KİV-lərdə millətlərarası məsələlərlə bağlı məlumatlandırma və maarifləndirmə Layihə

KİV-lərdə millətlərarası məsələlərlə bağlı məlumatlandırma və maarifləndirmə

II yazı

Araşdırmaçı İlham Mazanlı bildirir ki, "mətbuatın millətlərarası münasibətlərin təkmilləşdirilməsi amili və bu sahədə yeni siyasi təfəkkürün formalaşdırılması aləti kimi fəaliyyətı nadir hallarda tədqiqat obyekti olub. Adları çəkilmiş tədqiqat işlərinin milli problematikanın öyrənilməsinə müəyyən töhfə vermələrinə baxmayaraq, onların böyük əksəriyyəti əsrin sonunda – ya yenidənqurma və aşkarlıq dövründə və ya da SSRİ-nin süqutu zamanı aparılıb. Onların böyük bir hissəsi köhnə təsəvvürlərin stereotipləri ilə ağırlaşıb. Ona görə də siyasi həyatın o vaxtkı vəziyyətinin və cəmiyyətin həyatının bütün istiqamətlərinin obyektivlik və dövrün real xarakteristikasının açılması baxımından onların konstruktiv tənqidi təhlilinə ciddi ehtiyac duyulur. Keçən əsrin 90-cı illərində artıq bəzi elmi araşdırmalarda problemə yeni yanaşmalar müşahidə olunsa da, bütün cəhdlərə baxmayaraq, milli siyasət sahəsində mətbuatın fəaliyyətinin təhlilinə həsr olunmuş "Millətlərarası münasibətlərin təkmilləşdirilməsində kütləvi informasiya vasitələrinin rolu" mövzusunda Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası və SSRİ Jurnalistlər İttifaqının birgə keçirdikləri, KİV-də milli siyasətin və millətlərarası münasibətlərin işıqlandırılmasının prinsip, metod və amilləri ilə bağlı kompleks problemləri, yeni siyasi şüur və təfəkkürün inkişafı və formalaşması prosesinə siyasi rəhbərliyin gücləndirilməsi, mərkəzi, respublika və yerli nəşrlərdə beynəlmiləlçilik ideyalarının təbliği təcrübəsini nəzərdən keçirən "dəyirmi masa" və s. digər onlarla tədbir KİV-in sözügedən sahədə fəaliyyətinin canlanmasına "əhəmiyyətli töhfələr" verə bilməyib.
Müasir Azərbaycan jurnalistikasının fəal tədqiqatçılarından biri, tanınmış nəzəriyyəçi, professor C.Məmmədli kütləvi informasiya prosesləri nəzəriyyəsinə əsaslanaraq, jurnalistikanın sosioloji, filoloji, tarixi, fəlsəfi, siyasi və s. aspektlərdən öyrənilməsini, KİV-in özünün nəzəriyyəçilərinin meydana gəldiyini, jurnalistikanın müstəqil elm (mediologiya) və fəaliyyət sahəsi kimi formalaşdığını və bunun etiraf edildiyini əsas gətirərək, cəmiyyətin həyatına aid ümumi planda nəzərdən keçirilən məsələlərin digər sosial-siyasi problemləri də əhatə etməsinin mümkünlüyünü vurğulayır. Bu baxımdan, cəmiyyətdə millətlərarası və dövlətlərarası münasibətlərin sabitliyinə zəmanət verən faktorların tədqiqi və müəyyən edilməsi, böhran vəziyyətinin aradan qaldırılması üçün kütləvi informasiya vasitələrinin birgə fəaliyyətlərinin genişləndirilməsi və möhkəmləndirilməsi KİV-in fəaliyyətinin politoloji təhlilinin başlıca məqsədini təşkil edir".
Araşdırmaçı hesab edir, SSRİ-nin dağılmasına qədər olan dövrdə bəzi regional və mərkəzi mətbuat orqanlarında çap olunmuş elmi və publisistik əsərlərdə milli problematika cəmiyyətin "reallıqları" ilə əlaqəli şəkildə işıqlandırılsa da, onlardan bəzilərinin kökləri böyük ustalıq və saxtakarlıqla uydurulmuş tarixi keçmişlə əlaqələndirilirdi. Tarix bu cür əsərlərin nəzəri, xüsusilə də praktik nəticələrinin cəmiyyəti acınacaqlı sonluqlara gətirib çıxardığını dəfələrlə sübut etdib. Ona görə də milli siyasət və beynəlxalq həyat reallıqlarının nəzəri və praktik aspektlərinin ictimaiyyətə çatdırılması, xüsusilə də jurnalistlərdən, həddən artıq ehtiyatlı olmağı, nəzəri diskursların KİV-in dövrlə əlaqədar dəyişib siyasi və hüquqi statusuna uyğun düşünülüb-daşınılmasını tələb edir. Ümumiyyətlə, təəssüf hissi ilə millətlərarası və dövlətlərarası münasibətlər sistemində KİV-in yerinin və rolunun, problematikanın həllində iştirakının, stabilləşdirici və birləşdirici imkanlarının və mahiyyətinin dərindən və hərtərəfli təhlilinə həsr olunmuş ayrıca elmi-tədqiqat işlərinin olmadığını deyə bilərik.
Azərbaycan Respublikası öz müstəqilliyini yenidən bərpa etdikdən sonra dövlətin və hökumət orqanlarının ciddi əhəmiyyət verdiyi məsələlərdən biri də məhz ölkədə yaşayan bütün xalqların, xüsusilə də azsaylı xalqların və KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi etnik qrupların hüquq və azadlıqlarının qorunmasına, dil və mədəniyyətlərinin inkişafının təmin edilməsinə zəmanət verən milli inkişaf siyasətinin formalaşdırılması və həyata keçirilməsi məsələsidir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın və Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının 19-cu maddələri əsas götürülərək, "Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında" Fərman imzalanıb (16 sentyabr 1992-ci il). Fərmanda sözügedən məsələ ilə bağlı dövlət və hökumət strukturlarının qarşısında duran aşağıdakı vəzifələr müəyyən edilib: milli azlıq, azsaylı xalq və etnik qrupların mədəni, dil və dininin qorunub saxlanması və inkişaf etdirilməsi; milli ənənə və adətlərə əməl, dini mərasim və ayinlərin tam azad icra edilməsi, ibadət yerlərinin qorunub saxlanılması və onlardan istifadə olunması; milli sənətkarlığın, peşəkarlıq və özfəaliyyət yaradıcılığı və xalq sənətlərinin sərbəst inkişaf etdirilməsi; bütün millətlərin tarix və mədəniyyət abidələrinin qorunması; əhali üçün əhəmiyyəti olan yerlər, qoruqlar, parklar və digər təbiət obyektlərinin mühafizə olunub saxlanılması. Fərmanda, həmçinin aparıcı elmi-tədqiqt və ali təhsil müəssisələri qarşısında Azərbaycanda (güney bölgəsi də daxil olmaqla) yaşayan bütün xalqların qədim köklərinin, tarixi inkişafının, dil və ədəbiyyatının tədqiqinin təmin edilməsi üçün semitologiya, antik dillər, qafqazşünaslıq kafedra və şöbələrinin açılması, qədim etnosların tarix və mədəni irsini araşdırmağa qadir olan mütəxəssislərin hazırlanması və s. vəzifələr qoyulub.
Eyni zamanda, aidiyyəti qurumlara azsaylı xalqların sənətkarlığını, bədii peşəkarlıq və özfəaliyyət yaradıcılığını, qədim sənətlərini yaşatmağa, milli mədəniyyət mərkəzlərində kitabxanaların, bədii özfəaliyyət kollektivlərinin, xalq incəsənəti studiyalarının və emalatxanalarının yaradılmasına yardım göstərilməsi barədə tapşırıqlar verilir: "Fərmanda, həmçinin bu prosesdə kütləvi informasiya vasitələrinin yerini, rolunu və fəaliyyət istiqamətlərini müəyyən edən müddəalar da öz əksini tapır. Ölkəmizdə bütün xalqların həyat və yaradıcılığını, əməyini, mənəvi dünyasını işıqlandırmaq, dil və mədəniyyətlərinin inkişafına və yayılmasına dövlət yardımı göstərmək məqsədilə yeni kütləvi informasiya vasitələrinin yaradılması məqsədəuyğun hesab edilir. KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə, fəaliyyətdə olan digər kütləvi informasiya vasitələrinə azsaylı xalqların və etnik qrupların ədəbiyyatını, folklorunu, əmək və həyatını işıqlandıran publikasiyaların dərc edilməsi, teleradio-proqramların təşkil edilməsi, habelə ləzgi, talış və kürd dillərində "Respublika yenilikləri", həmçinin yerli radio qovşaqları ilə azsaylı xalqların dillərində gündəlik verilişlərin getməsinin təmin edilməsi və s. barədə tövsiyələr və tapşırıqlar verilir. Bu Fərmanın müddəaları Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2005-ci il tarixli 260 nömrəli Fərmanı ilə müəyyən əlavə və dəyişikliklər edildikdən sonra daha fəal şəkildə həyata keçirilməyə başlanıb. Xüsusilə də son on ildə ölkə ərazisində yaşayan bütün azsaylı xalqların və etnik qrupların sosial-siyasi, iqtisadi, mənəvi sahələrdə fəaliyyətləri və inkişafı üçün bütün lazımi tədbirlər həyata keçirilir. Respublikada milli inkişaf siyasətinin əsasını təşkil edən "Azərbaycanın varı, dövləti təkcə onun pambığı, yeraltı, yerüstü sərvətləri deyil, onun ərazisində yaşayan xalqlardır" prinsipi davamlı şəkildə uğurla davam etdirilir. Hazırkı Azərbaycan etnosunun tarixinə retrospektiv nəzər göstərir ki, əhalinin böyük əksəriyyətini təşkil edən azərbaycanlılardan başqa, bu etnosun təşəkkülündə hələ lap qədim dövrlərdən bu torpaqlarda yaşayan müxtəlif azsaylı xalqlar, etnik və milli qruplar da yaxından iştirak ediblər. Azərbaycan əhalisinin əsas hissəsi azərbaycanlılardan və ölkənin bəzi ərazilərində yığcam halda yaşayan 30-dan artıq azsaylı millət və etnik qruplardan ibarətdir. Onların arasında türk dil qrupuna daxil olan tatarlar, ahısqa türkləri, həmçinin hind-avropa (tatlar, talışlar, dağ yəhudiləri, kürdlər), qafqaz (udinlər, ləzgilər, avarlar, saxurlar, buduqlular, ingiloylar, qrızlar, xınalıqlar), slavyan (ruslar, malakanlar, ukraynalılar) və s. dil qruplarının təmsilçiləri də var.
Azərbaycan hökuməti insan haqları, o cümlədən milli azlıqların hüquqlarının müdafiəsinin yüksək səviyyədə və beynəlxalq normalara uyğun təmin edilməsi məqsədi ilə bir çox nüfuzlu beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edir, insan haqları və milli azlıqların müdafiəsi ilə bilavasitə bağlı 50-dən çox beynəlxalq konvensiyaya qoşulub. Ölkəmizdə milli azlıqların məsələləri ilə məşğul olan xeyli sayda qeyri-hökumət təşkilatları, mədəniyyət mərkəzləri, xeyriyyə cəmiyyətləri və s. ictimai birliklər fəaliyyət göstərir.
YUNESKO-nun 2005-ci il oktyabrın 20-də qəbul etdiyi "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında" Konvensiyaya uyğun olaraq, ölkəmizdə yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf etdirilir. Ölkəmizin azsaylı xalqlarının milli mədəniyyətlərinin, incəsənətlərinin, adət-ənənələrinin və dillərinin qorunub saxlanılması təcrübəsi bir çox ölkələr üçün paradiqma rolunu oynaya bilər. Əsrlər boyudur ki, Azərbaycanda müxtəlif etnosların nümayəndələri əminamanlıq şəraitində dinc-yanaşı yaşayırlar. Bu tarixi təcrübə azsaylı etnosların və etnik qrupların yoxa çıxması təhlükəsinin aradan qaldırılmasının, etnik və konfessional fərqlərdən asılı olmayaraq, insanların sülh və həmrəylik şəraitində yaşamalarının parlaq nümunəsidir. Etnik çoxluqla yan-yana yaşayan digər xalqlara münasibətdə tolerantlıq ölkə əhalisinin əksəriyyətinin ortaq milli, mənəvi və dini dəyərlərinə xas dözümlülüklə, müxtəlif etnik icmaların vahid ərazidə tarixən təşəkkül tapmış birgə yaşayışı ilə izah olunur".

Uğur