Yazanlarla oxuyanlar arasında ünsiyyət problemi Layihə

Yazanlarla oxuyanlar arasında ünsiyyət problemi

"Mətbuat və söz azadlığı KİV nümayəndələrinə əlavə hüquq və səlahiyyətlər verdiyi kimi onun üzərinə əlavə məsuliyyət də qoyur"

"İnsanın mədəni səviyyəsi - onun əqidəsinin, biliklərinin, duyğularının, adət, vərdiş və davranışlarının ümumi vəhdətindən ibarətdir. Mədəni inkişaf insnın bütün həyatı boyu davam edir və etik-əxlaqi, estetik normaları mənimsəməklə yüksəlir. Təbiət və cəmiyyət hadisələrinin düzgün qiymətləndirilməsində mənəvi mədəniyyət böyük rol oynayır". Bu fikirlər tanınmış yazıçı Akif Əliyə məxsusdur. Onun sözlərinə görə, XXI əsrin adamı gündəlik qayğıları ilə yanaşı, həm də mədəni sərvətlərə, ədəbi-bədii dəyərləri mənimsəməklə daim dünyagörüşünü artırır, zövqünü cilalayır.
Müasir dövrdə səviyyəli oxucunun, dinləyicinin və tamaşaçının mədəni dəyərlərlə zəngin ədəbi-bədii əsərlərə, elmi-publisistik yazılara tələbatı da böyükdür.
"Bu gün tam "aşkarlıq" işığında yazılmış kəskin məqalələr, tənqidi materiallar daha 10-15 il əvvəl olduğu kimi oxucuları, dinləyiciləri və tamaşaçıları heyrətləndirmir",- deyən Akif Əli bildirib ki, xeyli inkişaf etmiş auditoriyanı təəccübləndirmək və cəlb etmək üçün mətbuat daim yeni-yeni "şok-açıqlamalar" axtarışındadır: "Ancaq xatırlayaq ki, həmin əvvəlki sərt məqalələrdə kəskinliklə yanaşı həqiqət payına da şübhə yox idi. Mətbuat ictimai şüurda inanılmış etibarlı mənbə sayılırdı. Bugünkü tənqidi materiallara qarşı isə oxucularda daha tez-tez şübhələr yaranır. Belə inamsızlığı yaradanlar, əslində, uzun illər boyu öz oxucusunun inamından sui-istifadə edərək ona külli miqdarda yanlış, faktsız, qeyri-dəqiq yazılar təqdim etmiş hörmətli jurnalistlərin özləri olub. Mətbuata qarşı etibarsızlığı - peşə etikasına etina etməyən mətbuat işçiləri doğurublar.
O zamanlar təfəkkürlərdə "yenidənqurma işi" aparan mətbuat ilk öncə stereotipləri dağıtmağa çalışırdı. İndi isə əksinə, yeni stereotiplər yaradılmaqdadır.
Paradoks onda yaranıb ki, aşkarlıq, plüralizm, demokratiya hüquqi dövlət və s. bu kimi yeni anlayışlara reallıq görüntüsü vermək şövqü ilə bir zamanlar cəmiyyət KİV-dən "daha çox" aşkarlıq, "daha çox" demokratiya tələb edirdi. Amma nəzərə alınmırdı ki, totalitarizm şinelindən çıxmış kütləvi şüurda, hətta bəzi "ziyalı" təbəqələrində, o cümlədən, "aşkarlığı yayan" jurnalistlərin özlərinin arasında mətbuat azadlığını obyektiv prinsipiallıqla uzlaşdırmağı bacarmayan və buna hazır olmayan subyektlər var. Siyasət kadrlardan başlasa da, o zamanlar kadr siyasətinə ciddi fikir verilməlidir. Lakin indi mətbuatda situasiya tamam başqa xarakter alıb: yazanlarla oxuyanlar arasında ünsiyyət problemi var"
Onun fikrincə, müxtəlif dairələrə məxsus etiket qaydaları mövcuddur: "Məsələn, saray etiketi, diplomatik etiket, sənətçilər, alimlər, pedaqoqlar, həkimlər arasında etiket və təbii ki, həm də jurnalistlər arasında etiket. Etiket anlayışı müxtəlif təəbəqələrin nümayəndələri ilə, səlahiyyətli adamlarla münasibət qurmaq üçün ciddi şəkildə işlənib hazırlanmış, cilalanmış nəzakət qaydalarının mürəkkəb sistemində özünü tapır (kimə necə müraciət etmək olar, kimi necə çağırmaq olar, kimi hara layiq bilmək olar və s.). Böyüklərə hörmət, müraciət və salamlaşma formaları, danışıq aparmaq, yarışma qaydaları, süfrə arxasında davranış, qadına həssas münasibət, geyim, makiyaj, mimika və s. Bütün bu zahiri əlamətlər hər bir insanın daxili mədəniyyətindən xəbər verir, onun haqqında ərtrafdakılarda ümumi təsəvvür yaradır. Eyni zamanda kifayər qədər nəzakətli olmaq - insanlar arasında ünsiyyət zamanı rahat və uyğun şəraitə səbəb olur. Əxlaqlı, etikalı, tərbiyəli adam cəmiyyətə daha tez uyğunlaşa bilir, uğur əldə edir, inkişaf pillələri ilə irəliləyir. Kobud adamlar isə daim problemlərlə üzləşir".
Yazıçı hesab edir ki, peşə fəaliyyətinin həyata keçirilməsi baxımından da müəyyən qrup insanlar arasında mənəvi münasibətləri tənzim edən xüsusi davranış kodeksi - peşə etikası mövcuddur: "Yəni hamı üçün ümumi əxlaqi tələblərdən başqa peşə fəaliyyətinin icrası zamanı insanların davranışını tənzimləyən xüsusi normalar da var. Peşə etikası - cəmiyyətin mənəvi-mədəni inkişaf ənənələrini qoruyub saxlamaq, davam etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, dövran və mühit dəyişəndə, ictimai proseslər yeniləşəndə peşə etikası insanların həyatını stabil, dayanıqlı və sınanılmış qaydalarla təmin edir, xaosun qarşısı alınır. Bu və ya digər peşə nümayəndəsinin şərəf, ləyaqət, maraq ölçüləri həm də o adamın hamılıqla qəbul olunmuş prinsip və normalara nə dərəcədə riayət etməsi ilə müəyyənləşir. Peşə etikasının aşağı səviyyədə olması - hətta dağıdıcı proseslərə də təkan verə bilər. Xüsusən hərbidə, polis sistemində, inzibati strukturlarda bu, daha təhlükəlidir.
Həkimlər arasında peşə etikası - neçə əsrlərdir stabil olaraq çox etibarlı Hippokrat andı ilə tənzimlənir. Hüquqşünaslarda - qanunçuluğa riayət etmək, prinsipiallıq göstərmək, hüquqi dövlətin əsaslarını qorumaq və s. peşə etikasına dəlalət edir. İdarəçilik və inzibatçılıq peşəsində əsas şərt - hər bir vətəndaşın hüququna, şəxsiyyətinə hörmətlə yanaşmaqdan ibarətdir. Xidmət sahələrində işləyənlər üçün peşə etikası - dəqiq, nəzakətli, gülərüz, təmizkar olmaqdır. Siyasətçilər arasında - rəqibin fikirlərinə qarşı dözümlü olmaq, emosiyalara uymamaq, fikir və rəy plüralizminə hörmət etmək, nitqində korrektli olmaq və sairdir. Yazıçı, jurnalist, alim üçün - peşə etikası həqiqəti doğru-düzgün və obyektiv yazmaqdan, cəmiyyətin mədəni tərəqqisinə və maariflənməsinə xidmət etməkdən ibarətdir".
Onun fikrincə, jurnalistika prinsip etibarilə şərəfli və müqəddəs peşədir. Çünki jurnalistlər bilavasitə xalqın haqq sözünü çatdıran, ictimai rəyə və şüurlara təsir imkanları olan adamlardır. Jurnalistin peşə vəzifəsinə həm də cəmiyyəti lazımi informasiya ilə təmin etmək, əhali arasında maarifçilik işi aparmaq, mədəni dəyərləri daha geniş yaymaq kimi prestijli funksiyalar daxildir: "Demokratik cəmiyyət düzənində mətbuat və söz azadlığı KİV nümayəndələrinə əlavə hüquq və səlahiyyətlər verdiyi kimi, onun üzərinə həm də əlavə məsuliyyət qoyur. Bu məsuliyyəti dərk edən jurnalist həm peşə etikasına riayət etmiş olacaq, həm də peşə ləyaqətini yüksək tutmuş olacaq. Jurnalistika üçün ümumi olan elementar prinsiplərə riayət etmək hər bir mətbuat işçisinin sadəcə peşə borcudur. Məsələn:
- Obyektivlik - jurnalistikanın əsas baza prinsiplərindən biridir.
- Mətbuatda peşə əxlaqına zidd materiallarla çıxış etmək jurnalisti hörmətdən salır. Jurnalist başqasının şəxsiyyətini alçaldan, təhqir edən yazı yazmamalı, insanları siyasi görüşlərinə, dininə, irqinə, cinsinə görə ayırmamalıdır. Jurnalistin heç kimin şərəf və ləyaqətini təhqir etməyə, həqarət göstərməyə, şəxsi həyatına müdaxiləyə ixtiyarı yoxdur.
- Plüralizmə əməl edərək hər iki tərəfin fikrini öyrənməklə məqalə hazırlamaq etik baxımdan zəruridir. Müxtəlif baxışları dəqiq və qərəzsiz şəkildə işıqlandırmaq jurnalistin peşə borcudur.
- KİV tənqid olunan tərəfə cavab hüququ verməlidir. Bu onun obyektivliyini, qərəzli olmadığını göstərər.
- KİV-in səhvi ucbatından qeyri-dəqiq məlumat yayılarsa, peşə etikası onun dərhal təkzib olunmasını, üzr istənilməsini tələb edir.
- Təqsirsizlik prezumpsiyasına əməl olunmalıdır.
- Xəbəri yayarkən ona öz şəxsi prizmasından şərh vermək jurnalistin funksiyasına daxil deyil. Şərhçi və müxbir missiyaları ayrı-ayrı anlayışlardır.
- Məqalənin başlığı onun məzmununa uyğun seçilməlidir (məsələn, əyalətdə baş verən hər hansı kriminal hadisə barəsində məlumat yazıb münaqişə iştirakçılarının ad-famillərini təsadüfən hansısa dövlət məmurunun ad-famili ilə uyğun gəldiyinə görə - "Filankəsi cəzalandırdılar", "Filankəsi vurdular" və s. bu tipli "sensasion" başlıqlar qoymaq peşə etikasına uyğun gəlməyən haldır).
- Redaktə zamanı mənanın qorunması, ideya təhrifinə yol verilməməsi labüddür.
- Əgər mənbə adının gizlin saxlanmasını xüsusi tələb etməyibsə, o zaman informasiyanını alındığı mənbə mütləq göstərilməlidir. Anonim, qeyri-real mənbələrə istinadən ("Mötəbər mənbə", "məlumatlı mənbə", "bir dövlət yetkilisi", "bizə çatan xəbərlərə görə", "deyilənə görə" və s.) konkret şəxs və ya proses haqqında dezinformasiya yaymaq jurnalistin peşə etikası ilə bir araya sığmır. Beynəlxlaq təcrübədə informasiya ən azı iki-üç mənbədən dəqiqləşdirilməsə mətbuata çıxarılmaz.
- Təmənna ilə, maddi maraq xatirinə haqsız tənqid yazmaq, xüsusən adama şər, böhtan atmaq, təhqir etmək yolverilməzdir.
- Jurnalist KİV-də və hər hansı siyasi qurumda paralel fəaliyyətə təsir göstərməməlidir. Jurnalistin siyasi vəzifə daşıması ən azı onun obyektivliyinə inamsızlıq yaradacaq, tərfkeşlik etməyəcəyinə, qərəzli olmayacağına təminat verməyəcək.
- Ədəbi oğurluq (plagiat) nəinki jurnalistə və onun təmsil etdiyi mətbu orqana, ümumən qələm adamına, ziyalı şəxsə hörmətsizlik gətirən əməldir.
- Jurnalistin özünə əlahiddə imtiyazlar tələb etməsi digər peşə adamlarına qarşı sayğısızlıqdır və onları aşağılamaqdır (Tez-tez mətbuatda "jurnalisti vurmaq, döymək olmaz" yazanların məntiqi təəccüblüdür; guya digər peşə adamlarını - müəllimi, həkimi, polisi və başqalarnın vurmaq, döymək olar. Söhbət ya ümumiyyətlə, insan hüquqlarının qorunmasından getməlidir, ya da hər bir konkret situasiyada jurnalistin "döyülmə, vurulma" səbəbləri araşdırılmalıdır).
Bütün bu normalara, etik prinsiplərə riayət edən, dəqiq, qərəzsiz, obyektiv, mədəni və əxlaqlı jurnalist, eləcə də mətbu orqan tamaşaçı, dinləyici, oxucu auditoriyasında nüfuz qazana bilər, hörməti saxlanar, inanılar, sevilər.
Təəssüf ki, bu gün mətbuatda yaranmış müəyyən xaotik təzahürlər məhz peşə etikası normalarına biganəlikdən irəli gəlir...".

Əli