“Müstəqil Azərbaycanın dövlətçilik ideologiyası - azərbaycançılıq və türk birliyi konsepsiyası” Layihə

“Müstəqil Azərbaycanın dövlətçilik ideologiyası - azərbaycançılıq və türk birliyi konsepsiyası”

Kəmalə Nuriyeva: "Azərbaycançılığın mühüm tərkib hissələrindən biri Azərbaycan dilidir, ona adekvat dövlət münasibətinin formalaşmasıdır"

"Respublikanın dövlət müstəqilliyinin bərpası, ölkədə siyasi və iqtisadi stabillik, beynəlxalq əlaqələrin genişlənməsi, həyata keçirilən ardıcıl əməli tədbirlər Azərbaycan xalqının milli ideologiyasının - milli və bəşəri dəyərlərə əsaslanan müstəqil, dünyəvi dövlətçilik ideologiyasının tam formalaşması və inkişafı üçün geniş imkanlar açmışdır. Hazırda Azərbaycan xalqının adət və ənənələrini, milli-mənəvi dəyərlərini, polietnik zənginliyini özündə yaşadan və əlaqələndirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası təşəkkül tapıb". Bunu AMEA-nın əməkdaşı Kəmalə Nuriyeva səsləndirib. O bildirib ki, Azərbaycan tarixən çoxmillətli ölkə, milli və dini tolerantlığın bərqərar olduğu məkan kimi tanınıb və bu cəhətlər azərbaycançılıq məfkurəsinin əsasını təşkil edib: "Bu səbəbdən mahiyyət etibarı ilə "azərbaycançılıq" Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətlərinin, ənənələrinin, konfessiyalarının vəhdətidir. Azərbaycanda müxtəlif millətlərin nümayəndələri yaşayır. Azərbaycançılıq bütün bu millətlərin nümayəndələrini birləşdirən bir ideya, bir məfkurədir. Azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya olmaqla yanaşı, ölkədəki bütün konfessiya və etnosların həmrəyliyi və birgəyaşayışının tarixi təcrübəsidir. Azərbaycançılıq Azərbaycanın müstəqilliyini qoruyan və onu gücləndirən ideoloji sistemdir. Azərbaycançılıq ideyasında vahid polietnik Azərbaycan dövlətçiliyinin yaranmasına dair maraqların ümumiliyi, demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri öz əksini tapıb. Azərbaycançılıq təliminin formalaşdırılmasının özünəməxsusluğu hansı milli mənəviyyatı, dini cərəyanı və tarixi məqamı özündə birləşdirməsindən asılı olamayaraq Azərbaycan əhalisinin əksəriyyəti üçün xarakterik olan ümumi əlamətlərin sintezi ilə səciyyələnir. Azərbaycanın milli oyanışı, onunla bağlı milli ideya uğrunda mübarizə hərəkatı milli gerçəkliyimizin çox mühüm tərkib hissələrindən biridir. 1. Azərbaycançılığın XIX əsrin sonu - XX əsrin əvvəllərində bir ideya kimi formalaşması Qədim və Orta əsrlərdə Azərbaycanda buna oxşar ideyalar - vahid ərazi hissi, maddi-məişət şəraitinin ümumiliyi, xarici dövlətlərə qarşı birlikdə mübarizə, dil və qan qohumluğu, soykökünün eyniliyi, mənəvi mədəniyyət sahəsində oxşar cəhətlər, iqtisadi-siyasi və coğrafi birlik zəminində formalaşmış müəyyən xüsusiyyətlər olub. Xalqın böyük mütəfəkkirlərinin, dövlət adamlarının, ictimai xadimlərinin fəaliyyətində bu ideya uzun zaman özünü göstərib. Lakin bütün bunlar bir qayda olaraq dağınıq, sistemsiz xarakter daşıyırdı. Azərbaycançılıq ideyasının ardıcıl və məqsədyönlü formalaşması prosesi elmi ədəbiyyatda XIX əsrdə təşəkkül tapan və inkişaf edən Maarifçilik hərəkatına aid edilir. M.F. Axundov, H.Zərdabi, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, N.Nərimanov, F.Köçərli kimi məşhur ziyalılarla yanaşı Ə.Topçubaşov, Ə.Ağayev kimi maarifçi publisistlərin ictimai fikir meydanına gəlməsi də bu dövrə təsadüf edir. Bu şəxslər milli şüurun müxtəlif ideya təmayüllərinin inkişafında yaxından iştirak edirdilər. Milli ideologiyanın - həm türkçülüyün (məhz ideologiya olaraq), həm də azərbaycançılığın konsepsiya səviyyəsində formalaşması milli mətbuatın yaranması ilə bağlıdır. 1877-ci il "Əkinçi" qəzetinin nəşrindən - 1920-ci il Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədərki təqribən yarım əsr Azərbaycanda milli oyanışın və onun nəzəri təməli olan ideologiyanın formalaşma dövrü idi: "Azərbaycançılıq qayəsini tarixi-siyasi ideya kimi formalaşdıran - publisistikada "Əkinçi", bədii yaradıcılıqda C.Məmmədquluzadə və M.Ə. Sabir, elmi siyasətdə M.Ə. Rəsulzadə olmuşdur". Ümumiyyətlə, XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycanın bədii estetik və ictimai fikrində milli oyanış və özünüdərk, istiqlal kimi düşüncələrinin formalaşması dövrü hesab olunur. O dövrdə formalaşan milli təfəkkür türk dünyasının görkəmli nümayəndələri İ.Qaspiralı, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Z.Göyalp kimi mütəfəkkirlərin türkçülüyə dair fikirlərindən bəhrələnirdi. Onlar ilkin mərhələ üçün adekval obyektivliklə Azərbaycanın milli müstəqillik məsələsini ümumtürk azadlığının tərkib hissəsi kimi qarşıya qoyurdular". Onun fikrincə, Azərbaycançılığın milli ideyası ideologiyaya çevrilmə prosesində tarixi inkişaf baxımından həm islamçılıq, həm də türkçülük mərhələlərini yaşamış, XX əsrin əvvəllərindən etibarən isə tədricən müstəqil ideya cərəyanına çevrilməyə başlamış və yalnız bundan sonra Azərbaycan milli dövlətçiliyini meydana gətirə bilmişdi: "Azərbaycan Xalq Cümhuriyyətinin rəsmən elan edilməsi ilə azərbaycançılıq ideyası öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoydu. Ə.Topçubaşov, M.Ə. Rəsulzadə, M.B. Məmmədzadə, Y.V. Çəmənzəminli və digər azərbaycanlı ideoloqlar öz sələflərinin ideoloji irsini yeni tarixi-siyasi şəraitlə uyğunlaşdırmaq yönündə gərgin fəaliyyət göstərməyə başladılar. Məsələn, Mirzə Bala Məmmədzadənin "Milli Azərbaycan hərəkatı" adlı monoqrafiyası sırf siyasi əsər olsa da onun bütün yanaşmalarını, milli hərəkatın başlanmasını, əsasən azərbaycançılıq ideyasının yüksəlişi kontekstində götürdüyü üçün burada irəli sürülən ideyaları milli ideologiyanın mühüm komponentləri hesab etmək olar. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu iki ildə milli ideologiya ən çox siyasi-publisistik fikir vasitəsilə inkişaf edirdi ki, bu da təbii idi. Dövlətçiliyin qorunub saxlanması, inkişafı, dünya miqyasında tanıdılması kimi real və praqmatik vəzifələr siyasi təfəkkürün ictimai-mənəvi dəyərlərlə uzlaşdırılması zərurətini meydana gətirdi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və Azərbaycanın SSRİ-nin tərkibinə daxil olması ilə azərbaycançılıq ideyası da arxa plana keçdisə də, lakin əsasən mühacirətdə öz varlığını saxladı. Milli hökumət qurucularının öz-özlüyündə mütərəqqi və milli məzmuna malik ideyalarının reallaşması həm daxili təşkilatçılığın zəifliyi, həm də xarici müdaxilələrin intensivliyinə görə mümkün olmadı. 2.Azərbaycan müstəqillik qazandıqdan sonra azərbaycançılıq ideyasının təkrar gündəmə gəlməsi Milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın mentalitetinin yaşaması və bütün bunların ümumbəşəri dünya dəyərləri ilə zənginləşdirilməsi kimi təməl üzərində qurulmuş bugünkü milli ideologiya artıq XIX əsrin sonu - XX əsrin əvvəllərində maarifçilər tərəfindən böyük səylə inkişaf etdirilirdi. Lakin birmənalı şəkildə qeyd olunmalıdır ki, azərbaycançılığın ümummilli ideya halına gəlməsi, bütün dünya azərbaycanlılarım birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi məhz Heydər Əliyevin tarixi xidmətidir". O əlavə edib ki, Azərbaycançılığın mühüm tərkib hissələrindən biri Azərbaycan dilidir, ona adekvat dövlət münasibətinin formalaşmasıdır: "Milli özünüdərk prosesində dil problemi mühüm rol oynayır. Ə.Hüseynzadə yazır ki, "millət öz dilinin qədrini bilsin və onun tərəqqi və təkamülünə çalışsın". Azərbaycançılığın tərkib hissələrindən biri də dindir. Ə.Hüseynzadə din məsələsini azərbaycançılığın əhəmiyyətli komponenti kimi milli tərəqqi ilə sıx bağlayır. Azərbaycançılıq təkcə Azərbaycan Respublikasında yaşayan azərbaycanlıların, təkcə Azərbaycan dövlətinin maraqlarını deyil, həm də bütün dünyada yaşayan azərbaycanlıların milli-mənəvi maraqlarını ifadə edir. Müstəqil Azərbaycan Respublikasının inkişafında dünyanın müxtəlif ölkələrinə yayılmış azərbaycanlıların həmrəyliyi, mənəvi-ideoloji siyasi köməyi böyük rol oynayır. Bundan əlavə, milliyyətcə azərbaycanlı olmasa da, bir neçə nəsil Azərbaycanda yaşamış və Azərbaycanı özünün tarixi vətəni sayan insanlar, xristian və yəhudi olmalarına baxmayaraq, Azərbaycan Respublikasının maraqlarına xidmət etməklə və ümumi Azərbaycan mədəniyyətinə qatılmaqla azərbaycançılıq məfkurəsinin iştirakçısı olurlar. Azərbaycanın yerli sakinləri olan etnik qrupların milli-siyasi vətəni ilə doğma vətəni, mədəni-mənəvi məkanları arasında heç bir fərq yoxdur. Onlar həm coğrafi məkan baxımından, həm tarixi, həm milli-siyasi, həm də mənəvi baxımdan azərbaycanlıdırlar. Azərbaycanda gəlmə olan alman, rus, gürcü vahid Azərbaycan mədəniyyətinə qatıla bilməsə də, neçə yüz illər ərzində vahid mədəni-mənəvi məkanda yaşayan yerli etnik qruplarla birgə milli mədəniyyətin formalaşmasında eyni hüquqla iştirak edirlər. 3. Azərbaycançılığın milli ideya kimi seçilməsi və "türk birliyi" konsepsiyası Azərbaycançılıq elmdə və siyasi ədəbiyyatda artıq bir paradiqma kimi irəli sürülmüş, onun yaranışı, təkamülü, hazırkı vəziyyəti, xüsusiyyətləri, türk birliyi konsepsiyasından fərqli cəhətləri və s. müəyyən tədqiqatların obyekti olmuşdur: "Azərbaycançılıq milli özünüdərkin, etnik şüur intibahının fəlsəfədə, elmdə, ideyada ifadəsidir". Azərbaycançılığın milli ideya kimi seçilməsi heç də onun türk birliyi konsepsiyasına qarşı qoyulması demək deyildir... Etnik kökə dayanan türk birliyindən fərqli olaraq, azərbaycançılıq siyasi-coğrafi əsaslara dayanır və bütün respublika xalqları və vətəndaşları üçün inteqrativ rol oynayır. Ona görə də azərbaycançılıq dövlətçiliyin möhkəmləndirilməsi yolunda bir vasitədir. Müasir dövrdə Azərbaycanın milli ideologiyasının formalaşmasında aşağıdakıların nəzərə alınmasının böyük əhəmiyyəti vardır: - Dövləti formalaşdıran millətin - Azərbaycan türklərinin tarixi və mədəni-siyasi irsi, başqa sözlə, türkçülük; - Azərbaycan vətənpərvərliyi ideyası və ümumi Vətən naminə Azərbaycanda yaşayan xalqların həmrəyliyi, başqa sözlə, azərbaycançılıq. Bunları bir-birinə qarşı qoymaq, birinin əhəmiyyətini artırıb, digərinin əhəmiyyətini azaltmaq tarixi taleyimizlə bağlı əvvəlcədən səhvə yol vermək deməkdir. Azərbaycanın tarixdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra azərbaycançılıq aparıcı ideya kimi həm ölkəmizdə, həm də dünyada yaşayan soydaşlarımız üçün əsas ideyaya çevrildi. Heydər Əliyev üzünü dünyanın müxtəlif ölkələrindən gəlmiş həmyerlilərimizə tutaraq deyirdi ki, azərbaycançılıq öz milli mənsubiyyətini, millimənəvi dəyərlərini qoruyub saxlamaqdır. Azərbaycançılıq hər şeydən öncə bir məfkurədir. Bu məfkurə təkcə Azərbaycan ərazisində yaşayan insanların maraqlarını deyil, həm də bütün dünyada yaşayan azərbaycanlıların məqsəd və məramlarını özündə ehtiva etməlidir. Həmin məfkurənin məzmunu Azərbaycanda ilk dəfə Heydər Əliyev tərəfindən bəyan edilib və dünyada yaşayan hər bir azərbaycanlıya ünvanlanıb. O vaxt bu məfkurə - azərbaycançılıq ideyası dövlətin strateji xətti kimi irəli sürüldü. XX əsrin əvvəlində azərbaycançılıq başlıca istiqlal ideyası oldu. İndi əsrin sonunda da "istiqlal ideologiyamızın təməlində türkçülük və islamçılıq dayanan azərbaycançılıq olmalıdır". Azərbaycanın müxtəlif ölkələrdəki icmaları, diasporları lobbiçilik fəaliyyətində türkdilli xalqların müvafiq təşkilatları ilə sıx əlaqə saxlamalı, birgə çalışmağın metodlarına yiyələnməlidirlər. Etiraf edək ki, Türkiyə türklərinin, tatarların, özbəklərin, qazaxların və s. da bu sahədə o qədər böyük təcrübəsi: yoxdur. Bununla belə, Türk dünyası, bütün mövcud problemlərə baxmayaraq, azərbaycanlıların öz milli ideallarım həyata keçirməsində ən etibarlı kontekst, ən münasib etnososial mühitdir. Azərbaycançılıq ideyasında milli dövlət konsepsiyası və Azərbaycanda yaşayan xalqların milli-mədəni inkişafı konsepsiyası çox böyük əhəmiyyətə malikdir. Azərbaycançılıq Azərbaycan dövlətçiliyi tarixinin yaxın gələcəyi ərzində milli ideologiyanın əsası olaraq qalacaq".