“Rusiya Gümrüdəki 102-ci bazasını çoxdan gücləndirir” Layihə

“Rusiya Gümrüdəki 102-ci bazasını çoxdan gücləndirir”

Rasim Musabəyov: "Düşünmürəm ki, Rusiya bu addımı Azərbaycana qarşı atıb"

Üzeyir Cəfərov: "Bu bazanın genişləndirilməsi ilk növbədə regionda Gürcüstana və Azərbaycana yönəlik hərəkət sayılmalıdır"

Mirsamir Məmmədov: "Rusiyanın Cənubi Qafqazda möhkəmlənmək istəyi yeni bir ambisiya deyil"

Son günlər Rusiyanın gümrüdəki hərbi bazasını gücləndirməsi ilə bağlı məlumatlar yayılır. Bu informasiyanın Azərbaycanla Türkiyə silahlı qüvvələrinin birgə hərbi təlimlərindən sonra yayılması maraq doğurur.
Həmçinin Naxçıvan və Türkiyə ilə sərhəd istiqamətinə cavabdeh olan 4-cü ordu korpusunun komandanı olan general Makaryan on gün ərzində iki dəfə "Dağlıq Qarabağda müharibə başlayarsa, erməni-rus hərbi qoşunlarını ön xəttə çıxaracağıq" fikrini səsləndirib. Erməni general rus jurnalistin "ola bilərmi ki, Rusiya prezidenti Vladimir Putin sizə hücum etməmək barədə əmr versin?" sualına "xeyr, belə əmr verə bilməz" - Makaryan özündən razı halda cavab verib.
Qeyd edək ki, Rusiyanın Ermənistanda hərbi bazasını genişləndirməsinin regionda gərginlik yaratdığı barədə narahatlıq var.
Politoloq, millət vəkili Rasim Musabəyov deyib ki, Rusiya Gümrüdəki 102-ci bazasını çoxdan gücləndirir. Deputat Moskvanın bu addımının yeni bir qərar olmadığını qeyd edib: "Əslində, Moskvanın Cənubi Qafqazda Osetiya, Abxaziya, Ermənistandan savayı başqa nöqtəsi yoxdur. Ona görə də Rusiya təyyarələri, helikopterləri son zamanlar məhz Ermənistandakı bazasına göndərir. Bu, Rusiya tərəfindən mütəmadi olaraq həyata keçirilən bir tədbirdir".
Politoloq məsələnin Türkiyə tərəfinə də toxunub və bu fonda Rusiyanın Türkiyə ilə birmənalı münasibətinin olmamasına diqqət çəkib: "Üstəlik, Rusiyanın Yaxın Şərqə, yəni Suriyaya ən yaxın nöqtəsi də elə Ermənistandır. Düşünmürəm ki, Rusiya bu addımı Azərbaycana qarşı atıb. Çünki bizim 500 kilometrlik quru sərhədimiz var".
Hərbi ekspert Üzeyir Cəfərov isə diqqətə çatdırıb ki, Rusiyanın regionda bütün maraqları tam təmin olunub. Onun sözlərinə görə, 2049-cu ilə kimi Ermənistandakı 102-ci baza orada yerləşəcək: "Bundan əlavə rus-erməni birgə hərbi birləşməsi fəaliyyət göstərir. Ona görə də, şəxsən mən hərbi bazanın genişləndirilməsinə hər hansı ehtiyac görmürəm. Amma Rusiya siyasi-hərbi rəhbərliyi çalışır ki, bu məsələ onların istədiyi kimi həll olunsun. Yəqin ki, edəcəklər. Sözsüz, bu, bizim də marağımıza toxunur. Amma bizim yeganə narazılığımız ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Rusiyanın belə addımları ilə işğalçını şirnikləndirməsidir. Belə yanaşma doğru sayıla bilməz. Ona görə də, bu bazanın genişləndirilməsi ilk növbədə regionda Gürcüstana və Azərbaycana yönəlik hərəkət sayılmalıdır. İstənilən halda xoşagəlməz bir vəziyyətdir. Bundan faciə də düzəltmək lazım deyil. Azərbaycanın bu gün kifayət qədər nüfuzu və gücü var ki, bu cür təhdid və təhlükələrin qarşısını ala bilsin".
Hərbi ekspert erməni general Andranik Makaryanın "Dağlıq Qarabağda müharibə başlayarsa, erməni-rus hərbi qoşunlarını ön xəttə çıxaracağıq" bəyanatına da münasibətini açıqlayıb: "Bu gün hər hansı bir rus əsgəri, zabiti erməniyə görə Dağlıq Qarabağda həyatını itirməyə razı ola bilməz. Sarkisyan Azərbaycan ərazilərinə izinsiz səfərlər edir. Makaryan isə sərsəm-sərsəm danışır. ATƏT-in Minsk Qrupu həmsədrləri də bu aralar yoxa çıxıb, bəyanat da səsləndirmir. Amerikadan bəyanat verirlər ki, yay aylarında bölgəyə səfər edəcəklər. Görünür, ATƏT rəsmiləri ermənilərlə bu barədə razılaşıblar. Nə vaxta qədər ki, Azərbaycan diplomatiya səviyyəsində onların cavabını verməyəcək, bu cür xoşagəlməz hallarla üzləşəcəyik". Ekspertin sözlərinə görə, Andranik Makaryanın son bəyanatları sərsəm olduğu qədər hiddətləndirici və narahatedicidir: "Makaryan özü də başa düşür ki, o, təkbaşına heç nəyə qadir deyil. Təkbaşına onun əmri yerinə yetirilməyəcək və bu cür məsuliyyətin altına heç kəs girməyəcək. Buna baxmayaraq, bir həftə ərzində ikinci bu cür bəyanat səsləndirib ki, Ermənistan-Rusiya birgə qoşunları Dağlıq Qarabağa - ön xəttə yeridilə bilər. Təəssüf ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələdə hələ də susur, münasibət bildirmir. Xarici siyasət idarəmiz ermənilərin bu özbaşına bəyanatlar verən generalını öz mövqeyi ilə yerində oturtmalıdır. Azərbaycan indiyə qədər Ermənistanla-işğalçı ölkə ilə bağlı bu vaxta qədər hədyan bəyanatlar səsləndirməyib".
Ekspert hesab edir ki, Rusiyanın və Azərbaycanın xarici işlər nazirliklərinin məsələyə münasibət bildirməməsi ermənilərin sabah çox rahat şəkildə bu cür addımlar atmasına gətirib çıxara bilər. Ən azından Rusiyanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılmalıdır: "Onlara bildirilməlidir ki, rus-erməni qoşunlarının Dağlıq Qarabağa yeridiləcəyi ilə bağlı qarşı tərəfin generalı fikir səsləndirir. Rusiya isə onu yerində oturdacaq bəyanat vermir. Azərbaycan bu cür fikir səsləndirsəydi, ən azından Polad Bülbüloğlu Rusiya Xarici İşlər Nazirliyinə çağırılmışdı. Azərbaycan haqqını müdafiə etməyənə qədər erməninin ayağı yer alacaq. Makaryan belə bəyanatlar səsləndirəcək səviyyədə səlahiyyətli şəxs deyil. Aydındır ki, bu cür bəyanatlar səsləndirmək haqqında tapşırıq Serj Sarkisyandan gəlib. Bununla da Azərbaycan ictimaiyyətinin nəbzini yoxlamağa çalışırlar. Ondan sonra da bildiklərini etmək üçün variantlar, yollar axtaracaqlar".
Politoloq Mirsamir Məmmədov isə dedi ki, Rusiyanın Gümrüdəki hərbi bazasını gücləndirməyə çalışması və bu strateji bazaya öz hərbi qüvvələrinin sayını və hərbi texnikasını, bilavasitə irihəcmli silahlarını çoxaltmaqla birmənalı olaraq Cənubi Qafqazda möhkəmlənməyə çalışır. Onun fikrincə, Rusiyanın Cənubi Qafqazda möhkəmlənmək istəyi yeni bir ambisiya deyil: "Rusiyanın imperialist və işğalçılıq siyasəti hələ rus çarı birinci Pyotrun dövründən intensivləşməyə başladı. Təsadüfi deyil ki, rus çarı birinci Pyotr 1722-ci ilin iyun ayının 15-də Cənubi Qafqazın xristian icmasına və əhalisinə müraciət ünvanlayır. Müraciətdə deyilir ki, "Biz, sizi xilas etməyə gəlirik!" Bu mətn 3 gün ərzində bütün Cənubi Qafqazın xristian, yəni erməni icmalarına ildırımsürətilə çatdırıldı. 1722-ci ilin İyunun 18-də isə birinci Pyotr Həştərxandan Cənubi Qafqaz üzərinə hərbi yürüşə başladı. Azərbaycan ərazisində yaşayan ermənilər, gecəykən şəhər və qala qapılarını birinci Pyotrun əsgərlərinin üzünə açdılar. Cənubi Qafqazda yaşayan erməni əhalisinin xəyanəti nəticəsində Cənubi Qafqaz regionu birinci Pyotr tərəfindən rahat şəkildə işğal olundu. O zaman son günlərini yaşayan Səfəvi dövləti isə heçbir müqavimət göstərə bilmədi. Məhz ermənilərin böyük yardımları nəticəsində Azərbaycanı işğal edən rus çarı birinci Pyotr daha bir fərman imzalayaraq bildirir ki, "ermənilərə Cənubi Qafqazda azad və rahat yaşamaq hüququ verilir. Onlar istədikləri yerdə və istədikləri malikanəyə daxil olub yaşaya bilərlər!" Birinci Pyotr məhz bu fərmanla erməniləri rəsmi şəkildə işğal etdiyi Azərbaycan torpaqlarında səlahiyyət sahibi etməyə çalışdı".
O əlavə edib ki, bu gün isə, müasir dövrümüzdə də eynən bu siyasət davam edir və dəyişən heç nə yoxdur: "Rusiya hər zaman Cənubi Qafqazda ermənilərin etnik xəyanəti və yardımları nəticəsində möhkəmlənib və möhkəmlənməyə çalışıb. Bu gün də həmçinin bu belədir. Rusiyanın Gümrüdəki hərbi bazasının gücləndirilməsi əvvəla Rusiyanın regiondakı geosiyasi maraqlarına və möhkəmlənməsinə xidmət edir. Bu o demək deyil ki sırf ermənilər üçün bunu belə edir. Əslində Gümrüdəki rus hərbi bazalarının texniki heyətinin, silah-sursatının artırılması Ermənistanı cəsarətləndirir. Amma Rusiyanın Azərbaycanla da çox dərin strateji, siyasi, iqtisadi və hərbi əməkdaşlığı və yüksək əlaqələri var. Göründüyü kimi Rusiya da bu əlaqələrin gücləndirilməsində və hər bir sahədə yüksək əməkdaşlıq edilməsində ən az bizim qədər maraqlı və istəklidir. Amma eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Rusiyanın ATƏT-in Minsk Qrupunun 3 daimi həmsədr ölkələrindən bir olması, Ermənistanda hərbi bazasını gücləndirməsi və müəyyən şəkildə ermənilərə qol-qanad verməsi, təbii ki, danışıqları prosesində ermənilərin qeyri-konstruktiv mövqe sərgiləməsinə və işğalçılıq mövqeyindən əl çəkməməsinə şərait yaradır. Ümumiyyətlə Rusiyanın bu addımları qətiyyətlə qəbul edilə bilməz və qeyri-konstruktiv hərəkət olmaqla yanaşı, birmənalı olaraq ikili standartlar sərgiləməkdir. Digər tərəfdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına erməni hərbçisinin gətirilməsi özü Ermənistana verilmiş olan çox böyük bir dəstəyin təzahürüdür. Məhz bu faktor özü Ermənistanın Rusiyaya arxalanmasına səbəb olan haldır. Amma bütün bunlar o demək deyil ki, Azərbaycana qarşı hər hansısa bir təhlükə yarada bilərlər. Hərbi münaqişə variantı işə salınsa, Azərbaycan ordusunun arsenalındakı böyük həcmli silahlar işə düşəcək. Bu silahlardan 2016-cı ilin aprel döyüşlərində istifadə edilmədi. Rusiya da, Azərbaycandakı böyük silahlardan xəbərdardır. Məhz bunun üçün hərbi əməliyyatlara getmək Ermənistan üçün ölüm fərmanı olar".
O bildirib ki, Azərbaycan tam olaraq çox yüksək səviyyədə müdafiə və hücum qabiliyyətinə malikdir, ordumuz da buna hər an hazır vəziyyətdədir: "Qüvvələr nisbətinin balanslaşdırılmasına çalışmaq Azərbaycan və Ermənistan arasındakı qüvvələr nisbətini qətiyyən dəyişməyəcək. Rusiya da bilir ki, Azərbaycan xalqı da təpədən dırnağa döyüş əzmindədir. Odur ki, Azərbaycanla hərbi münaqişəyə getməyin nəticələri Ermənistan üçün çox qorxunc olar. Odur ki, Gümrüdəki bazanın güclənməsi o qədər də təhdid sayıla bilməz. Eyni zamanda, Rusiyanın Gümrüdəki bazasını gücləndirməsi Azərbaycanın geosiyasi maraqlarına ziddir. Rusiya Minsk qrupunun daimi həmsdr ölkələrindən biri olduğu üçün, bu kimi addımlar atması, onun münaqişənin nizamlanması istiqamətindəki fəaliyyətinin üzərindən xətt çəkmiş olur. Ümumiyyətlə, Rusiyanın münaqişənin həlli proseslərində obyektiv iştirakını sual altında qoyur. Gümrüdəki rus hərbi bazasının gücləndirilməsi, Rusiyanın bölgədə hərbi gücünün artırılmasına və daha da möhkəmlənməsinə hesablanmış addım olsa da, birbaşa işğalçı ermənistanın dövlət maraqlarına və hazırki ermənistan hakimiyyətinin maraqlarlna da xidmət edir. Bu, birmənalı olaraq belədir".

Əli