“Tolerantlıq güzəşt, yumşaqlıq və ya görməməzlik deyil” Layihə

“Tolerantlıq güzəşt, yumşaqlıq və ya görməməzlik deyil”

İsaxan Vəliyev: "O, hər şeydən əvvəl, insanın universal hüquqlarının, əsas azadlıqlarının tanınması əsasında formalaşan fəal münasibətdir"

"Hər şeydən əvvəl, hamınızı maraqlandıran bir suala cavab vermək istərdim: 16 noyabr nə üçün Tolerantlıq Günü elan edilib və bu hansı sənədlə rəsmiləşdirilib? Təbiət etibarilə insanlar bir-birindən zahiri görünüşünə, dininə, dilinə, mədəniyyətinə və sair dəyərlərinə görə fərqlənsələr də, onların yaşamaq, azadlıq, şəxsi toxunulmazlıq hüquqları vardır ki, bu hüquqlar da onların Yer üzündə eyni cür yaşamasının təminatı qismində çıxış edir". Bunu AMEA Fəlsəfə və Hüquq İnstitutunun cinayət hüququ və cinayət prosesi şöbəsinin müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev öz yazısında qeyd edib. O bildiirb ki, son dövrlər dünyada gedən proseslərin bəşəriyyəti bir sıra qlobal problemlərlə üz-üzə qoyması, dünya əhalisinin sayının artması ilə əlaqədar miqrasiya, ksenofobiya, terrorizm, ekstremizm, rasizm, multikulturallığa qarşı təhlükəli meyillərin meydana gəlməsi, qarşılıqlı dözümsüzlük hallarının artması dünya siyasətçilərini yaranmış bu problemlərə laqeyd qoya bilməzdi: "Məhz elə bu səbəbdən də 16 Noyabr 1995-ci ildə UNESCO tərəfindən "Tolerantlıq prinsipləri Bəyannaməsi" qəbul olunub və 16 noyabr Beynəlxalq Tolerantlıq Günü elan edilib. Bəyannamədə qeyd edildiyi kimi, tolerantlıq dünya mədəniyyətinin zəngin müxtəlifliyinə, özünüifadə formalarına və insan fərdiliyinin təzahür üsullarına hörmət edilməsini, onların qəbul olunmasını və düzgün anlaşılmasını ifadə edir. Ona bilik, açıqlıq, ünsiyyət və fikir, vicdan, etiqad azadlığı imkan yaradır. Tolerantlıq müxtəliflikdə harmoniyadır. O, təkcə mənəvi borc deyil, həm də siyasi və hüquqi tələbatdır. Tolerantlıq sülhün əldə olunmasına, müharibənin sülh mədəniyyəti ilə əvəzlənməsinə kömək edən məziyyətdir".
O bildirib ki, tolerantlıq güzəşt, yumşaqlıq və ya görməməzlik deyil: "O, hər şeydən əvvəl, insanın universal hüquqlarının, əsas azadlıqlarının tanınması əsasında formalaşan fəal münasibətdir və heç bir halda bu əsas dəyərlərə qəsd edilməsinə bəraət verə bilməz. Əslində, tolerantlılığı ayrı-ayrı insanlar, qruplar, dövlətlər nümayiş etdirməlidirlər.
Tolerantlıq insan hüquqlarının, plüralizmin (o cümlədən, mədəni plüralizmin), demokratiya və hüquq qaydalarının təsdiq edilməsinə köməketmə öhdəliyi olmaqla yanaşı, doqmatizmdən, həqiqətin mütləqləşdirilməsindən imtina olunmasını ifadə edən, insan hüquqlarına dair beynəlxalq hüquqi aktlarda müəyyən olunmuş normaları təsdiq edən anlayışdır.
İnsan hüquqlarına hörmət edilməsinə uyğun olan tolerantlığın təzahürü sosial ədalətsizliyə dözümlü münasibəti, öz etiqadından imtina edilməsini və ya özgənin etiqadına təslim olmanı ifadə etmir. Bu, hər kəsin etiqad azadlığını və digərlərinin də bu hüququn tanınmasını ifadə edir. Bu, insanların təbiətləri etibarı ilə zahiri görkəm, mövqe, nitq, davranış və dəyərlərə görə fərqləndiklərini və dünyada yaşamaq, fərdiliyini qorumaq hüquqlarına malik olmalarını ifadə edir. Bu, həmçinin bir insanın baxışlarının zorla digər insana qəbul etdirilməməsini ifadə edir.
Bəyannamənin məzmunundan göründüyü kimi, tolerantlıq özünü üç aspektdə təzahür etdirməlidir:
1. Dövlət səviyyəsində. Bu, o deməkdir ki, tolerantlıq ədalətli və qərəzsiz qanunvericilik, hüquq qaydalarına, məhkəmə-prosessual və inzibati normalara riayət olunmasını, habelə, hər hansı bir ayrı-seçkiliyə yol verilmədən hər bir insanın iqtisadi və sosial inkişafı üçün şərait yaradılmasını tələb edir. Cəmiyyətin daha tolerant olması üçün dövlətlər insan haqları sahəsində mövcud beynəlxalq konvensiyaları ratifikasiya etməli və cəmiyyətdə bütün qruplar və ayrı-ayrı adamlara bərabərhüquqlu yanaşmanı və imkan bərabərliyini təmin etmək məqsədilə zəruri hallarda yeni qanunvericilik işləyib hazırlamalıdır. Beynəlxalq həmrəyliyə nail olmaq üçün ayrı-ayrı insanların, icmaların və millətlərin, bütövlükdə cəmiyyətin mədəni plüralizmi tanıması və ona hörmət etməsi həlledici əhəmiyyət kəsb edir. Beynəlxalq sənəddə qeyd edilir: Tolerantlıq olmadan sülh qeyri-mümkün olduğu kimi, sülh olmadan inkişaf və demokratiya da qeyri-mümkündür.
2. Sosial aspektlərdə. Məlumdur ki, əsrimiz iqtisadiyyatın qloballaşması və getdikcə artan mobillik əsri, kommunikasiyaların, inteqrasiyanın və qarşılıqlı asılılığın sürətli inkişafı, irimiqyaslı miqrasiyalar və əhalinin yerdəyişməsi, urbanizasiya və sosial qurumlarda islahatlar əsridir. Hər bir bölgə rəngarəngdir, buna görə də dözümsüzlüyün və münaqişələrin dünyanın bütün guşələrində eskalasiyası kimi potensial təhlükə yaranmışdır. Belə təhlükələr qlobal xarakter daşıdığından onlardan milli sərhədlərlə yaxa qurtarmaq mümkün deyildir. Odur ki, həm ailə və icma səviyyəsində, həm də ayrı-ayrı insanlar arasında münasibətlərdə tolerantlıq olmalıdır. Məktəblərdə və universitetlərdə, qeyri-formal təhsil çərçivəsində, evdə və iş yerində dözümlülük ruhunu möhkəmlətmək, aşkarlıq, bir-birinə diqqət və həmrəylik münasibətləri formalaşdırmaq lazımdır. Kommunikasiya vasitələri sərbəst və açıq dialoqa və müzakirələrə yardım, dözümlülük dəyərlərinin yayılması və getdikcə güclənən, dözümsüzlük təbliğ edən qruplara və ideologiyalara münasibətdə laqeydlik təhlükəsinin izahı məsələsində konstruktiv rol oynamalıdır".
Onun fikrincə, bəyannamədə sosial aspektlər baxımından tolerantlılığın təmin edilməsinin konkret yolları da əks etdirilmış və göstərilib ki, bu qlobal problemi həll etmək üçün müvafiq elmi tədqiqatlar aparılmalı, beynəlxalq ictimaiyyətin fəaliyyətinin əlaqələndirilməsi, o cümlədən bu hadisənin başlıca səbəblərinin sosial elmlər kontekstində təhlili məqsədilə əlaqələr tənzimlənməli, səmərəli əks-tədbirlər görülməli, habelə siyasi qərarlar işlənib hazırlanmasına və üzv dövlətlərin normativ fəaliyyətinə kömək edən elmi araşdırmalar və monitorinq keçirilməlidir: "3. Tərbiyə sahəsində. Bəyannamədə qeyd edilir ki, tolerantlılığın təmin edilməsi üçün ən səmərəli vasitə tərbiyədir. Çünki insanların dözümlülük ruhunda tərbiyə edilməsi, ilk növbədə, onların ümumi hüquq və azadlıqlarının həyata keçirilməsini təmin etmək üçün bu hüquqların nədən ibarət olmasını onlara öyrətməkdən və başqalarının hüquqlarının müdafiəsini təşviq etməkdən başlayır.
Tolerantlılıq ruhunda tərbiyəyə zorakılığın və təcridçiliyin əsasını təşkil edən dözümsüzlüyün mədəni, sosial, iqtisadi, siyasi və dini mənbələrini açıb göstərən dözümlülük təliminin sistemli və səmərəli metodlarını təşviq etmək kimi dəyərlərdən başlamaq lazımdır. Belə yanaşma təhsil sahəsində siyasət və proqramlar həm ayrı-ayrı insanlar arasında, həm də etnik, sosial, mədəni, dini qruplar və dil qrupları, eləcə də millətlər arasında münasibətlərdə qarşılıqlı anlaşmanın yaxşılaşmasına, həmrəyliyin və dözümlülüyün möhkəmlənməsinə kömək edəcək.
Sənədi imza edən dövlətlər haqlı olaraq bəyan edirlər ki, onlar sosial elmlər sahəsində araşdırmaları, dözümlülük, insan hüquqları və zor işlətməmək ruhunda tərbiyə proqramlarını dəstəkləməyə və həyata keçirməyə hazırdırlar. Bu, o deməkdir ki, başqa mədəniyyətləri qavramaq üçün açıq, azadlığı qiymətləndirməyə, insan ləyaqətinə və fərdiyyətinə hörmət etməyə, münaqişələrin qarşısını almağa və ya onları qeyri-zorakı vasitələrlə həll etməyə qabil olan həssas və məsuliyyətli vətəndaşlar yetişdirmək məqsədilə pedaqoji hazırlığın, tədris planlarının səviyyəsinin artırılması, dərsliklərin və tədris məşğələlərinin, digər tədris materiallarının, o cümlədən yeni təhsil texnologiyalarının məzmununun təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilməsi zəruridir.
Bəs görəsən, Azərbaycanda tolerantlıq hansı səviyyədədir, ölkəmizdə tolerant mühit mövcuddurmu? Bu sualı cavablandırmaq üçün hər şeydən əvvəl Azərbaycan Respublikasında dövlət quruculuğu məsələlərini, o cümlədən insan hüquq və azadlıqlarını tənzimləyən normativ hüquqi bazaya diqqət yetirmək lazımdır. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasına nəzər salsaq görərik ki, əsas Qanunumuzda insan və vətəndaş hüquqlarına və azadlıqlarına ayrılmış fəsil 48 maddədən ibarət olmaqla, ən böyük fəsillərdən birini təşkil edir ki, burada irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi mövqeyindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyi nəzərdə tutulub, insan və vətəndaş hüquqlarını və azadlıqlarını göstərilən əsaslara mənsubiyyətinə görə məhdudlaşdırılması qadağan edilib. Konstitusiyada insanın bərabərlik hüququ, yaşamaq hüququ, azadlıq hüququ, mülkiyyət hüququ, təhlükəsiz yaşamaq hüququ, əmək hüququ, sağlamlığının qorunması hüququ kimi əsas təməl hüquqları öz əksini tapıb, faktiki olaraq, insanların konstitusion bərabərliyinə təminat verilib, dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqı elan edilib. Təhlil göstərir ki, Azərbaycan dövlətini tolerant dövləti hesab etmək üçün bütün konstitusion əsaslar mövcuddur. Faktiki olaraq, Konstitusiyada tolerantlığın aşağıdakı növləri təsnifləşdirilib: Milli və irqi tolerantlıq, gender tolerantlığı, əlillərə münasibətdətolerantlıq, dini tolerantlıq, siyasi tolerantlıq, elm və təhsil tolerantlığı, təbəqələr, siniflərarası tolerantlıq və s".
Əli