Strateji Yol Xəritəsi üzrə yerli istehsalın və ixracatın stimullaşdırılması özəl şirkətlər qarşısında yeni imkanlar açır Layihə

Strateji Yol Xəritəsi üzrə yerli istehsalın və ixracatın stimullaşdırılması özəl şirkətlər qarşısında yeni imkanlar açır

Azərbaycanda qeyri-neft sektorunun inkişafı, bu sektorda yerli istehsalın və ixracın stimullaşdırılması hökumətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nə əsasən ölkəmizdə davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyi, yerli istehsalın tərəqqisi, azad rəqabət mühiti, xarici bazarlara çıxış və s. təmin ediləcək. İqtisadiyyatın diversifikasiyası istiqamətində həyata keçirilən islahatlar, eyni zamanda, yeni strateji hədəflərə uyğun olaraq strateji yol xəritəsi iqtisadiyyatın şaxələnməsinə və neftdən asılılığın aradan qaldırılmasına, qeyri-neft sektorunda yerli şirkətlərin inkişafına, onların rəqabət qabiliyyətli məhsul istehsal etməsinə geniş imkanlar açır.
Strateji Yol Xəritəsi üzrə tədbirlər sahibkarlığın inkişafına təkan verəcək
Strateji Yol Xəritəsində nəzərdə tutulur ki, 2025-ci ilədək Azərbaycanda müasir texnologiyalara, bazarlara və maliyyə vəsaitlərinə bərabər çıxış imkanları təmin edən rəqabət mühiti yaradılacaq. Yerli şirkətlərin canlanmasına və investorların dünya standartlarına uyğun fəaliyyət göstərmələrinə şərait yaradacaq biznes mühiti təmin ediləcək. Biznesin həyata keçirilməsinin asanlığı üç əsas sahəni əhatə edir: investisiya qoyuluşlarına şəraitin yaradılması, beynəlxalq dəyər zəncirlərinə inteqrasiya və biznes əməliyyatlarında qlobal standartlara nail olunması. "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"də istehsalın və investisiyanın təşviq edilməsi, biznes mühitinin yaxşılaşdırlması nəzərdə tutulur ki, bu da yerli istehsalçı şirkətlərin dövlət tərəfindən dəstəklənməsi, onlar üçün daha yaxşı imkanlar deməkdir.
Yeni iqtisadi yanaşma özəl sektorun qeyri-neft iqtisadiyyatına investisiya qoyuluşunu stimullaşdırmaq üçün biznes mühitinin daha da təkmilləşdirilməsini tələb edir. Bu baxımdan iqtisadi islahatlar biznes mühitinin daha da yaxşılaşdırılmasını, təşviq siyasətinin davam etdirilməsini və institusional islahatları əhatə edir. Makroiqtisadi sabitlik və infrastrukturun inkişafını dəstəkləməklə dövlət biznes şəraitinin yaxşılaşdırılmasına öz töhfəsini verməyə bundan donra da davam edəcək. Bu Strateji Yol Xəritəsində biznes mühitinin yaxşılaşdırılması ilə bağlı 11 sektoru əhatə edən konseptual məsələlərdə öz əksini tapıb.
Ölkədə sahibkarlığın inkişafı, onun rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun cəlbedici biznes və investisiya mühitinin formalaşdırılması və əlverişliliyinin daha da artırılması, bu sahədə mütərəqqi tənzimləmə və hüquqi bazanın olması ən vacib məsələlərdir. Göstərilən hədəflərə nail olmaq üçün dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, rəqabətqabiliyyətliliyinin və ixrac imkanlarının genişləndirilməsi, sahibkarlara dövlət dəstəyi və təşviq mexanizmlərinin formalaşdırılması, beynəlxalq standartlara uyğun elektron dövlət xidmətlərinin göstərilməsi sahəsində kompleks tədbirlər həyata keçirilib.
Sahibkarlıq fəaliyyəti sahəsində son illər ərzində əldə olunmuş sürətli inkişafın davamlılığının təmin edilməsi və rəqabətqabiliyyətliliyin möhkəmləndirilməsi, eləcə də beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması məqsədi ilə islahatlar davam etdirilir. Xüsusilə də, azad rəqabət mexanizminin inkişaf etdirilməsi, dövlət-biznes münasibətlərində insan amilinin rolunun azaldılması ilə səmərəlilik, hesabatlılıq və şəffaflığın artırılması əsas istiqamətdir. Dövlətin daha bir rolu xarici bazarlara çıxışın təmin edilməsi üçün azad ticarət sazişlərinin bağlanması, texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılmasını təmin etməkdən ibarətdir. Həmçinin dövlət vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması və optimal vergi yükü siyasəti vasitəsilə biznes mühitinin səmərəliliyinin yüksəldilməsi istiqamətində də fəaliyyətini davam etdirir. Strateji Yol Xəritəsində nəzərdə tutulan bütün bu tədbirlər Azərbaycanda sahibkarlığın inkişafı üçün daha da əlverişli şərait yaradır.

Qeyri-neft sektorunda sahibkarlıq inkişaf edir

Azərbaycanda aparılmış köklü islahatlar və toplanmış təcrübə bir daha sübut edir ki, dövlət-sahibkar münasibətlərinin tənzimlənməsi müasir bazar iqtisadiyyatının prinsiplərinə əsaslandığı halda daha yaxşı nəticələrə nail olunur, sahibkarlıq fəaliyyəti isə ölkədə sosial-iqtisadi inkişafın əsas aparıcı qüvvəsinə çevrilir. Bu baxımdan hər şeydən əvvəl ölkədə sahibkarlığın inkişafı üçün daha əlverişli sahibkarlıq mühitinin olması mühüm amildir. Məhz ölkəmizdə formalaşmış əlverşli biznes mühitinin nəticəsidir ki, özəl sektor iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən də qeyri-neft sektorunda dinamik inkişaf edir.
Müsbət haldır ki, Azərbaycanda ÜDM-də iqtisadiyyatın bütün sahələri üzrə özəl sektorun payının artımı müşahidə olunur. Əgər 2000-ci ildə ÜDM-də özəl sektorun payı 70,8 faiz idisə, sonrakı illərdə artaraq 2005-ci ildə 77,8%-ə, 2010-cu ildə 81,7%-ə yüksəlmiş, 2015-ci ildə 81,2%, 2016-cı ildə 83,7% təşkil etmişdir. Müqayisə edilən 16 il ərzində iqtisadiyyatın bütün sahələrində özəl sektorun xüsusi çəkisi çoxalmışdır. 2000-2016-cı illərdə özəl sektorun payı sənayedə 48,4%-dən 87,6%-ə, tikintidə 63,5%-dən 86,8%-ə, kənd təsərrüfatında 99%-dən 99,9%-ə, ticarət və xidmət sahələrində 98,3%-dən 99,6%-ə, nəqliyyatda 62,6%-dən 82,8%-ə, rabitədə 57,8%-dən 80,5%-ə, sosial və digər xidmətlər sahəsində isə 2005-ci ildəki 31,8%-dən 2015-ci ildə 58%-ə çatmışdır.
Təkcə 2016-ci ildə ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunda 39.4 milyard manatlıq əlavə dəyər yaradılıb. Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 65,7% təşkil edib. Ötən il ÜDM-də qeyri-neft sənayesinin xüsusi çəkisi 4,7%, sənayedə yaradılan əlavə dəyərdə qeyri-neft sənayesinin payı 12,5% olub.
2016-ci ilin yanvar-dekabr ayları ərzində məhsul istehsalı qeyri-neft emal sənayesinin əksər bölmələrində, o cümlədən qida məhsulları istehsalında (4.0%), maşın və avadanlıqların quraşdırılması və təmiri sahəsində (10.7%), metallurgiya sənayesində (0.3%), avtomobil, qoşqu və yarımqoşquların istehsalı (17.0%), hazır metal məmulatlarının istehsalında (24.9%), kompüter və digər elektron məhsulların istehsalında (7.4%), elektrik avadanlıqları istehsalında (3.3 dəfə), toxuculuq sənayesində (2.7 dəfə), geyim istehsalında (41.0%), mebel istehsalında (9.0%), əczaçılıq məhsullarının istehsalında (22.4%) və s. artıb.
2016-ci ildə iqtisadiyyatda əsas kapitala qoyulmuş cəmi investisiyaların 42.2%-i və ya 6286.0 milyon manatı qeyri-neft sektoruna yönləndirilmişdir. Əsas kapitala qoyulmuş investisiyaların 6.9%-i, qeyri-neft sektoruna yönləndirilən investisiyaların isə 16.3%-i və ya 1021.9 milyon manatı qeyri-neft sənayesi bölməsinin inkişafında istifadə edilmişdir.

"Veysəloğlu" Şirkətlər Qrupu istehsalat sahələri yaradıb
Bir sözlə, Azərbaycanda sahibkarlığın inkişafının dövlət tərəfindən dəstəklənməsi, Strateji Yol Xəritəsində yerli istehsalın və ixracatın stimullaşdırılması üzrə tədbirlər, istehsalın və investisiyanın təşviq edilməsi özəl şirkətlər qarşısında yeni imkanlar açır. Bu çür imkanlardan, ölkədə yaradılmış əlverişli biznes mühitindən yararlanaraq inkişaf edən "Veysəloğlu" Şirkətlər Qrupu da getdikcə öz fəaliyyətini genişləndirir. Şirkət özünün istehsalat sahələrini yaradıb, 2001-ci ildən etibarən şokolad və karamel istehsalına başlayıb. "Ulduz" şokolad fabrikinin fəaliyyətə başlaması respublikamızın iqtisadiyyatında qənnadı və yeyinti sahəsinin inkişafına öz töhfəsini verir. Fabrikin fəaliyyətə başlaması daxili istehsala, qənnadı və yeyinti sənayesinə yeni keyfiyyət, yeni dad gətirib.
Hər zaman istehlakçılara yüksək keyfiyyətli məhsullar təklif edən fabrikdə müasir standartlara cavab verən avadanlıqlar quraşdırılıb. Müəssisədə yaradılan şərait, texnoloji avadanlıqların daim yenilənməsi "ULDUZ" şokolad fabrikini qida sənayesi sektorunda qabaqcıl şirkətlərdən birinə çevirib. İstehsal prosesində keyfiyyətə daim önəm verən şirkətin rəhbərliyi bunun üçün Almaniya, Belçika, İtaliya və bir sıra qabaqcıl Avropa ölkələrinin tanınmış şokolad istehsalçılarının fəaliyyət mexanizmini öyrənib və fabrikdə yeni müasir avadanlıqlar quraşdırılıb. Tamamilə avtomatlaşdırılmış, müasir qurğuların istismara verilməsi sayəsində məhsul istehsalı artırılıb və fabrikdə dünyanın an qabaqcıl müəssisələri ilə raqabət apara biləcək modern iş şəraiti qurulub.
Müsbət haldır ki, şirkətin əsas məqsədi Azərbaycan bazarında mövcud olan bütün satış nöqtələrinə yüksək keyfiyyətli satış xidməti göstərmək, alıcı rəğbətini qazanmaq, bu yolda ən son və ən müasir vasitələrdən istifadə etməkdir. Əməkdaşlıq etdiyi 100-dən çox xarici istehsalçı fabriklərlə distribütorluq səviyyəsində çalışan şirkət müasir anbar infrastrukturuna malikdir. Müştərilərinə göstərdiyi keyfiyyətli xidməti daha yaxşılaşdırmaq, alıcılar arasında artan nüfuzunu və gücünü qoruyub saxlamaq üçün yüksək standartlara cavab verən müasir texnologiyalardan istifadə edilir.
Baş ofisi, iki filialı və 9 regional local ofisləri olan şirkətdə işləyənlərin 80%-i gənclərdir. Burada işçi heyyətin bilik və bacarığının, peşəkar səviyyəsinin artırılmasına böyük əhəmiyyət verilir. Bunun üçün daxildə və xaricdə kurslar, seminarlar, təlimlər təşkil olunur. Şirkət hazırda qida sənayesi sahəsində Rusiya, Ukrayna, Belorus, Latviya, Almaniya, Polşa, Macarıstan, Danimarka, Portuqaliya, İtaliya, Vietnam və s. ölkələrlə əməkdaşlıq edir.
Bir sözlə, ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində həyata kəçirilən tədbirlər artıq öz müsbət nəticələrini vermişdir. Aparılan islahatlar daha geniş vüsət almış və sahibkarlığın inkişafı sahəsində keyfiyyətcə yeni - davamlı inkişaf mərhələsinə qədəm qoyulmuşdur. Yeni mərhələnin əsas hədəfi iqtisadi səmərəlilik, sosial ədalətlilik prinsiplərini rəhbər tutmaqla qeyri-neft sektorunun, sahibkarlığın inkişafının sürətləndirilməsi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsidir ki, bu sahədə yerli özəl şirkətlərin də üzərinə böyük məsuliyyət düşür...

Mahir Həmzəoğlu
Yazı Azərbaycan Mətbuat Şurası və "Veysəloğlu" Şirkətlər Qrupunun "İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur