Yeni siyasi mədəniyyət Layihə

Yeni siyasi mədəniyyət

Azərbaycanda siyasi mədəniyyət siyasi sistemin tərkib hissəsi kimi vətəndaş cəmiyyətinin mühüm əlamətlərindən biridir

Plüralist demokratiya ictimai şüuru müasirləşdirir, zənginləşdirir

Müasir dövrün ən çox müzakirə olunan mövzularından biri fikir, söz, mətbuat azadlığı, demokratiya, plüralizm, eyni zamanda siyasi plüralizmdir. Plüralizm latınca "plüralis" sözündən olub "çoxluq" deməkdir. Plüralizm ictimai-siyasi həyatda daim yarışda və rəqabət mübarizəsində olan, bir-birindən asılı və bununla yanaşı, muxtar olan sosial, siyasi qrupların, partiyaların, təşkilatların, ideyaların və baxışların çoxluğu mənasını verir. Plüralizmin siyasi, mədəni-mənəvi iqtisadi, sosial və s. növləri mövcuddur. Təbiətinə görə plüralizm cəmiyyətdə normal sosial-siyasi münasibətlərin dirçəlmə meyillərinin inkişafını stimullaşdırır, proseslər nəzarətə məruz qalmadan sərbəst, müstəqil şəkildə inkişaf edir. Sosial, ideya, konseptual fərqləndirməni dəyər və norma kimi qəbul edərək şəxsiyyətin azadlığı dərəcəsini artırır. Plüralizm sosial qrup və təbəqələrin müxtəlifliyi şəraitində formalaşır. Siyasi plüralizmin formaları müxtəlifdir. Bu, həm çoxpartiyalılıq, həm hakimiyyətin müvafiq səlahiyyətlərə malik olan müxtəlif mərkəzlərə bölünməsi, həm də formal yox, həqiqətən, yerlərdə özünüidarənin inkişafı və "dördüncü hakimiyyətin" - müstəqil mətbuatın olması deməkdir. Plüralizm siyasi nəzəriyyə prinsipi kimi fəlsəfi-metodoloji əsas olmaqla nəzəri fikrin açıqlığı konsepsiyalarından çıxış edir. Bu konsepsiyaya görə, hər bir intellektual prosesdə fikir ayrılığı labüd haldır. Elmi biliyin artması təlimlərin çoxluğu ideyasını rədd etmir, əksinə, onların dərki üçün toplayan konseptual plüralizmə söykənir. Belə halda plüralizm bu və ya digər konsepsiyalar çərçivəsində müəyyən prinsiplərə riayət etməyi inkar etmir. Dünyanın nəzəri mənzərəsinin yaradılmasına plüralist yanaşma biliklərin əldə edilməsinin mövcud üsulunun müstəsnalılığına iddia irəli sürmür, lakin müxtəlif hipotezlərin zəruriliyini, onların inkarı üçün aşkarlığı qanuniləşdirərkən, elmi axtarışı obyektin daha adekvat dərkinə istiqamətləndirir. Plüralist demokratiya yalnız o zaman "işləyə" bilər ki, milli ənənəyə uyğun gəlsin, özünün təcəssüm formaları və metodları ilə milli mədəniyyətlə üzvü vəhdətdə olsun, milli şüura ləngidici təsir göstərməsin. Plüralist demokratiya ictimai şüuru peşə-nəzəri, siyasi-idarəetmə, həmçinin, kütləvi şüura uyğun gəldikdə, milli şüuru da müasirləşdirir, zənginləşdirir. Siyasi institutlara zidd durmağın zəruriliyi meydana çıxdıqda sosial ümumilik plüralizmə ehtiyac duyur. Plüralizm bir siyasi prinsip kimi sosial sistemi müxtəlif, o cümlədən, əks, iqtisadi, sosial, etnik, mədəni, ekoloji və prinsipcə müstəqil və potensial olaraq özütənzim olunan, dövlət hakimiyyəti sahəsindən kənarda qalan, daşıyıcıları isə siyasi prosesin muxtar və bərabərhüquqlu iştirakçıları olan digər fərdi və ictimai mənafelərin qarşılıqlı təsiri məkanı kimi təşkil etməyə imkan verir.
Vətəndaş cəmiyyəti bir ideya kimi siyasi mədəniyyət çərçivəsində formalaşır. Siyasi mədəniyyət mücərrəd bir proses kimi, məkan və zamandan asılı olmayaraq formalaşmır. Sosial reallıq, cəmiyyətdəki və şəxsiyyətlər arasındakı münasibətlər, mənəvi və əxlaqi dəyərlər sistemi, ictimai rəy və ənənələr siyasi mədəniyyətin formalaşmasına təsir göstərən amillərdir. Siyasi mədəniyyət sistem daxilində siyasi təsisatların qarşılıqlı münasibətlərini, eləcə də, onların sosial sistemin başqa ünsürləri ilə əlaqələrini normalar, dəyərlər, ənənələr vasitəsilə tənzimləyir. Siyasi mədəniyyətin inkişafının ən mühüm şərtlərindən biri siyasi plüralizmin həyat normasına çevrilməsinə geniş imkan yaradılması və digəri aşkarlığın genişlənməsidir. Siyasi mədəniyyətin quruluşuna, adətən, siyasi maraqlar, bilik və inam, siyasi hadisələrin oriyentasiyasının qiymətləndirilməsi, cəmiyyətdəki normaların qəbul edilməsi, siyasi fəaliyyət üsulları, vərdişləri, təcrübə və bacarıq, siyasi institutlar daxildir. Siyasi mədəniyyətin digər təzahür forması siyasi fəaliyyətin stilidir. Məsələn, ABŞ və Fransa siyasi həyatı daha açıqdır, orada geniş siyasi fəaliyyət göstərməyə daha çox imkanlar var. Elə ölkələr də vardır ki, bu ölkələrdə heç də bütün adamlara belə bir imkan verilmir. Belə cəmiyyətlər siyasi fəaliyyət üçün qapalı olub, ancaq bir qrup adamların siyasi fəaliyyətinə imkan yaradır. Bu daha çox siyasi mədəniyyətin forma və tipləri məsələsidir. Forma məsələsi ictimai quruluşun xarakteri, tipləşmə isə konkret sosial qrupların dünyagörüşü, təhsil səviyyəsi və davranışları ilə bağlıdır. Məsələn, quldarlıq, feodal, burjua dövrünün siyasi mədəniyyəti, ziyalı və fəhlənin, kəndli və biznesmenin siyasi mədəniyyətləri arasında prinsipial fərqlər var.
Siyasi mədəniyyətin üçüncü təzahür forması qərarların qəbul edilməsinə vətəndaşların təsiri və onda iştirak etməsi səviyyəsidir. Siyasi mədəniyyətin dördüncü təzahür formasını isə cəmiyyətin siyasi əhval-ruhiyyəsi adlandırmaq olar. Daha doğrusu, siyasi proseslərdə dominant rolunu kimlər oynayır: inqilabi, reformist, imperialist, millətçi və s. qüvvələr. Yüksək səviyyədə inkişaf edən siyasi mədəniyyətli cəmiyyətlərə aşkarlıq və plüralizm, şəxsiyyətin yüksək siyasi mədəniyyəti, siyasi fəallıq, xalqın siyasi həyatda iştirakının təmin olunması, vətəndaşların hüquq və azadlıqlarının qorunması və s. xasdır. Deməli, siyasi mədəniyyət yalnız bilik və inam şəklində deyil, habelə, vərdiş və davranış normaları, onların siyasi həyatda tətbiq olunmasını bacarmaq şəklində mövcuddur. Xalqın müxtəlif səviyyələrdə siyasi fəaliyyətdə iştirakı idarəetmənin demokratik stilinin yaranıb formalaşmasına səbəb olur. Siyasi mədəniyyətə tələbat - siyasi biliklərə və siyasi informasiyalara olan tələbatdır.
Politoloqlar siyasi mədəniyyətin funksiyalarından bəhs edərkən göstərirlər ki, siyasi mədəniyyətin funksiyaları onun digər aspektləri qədər mübahisə doğurmur. Əksər tədqiqatçılar siyasi mədəniyyətin aşağıdakı funksiyalarını qəbul edirlər: dərketmə, qnoseoloji, evristik (tərbiyəvi), varislik, ətraf mühitin qorunması, requlyativ-akseoloji.
Azərbaycanda siyasi mədəniyyət plüralizmin geniş spektrini əhatə edərək formalaşmışdır. Sovet totalitarizmindən çıxmış Azərbaycan cəmiyyətinin yeni siyasi mədəniyyəti formalaşmağa başladı. SSRİ-nin dağılması prosesində ən gərgin şəraitlərlə üzləşmiş Azərbaycanda siyasi mədəniyyət stabil şəkil aldı. Əsasən Azərbaycanın müstəqillik əldə etməsindən sonra formalaşan siyasi mədəniyyət azərbaycançılıq kontekstində özünün fərqli xüsusiyyətləri ilə seçilir. Azərbaycanın siyasi mədəniyyəti özünün dövlətçiliyə möhkəm sədaqət ilə seçilməyə başlayıb. Azərbaycançılıq ideyasının bu prosesdə xüsusi rolu vardır. Aparılan müşahidələr göstərir ki, Azərbaycanda demokratik siyasi mədəniyyətin formalaşmasının 3-cü mərhələsi 2005-ci ildən başlanıb. Məhz bu tarixdən etibarən Azərbaycan cəmiyyətində siyasi mübarizənin və siyasi münasibətlərin keyfiyyətcə yeni cəhətini müşahidə etmək olur. Əhalinin populizmə meyilli təbəqəsinin kəmiyyətcə azalması, siyasi sistemlə münasibətdə müxalifətin reallığı qiymətləndirmə cəhdlərinin artması, həmçinin, daha dinc mübarizə və mədəni mübarizə üsullarına yer ayırması bu dövrün əsas cəhətlərindəndir.
Azərbaycanda siyasi mədəniyyətin formalaşması həm də cəmiyyətin siyasi cəhətdən yeniləşməsi səviyyəsi ilə ölçülməlidir. Müasir Azərbaycanın sosial-siyasi həyatında əsaslı islahatlar həyata keçirilməkdə və ölkə müasirlik yolunda böyük uğurlar əldə etməkdədir. Nəticə etibarilə yeni siyasi mədəniyyət formalaşıb.
2008-ci ilin prezident seçkiləri bu siyasi mədəniyyətin nəticəsi olaraq xüsusi əhəmiyyət kəsb etdi. Azərbaycan seçicisinin öz namizədini seçməkdə yüksək aktivlik göstərməsi seçkilərin insidentsiz başa çatması, hətta müxalifət elektoratının müəyyən qisminin seçki zamanı hakim partiyanın namizədi lehinə səs verməsi, Azərbaycanın siyasi mədəniyyət tarixinin yeni səhifəsi kimi yadda qalandır. Nəticə etibarilə Azərbaycan ictimaiyyətinin siyasi mədəniyyət səviyyəsinin göstəriciləri artıq müəyyən dəyərlərə ehtiramı ilə seçilir. Azərbaycanda daha davamlı siyasi mədəniyyətin formalaşması həm ölkəmiz, eləcə də, region üçün böyük müsbət əhəmiyyətli proseslərin başlanğıcıdır. Azərbaycanın dövlət rəmzlərinin qorunmasının konstitusiyaya edilən əlavə və dəyişikliklərlə referendum yolu ilə qəbul olunması da ölkəmizdə siyasi mədəniyyətin inkişafında yeni mərhələnin göstəricisidir. Prezident və məmur münasibətlərində yeni davranış normalarının formalaşmasına önəm verilməsi ölkədə demokratik siyasi mədəniyyətin inkişafına şərait yaradır. Azərbaycanda 2008-ci ilin sonunda "Konstitusiyaya əlavə və dəyişikliklər haqqında" qanun layihəsi müzakirə edildi. Bu referendumda Azərbaycanın dövlət rəmzlərinin qorunmasının konstitusiyaya edilən əlavə və dəyişikliklərlə qəbul olunması da ölkəmizdə siyasi mədəniyyətin inkişafında yeni mərhələnin göstəricisidir. Beləliklə, Azərbaycanda siyasi mədəniyyət siyasi sistemin tərkib hissəsi kimi vətəndaş cəmiyyətinin mühüm əlamətlərindən biridir.

Əli