“Molla Nəsrəddin”dən daha yaşlı satirik qəzet Layihə

“Molla Nəsrəddin”dən daha yaşlı satirik qəzet

Naşiri polis olan "Şəbnamə"

"Molla Nəsrəddin" jurnalının Azərbaycan mətbuatı tarixində ilk satirik mətbu orqanı olduğu məlumdur. Lakin tarixi mənbələrdən məlum olur ki, XIX əsrin 90-cı illərində ikiyə bölünmüş Azərbaycanın cənubunda, Təbriz şəhərində 1892-ci ildən başlayaraq "Şəbnamə" adlı kiçik formatlı mətbu
nümunələri görünməyə başlayıb. Səhifələrində xalqı narahat edən sosial problemlərə toxunulur, mövcud qruluşdakı çatışmazlıqları tənqid edən kəskin yazılar hazırlanırdı. Gizli üsulla çap edilən "Şəbnamə" adətən gecələr qapı və divarlara yapışdırılardı. Səhər açılanda artıq əhalinin gur olduğu bazar, məktəb və mədrəsələrdə yayılır, əldən-ələ gəzirdi. Gecələr yayıldığı üçün də adı "gecə vərəqələri" mənasını daşıyırdı. O dövrdə dövlət qəzetləri çox zaman maraqsız və cansıxıcı olduğundan çətinliklə satılır, əhalinin müəyyən bir qisminə məcburi formada paylanırdı. Belə "darıxdırıcı" ruznamələr xalq arasında ruznamə-zornamə adını qazanmışdı. Belə qəzetlərin birini vaxtilə M.F.Axundov "İran" qəzetinin münşisinə..." məqaləsində kəskin tənqid etmişdi. Lakin pulsuz yayılan, problemləri baməzə, duzlu yazılarla təqdim edən və gülməli şəkillərlə bol olan vərəqələri sadə insanlar böyük həvəslə oxuyurdular. Savadlı kəsimin barmaqla sayıldığı o dövrdə bu qəzetə maraq o qədər çox idi ki, bəzən məhəllə-məhəllə gəzib onu oxutdurmaq üçün yazı-pozunu bilən adam soraqlayırdılar.
"Şəbnamə"nin naşiri və redaktoru istedadlı publisist Əliqulu Səfərov idi. Güneyli araşdırmaçı Səməd Sərdar Hiyanın yazdığına görə, Əliqulu bəy gənc yaşlarında atasının yanında Rusiya və Türkiyə ticarətxanalarının idarəsi ilə məşğul olurdu. Araşdırmaçı Pərvanə Məmmədli güman edir ki, onun Səfərov soyadını götürməsi Rusiyada olduğu dövrlərdən başlamışdı. Bu ölkələrdə İran hökuməti tərəfindən sürgün edilmiş siyasi mühacirlər yerli mütərəqqi fikirli ziyalılarla sıx təmasda olurdular. Əliqulu Səfərov sonradan ticarəti tərk edərək vətənə dönür.
Maarifçilik hərəkatının önündə gedən ziyalılar XIX əsrin 80-ci illərindən etibarən yeni məktəblər, kitabxanalar açır, elmi-bədii kitabların yazılması və tərcüməsi, çapı ilə məşğul olur, yeni qəzet və jurnallar təsis edirdilər. Bu ziyalılar çox zaman gizli cəmiyyətlər, siyasi qruplar daxilində birləşərək mövcud qruluşa qarşı mübarizə aparırdılar. Belə ziyalılardan olan Əliqulu xan Səfərov hesab edirdi ki, qəzet xalqı oyatmağın ən təsirli vasitələrindən biridir. Ona görə də həmfikirləri ilə birgə "Gizli əncümən" adlı mərkəz yaradır. Təşkilatda dövrün vətənpərvər ziyalıları Mirzə Həsən Rüşdiyyə, Məhəmmədəli Tərbiyət, S.M.Şəbüstəri, H.Ədalət iştirak edirdilər. 1892-ci ildə Ə.Səfərov Təbrizdə qeyri-leqal olaraq "Şəbnamə" adlı, kiçik ölçülü satirik qəzet-vərəqə nəşr etdirir. Ə.Kəsrəvinin yazdığına görə, "Gizli əncümən"inüzvü olmaqla yanaşı Məhəmmədəli Mirzənin gizli polis rəisi idi. Məhəmmədəli Mirzəyə gələn raportlar, məktublar Əliqulu xanın əlindən keçirdi. O, bu vəzifəsindən istifadə edərək əlbir və həmfikir olduğu yoldaşlarını polisdən qoruyur, həm də ölkədə baş verən cinayətləri, mənfi halları açıb "Şəbnamə"də yayır, geniş xalq kütlələrini xəbərdar edirdi.
XIX əsrin sonlarında İranda, eləcə də Cənubi Azərbaycan əhalisi arasında yerli feodallara, yadelli inhisarçılara, şah rejiminə qarşı narazılıqlar getdikcə kəskin şəkil alırdı. Sonralar "Tənbəki üsyanı", "Zeynəb paşa" və s. adı altında ingilislərin tütün inhisarına, yerli feodalların taxıl möhtəkirliyinə qarşı baş verən xalq hərəkatları o dövrün mətbuatında; ölkədən xaricdə nəşr olunan mühacir mətbuatında və ölkədəki gizli nəşrlərdə öz əksini tapırdı. Yeri gəlmişkən məşrutə inqilabı ərəfəsində gizli halda yayılan qəzet, vərəqə və bəyannamələrə də şəbnamə deyilirdi.
Əliqulu Səfərov gizli olaraq nəşr etdiyi şəbnamədə İranın real ictimai-siyasi vəziyyətini açıb göstərir, xalqı müstəmləkəçilərə və istibdada qarşı mübarizəyə səsləyir, ölkədə islahatlar keçirilməsinə, qabaqcıl ideyaların yayılmasına səy göstərirdilər. "Şəbnamə"nin nəşr tarixi ilə bağlı ingilis şərqşünası Edvard Braunun 1914-cü ildə Londonda çap etdirdiyi "Müasir İranın ədəbiyyat və mətbuat tarixi" kitabında "Şəbnamə"nin 1892-ci ildə Təbrizdə meydana gəldiyini, müntəzəm deyil, müvafiq vaxtlarda çap edildiyini, redaktorunun və oradakı bir çox məqalələrin müəllifinin Əliqulu xan Səfərov olduğunu və çox zaman Ağaqulu imzasından istifadə etdiyini, gizli çap olunub yayıldığını, yeni ideyalarla zəngin çox düşündürücü və satirik olub səhifələrinin əksəriyyətinin karikaturalarla bəzədildiyini qeyd edir, onu çox yüksək qiymətləndirirdi. Ən başlıcası isə
E.Braun nüsxəsi günümüzə qədər gəlib çıxmayan bu qəzetin saylarından birini 1906-cı ildə gördüyünü yazır, oxucuları "Şəbnamən"nin satirik üslubu ilə tanış etmək üçün qəzetdəki yazıları örnək gətirir. Həmin saydakı məqalələrin birində o dövrdəki çörək qıtlığı ilə bağlı dükan-bazarlardakı qarma-qarşıqlıq və zorakılıqdan bəhs olunur: "Dünən xidmətçini səhər qəlyanaltısı üçün bazara çörək almağa yolladım. O səhər erkəndən evdən çıxdı, evə 3 saatdan sonra gəldi. Geri qayıdanda paltarı cırıq-cırıq, üzü cızıq-cızıq olub, bədəni bir neçə yerdən yaralanmış, bütün vücudu gömgöy göyərmişdi. O dövrdə tüğyan edən aclıq bizə də sirayət etdiyindən onun gətirdiyi çörəyin çox quru və kiçik olmasına baxmayıb biz o loxmaçörəyi dərhal parçalayıb bir neçə hissəyə böldük..."
Digər bir yazıda isə küçələrdə xirtdəyəcən çıxan palçıqdan və bu xoşagəlməz vəziyyətin şah sarayına yaxın olan baş küçədə adi hal olduğundan bəhs edilir: "Dəvə karvanı baş küçəyə çatanda palçıq bataqlığının içinə batıb gözdən itdi. Bir az keçdikdən sonra onlar Acı çayın sahilində peyda oldular və yollarına davam etdilər". Qeyd etmək lazımdır ki, Edvard Braun "Şəbnamə"nin həmin sayındakı yazıların türkcə yazıldığını, vərəqlərin 143 ölçüdə olub 13-14 səhifədən ibarət olduğunu, səhifənin tən yarısının şəkillərlə bəzədildiyini yazır. Lakin qəzetin nəşri tarixinin və məkanın göstərilmədiyini, həmçinin redaktor və müəllifləri haqda heç bir məlumat verilmədiyini bildirir.
Əliqulu Səfərovun jurnalistik fəaliyyəti tək "Şəbnamə"lə bitmir. Adıçəkilən nəşr primitiv jelatie üsulu ilə hazırlandığından onu texniki cəhətdən böyük tirajla yaymaq mümkün deyildi. Ona görə də məsləkdaşları da daxil olmaqla litoqrafiya üsulu ilə müasir mətbuat nümunələrinə yaxın olan qəzet nəşr etmək fikrinə düşür. Ə.Səfərov 1898-ci ildə demokratik yönü və məzmunu ilə seçilən "Ehtiyac" və "İqbal" qəzetlərini, 1906-cı ildə isə satirik "Azərbaycan" jurnalını nəşr etdirir. Həmçinin Mirzə Cəlilin "Molla Həsrəddin" jurnalı ilə əmkdaşlıq edərək jurnalın səhifələrində satirik felyetonlarla çıxış etmişdir.
Araşdırmaçı Pərvanə Məmmədli qeyd edir ki, Məhəmməd Tağı Sidqinin şəxsi arxifində 1903-cü ildə Qurbanəli Şərifzadəyə yazdığı məktubunda az da olsa "Şəbnamə" haqda məlumata rast gəlinir. Belə ki, M.T.Sidqi dostu Şərifzadəyə qəzet haqda qısaca məlumat verdikdən sonra yazır ki, "başqa dövlətlərin paytaxti məqamında olan "Şəbnamə"nin mənfəəti, istər millət, istər məmləkət, istərsə də dövlət üçün qəzetdən artıqdır". Cəlil Məmmədquluzadə avtobioqrafiyasında dostu M.Sidqinin Haxçıvanda açdığı yeni məktəb haqda yazırdı ki, "həmin məktəb biz yeniyetmə müəllim və ədiblər üçün bir darülfün hesab olunur". Eyni zamanda həm Məmmədtağı Sidqinin oğlu, Məhəmmədəli Sidqi "Tərcümeyi-halım" adlı xatiratında atasının İran, Rusiya və Türkiyədən ona göndərilən qəzetləri alıb oxuduğunu, bu qəzetlərin tək M.T.Sidqinin deyil, onun həmməsləkləri tərəfindən də gizli oxunduğunu qeyd edirdi. Şübhəsiz ki, Məhəmmədtağı Sidqinin Haxçıvanda açdığı məktəbi tək məktəb yox, darülfünun hesab edən və M.T.Sidqinin həmməsləki kimi M.Cəlli, onun oğlu Məhəmmədəli Sidqinin yuxarıda qeyd etdiyi kimi, İran və başqa ölkələrdən göndərilən qəzetləri oxuyanlar sırasında olmuşdur. Söz yox ki, bu qəzetlərin içində "paytaxt-qəzeti" məqamında dəyərləndirilən "Şəbnamə" də var idi.
Azərbaycanın mətbuat tarixinin görkəmli araşdırmaçılarından olan Əziz Mirəhmədov əsərlərinin birində ("Azərbaycanın Molla Həsrəddini 1980) gələcək "Molla Həsrəddin" redaktorunun satirik yaradıcılığı ilə XIX əsrin son dövründə Təbrizdə gizli nəşr edilən "Şəbnamə" arasında müəyyən yaxınlıq olduğunu güman etdiyini yazır. Araşdırmaçı Pərvanə Məmmədli hesab edir ki, Mirzə Cəlil irsinin ardıcıl tədqiqatçısı Əziz Mirəhmədov bu fikrində yanıla bilməzdi.
M.S.Ordubadi həyatı ilə bağlı xatirələrində Haxçıvanda təhsil aldığı məktəbdə inqilabi ruhun hakim hakim olduğu, bu ab-havanın məktəbə Rusiya və Qafqazla deyil, İran yolu ilə daxil olduğunu qeyd edir, bu yöndə xaricdən gələn mətbu orqanların, xüsusilə Əliqulu xan Əxtər kimi azadixahlar tərəfindən nəşr olunan qəzetlərin xidmətini xüsusi vurğulayırdı. Ədib məqalələrinin birində müəlliminin (M.Sidqinin) XIX əsrin doxsanıncı illərində Mirzə Əliqulu xan Əxtərlə birlikdə İran şahı Müzəffərəddin şah Qacarın üsul-idarəsinə qarşı "Şəbnaməye-Bəsirət" adlı qəzet çap edib yaydıqları haqda bilgi verir. Professor Əziz Mirəhmədov dövrünün tanınmış ziyalılarından olan Məmmədtağı Sidqinin həyatını araşdırarkən yuxarıda qeyd olunanları önə çəkirdi. O, həmçinin M.Sidqi ilə Mirzə Əliqulu xanın dostluq etdiyini, hətta bu dostluğun şərəfinə M.Sidqinin Ordubadda açdığı məktəbə "Əxtər" adı verdiyini bildirir. Lakin Mirzə Əliqulu xan Əxtər və onun "Şəbnameye-Bəsirət" qəzeti ilə məlumatların çox az olduğuna dərindən təəssüflənirdi.
Araşdırmaçı Pərvanə Məmmədlinin dediyinə görə, bütün deyilənlərdən bu nəticəyə gəlmək olar ki, adı çəkilən Mirzə Əliqulu xan Əxtər çox güman ki "Şəbnamə"nin redaktoru Əliqulu Səfərovdur. O ki qaldı "Şəbnameye-Bəsirət" qəzetinə, yəqin ki, söhbət "Şəbnamə"dən gedir. Çünki Cənubi Azərbaycanda o dövrdə "Bəsirət" adlı qəzet, jurnal və ya vərəqənin olması barədə əldə dəlil yoxdur. Araşdırmaçı Pərvanə Məmmədlinin qənaətincə, Azərbaycanın ilk satirik mətbu orqanı "Molla Həsrəddin" jurnalından 14 il öncə Təbrizdə çap edilib.

Ülviyyə Tahirqızı