Azadlıq, müstəqillik hissi bütün hisslərdən üstündür Layihə

Azadlıq, müstəqillik hissi bütün hisslərdən üstündür

Şanlı tariximizə qızıl hərflərlə yazılmış 28 May – Müstəqillik Günü xalqımız üçün müqəddəs gün olmaqla yanaşı hər bir Azərbaycan vətəndaşının qürur günüdür. XIX əsrin əvvəllərində itirilən dövlət müstəqilliyini bərpa etmək arzusu ilə yaşayan Azərbaycan xalqı yüz il sonra tarixi fürsətdən məharətlə yararlandı. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirdi. 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilə müsəlman dünyasında ilk parlament demokratiyası - Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyuldu. Azərbaycan Xalq Cümhuriyyətinin suveren ərazisi 114 min kvadrat kilometr idi.

Xalq Cümhuriyyəti dövründə ilk dəfə qadınlara seçki hüququ verilib və qadın-kişi bərabərliyi təmin olunub, milli ordu yaradılıb, milli valyutanın dövriyyəyə buraxılıb, milli bank təsis edilib. Demokratik dövlət olan yeni Cümhuriyyət beynəlxalq əlaqələr qurub və beynəlxalq ictimaiyyət tərəfindən tanınıb. 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib.

Uzun müddət, yəni sovet dövründə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları və onların fəaliyyəti qadağan olunmuşdur. Hətta Azərbaycan tarixçilərinə də Azərbaycan Xalq Cümhuriyyətinin adının çəkilməsi qadağan edilmişdir. Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı bütün qadağalara son qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri və himni bərpa edildi.

Cümhuriyyətin adının özünə qaytarılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqillik dövründə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı arxiv materialları açıldı, elmi işlər reallaşdı, həqiqətlər ortaya çıxdı. Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin Vətən tarixində yenidən bərpasına xüsusi qiymət verən Heydər Əliyev deyib: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu bizim milli bayramımızdır”.

Heydər Əliyev öz çıxışlarından birində qeyd edib: “Bu gün – bu bayram günü biz Azərbaycanda ilk Demokratik Respublikanın qurulmasında və fəaliyyət göstərdiyi xidmətlərə görə M.Ə.Rəsulzadəyə ( Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Milli Şurasının ilk sədri), Ə.Topçubaşova, F.Xoyskiyə, onların silahdaşlarına bir daha öz minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Onların gördüyü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaq. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaq”.

Ulu Öndərin bu siyasətini hazırda Prezident İlham Əliyev davam etdirir. Azərbaycan dövlətinin başçısının tarixi keçmişimizə, varisi olduğumuz Xalq Cümhuriyyətinə bu qədər önəm verməsi xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamı milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir.

2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur.

44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və diplomatiyası, xalqımızın qətiyyəti, ordumuzun şücaəti nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin əsas hədəfi işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması idi.

Müstəqilliyə 105 il əvvəl qovuşan Azərbaycan Respublikası bu gün dünyanın inkişaf etmiş dövlətlərindəndir. Bunu Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərlik etdiyi, bu günki Müstəqil Azərbaycan Respublikasının beynəlxalq nüfuzu, gücü və qüdrəti təsdiq edir.

ƏHD Partiyası İdarə Heyətinin üzvü, politoloq Azər Qasımov deyib ki, hər bir xalqın tarixində elə bir an olmayıb ki, yarandığı gündən bu günə kimi dövlət qurmaq istəyi olmasın. Sadəcə məsələ tək istəklə olmur. Mövcud olduğu regiondan tutmuş tarixi reallıqlar daxil bir çox faktorlar xalqların dövlət yaratmaq istəklərini müəyyən edib. Kimi xalqlar tarixdə dəfələrlə dövlət qurub. Kimilərinin qurduqları dövlətin ömrü qısa olub, kimiləri isə buna cəhd etsə də nəticədə buna nail ola bilməyib. Türk irqinin meydana gəldiyi gündən bu günə kimi qurduğu dövlətlərin sayı hesabı olmayıb, təbii ki, bədii dillə desək. Tarixin elə bir mərhələsi olmayıb ki, Türk irqi dövlətsiz olsun. Bir Türk dövləti yıxılıbsa, digəri onu əvəz edib. Əksər hallarda bir neçə Türk dövləti mövcud olub. Bu da türkün dünyadakı tarixi yerinin və rolunun göstərişi olub. Bu Türk dövlətləri sırasında Azərbaycan xalqının qurduğu dövlətlər daim xüsusi yeri ilə seçilmiş, tarixin həmin dövrlərində əhəmiyyəti və varlığı ilə tarixin gedişinə yön vermişdir. Yaxın Şərqdən Hindistana, Əfqanıstana kimi imperiyalar qurmuş ata babalarımız daim Türk irqinin böyüklüyü və əzəməti üçün vuruşmuşlar: “Hər fürsətdə dövlət qurmaq istəyi və bacarığı keçən əsrin əvvələrində 1918-ci il may ayının 28-də yenidən Azərbaycan Demokratik Respublikası qurulmasına səbəb olmuş, eyni zamanda, Şərqdə ilk demokratik respublika olmaq ünvanını da daşımışdır. Bu respublikanın ömrü nisbətən az olsa da, Azərbaycan xalqı bir daha yenidən və əbədi olaraq öz dövlətini 1991--ci il 28 mayında qurmuşdur, daha doğrusu özünü 1918-ci ildə qurulmuş ADR dövlətinin varisi bəyan edərək, yenidən Azərbaycan Respublikasını bərpa etmişdir. 28 may ölkəmizdə "Respublika günü" kimi tarixə düşmüşdür. Azərbaycan xalqı bu gün üçün son yüz ildə çox itkilər vermiş, əzab-əziyyətlər çəkmişdir. Azərbaycan xalqı bu yolda torpaqlarını dəfələrlə itirmiş, qaçqın və köçkün həyatı yaşamış, on minlərlə şəhidlər vermişdir. Amma Azərbaycan xalqı heç vaxt öz müstəqilliyi, azadlığı yolundan dönməmiş, mübarizəsini davam etdirmişdir. Müstəqilliyinin ilk illərində əraziləri işğalçılar tərəfindən işğal edilmiş, şəhər və kəndləri talan edilmiş, əhalisi yaşadığı yerlərdən qovulmuş, öldürülmüş, əsir götürülmüşdür. Buna qarşı var gücü ilə mübarizə aparan Azərbaycan xalqı beynəlxalq güclərin qarşısında otuz ilə yaxın ağır günlər yaşasa da, nəhayətdə uzun sürən hazırlıqdan sonra vətən müharinəsinə qalxmış, xalqın bütün kəsimləri ilə birlik olub düşməni öz torpaqlarından qova bilmişdi. Təfərrüatları qeyd etməyə ehtiyac görmədən bildirmək istəyirəm ki, bu dövr Azərbaycan tarixinin ən şərəfli və şücaətli dövrüdür desək yanılmarıq.

44 gün ərzində Azərbaycan ordusu işğal altında olan ərazilərin böyük hissəsini azad etmiş, işğalçı güclərə amansız zərbələr endirmiş, onların ordularının müqavimətini sındıra bilmişdi. Tarixə "44 günlük müharibə" kimi düşən və 2020-ci ilin 27 sentyabrında başlayıb 9 noyabrında Şuşanın alınmasının elan edilməsi ilə dayanan bu müharibə yenidən antiterror əməliyyatı adı ilə 24 saat olmadan belə bütün terrorçu qüvvələrin təslim olması ilə başa çatmışdı. Son nəticədə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş, bütün torpaqlarında suverenliyini elan etmişdi.

Azərbaycan xalqı öz müstəqilliyi ilə fəxr edir. Onun əbədi olduğuna inanır. Dövlətimizin güc strukturları daim müstəqilliyimizin keşiyində ayıq-sayıq dayanır. Təxribatçı, separatçı qüvvələrin fəaliyyətinə zərbələr vurur. Azərbaycan xalqı müstəqillik illərində tarixi proseslərdən keçərək bu günlərə gəldi. İstər acı, istərsə də şirin olan bu illər Azərbaycan xalqına tək bir şey öyrətdi ki, hansı çətinliklər, çatışmazlıqlar olsa da, azadlıq, müstəqillik hissi bütün hisslərdən üstündür. Azadlıq hissinin verdiyi mənəvi qida bütün dəyərlərdən güclüdür. Bu hiss idi Azərbaycan xalqını, ordusunu gələcəyinə nikbin baxmağa sövq edən. Qələbə qazanacağına əminlik yaradan. Artıq Azərbaycan xalqı öz istəyinə çatıb. İşğaldan azad olan ərazilərdə quruculuq işləri gedir, keçmiş qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıdırlar. Məktəblər, bağçalar, mədəniyyət evləri, hava limanları, konqres mərkəzləri, istirahət ocaqları açılır, əhalinin işlə təmin olunması üçün istehsal müəssisələri, infrastruktur layihələri həyata keçirilir, yeni və müasir şəhərlər salınır. Əhali getdikcə öz yeni yaşamına öyrənməyə başlayır. Dağıdılıb, viran edilmiş ərazilər yenidən dirçəlir, ora həyat yenidən qayıdır. Xalq müstəqilliyinin bəhrəsini görməyə başlayır. Azərbaycan xalqı üçün müstəqillik tam olaraq indi öz mənəvi şəklini alır, dəyər qazanır. Mahiyyət etibarilə müstəqilliyin elan edilməsindən sonra keçən otuz il əgər müstəqilliyin qorunması üçün mübarizə dövrü idisə, bundan sonrakı illər müstəqilliyin mənəvi olaraq dolğun şəkildə bilavasitə yaşandığı illər hesab etmək olar. Azərbaycan xalqı bütün dünyada başı uca və dik gəzən xalqdır. Bütün dünya dövlətləri Azərbaycan dövlətinə və xalqına hörmətlə yanaşır. Bu, dövlətimizin və Prezidentimiz İlham Əliyevin gərgin əməyinin və fəaliyyətinin nəticəsidir. Xalq və dövlət birliyi bu uğurların əsasını təşkil edir. Təbii ki, Azərbaycan xalqı bundan da yaxşı həyata layiqdir, hətta bu, Azərbaycan xalqının haqqıdır. Bu xalqın bundan sonra həyatı sevinc, şadyanılıq içində keçməlidir, çatışmazlıqları olmamalıdır. Dövlətimiz hər zaman bunda maraqlıdır və bunun üçün çalışır.

Müstəqilliyimizin Azərbaycan xalqına verdiyi tək müstəqil iqtisadi layihələr, beynəlxalq əhəmiyyətli proyektlər olmadı. Müstəqillik Azərbaycan gəncliyinin həyatında xüsusi bir dövr açdı. Yaşlı nəslin, hansı ki, Sovet imperiyasının təzyiqləri altında müstəqillik ideyalarını yaşatmışdı, üç rəngli bayrağı qoruyub saxlaya bilmişdi, artıq gənc nəsildən arxayın olması, estafetin əmin əllərdə olmasını hesab etməsi onlara da rahatlıq gətirir. Gənc nəsil artıq şanlı Azərbaycan tarixində özünün şanlı tarixini yazıb. Qarabağ müharibəsində göstərdiyi şücaətli, rəşadət ilə. Azərbaycan gəncliyi müstəqilliyimizin dəyərini bilir və anlayır. Anlayır ki, bu müstəqillik Azərbaycan xalqına asan başa gəlməyib. Bu gəncliyin həyatı əslində işğalla başlayıb. İşğalçılar onların həyatın ən gözəl ilk on illərini oğurlayıblar. Ona görə də gənclik əldə etdiyi qələbənin dəyərini daha çox başa düşməli, ölkəmizin düşmənlərinə qarşı daha amansız olmalıdır. Azərbaycan dövlətinin gücü müstəqil Azərbaycan xalqının gücüdür. Bu güc Azərbaycan dövlətinin müstəqilliyi üçün daim artmalı, düşmənə qorxu, dosta güvən aşılamalıdır. Azərbaycan xalqı da öz dövlətinə baxıb fəxr etməlidir!

Müstəqilliyimiz əbədi, dönməz və sarsılmaz olsun”.

Cavid