Azərbaycan folkoru mədəni müxtəlifliyin ədəbi-estetik bazası kimi Layihə

Azərbaycan folkoru mədəni müxtəlifliyin ədəbi-estetik bazası kimi

Azərbaycan folkoru mədəni müxtəlifliyin ədəbi-estetik bazası kimi yüzillərdir davamlı şəkildə varlığını sübut etməkdədir. Bu, Azərbaycanda yaşayan müxtəlif xalqların ayrı-ayrı nümayəndələrinin həyatında, folklorunda özünü bu və ya başqa şəkildə (yaşamın (həyatın) ümumi prinsiplərindən tutmuş davranış qaydalarına kimi) göstərir. Azərbaycanın ruhundan doğan, bəşəriliyi tam təsdiq edən Nizami, Füzuli, Nəsimi, Sabir, Cavid və b. kimi klassiklərin irsi, eləcə də dövlətçilik, qəhrəmanlıq irsimiz, şanlı tariximiz, mənəvi-mədəni sərvətlərimiz – muğamımız, sazımız həm də Azərbaycanda yaşayan qeyri-türklərin möhtəşəm, tükənməz mənəvi güc qaynağıdır. Yüzillər boyunca Azərbaycanda yaşayan xalqlar bu mənəvi sərvətdən bəhrələnib, onları birləşdirən bu qüdrətli ruhun soraqlarını bu və ya başqa şəkildə yaşamlarında hiss ediblər.
Xalqımızın ruhunda zorçuluq yoxdur, olmayıb. Eləcə də başılacası, Azərbaycan türklərinin başqa xalqlara qarşı insançı davranışının kökündə, mayasında Azərbaycan ruhundan gələn, ömürləşən soraqlar, yetkin davranış tipi dayanıb. İnsana insanlıq soraqçısı kimi baxmaq, onun dərdini-qayğısını özününkü bilmək, dostluqda həmişəlik mərd-mərdana davranmaq, müxənnətlik etməmək – arxadan vurmamaq, həmişə süfrəsi açıq olmaq, ruhən, fiziki cəhətdən güclü olduğu halda bu imkanlardan zəif olan xalqlara qarşı fürsətcillik yapmamaq, əksinə, onların xalqlıq imkanlarının aşkarlanmasında hər mənada, ilk növbədə mənəvi yardımçı olmaq, mərhəməti (insanlığı) həyat tərzinə çevirmək, insanlığında nümayişkarlıq etməmək, doğmalığında davamlı olmaq və b. kimi keyfiyyətlər Azərbaycan folkorunun mayasında bu gün də canlı olaraq yaşayır.
"Dədə Qorqud Kitabı"nda ulusal ruhumuzun təsdiqi (ilahi insani birlik, türk ailəçiliyi, başqalarına ədalət ölçüsündə yanaşma, adqoyma, bənzərsiz doğmalıq çalarları və s.) var, dastanı oxuduqca xalq ruhunun ölməzliyinə, ulusal-bəşəri imkanlarımızın tükənməzliyinə inamımız artır. "Koroğlu" dastanında mərdliklə namərdliyin yer-göy fərqi, Azərbaycan-türk ruhunda fitrətən yaşayan Koroğluluq xislətinin mahiyyət səviyyəsində olduğunu görür və inanırıq. Ona görə ki, bu halı canlı yaşayırıq.
Başqasının (başqa xalqın) uğurunu, yaşamağını istəmək, ona həmişə mənəvi yardımçı olmaq yalnız qanında – canında bəşəriliyi canlı olaraq yaşayan yetkin fərdlərin hesabına yaranır, formalaşır, daimiləşir, xalqı təsdiq edir. Azərbaycan folklorunda bu cəhətlər yetkin bir düşüncə sistemi şəklindədir. Adətən folklor düşüncəsi qondarmalıq sevmir, ona nəyisə sonradan yapışdırmaq çətin olur, bu baş verəndə isə aydınca sezilir. O deməkdir ki, Azərbaycan folklorunda minillərdən bəri formalaşan, oturuşan bu cəhətlər indi də xalqın yaşamındadır. O deməkdir ki, xəlqi keyfiyyətin formalaşması bir günün, bir ilin işi deyil. Xalqın düşüncəsi minillərin sınağından çıxdıqdan sonra indi də yaşayırsa, başqa xalqların da yaşamında aparıcı, xüsusi təsiredici mənəvi gücə malikdirsə, deməli, çağımızda – ölkəmizdə onların özünü güvənli hiss etməsinin əsas səbəbi (yaxud səbəblərindən biri) aydın olur.
Azərbaycan folklorunun ruhunda yaşayan, təsdiq olunan mənəvilik özünü dil məsələsində aydınca göstərir. Dil – hər bir xalqın müəyyənliyi, özünəməxsusluğudur. Dünyada gərginliklərin artdığı bir çağda xalqların, dövlətlərin dil qoruyuculuğu məsələsində daha da bərkidiyi (bərkiməli olduğu) göz önündədir. Hər bir xalqın dili o xalqın təfəkkürünü, səviyyəsini göstərir. Ən əski çağdan bəri, yəni xalqın ilkin inancları yarandığı çağlarda dilin imkan verdiyi səviyyədə həmin özəlliklər yaşayıb, sonradan yetkinləşib, bugünümüzə gəlib çıxıb. Dil özündə tarixi çox gözəl ifadə edir, yaşadır. Azərbaycan folkloru dilimizin gözəlliyini bütün varlığıyla qoruyur, yaşadır. Bu, həm də Azərbaycandakı xalqların folklor qoruyuculuğu üçün örnəkdir: istər-istəməz Azərbaycan folklorundan bəhrələnməklə yanaşı həm də Azərbaycan dilinin imkanlarından bəhrələnmək gərəkli, vazkeçilməz hadisə kimi dəyərləndirilməlidir. Azərbaycan folklorunun mayasında yurdun müqəddəslik ölçüsündə öyülməsi, obrazlaşması var. Məsələn: "Vətənə gəldim, imana gəldim" və s. Bu halın başqa xalqların folkloruna gözəl, yaşarı təsirini aydınca görürük.
Dünyada çoxlu gözəl torpaqlar, ölkələr var, ancaq heç biri insana doğulduğu, böyüyüb boya-başa çatdığı el-obanın, Vətənin yerini vermir. Azərbaycanda yaşayan xalqların nümayəndələri üçün bura gerçəkdən Vətəndir. Bu ölçünün ağıllarda, ömürlərdə obrazlaşmasının qaynağı ilk növbədə Azərbaycan folklorudur. Ona görə ki, folklor – xalqın şəxsində insanın dünyaya, həyata, özünə münasibətinin yetkin, davamlı soraqlarıdır. Keçmişimizdən gələn, milli ruhumuzu təsdiq etdiyi dərəcədə də bəşəriliyə hava-su kimi gərək olan özəlliklərimizi göz-bəbəyimiz kimi qorumalı, artırmalı, bu özüldə yeni dəyərlər yaratmalıyıq. Bir xalq olaraq halallığımız, mərdliyimiz – üzağlığımızdır. Azərbayan folkloru bu qoruyuculuq işində bizə hər zaman yardımçı ola bilmək imkanına malikdir.
Bayatı çağırmaq uca ruhumuzdan doğub. Bayatı yaratmaq mahiyyətcə xalqı təmsil etmək deməkdir. Gözəl, ülvi olan əbədiliyi təsdiq edir, xalq adlı ünvana axır, təsdiqini tapır. Bir bayatıda bir kitablıq hikmət var. Bayatılarda diqqəti çəkən əsas məqam budur: sevgi bitməzmiş, habelə sevənin dərdi qurtarmazmış. Kədərdən, fəlakətdən güc almaq hünərdir. Bayatı dili ana dilimizin həm də üzağlığıdır. M.Yaqubqızı araşdırmasında - Şəki-Zaqatala bölgəsində yaşayan xalqların və etnik qrupların folklor örnəklərindən misallar gətirir, bayatı janrının orada da geniş şəkildə işlənildiyini bildirir: "Bir sıra folklor örnəkləri var ki, bu nümunələrə istər ləzgi, istər avar və s. xalqın nümayəndələri öz rəng çalarını artırmaqla öz möhürünü qoymaqla örnəkləri özününküləşdirib. Buna görə də örnəklər həm variativliyi, həm də möhürlənmiş bayatı nümunələri kimi özünəməxsusdur".
Milli dəyərlər və çağdaşlığa gəlincə, əsil dəyər zamanı ötür, köhnəlmir. Azərbaycan folkloru bu gün çağımızda təhlükəli tendensiya yaradan qlobalçılığa (kürəsəlliyə) qarşı durmaqda ölkəmizdəki hər bir xalqa yenilməz güc verə bilər. Kürəsəlləşmə (qloballaşma) ulusallığa qarşıdır. Ulusal-fərdi-dövləti özümlüyü, müstəqilliyi qorumaq üçün milli dəyərlərin qorunması qaçılmazdır. Çağımızda informasiya savaşı tüğyan edir. Dünya bütün uğurlarına baxmayaraq sanki tükənmiş durumdadır. Qlobalçılıq dəhşətli eyniyyət, antidoğmalıq, insani-bəşəri dəyərlərin, oturuşmuş milli ölçülərin adiləşməsini və s. yaradır, bər-bəzəkli görüntülərlə baş qatır. Bu gün hər çeşidli informasiya müqavimətsiz evimizin içinə girir, insanı ram edir. Ulusal dəyərlər – içimizdən yaranan, başqasından fərqimizi göstərən dəyərdir. Dövlət, xalq bu kimi dəyərlərin əsasında var olur. Adamlar informasiya bolluğunda çasırlar, neyləyəcəklərini bilmirlər. Azərbaycan folklorunda özünü aydınca göstərən Vətənçilik ideyası, insana təqdim edilən ideyanı ağılla, səbirlə öyrənib yetkin qərar çıxarmaq - tələskənlik etməmək, insanın insana qarşı kinli olmaması və s. bu kimi hallara qarşı durmaqda müəyyən rol oynaya bilər.
Azərbaycan folklorunun davamlı yaşamından, etkisindən çıxan sonuc: bundan sonra dünyada idrakiliyin əsas yön olduğu çağda hər xalqın bəşərin bir parçası, bəşərin təmsilçisi kimi yaradıcılığını ortaya qoymaq imkanı yaranır. Eləcə də folklorumuz insanların ulusa, uluslara – bəşərə, dövlətçiliyə ciddi münasibətinin yaranması üçün düşüncə yönü, insanlarımıza ulusallığı aşılamaqla bizi gözləyən çoxçeşidli təhlükələrdən qurtulmağa da imkan yaradır. İndi dünyanın əsas problemi inamsızlıqdır. İnsan necə xilas olsun, xoşbəxt olsun? Bu kimi suallar həmişə folkloru da əsas mövzularından olub. Dünyaya, həyata, təbiətə, insan olaraq yanaşa bilmək, müəyyən canlıları obrazlaşdırmaq türk xarakterində özünü daha aydın şəkildə göstərməkdədir. Azərbaycan aşıq sənəti insani-bəşəri halıyla ölkəmizdə yaşayan hər bir kəs üçün doğma sayılmağa özündə haqq tapır. Zaqatala bölgəsindəki etnik zənginliyin insanlıq-ulusallıq-bəşərilik yönündə davamlı olaraq cilalanmasında aşıq sənəti özünəməxsus, bənzərsiz rol oynayır. Zaqatala aşıq mühitini araşdırmış Z.Mənsimovanın tədqiqatından aydın olur ki, bölgədə aşıq sənəti müxtəlif xalqların nümayəndələri arasında yayılıb, indi də sevilməkdədir.
Araşdırmaçı Xeyrulla Ağayev hapıtlarda Novruz bayramı ilə bağlı bütün ritualların keçirildiyini, oda müqəddəs münasibətin yaşadığını bildirir: "Oda, suya münasibət türk ruhunda necədirsə, bizdə də elədir. Camaat and içəndə qoq deyər, yəni günəşə and içirəm". Bizlərdə indi də alver psixologiyası o qədər inkişaf etməyib. Türk ruhundakı hallallıq bizdə də yaşayır".
Bu gün ümumiyyətlə, dünyada folklor yaddaşı korşalmaq, az qala yoxa çıxmaq təhlükəsi ilə üz-üzədir. Yeni folklor nümunələri az yaranır. Bu hal bizə onu deyir ki, hər kəs evində - ailəsində ardıcıl olaraq balalarını, inandıqlarını insanlıq, ulusallıq üstə kökləyə, yaşamağa, mili dəyərləri qorumağa kökləyə bilsə, sabahımızı güvənli edə bilərik. Qoy Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü bu gözəl istək üstə kökləsin. Bu, dövlətçilik, milli kimlik, milli təhsil və başqa yönlərdə inkişafımız üçün son dərəcə qaçılmaz və gərəklidir.
Azərbaycan folklorunun mayasında duran əsas cəhət insanlıqdır: rəqabət yaratmamaq, ilahi barış düzənçisi olmaq. Bu, mahiyyətcə bəşər ruhunun, mədəniyyətinin, adət-ənənələrinin ilahi, insani səviyyədə qoruyucusu olmaq deməkdir. Folklorumuz xarakter etibarilə birsifətliyi, fitri döyüşkənliyi, inancıllığı, vətənsevərliyi ilə diqqəti çəkir. Eləcə də folklorumuzda həyata daim yaradıcı baxmaq, insanilikdən soraq verən hər bir cəhəti ləyaqətlə dəyərləndirmək, bu cəhəti (cəhətləri) qorumaq, yaşatmaq və sabaha çatdırmaq ərdəmliyi var.

Uğur