Ləzgilərin adət-ənənələri Layihə

Ləzgilərin adət-ənənələri

Ləzgilər - Qafqaz dilli xalqlardan biri və ana dili ləzgi dili olan, əsasən kompakt şəkildə cənub-şərqi Dağıstanda, qismən şimali-şərqi Azərbaycanda, az sayda isə dünyanın bir çox ölkələrində yaşayırlar. Ləzgilərin çoxu islam dininin sünni məzhəbinə etiqad edir. Azərbaycanda ləzgilər respublikanın 20-dən çox rayonunda, həmçinin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Göyçay və başqa şəhərlərində yaşayırlar. Quba, Qusar, Xaçmaz, İsmayıllı, Qəbələ, Şəki, Qax və Oğuz ləzgilərin yığcam yaşadıqları rayonlardır.
Ləzgilərin tarixi, mədəniyyəti, adət-ənənələrinin tədqiqatçısı, yazıçı-jurnalist Sədaqət Kərimovanın araşdırmasından məlum olur ki, "antik yunan tarixçiləri Strabon və Herodot, eramızdan əvvəl və eramızın I-III əsrlərində yaşamış Roma-Bizans tarixçiləri Apolloni Rodosski, Stefan Bizanslı, Korneli Tasit, Klavdi Ptolemey və başqaları, V-VIII əsrlərin tarixçiləri Aqofenqel, Koryun, Sebeos, VII-XI əsrlərdə Qafqazda olmuş ərəb tarixçiləri əl-Kufi, Balazuri, əl-Masudi, İbn əl-Asir, Yaqut əl-Həməvi və başqaları, alban tarixçisi Musa Kalankaytuklu ləzgilər haqqında maraqlı məlumatlar veriblər. Rus tarixçilərindən İ.Gerber, K.V.Trever, V.V.Latışev, A. A. Kudryavtsev, M.İ. Artomonov, V.F. Minorski, K.M.Kurdov, Z.İ. Yampolski, İ.Biberşteyn, S.N.Muravyov, A. N.Genko, məşhur şərqşünas P.K.Uslar, həmçinin ötən əsrin bir sıra tanınmış rus yazıçıları və jurnalistləri ləzgi xalqının tarixi, dili, mədəniyyəti və adət-ənənələri haqqında ətraflı yazıblar. Ləzgilərin tarixi ilə bağlı Dağıstan tarixçilərindən M.İxilovun, R.Məhəmmədovun, X.Ramazanovun, A.Şixsaidovun, Ə.Ağayevin, S.Ağaşirinovanın, Z.Rizvanovun, R.Rizvanovun, Azərbaycan tarixçilərindən Abbas qulu ağa Bakıxanovun, Məhəmməd Baharlının, İqrar Əliyevin, Ziya Bünyadovun, K.Əliyevin, F.Məmmədovanın, R.Vahidovun, Rəşid Göyüşovun tədqiqatları var".
Ləzgilərin bayramları haqqında: "Bahar bayramına - Novruza ləzgilər "Yaran Suvar" deyirlər. "Yar" ləzgilərin qədim kənd təsərrüfatı təqviminin bir ayıdır və o, martın 21-dən aprelin 4-dək davam edir. Yar ayı yaz-tarla işlərinin başlanğıcına təsadüf etdiyindən, ən maraqlı mərasimlər tarlalarda, bağlarda, əkin yerlərində keçirilir. Ləzgilərin qədim adətlərindən biri olan, könüllü iməcilik mənasını verən "mel"in ən əhəmiyyətlisi bahar bayramı ərəfəsində keçirilir. Ev-eşik təmizlənir, yorğan-döşək günə sərilir, xalça-palaz çırpılır, evlərin divarları ağardılır, bağ-bağat, tarlalar çör-çöpdən, alaqdan təmizlənir."Yar" sözünün ikinci mənası "qırmızı" deməkdir. Qədim vaxtlarda ləzgilərin bayram süfrəsi qırmızı rəngdə olarmış. Bəyə yaran çam, yəni bahar bəyi, gəlinə yaran svas, yəni bahar gəlini deyərdilər. Gəlin bahar xalçası toxuyardı. Toy günü onun üzünü düqürlə, yəni qırmızı duvaqla örtərdilər. "Yaran suvar" kəndlərdə xüsusi təntənə ilə keçirilərdi. Son vaxtlara kimi bəzədilmiş keçi oynatmaq mərasimi geniş yayılmışdı. Bahar bayramında dağ turunun bənzəri olan keçini bəzədib küçələrdə oynadardılar ki, o, öz cəsarətindən hamıya pay versin. Mərasim mahnı və rəqslərlə müşayiət olunardı.
"Vatsrakar" adlı xalq mərasimini keçirmək də adət idi. Onun məzmununu Aya və Günəşə olunan müraciətlər, onların tərifi təşkil edirdi. Qızlar, oğlanlar mahnı oxuyaya-oxuya məhəllələrdən keçərdilər. Martın 21-dən 22-nə keçən gecə hamı bayram şamları ilə evlərinin qarşısına çıxır. Şamlar il boyu yığılmış köhnə paltarlardan hazırlanır, onları od sönüb qurtarana kimi əllərdə saxlayırlar. Belə bir inanc var ki, ailənin illik güzəranı bayram süfrəsindən asılıdır. Ona görə də hamı çalışır ki, süfrə zəngin olsun. Bayram süfrəsinə oturmazdan qabaq bayram payı ilə küsülülərin evinə gedərlər. Plov qazanından çəkilmiş ilk nimçəni qonşuluqda xəstə yatan və ya kimsəsiz, köməksiz adama göndərərlər. Ləzgilərin qədim Çiçək bayramı əsasən kənd əhalisi tərəfindən geniş qeyd edilir. Böyük şadyanalıqla keçirilən çiçək bayramının vətəni Dağıstan Respublikasının Axtı rayonunun Cəbə kəndidir. Hələ XIX əsrin ortalarında rus toporqafı S.Q.Aleksandrov, həmin əsrin 70-ci illərində alman alimi A.Bekker ləzgilərin bu bayramı haqqında məlumat verib. Dağlarda qarlar əriyib, alp çəmənlikləri çiçək açanda bütün el əvvəlcədən elan olunmuş vaxtda Cəbəyə axışır. Başqa yerlərdən atlı və piyadalar buraya üz tutur. Cavanlar bəslədikləri yüyrək atlarla cıdıra çıxır, pəhləvanlar qurşaq tutur, qızlar çiçəklərdən çələng hörürlər. Bayramın ən maraqlı hissəsi mahnı və rəqs yarışmasıdır. Qızlarla oğlanlar bir yerdə mərasim mahnıları ifa edir, rəqs yarışına qoşulurlar. Bu, həm də gənclərin bir-birini bəyənib seçməsi üçün əlverişli yer və vaxtdır. Sonra hamı çəmənlikdə salınmış süfrə ətrafına yığışır, mahnı və rəqslərdən ibarət məclisə start verilir. Qaş qaralanda dağlardan evə dönənlərin əllərində çiçək dəstələri olur. Bunlar adi çiçəklər deyil, hər biri bir dərdin dərmanıdır. Qadınlar onları evlərin damlarında səliqə ilə qurudur, ilboyu müxtəlif xəstəliklərin müalicəsində istifadə edirlər. Ləzgilərin kənd təsərrüfatı işləri ilə bağlı olan xalq bayramı - ilk şırım bayramı kəndlərdə ilk baharda qeyd olunur. Torpağın şumlanıb əkin üçün hazırlanması vaxtı yetişəndə elliklə yığışıb ilk şırımın açılması mərasimində iştirak edirlər. Kəndin təcrübəli əkinçilərindən biri xışını sahəyə çıxarır, digərləri isə sahənin kənarında tonqal qalayırlar. Həmin əkinçi hamının gözü qarşısında xış qoşulmuş öküzləri əkinə istiqamətləndirib deyir: "Hiş! İzləriniz bərəkətli olsun!"
Sahənin bu başından o başına gedib qayıtmağa "rqal" (şırım) deyirlər. Əkinçilər ilk şırıma böyük əhəmiyyət verir, gələcək məhsulun taleyi ilk şırımdan asılı olur, deyirlər. Elə ona görə də bu məsul vəzifəni kimə gəldi yox, nüfuzlu, əli yüngül kinçiyə etibar edirlər. İlk şırımdan sonra əkinçi öküzlərini gənclərə həvalə edir. Ertəsi gün bütün el şuma çıxır. Yer şumlaya-şumlaya hamı əkinçi mahnısı (havar) oxuyur. Hav - dörd şırım deməkdir. Bir qayda olaraq hər dörd şırımdan sonra əkinçi dincini alır. Ləzgi folklorunun bir növü olan, kənd yerlərində geniş yayılmış havarları bir solist ifa edir, xor isə müşayiət edir. Sahənin kənarına yığışmış damlar bayram şənliyi, yemək-içmək mərasimi üçün hazırlıq görürlər. Onlar qoyun kəsir, xörək hazırlayır, çörək bişirirlər. Sonra hamı bayram süfrəsinin ətrafına yığışır. Mahnı səsləri uzaqlara yayılır. Taxıl biçininin vaxtı yaxınlaşanda adətən ilk sünbülün yığılması bayram edilir. Bu bayrama "ilk sünbül", "ilk dərz" və ya "peçxür bayramı" da deyirlər. İlk dərzləri yığıb onları zəminin kənarında başı üstə qoyur, sünbülləri oxşaya-oxşaya, xeyir-dua edə-edə mahnı oxuyur və süfrə arxasına keçirlər. Zurnanın və nağaranın şux səslərini eşidən uşaqlar rəqsə girişirlər. Qadınlar təzə arpadan bişirdikləri çörəkdən qonşulara, kənddəki imkansız ailələrə və yetimlərə pay verirlər. İnanca görə, belə bəxşişlər paylanmayanda yağış və ya dolu yağır. Xalq oyunları ilə müşayiət olunan, kollektiv şəkildə ifa olunan mahnılarla zəngin olan "Peşapay" bayram qədim teatr ünsürləri ilə zəngindir. Uzaq keçmişdə "Peşapay" kişilərin tamaşası olub. Uzun müddətli quraqlıq zamanı bərəkət, bolluq arzusu ilə insanlar küçələrə çıxaraq, ğutslardan (tanrıçalardan) yağış diləyərdilər. Adətən bir oğlan uşağına ağac budaqlarından "paltar" geyindirib, küçə-küçə gəzdirər, onu müşayiət edərək yağış arzusu ilə mahnı oxuyardılar. Mahnılar yağış yağana kimi davam edərdi. Adamlar Peşapayın üstünə su atardılar. Son illərə kimi quraqlıq zamanı ləzgi kəndlərində "Quni" gəzdirmək adəti var idi. Oğlan uşağını soyundurub, ona çubuqlar sarıyıb, iplə bağlayar, ondan "Quni" düzəldərdilər. Uşaqlar onu dövrəyə alaraq, məhəllə-məhəllə gəzdirər, mahnı oxuyardılar. Mahnı sona çatanda ev yiyəsi "Quni"nin başına su tökərdi. Bundan sonra hər uşaq Quni haqqında bildiyi mahnıları oxuyardı. Uşaqların biri digərini tamamlamalı idi. Bu qayda ilə əsl mahnı yarışması gedirdi. Ən çox mahnı oxuyan uşağa ev sahibi tərəfindən bəxşişlər verilərdi. Bunlar qiymətli hədiyyələr idi: xəncər, qəmə, çuxa, dayça, erkək quzu. Belə hədiyyələr uşaqların ürəyincə olar, onlara qəhrəmanlıq ruhu aşılayardı.Yağıntı çox düşəndə "Peşəpay"ın əksi olan, Günəşə çağırışdan ibarət olan "Alapex" mərasimi keçirilərdi. Bu mərasimdə ancaq qadınlar iştirak edərdi. Onlar gəlinciyə qırmızı yaylıq geyindirib, qapı-qapı gəzdirərdilər. Qədim ləzgilərin təsəvvürlərinə görə Rağ (Günəş) qızdır. Onu qırmızı rəngin köməyi ilə çağırmaq olar. Bahar mərasimi olan "Peşəpay"dan fərqli olaraq, "Alapex" yay mövsümünün mərasimidir".
Ləzgi rəqsləri zənginliyi və müxtəlifliyi ilə diqqəti cəlb edir. İlk dəfə SSRİ Dövlət Mükafatı laureatı, ləzgilərin və Dağıstan xalqlarının peşəkar musiqisinin banisi Qotfrid Həsənov 1925-ci ildə 126 ləzgi xalq melodiyasını lentə alıb. 1927-ci ildə o, zurna ilə ifa olunan 12 "Ləzginka"nı lentə köçürüb. 1948-ci ildə çap etdirdiyi "100 Dağıstan havası" adlı antologiyaya Q.Həsənov onlarca rəqs havasını daxil edib. Məşhur "Ləzginka" rəqs ansamblının bədii rəhbəri Zeynal Hacıyev 1959-cu ildə "30 ləzgi xalq rəqsi" adlı toplu buraxıb. Bəstəkar Fətullah Rəhimxanov ləzgilərin 79 xalq mahnısını və 23 rəqsini nota köçürüb. "Suvar" mahnı və rəqs ansamblının əsası 1996-cı ilin iyununda Bakıda qoyulub. Onun ilk konserti Bakının Gənc Tamaşaçılar Teatrında keçirilib. İfaçıları arasında Rəşad İbrahimov, Ruslan Pirverdiyev, Roza Hacımuradova, Cəmilə Zalova, Cavahir Abdulova və Elvina Heydərova kimi istedadlı gənclər var. Ansamblın repertuarına ləzgi xalq mahnıları və bəstəsi Sədaqət Kərimovaya məxsus olan onlarca mahnı daxildir. 2004-cü ildə "Suvar" rəqs məktəbini yaratdıq. Quruluş verdiyimiz ondan çox rəqs "Suvar"ın repertuarına daxil edildi. 2006-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində 10 illiyi təntənə ilə qeyd edən ansambl özünün 50 nəfərlik kollektivi ilə tamaşaçıları heyran etdi. "Suvar" ansamblı haqqında İctimai Televiziyada bir saaatlıq film çəkib nümayiş etdirilib, digər televiziya kanalları dəfələrlə verilişlər hazırlayıb. Ansamblın 4 albomu və Azərbaycan ləzgilərinin həyatından bəhs edən "Mənim doğma elim" adlı iki musiqili-sənədli filmi işıq üzü görüb".


Uğur