şirvanda məşhur idi. Xınalıq kəndində yaradılmış süd emalı sexində məşhur Xınalıq pendiri istehsal olunur.
Hazırda xınalıqların 70%-i maldarlıq-qoyunçuluqla məşğul olurlar. Hər il oktyabr ayından onlar öz mal-qaralarını Aran-Şirvan zonasına, yəni "qışlaq" olan isti zonalara aparırlar. Xınalıqlıların 30%-i isə daimi yaşayan əhalidir. Onlar müəyyən dövlət işlərində işləyən şəxslər, məktəb müəllimləri, yaşlı təqaüdçülər, məktəbyaşlı uşaqlar və köçərilik etməyən kiçik saylı şəxsi təsərrüfatları olan insanlardır.
Xınalıqda ilkin elektrikləşmə 1963-cü ildə dizel-generator vasitəsilə həyata keçirilib. Dizel-generator 110 volt sabit cərəyan verməklə axşamlar müəyyən saat hesabı ilə qoşulurdu. Bu ancaq yayda mümkün idi, qışda elektrik olmurdu. Xınalığa 1967-1968-ci illərdə 220 voltluq elektrik xətti çəkilib. Hazırda kəndə 5000 kv-luq yüksək gərginlikli elektrik xətti daxil olur. Kənddə yarımstansiya quraşdırılıb.
BMT-nin İnkişaf Proqramı çərçivəsində Xınalıq kəndində alternativ enerji mənbələrindən istifadə etmək üçün "Ekoenergetika Akademiyası" ilə birgə müvafiq ərazilərin seçilməsi və avadanlıqların quraşdırılması məqsədilə bir sıra tədqiqat işləri aparılıb. Həmçinin "Quba rayonunun Xınalıq kəndinin elektrik enerjisi və qaz təchizatı üçün alternativ enerji mənbələrindən istifadə etməklə hibrid sisteminin yaradılması" layihəsinin ilkin texniki-iqtisadi əsaslandırılması hazırlanıb.
İlk telefon xətti isə 1965-ci ildə çəkilib. Bu xətt kommutator tipli, bucurqadlı telefon idi və keyfiyyətsiz əlaqəsi vardı. İlk illərdə bu cür telefon ancaq kənd soveti sədrinin binasında idi. 1967-ci ildə Xınalıqda rəsmi poçt təsdiqləndi. Artıq kənddə ikinci telefon aparatı poçtda idi. Bu cür telefon əlaqəsi 2006-cı ilə kimi olub. Ölkə Prezidentinin göstərişi ilə 2006-cı ildə Xınalığa yeni, son modelli elektron telefon xətti çəkilib. Hazırda bütün evlərə telefon çəkilib. Əlavə olaraq mobil stansiya da qoyulub və hər iki telefon xətti tam keyfiyyətlə işləyir.
İlk dəfə televizor ekranları Xınalıqda 1978-ci ildə görünüb. 1984-1985-ci illərdə bu kənddə kiçik güclü verici quraşdırılıb. 1991-ci ildə Xınalığın ən hündür yerində (dəniz səviyyəsindən 2800 metr yüksəklikdə) televiziya verilişlərini peyklə tutmaq üçün ötürücü qoyulub.
Xınalığa ilk avtomobil yolu 1968-1969-cu illərdə çəkilib. Bu yolun uzunluğu 70 km idi. Qışda yol bağlı olurdu və əhali piyada hərəkət edirdi. 1988-1989-cu illərdə yolun istiqamətini dəyişərək Qudyalçay boyunca çəkilib. Bu yol da qışda çox vaxt bağlı olurdu. 2006-cı ildə Xınalığa Qubadan 57 km uzunluğunda asfalt yol çəkilərək istismara verilib. Qəçrəş-Qımılqazma-Qırızdəhnə-Əlik-Cek-Xınalıq istiqamətində çəkilmiş yolun inşasında 270-dən çox müxtəlif texnikadan istifadə olunub.
Əsrlərlə qoyunçuluq təsərrüfatı Xınalıqda əsas məşğuliyyət və əvəzsiz gəlir mənbəyi olub. T.Bünyadov yazır, Xınalığı qoyunsuz təsəvvür etmək mümkün deyil. Hər yanı duman kimi, qayalar, daşlar kimi bürüyən qoyun sürüləri buradakı dağların gözəlliyidi, yarı-yaraşığıdı.
Dədə-babadan qoyunçuluq və maldarlıqla məşğul olan Xınalıq camaatı ilin bir yarısını qışlaqda, digər yarısını isə yaylaqda keçirməyə adət edib. Hər il oktyabrın 1-dən 15-dək qoyun sürülərini qışlağa endirən, may ayının 1-15-i arası yaylağa çıxaran Xınalıq çobanları sovet dövründə 40 qışlağa və 17 yaylağa hakim kəsilirdilər. Qışlaqlar Hacıqabul, Əli Bayramlı, Qobustan və Muşovdağın ətəklərində yerləşirdi. Hazırda da bu ənənə davam edir. Kənd əhalisinin 60%-i mal-qara sürülərini götürərək ailələri ilə birgə dağlarla qışlağa - Azərbaycanın aran ərazilərinə köç edirlər. Onlar dağlarla 150 km-ə qədər yol gedirlər. Onların bu köçü 12-15 gün çəkir. Yazın sonlarında isə Xınalıq kəndinin əhalisi yenidən öz kəndlərinə qayıdır.
Yaylaq dövrü çobanlar üçün xanlıq dövrüdür. Xüsusiyyətçilik gələndən sonra yaylaqlar da bölünüb və ayrı-ayrı adamların istifadəsinə verilib. İndi həm dövlət, həm də bələdiyyə ərazilərində Xınalıq çobanlarının istifadəsində 30-dan çox yaylaq var. Suyu, havası, otu və digər nemətlərinə görə onların hər biri möcüzədir. Məsələn, Qocallıq yaylağında quzu bir aya kökəlir. Qocal xüsusi bitkidir, ot adıdır, onu insan da yeyir. Qarxımbiy yaylağı burada yetişən bitkinin adından götürülüb və o, mədə-bağırsağın dərmanıdır. Qarısum yaylağı donmayan, qara su çıxan yer mənasını verir. Kahduman yaylağı otu bol olan yer deməkdir. Mahaldırım yaylağı kükürdlü, qara palçıqlı vulkanları ilə diqqəti cəlb edir. Xınalıq yaylaqlarının hər biri azı bir bulaq deməkdir. Hər bulağın da öz sehri, öz hikməti var. Ona görə 6-7 ay qışlaqda və köç səfərində olan çobanlar yaylaq dövründə bu sirli-sehrli bulaqların suyundan içib gümrahlaşır, azar-bezarı olanlar sağalır və yenidən özlərinə güc-qüvvət toplayırlar.
Xınalıqda 200-ə yaxın ailə peşəkar və fərdi fermer təsərrüfatında heyvandarlıqla məşğul olur. Xınalıq bələdiyyəsinin ərazisində sahəsi 4200 ha olan 22 yaylaq var. Bundan başqa Xınalıq təsərrüfatları dövlət torpaq fonduna daxil olan sahəsi 9000 ha olan 13 yaylaqdan istifadə edirlər.
Son dərəcə çətin dağ şəraitində olması Xınalıq camaatını ata daha çox möhtac edib. T.Bünyadov: "Atçılıqla əlaqədar tarixə müraciət etdikdə aydın olur ki, hələ XIX əsrin 40-cı illərində Xınalıq mahalında at zavodu olub. Görünür, o zaman at zavodu dedikdə xüsusi cins at ilxılarının mövcudluğu nəzərdə tutulub. XIX əsrin 80-ci illərində Xınalıqda 515 atın olması faktı da çox şey deyir. Deyilənlərdən aydın olur ki, Xınalıqda vaxtilə 50-yə qədər at ilxısı olub. At kişnərtisi dağları, dərələri başına götürərmiş. O da məlumdur ki, əsrlər boyu Xınalıqda atçılıq qoyunçuluqdan sonra əsas təsərrüfat sahələrindən biri olub. Əsasən Şirvan və Quba at cinsləri çoxluq təşkil edib".
Hazırda da Xınalıq təsərrüfatlarında atın rolu əvəzsizdir. Mühüm yük və minik nəqliyyatı olan atlardan yaylaqlara getmək və yüklərin daşınması üçün istifadə edilir. Burada az-az ailə tapılar ki, atı olmasın. Xınalığın "Şah Yaylaq" və "Şah Nabat" yaylalarında at yarışları və bazarları keçirilir.

Uğur