“Avropalılar, amerikalılar tolerantlığı sadəcə, dözmək kimi başa düşürlər” Layihə

“Avropalılar, amerikalılar tolerantlığı sadəcə, dözmək kimi başa düşürlər”

"Azərbaycanda etnik və dini tolerantlıq məsələsi isə xarici ölkələrin konkret nümunələrdən xeyli dərəcədə fərqlidir"

Əvvəli ötən sayımızda


"Əgər bir etnik qrup yaşadığı ölkənin ərazisində özünü həddindən artıq sərbəst, həddindən artıq özü kimi, öz torpağındakı kimi hiss edirsə, bu artıq psixologiyada kök salmağa başlayır. Sonra da ermənilər kimi deyir ki, elə bura da mənimdir. Ermənilər əvvəlcə özlərini torpaqlarımızda öz vətənlərindəki kimi hiss etdilər, sonra özlərini inandırdılar ki, bura onlarındır. Azərbaycanda tarixən yaşayan etnik qruplar artıq "azərbaycanlı" anlayışına daxildirlər". Bu fikirləri filosof, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Səlahəddin Xəlilov səsləndirib. O bildirib ki, onlar yüzillərdən bəri Azərbaycan türkləri ilə eyni dili və mədəniyyəti mənimsəyiblər: "Bu eyniyyət məqamı həddindən artıq çox olduğu üçün ayrılmaq elementləri nəzərə çarpmır. Amma bir məsələni vurğulamaq yerinə düşər ki, etnik qruplar həmişə bədxah xarici qüvvələrin maraq dairəsində olur. Həmişə böyük ölkələrdə kiçik etnik qrupları yoldan çıxarmağa cəhd edirlər, imperialist ölkələr bunun marağında olurlar ki, millətləri ayırsınlar, xalqlararası təfriqə salsınlar. Azərbaycanda bu, mümkün deyil, çünki heç vaxt bizdə bu mövzuda ayrı-seçkilik olmayıb. İnkişafın yeni Azərbaycan modelinin əsas komponentlərindən biri də budur: tolerantlıqdan daha yüksək münasibət".
Onun fikrincə, tolerantlıq bizim qanımızdadır: "Bu tarixi köklərə və ənənələrə malik olan, artıq psixikamıza keçmiş, oturuşmuş mentalitetimizin bir komponenti kimi formalaşmış hadisədir. Avropalılar, amerikalılar tolerantlığı sadəcə, dözmək kimi başa düşürlər, hələ bunu da eləyə bilsələr, böyük şeydir. Lap yaxın vaxtlara qədər, tutalım, Amerikada başqa millətlərə, irqlərə qarşı necə bir ayrı-seçkilik var idi. Yəni bu hələ indi-indi aradan qalxır. Amma bizdə yüzillər boyu başqa millətlərə qarşı ayrı-seçkilik olmayıb. Azərbaycanda etnik və dini tolerantlıq məsələsi bu məsələnin ənənəvi anlamından və xarici ölkələrin praktikasından məlum olan konkret nümunələrdən xeyli dərəcədə fərqlidir. Biz bu ənənələrdən və normalardan bəzən tolerantlığın azlığı üzündən deyil, çoxluğu üzündən kənara çıxırıq. Belə ki, ənənəvi olaraq hər bir ölkədə əsas etnos, etnik-milli özək önə çəkilir, üstün sayılır və ilk növbədə onun inkişafı üçün hər cür şərait yaradılır. Başqa etnik qruplara və başqa dinlərin nümayəndələrinə isə imkan daxilində dözümlü münasibət bəslənilir və yerli icmaların öz dinlərini və mədəniyyətlərini qoruyub saxlamasına maneçilik törədilmir.Yəni məqsəd bundan ibarətdir. Bizdə isə bu məsələ bir problem kimi heç vaxt qarşıda durmadığından, bəlkə də heç bir ölkədə rast gəlinməyən fərqli bir situasiya mövcuddur. Biz dünyada qəbul olunmuş bu modeldən fərqli olaraq, bütün dinlər və bütün etnik mədəniyyətlərə eyni dərəcədə, eyni meyarlar əsasında yanaşırıq.Nəinki tolerantlıq təmin edilib, hətta mədəni plüralizm və multikulturalizm üstünlük qazanıb. Təkrar edirəm, bizdə söhbət bir aparıcı etnosun başqalarına dözməsindən deyil, özünü başqaları ilə tam bərabər vəziyyətdə qoymasından gedir. Belə bir bərabərliyin dünya miqyasında indiyədək ancaq insan haqları, söz azadlığı və sair bu kimi fundamental sahələrdə təmin olunması uğrunda mübarizə aparılır. Buraya dini və irqi ayrı-seçkiliyi də aid etmək olar. Amma başqa dillərə, dinlərə və mədəniyyətlərə dövlət səviyyəsində qayğı göstərilməsi çox nadir hallarda rast gəlinən bir hadisədir. Məsələn, bütün ölkələrdə ancaq dövlət dilində təhsilin maliyyələşməsi büdcə hesabına həyata keçirilir. Başqa dillərdə təhsilə isə ya yol verilmir, ya da, ən yaxşı halda, icmaların hesabına maliyyələşdirilir. Məsələn, qonşu İranda dövlət ancaq fars dilində təhsili maliyyələşdirir, erməni dilində məktəblər erməni icması tərəfindən maliyyələşdirilir, əhalinin böyük əksəriyyətini təşkil edən azərbaycanlıların isə öz dilində məktəb açmalarına şərait yaradılmır. Moskvada fəaliyyət göstərən yeganə Azərbaycan məktəbi də icma tərəfindən maliyyələşdirilir. Analoji vəziyyət əksər Avropa ölkələrinə də aiddir.Almaniyada 3 milyondan artıq türk yaşamasına baxmayaraq, dövlət türk dilində məktəblər açmır. Azərbaycanda isə fərqli bir şərait vardır. İngilis dilində xeyli məktəblərin sərbəst fəaliyyət göstərməsi, xarici vətəndaşlar üçün ərəb, fars, türk dillərində məktəblərə şərait yaradılması, rus dilində məktəblərin isə hətta dövlət tərəfindən maliyyələşdirilməsi Azərbaycanda sadəcə tolerantlığın deyil, ən yüksək səviyyəli beynəlmiləlçiliyin mövcud olmasına dəlalət edir".
O əlavə edib ki, başqa xalqlara, başqa mədəniyyətlərə müəyyən bir münasibət bəsləmək, onlarla dialoqa girməzdən öncə insan öz millətinin nümayəndələri ilə bir araya gəlməyi, vahid mövqe nümayiş etdirməyi, yeri gələndə dialoqa girməyi bacarmalıdır: "Ümumiyyətlə, dialoq mədəniyyəti olmayan insanlar nə başqa millətlərlə, nə də öz millətinin nümayəndələri, məsələn, xaricdə yaşayan azərbaycanlılarla dialoq qura bilməz. Söhbət eyni dildə danışmaqdan getmir. Söhbət yaşadığı mədəni mühitdən qaynaqlanan spesifikliyə, düşüncə tərzindəki fərqlərə baxmayaraq, ümumi maraqlar ətrafında birləşməkdən, bu istiqamətdə təşkilatlanmaqdan gedir, məqsədyönlü diaspor fəaliyyətindən gedir. Heydər Əliyev deyirdi: "Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır". Bu çox önəmlidir. Azərbaycançılıq hər şeydən əvvəl bir məfkurədir. Demokratik prinsipləri, insanın hüquq və azadlıqlarını rəhbər tutan dövlətlər birliyinə qoşulmazdan əvvəl özünü dərk etməyə çalışan, Avropa Şurasına, Millətlər Məclisinə öz simasında daxil olmaq istəyən bir millətin məfkurəsidir. Bu məfkurə təkcə Azərbaycan Respublikasında yaşayan azərbaycanlıların, təkcə Azərbaycan dövlətinin maraqlarını deyil, həm də bütün dünyada yaşayan azərbaycanlıların milli-mənəvi maraqlarını ifadə edir. Eyni zamanda, bütün azərbaycanlılar harada yaşamasından və hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, rəsmi vətənləri ilə yanaşı, həm də özünün mədəni-mənəvi Vətəni olan Azərbaycan Respublikasını düşünür, onun nüfuzunu uca tuturlar. Bundan əlavə, milliyyətcə azərbaycanlı olmasa da, bir neçə nəsil Azərbaycanda yaşamış və Azərbaycanı özünün tarixi vətəni sayan insanlar, xristian və ya yəhudi olmalarına, başqa millətin nümayəndəsi olmalarına baxmayaraq, Azərbaycan Respublikasının maraqlarına xidmət etməklə və ümumi Azərbaycan mədəniyyətinə qatılmaqla azərbaycançılıq məfkurəsinin iştirakçısı və təbliğatçısı olurlar. Azərbaycançılıq keçən əsrin əvvəllərində Əli bəy Hüseynzadənin irəli sürdüyü "türkçülük, islamçılıq, müasirlik" şüarındakı hər üç istiqaməti əhatə edən və bu baxımdan nə türkçülüyə, nə də islamçılığa daxil olmayaraq, daha geniş və həm də daha konkret məzmun daşıyan bir məfkurədir. Azərbaycançılıq milli mündəricədən kənara çıxan, millilik və ümumbəşəriliyin vəhdətindən çıxış edən bir məfkurədir. Bu məfkurənin məzmunu Azərbaycanda ilk dəfə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən açılmış və bütün dünya azərbaycanlılarına ərməğan edilmişdir. İndi bütün dünyada qloballaşma prosesi gedir. İnkişaf etmiş dövlətlər öz həyat tərzini və sosial-hüquqi normalarını hamıya qəbul etdirməyə çalışırlar. Biz də dünyada gedən inteqrasiya proseslərindən kənarda qala bilmərik. Qərb dünyası bizi özünə qatmaq üçün əvvəlcə özü kimi etməyə çalışır. Biz isə özünəməxsusluğumuzu saxlamaq istəyirik. Bax, belə çətin bir seçim məqamında millət üzünü başçıya, milli-siyasi liderə, özünün ən böyük mütəfəkkirinə tutur. Heydər Əliyevin böyüklüyü ondadır ki, o fərqli proseslərin kəsişmə xəttini, vəhdət məqamını tapmağı bacarıb. Azərbaycanlılar bundan sonrakı inkişaf yolunu necə seçməlidirlər? Gələcəkdə öz həyatlarını hansı istiqamətdə dəyişmək istəyirlər? Bizim milli və sosial idealımız nədən ibarətdir? Azərbaycanın Avropa Şurasına daxil olması, gələcəkdə Avropa Birliyinin üzvü olmaq istəyi, bütün bunlar heç şübhəsiz, Avropada meyar kimi formalaşmış dəyərlər sisteminin də qəbul edilməsini nəzərdə tutur. Həyat tərzində, düşüncə tərzində, normaların, meyarların və etalonların seçilməsində, bizim daxil olduğumuz yeni hüquqi-siyasi məkanın təsirləri hələ özünü göstərəcəkdir. Lakin biz bunu çoxmu istəyirik? Yaxud istəyimizin motivlərini kifayət dərəcədə dərk edirikmi? Biz hələ böyük bir seçim qarşısında ikən, qarşıda hələ böyük mücadilələr dururkən bütün milli-tarixi keçmişimizə qələm çəkərək kəmhövsələ halda gələcəyi qabaqlamaq lazımdırmı? Bizcə, Avropaya qatılmazdan əvvəl və ya bu proseslə paralel olaraq özümüzü dərk etməli, özümüzü təsdiq etməliyik. Əvvəlcə "biz kimik?" sualının cavabını tapmalıyıq, invariantlarımızı müəyyənləşdirməliyik. Nə qədər ki, öz əlimiz öz başımız idi, özünüdərkə və özünütəsdiqə bəlkə də böyük ehtiyac yox idi. Biz onsuz də öz mühitimizdə idik. Başqa mühitə daxil olarkən isə nisbi bütövlüyü saxlamaq da mümkündür, tamamilə əriyib itmək də. Bütöv olaraq qalmaq, öz nisbi müstəqilliyini qorumaq üçün ancaq duyğular səviyyəsində özünüdərk kifayət deyil. Bunun üçün nəzəri və ideoloji səviyyədə, rasional idrak səviyyəsində müəyyənləşmə getməlidir. Bütöv bir strategiya hazırlanmalıdır. Təhsil də, KİV də bu istiqamətdə fəaliyyətə hazır olmalıdır. Bax, azərbaycançılıq konsepsiyası həm də buna görə lazımdır…".

Əli

Ardı var…