“Erməni lobbisinə qarşı mübarizə ümummilli vəzifəyə çevrilməlidir” Layihə

“Erməni lobbisinə qarşı mübarizə ümummilli vəzifəyə çevrilməlidir”

Fuad Hüseynzadə: "Bunun üçün dövlət səviyyəsində tədbirlər görülür"

Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadənin "Xalq Cəbhəsi" qəzetinə müsahibəsini təqdim edirik .


-Erməni yalanları hansı formada ifşa olunmalıdır?
-Ermənilər özlərini tanıyandan ən böyük düşmənləri kimi türkləri görüblər. İki əsrdən çox onların Azərbaycan və Türkiyədə müxtəlif vaxtlarda törətdikləri terror faktları və soyqırımları buna əyani sübutdur. Bu azmış kimi, hər zaman erməni lobbisi dünyada özlərini məzlum millət kimi göstərib, haqlı çıxarmaq istəyirlər. Hətta bir çox dövlətləri türklərin onları soyqırımına məruz qoyduqlarına inandırıblar. Bu baxımdan, bütün türk dünyasının ayağa qalxıb erməni yalanlarının dünyaya çatdırmasının vaxtı çoxdan keçib. Ermənilər öz hüquq və mənafelərini gücləndirmək məqsədilə milli təşkilatlanma prosesini də həyata keçiriblər. Bu təşkilatlamada ictimai dərnək və cəmiyyətlərin təcrübəsi əsasında erməni milli təşkilatları və partiyaları yaradılıb. Bunlardan 1860-cı ildə Erməni Fədakar Cəmiyyəti, 1880-ci ildə Gənc Ermənistan Cəmiyyəti, 1885-ci ildə Armenakan Komitəsi, 1887-ci ildə Qnçaq Təşkilatı (bu təşkilatın Nizamnaməsinin 4-cü bəndində "məqsədə çatmaq üçün terror və dağıdıcılıq fəaliyyəti" nəzərdə tutulur), 1890-cı ildə Daşnaksütyun və 1907-ci ildə yaradılmış Ramqavar partiyaları erməni milli təşkilatlarının məram və nizamnaməsini hazırlayan quruluşlar olublar. Bu təşkilatların əsas məqsədləri "Dənizdən-dənizə böyük Ermənistan" sərsəm xülyasından ibarət olub. Ermənilər öz məkrli məqsədlərinə çatmaq üçün hər vasitəyə əl atmaqdan çəkinmir, bütün fəaliyyətlərini ancaq bu partiyaların proqramına uyğun, yəni türk millətini məhv etməklə "böyük Ermənistan" yaratmaq ideyası üzərində qurmuşdular. Amma gəlin, öz tariximizə baxaq. Ermənilərin milli təşkilatları yaranandan bu yana bizdə hansısa belə bir qurum olubmu? Tam olaraq azərbaycanlıların ermənlərə cavab verən xüsusi bir ictimai və dövlət qurumuna rast gəlmək mümkün deyil. Bu istiqamətdə iş aparan dövlət və qeyr-hökumət təşkilatlarının fəaliyyəti gücləndirilməli və sayı artırılmalıdır. Düzdür, müxtəlif dövlət orqanlarında terrorizmə qarşı mübarizə şöbələri var. Onlar bu şöbə daxilində ermənilərə qarşı adekvat cavablar verirlər.
Xüsusən, son illər dövlət qurumlarının diplomatik hücum siyasətinə keçməsi, diaspor quruculuğu sahəsində uğurlu addımlar, eləcə də bu sahədə fəaliyyət göstərən elmi müəssisələrin, ayrı-ayrı elm adamlarının və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviq edilməsi Dağlıq Qarabağ münaqişəsi üzərindəki erməni yalanı pərdəsinin xeyli dərəcədə götürülməsinə səbəb olur. Fikrimizcə, ermənilərin bizə qarşı apardığı düşmənçilik mübarizəsi ilə müqayisədə bu, yetmir. Bundan başqa, bu mübarizə üçün xüsusi strateqlər hazırlanmalıdır. Müxtəlif dilləri bilən jurnalist və diplomatlar hazırlayıb ermənilərin kök atdığı ölkələrə göndərilməlidir ki, gedib erməni yalanlarını üzə çıxarsın, həmin dövlətlərə Azərbaycan həqiqətləri haqda dolğun məlumatlar versinlər. Bundan başqa, sahəsindən və strukturundan asılı olmayaraq hər bir dövlət təşkilatında erməni qəsbkarlığını ifşa edən xüsusi şöbələrin yaradılması da işin ümummilli səviyyədə həyata keçirilməsinə böyük kömək olardı.

-Ermənilərlə informasiya müharibəsində necə mübarizə aparılır?
-Bu gün Azərbaycanın xarici əlaqələrinin əhəmiyyətli dərəcədə genişlənməsi nəticəsində ölkəmiz yeni müttəfiqlər qazanıb. Hazırda 50-dən çox ölkədə səfirliyimizin açılması ikitərəfli əlaqələrin inkişafına böyük təkan verir. Eyni zamanda, beynəlxalq təşkilatlarla qarşılıqlı və səmərəli münasibətlər inkişaf etməkdədir. Bu sahədə əldə etdiyimiz nailiyyətlər sayəsində Azərbaycan haqqında həqiqətlər dünya birliyinə olduğu kimi çatdırılır. Bu, bizim üçün çox vacibdir. Lakin bizim üçün vacib olan digər məsələ mənfur qonşumuz ermənilərdən informasiya müharibəsində geri qalmamızdır. Hələ də dünya birliyinə Ermənistanın işğalçı dövlət olmasını tam çatdıra bilməmişik. Ermənilər daimi olaraq xarici mətbuatda bizim əliyhimizə yazilarla çıxış edirlər və ya pul ilə ələ alınmış əcnəbi jurnalistlərədn istifadə edirlər. Bundan başqa müxtəlif ölkələrin internet saytlarında Dağlıq Qarabağ "müstəqil" ölkə və ya Ermənistanın tərkib hissəsi kimi göstərilir.
Qeyd edim ki, erməni lobbi təşkilatlarının bizə qarşı mütəmadi qaydada mübarizə aparmasına qarşı çaxmaq üçün artıq dövlət səviyyəsində tədbirlər görülməkdədir. Prezident İlham Əliyev bu məsələ ilə bağlı bildirib ki, haqqımızda xarici mətbuatda gedən yazıların böyük əksəriyyəti erməni müəllifləri tərəfindən, bəzi hallarda başqa adlarla yazılır, yaxud da erməni lobbi təşkilatları tərəfindən maliyyələşdirilir: "Bunun qarşısına biz öz gücümüzü qoymalı, Azərbaycanın uğurlu inkişafını təmin etməli, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə çalışmalıyıq".

- Bu məsələdə Azərbaycan diasporunun üzərinə nə kimi məsuliyyət düşür?
-Böyük məsuliyyət düşür. Onların bu cür faktlarla real olaraq birbaşa qarşılaşması şəksizdir. Biz diaspor təşkilatlarının fəaliyyətini daimi müşahidə edirik. Artıq erməni lobbisinin bu gün bizə və türklərə qarşı apardığı siyasət, yalan və təhrif edilmiş yazıları 10-15 il və ondan daha əvvəl verdiyi nəticəni vermir. Belə ki, artıq Azərbaycan və türk alimlərinin, xaricdəki diaspor cəmiyyət və təşkilatların apardığı işlər ermənilərin daim yalan və öz xeyirlərinə dəyişdirilmiş məlumatların təbliğ etdiyini bütün dünyaya sübut edə bilir.
Bu gün erməni təbliğatının qarşısına Azərbaycan təbliğatını qoymaq lazımdır. Diaspor üzvləri hər hansı məsələ ilə bağlı etiraz etmək və həqiqətlərimizi çatdırmaq üçün yaşadığı ölkənin KİV-ə virtual olaraq müraciət göndərə bilər.

- Diaspor Jurnalistləri Birliyi olaraq bu istiqamətdə hansı işlər görürsüz?
-Diaspor Jurnalistləri Birliyi Azərbaycan mediasının diaspor mövzusuna diqqətinin daha da artırılması, xaricdəki azərbaycanlı və əcnəbi jurnalistlərlə əlaqələrin qurulması, Azərbaycan tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyələrinin xaricdə daha da geniş yayılmasını təşkil etmək məqsədi ilə 01.01.2014-cü il tarixində yaradılıb. Az müddətdə DJB bir sıra uğurlu işlərə imza atıb. Belə ki, DJB tərəfindən Bakıda 4 dəyirmi masa keçirilib, Xocalı soyqırımı ilə bağlı bir film çəkilib. Həmçinin DJB tərəfindən Azərbaycanla bağlı xarici mediada yazılan qeyri-obyektiv məqalələrə qarşı etirazlar edilib. Hazırda DJB ictimai təşəbbüsü əsasında xaricdə 2 layihə icra edir. DJB bu müddətdə 15 ölkənin 20-dən çox nüfuzlu mediasında Azərbaycan, eləcə də Qarabağ həqiqətləri ilə bağlı məqalələr dərc etdirib.
Bildiyimiz kimi, bu gün erməni və ermənipərəst jurnalistlər "Facebbok", "Twitter", eləcə də CNN, BBC və s. tanınmış media orqanlarında Azərbaycan haqqında neqativ yazılarla çıxış edirlər. Nəzərə almaq lazımdır ki, bu gün "Twitter" sosial şəbəkəlikdən çıxaraq, siyasi platformaya çevirilib. "Twitter"də informasiya müharibəsinin ən gərgin anı- həştəq mübarizəsi yaşanır. Burada yazılan bir "twit"lə anındaca dünyanın ictimai-siyasi gündəmini dəyişmək olur. Biz DJB olaraq "Twitter"də aktivlik göstərib, bu kimi məsələlərə təsir etməyə çalışırıq. Ümumiyyətlə, erməni lobbisinə qarşı mübarizə bizlərin ümummilli vəzifəsinə çevrilməlidir. Hər birimiz bunu özümüzün vətəndaşlıq borcu kimi qəbul etməliyik.
Bu iş nəinki aylar, heç illər, əsrlərlə bitməməlidir. Artıq bir şeyi bilməliyik, nə qədər ermənilər varsa, onların bizə qarşı düşmənçiliyi də var.


Əli Zülfüqaroğlu