Zaqatalada yaşayan azsaylı xalqların musiqi mədəniyyəti Layihə

Zaqatalada yaşayan azsaylı xalqların musiqi mədəniyyəti

II yazı

Zaqatala aşıq mühitini araşdırmış Z.Mənsimovanın tədqiqatından aydın olur ki, iyirmiyə yaxın etnik qrupun (saxur, avar, ləzgi, lak, dargin, inqiloy, fars və s.) və azsaylı xalqların çoxluğu ilə seçilən Zaqatala folklor mühiti bu gün mədəniyyətlərin bir-birinə qovuşması, çulğalaşması ilə səciyyələnir. Məhz bu baxımdan Zaqatalada yaşamaqda olan tənburu, onun ifaçılarını, tənburda ifa olunan haylaları, unudulmaqda olan mahnılarımızı, ümumilikdə, Zaqatala folklor mühitini araşdırmaq məqsədəuyğundur: "Prof. S.Paşayev qədim musiqi alətlərindən olan tənburun bu gün də qorunub saxlandığı əsas bölgələrdən biri məhz Zaqatala olduğunu qeyd edib. Tarixə nəzər salanda bir sıra bölgələrimiz kimi, 1813-cü ildə Gülüstan sülh müqaviləsinə görə, Dərbəndin rəsmi şəkildə Dağıstana verilməsi məlumdur. Məsələyə o dövrün prizmasından yanaşdıqda müəllifin tarixə "mühit" adı altında yanaşması müəyyən qədər həqiqətə uyğun görünür. Amma XVIII əsrin sonlarından üzü bəri yaşayıb-yaradan Zaqatala aşıqlarının hər birinin ayrılıqda xüsusi ifa tərzləri, saz havacatları, ustad-şagird ənənələri olub. Yuxarıda qeyd olunduğu kimi, Zaqatala aşıqları hazırda ya tək sazla, yaxud da iki aşıq bir-birini əvəzləyərək məclis aparırlar. Bir qayda olaraq, aşıq məclisi "Baş divani" ilə açır, arxasınca "Təcnis" havası üzərində bir təcnis deyir. Onların ifa etdikləri yerli havaların əksəriyyəti məclisin şəninə uyğun şəkildə qurulur. Sonda isə duvaqqapma, yaxud da müxəmməslə bitirir. Bu xüsusiyyət bütün mühitlərdə olduğu kimidir. Bildiyimiz kimi, Şirvan aşıqları toy məclislərini, bir qayda olaraq, musiqi ansamblının (qoşa nağaranın, balabanın, zurnanın və s.) müşayiəti ilə çalıb-çağırırlar. Şirvanda tarixən aşığın yanında xanəndə olub. Onlar bir-birini əvəzləyərək məclisi keçiriblər. İfa zamanı Şirvan aşıqları rəqs etməyə, şuxluq göstərməyə də meyillidirlər. Zaqatala aşıqlarında bu xüsusiyyətə təsadüf edilmir. Digər tərəfdən, Şirvan aşıqları, bir qayda olaraq, məclisi "peşrov"la başlayırlar. Amma bu xüsusiyyətə də Zaqatala aşıqlarında təsadüf edilmir. Tək sazla ifa etmək Zaqatala aşıqlarını Borçalı aşıqlarına da yaxınlaşdırır. Lakin bu, o demək deyil ki, hər iki mühitin aşıqlarının repertuarları, ifa tərzləri tamamilə eynidir. Hər iki mühitin sənətkarlarının özünəməxsus ifaçılıq ənənəsi olduğu üçün müxtəlif adlarla adlanıb. Prof. S.Paşayev doğru olaraq ayrı-ayrı mühitlərdə aşıq sənətinin musiqinin, dastan yaradıcılığının və ifaçılığın əlaqəli şəkildə öyrənilməsini məqsədəuyğun hesab edib".
Prof. Azad Nəbiyev Şirvan aşıq məktəbi daxilində verdiyi Zaqatala aşıq mühiti adı altında İsmayıllı, Qax, Şəki, Balakən bölgələrinin adlarını çəkib. A.Mirzə "Şirvan aşıq yaradıcılığı: təşəkkülü və inkişaf tarixindən" adlı kitabında yazır: "Ritm, sürət, lakoniklik kimi keyfiyyətlərin üstünlüyü ilə seçilən Şirvan ifaçılığı Şəki-Zaqatalada özünə daim pərəstişkar tapır və onun yerli ifaçıları yetişib peşəkarlıq səviyyəsinə yüksələ bilirdilər". Q.Sayılov bu fikirdədir ki, Dərbənd, Salyan-Muğan, Şəki-Zaqatala, aşıq mühitləri ilə qarşılıqlı təsir, faydalanma şəklində bu gündə Molla Qasımla başlanan Şirvan aşıq ənənəsi yaşayıb davam etməkdədir.
Araşdırmaçı Z.Mənsimovanın tədqiqatından məlum olur ki, Zaqatalada yaşayıb-yaradan ustad, ifaçı sənətkarların sənətkarlıq irsləri, tənbur və saz ifaçılığının paralel inkişafı Zaqatalanı ayrıca bir mühit kimi təqdim etməyə əsas verir. Digər tərəfdən, burada yaşayıb-yaradan çağdaş dövr sənətkarlarının bəzilərinin ifasında Şirvandan daha çox qərb ifasına yaxınlıq duyulur: "Bu da çox təbii ki, burada Göyçədən gələn sənətkarların (Aşıq Əlinin, Aşıq Valehin) qarşılıqlı təsiri ilə əlaqədar olub. Deməli, bu mühit bir sıra yuxarıda göstərdiyimiz xüsusiyyətlərilə daha çox qərb aşıq mühitinə yaxınlaşsa da, burada tarixən mövcud olan ənənə Zaqatalanı ayrıca bir mühit kimi təqdim etməyimizə əsas verir".
Bölgədə aşıq mühitində tənbur-saz ifaçılıq əlaqələrinə gəlincə, araşdırmaçı bildirir ki, Zaqatala Azərbaycanın qədim tarixə, mədəniyyətə, folklora malik olan mühitlərindən biridir. Etnik-mədəni tərkibin sıxlığı ilə seçilən bu mühitdə ayrı-ayrı folklor örnəklərinin zənginliyi ilə yanaşı, müxtəlif xalq sənətləri də yaşamaqdadır: "Zaqatalada yaşayan tənbur ifaçılarına, onların yaratdıqları tənbur havalarına, tənburla deyilən haylalara keçməzdən öncə bu alətin özü haqqında məlumat vermək daha düzgündür. Tənbur 2-3 simli qədim musiqi alətidir. Tənburun yaranma tarixi və inkişafı, dövrü barəsində, çox təəssüf ki, konkret olaraq araşdırma aparılmayıb. Tənbur türklərə məxsus olan bir musiqi alətidir. Bu alət Azərbaycanın əsasən, şimal bölgəsində qorunduğu kimi, Şərqdə, Orta Asiyada, türk xalqlarında, qazaxlarda "dombra", qırğızlarda "dombura", özbəklərdə "dombrak", türkmənlərdə "danbura", osmanlı türklərinə yaxın olan türklərdə "tanbura" kimi, eləcə də bir çox Qərb xalqları arasında "dombra" adı ilə tanınıb inkişaf edib. Bəzi mənbələrdə tənbur növləri kimi "Bağdad", "Şirvan" tənburu ilə yanaşı, dütar, setar, pənctar, şeştar və s. adları çəkilib. Azərbaycanda tarixən "tənbur" adı ilə çox məşhur olan bu alət mizrab, baş və orta barmaqların hərəkəti ilə çalınır. Bəzi mənbələrdə bu alətin adı çəkilir və onun XIX əsrin sonlarına kimi daha çox istifadə olunduğu bildirilir. Eyni zamanda bu musiqi aləti hazırda daha çox Zaqatala və Balakən mühitində yaşamaqdadır. Ü.Hacıbəyov isə tənbur musiqi alətini "telli saz" sazın bir növü adlandırıb, qeyd edib ki, "telli sazlardan biri tənburdur ki, bu da çox qədim tarixə malikdir". S.Paşayev bir bir sıra tədqiqatlarında qədim musiqi alətlərindən olan qopuz, setarla yanaşı, tənburun da adını çəkib. Bu alətin tək tel və cüt tel kökləri olduğunu bildirib. Müəllif onu da qeyd edib ki, tənbur daha çox Zaqatala-Balakən mühitində yaşamaqdadır. Digər mənbələrdə isə tənburun yaranma tarixi haqqında müxtəlif qeydlər var.
Prof. S.P.Pirsultanlıya görə, Nəsiminin tənbur musiqi aləti ilə yaxınlığının olması onun poeziyasına musiqilik, oynaqlıq və axıcılıq gətirir. Nizaminin əsərlərində isə bu alətin görünüşü, düzəlmə texnologiyası haqqında məlumatın verilməsi, tənburun yaranmasının daha əvvəlki dövrlərə bağlı olduğuna işarə edir. Prof. S.P.Pirsultanlı haqlı olaraq tənburu setarın, sazın və tarın, ümumiyyətlə, simli alətlərin ulu əcdadı hesab edib. Tənbur o dövrlərdə saray məclislərində də özünə geniş yer tapıb. Müasir tənbur armudvari olub, kiçik çanaqdan və uzun qoldan ibarətdir. Bu qola 16-dək pərdə bağlanır. Simlərin sayı beşdən çox olmur. Cökə, armud, gər, tut, ərik ağaclarından hazırlanan iki-üç simli Zaqatala tənburunun armuda bənzər gövdəsi olur. Nisbətən qısa qola beş pərdə bərkidilir. Əvvəllər tənburun simləri ipəkdən və bağırsaqdan hazırlanardı, hazırda isə metaldan hazırlanır, həm mizrabla, həm də əl barmaqlarının köməyi ilə çalınır.
Bu alətin tarixi sırf türk xalqları ilə bağlı olsa da, sonralar Zaqatalada yaşayan azsaylı xalqlar da tənbur musiqi alətini öz mədəniyyətlərinə daxil edib və bu gün də onun ən kamil qoruyucularına çevriliblər. İki-üç simli alət kimi tanıdığımız tənburda tək tel kökü ilə mahnılar, cüt tel kökü ilə isə əsasən, oyun havaları ifa edilir. Qədim musiqi alətlərini tədqiq edən Məcnun Kərimov "Unudulmuş musiqi alətlərimiz" adlı məqaləsində Şirvan tənburu haqqında belə qeyd edir: "Şirvan tənburu saz tipli alətdir, simləri ipək sapdan hazırlanır.
Şirvan tənburunda ifa olunan havaların əksəriyyəti Şirvan saz havaları kimi ritmik və oynaqdır. Amma Zaqatala tənbur havaları məclisin ab-havasına uyğun tərzdə qurulurdu. Tənbur vaxtı ilə daha çox xınayaxdı və toy mərasimlərində ifa olunardı. Yuxarıda qeyd etdiyimiz kimi, vaxtı ilə burada toy mərasimləri əvvəldən sonadək tənbur musiqi aləti ilə aparılıb. Eyni zamanda mövsüm mərasimlərinin əksəriyyətində bu musiqi aləti ifa olunub ki, bu da əsasən əmək prosesini sürətləndirməyə xidmət edirdi. Tənburla əsasən ürfani havalar çalınar, hamının iştirakı ilə ilahilər deyilərdi. XX əsrin 70-80-ci illərinə kimi tütün düzmə, tay basma, barama təmizləmə iməciliklərində tənbur çalınar, mahnılar oxunar, laylalar deyilərdi. Bu alət vaxtı ilə ayrı-ayrı evlərdə təşkil olunan Novruz bayramı şənliklərində də çalınardı. Tənbur əskidən dərvişlərin toplandığı ürfan məclislərində, təkkə ocaqlarında ilahilərin səslənməsində daha çox istifadə olunub. Fikrimizcə, tənburun sazla oxşarlığı və daha dəqiq desək, bu alətləri birləşdirən cəhət də məhz hər ikisinin təkkə ocağına bağlılığı faktıdır.
Zaqatalada tənbur sazla paralel inkişaf prosesi keçirib ki, bu da mühiti səciyyələndirən və maraq doğuran xüsusiyyətlərdəndir. Bu mühitdə yaşayan ustad və ifaçı aşıqların bir çoxu öncə tənbur ifaçılığı ilə məşğul olub, sonra saz ifaçılığına keçiblər. Tənburla əsasən ürfani havalar çalınar, hamının iştirakı ilə ilahilər deyilərdi. Zaqatalanın Qımır kəndində yeddi qədim ziyarətgah var. Bu ziyarətgahların hər biri burada yaşayan övliyaların adıyla bağlıdır. Bu gün Hacı Murad Əfəndi, Hacı Mikayıl Əfəndi, Qudbi babanın adlarıyla bağlı olan bu ziyarətgahlarda böyük hücrələrin, təkkə ocaqlarının qalıqları mövcuddur. Kəndin ağsaqqallarının söylədiklərinə görə, bura əvvəllər dərvişlərin, övliyaların toplandığı iqamətgah olub. Onlar burada öz dini, ürfani biliklərini verər, zikr edər, tənburda ilahilər deyərdilər. Bütün bunlar onu göstərir ki, tənbur öncə ürfan məclislərinin əsasını təşkil edib, hal əhlinin Allaha yetişməsi üçün bir növ vasitə olub. Digər tərəfdən Zaqatalanın qədim pirlər, övliyalar məskəni olması, təriqətçiliyin (xüsusən, nəqşibəndiliyin) yayıldığı ərazi olması baxımından, tənbur musiqi alətinin də bu məclislərdə ifa olunması məqsədəuyğundur. Qurban bayramında Yunis İmrədən ilahilərin oxunması da təbii qarşılanır. Çünki el arasında dolaşan rəvayətlərə görə, Yunis İmrənin və onun mürşidi Hacı Tapdığın qəbirləri də Qax rayonunun Oncalı kəndindədir. Əziz Ələkbərli bu barədə yazır: "Oncalı kəndi yaxınlığındakı Oğuz qəbiristanlığı Yunis baba və Tapdıq babanın məzar-ziyarətgahlarıdır". El arasında Yunis İmrə barəsində bu gün də müxtəlif rəvayətlər yaşamaqdadır. Əslində Yunis İmrənin harada dəfn olunduğu bəlli deyil. Bu səbəbdən Yunis İmrəni sevən, adını əbədiləşdirən xalq onun üçün hər yerdə bir məzar yaradıb.

Uğur