Sülh Platforması nə vəd edir? Layihə

Sülh Platforması nə vəd edir?

İki gün əvvəl Tbilisidə keçirilən Ermənistan Azərbaycan Vətəndaş Sülh Platformasının I Qurultayının İştirakçıları Prezidentlər İlham Əliyev və Serj Sərkisyana, bütün ermənilərin katalikosu II Qaregin və Qafqaz Müsəlmanları İdarəsinin Ali Dini lideri Şeyxülislam Hacı Alahşükür Paşazadəyə, Roma Papasına, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət ediblər.
Müraciətlərdə münaqişənin dinc yolla həll olunmasıyla bağlı tərəflər arasında razılığa gəlinməsi əsas götürülüb.
Sülh Platformasının yaradılması və formalaşdırılması, Bakı və İrəvanda ofislərinin açılması təşəbbüsü, tərəflərə, digər beynəlxalq təşkilatlara müraciəti Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa müsbət irəliləyişlərə gətirib çıxara biləcəkmi?
Bu sualla siyasilərə müraciət etdik.
Politoloq İlqar Vəlizadə bildirib ki, Sülh Platforması ictimai bir resursdur. Bu platforma Azərbaycan və Ermənistan cəmiyyətlərinin nümayəndələri arasında birbaşa münasibətlərin olmaması fonunda iki cəmiyyət arasında münasibətlərin olmamasını bu və ya digər şəkildə aradan qaldırılması məqsədi daşıyır. Azərbaycan tərəfi dəfələrlə Ermənistan tərəfinə təklif edib ki, Azərbaycanın Dağlıq Qarabağ icması ilə Ermənistanın Dağlıq Qarabağ icması arasında birbaşa dialoq olsun. Ancaq Ermənistan tərəfi bu dialoqdan boyun qaçırıb. Ona görə də, Azərbaycan tərəfi təşəbbüsü ələ alaraq bunu birtərəfli qaydada etmək niyyətindədir. Bu platformanı canlandıraraq Ermənistan ictimaiyyətində hakimiyyətin bu mövqeyinə əks reaksiya göstərən insanlara "gəlin, hakimiyyətiniz dəstəkləməsə də, bu platformaya qoşulun"-mesajı vermək olar.
Sülh Platformasını qaranquş adlandıran politoloq bildirib ki, illərlə cəmiyyətlər arasında birbaşa dialoq olmayıb, bu dialoqun olmaması da müxtəlif mənfi proseslərə səbəb olub.
Politoloq Elşən Həsənov isə bildirib ki, indiki halda Sülh Platforması adı altında keçirilən görüşün, digər adlar altında, oxşar formatlarda keçirilməsinin şahidi olmuşuq ki, sonda bu cür görüşlər, hər zaman olduğu kimi də nəticə əldə etmədən sona yetib: "Bir məsələni yadda saxlamaq lazımdır- İstər adını Xalq diplomatiyası qoyaq, istər Sülh Platforması, istərsə də digər bir ad fikirləşək, məsələ adda deyil, mahiyyətdədir. Mahiyyət isə ondan ibarətdir ki, işğalçılıq siyasəti, Ermənistan dövlətinin, dövlət siyasətidir. Qarşıya qoyulan məqsəd isə qonşu dövlətlərə ərazi iddiası irəli sürərək, buna da hər hansı bir vasitə iləsə nail olmaqdır. Odur ki, tam əminliklə deyə bilərəm. Bu görüş də əvvəllər keçirilən görüşlər kimi nəticə olmadan bitəcək. Görüşmək naminə isə görüşməyin heç bir mənası yoxdur".
Politoloq Vasif Əfəndi isə bildirib ki, keçən ilin dekabr ayında ATƏT-in büro iclasında "Ermənistan-Azərbaycan sülh platforması "geniş müzakirə olunaraq bu təşəbbüsün davam etdirilməsi tövsiyyə edilib. Tərəflərin bu platformaya marağı böyükdür. Ermənistan tərəfi bu platformanın fəaliyyətindən yaralanaraq Qarabağ münaqişəsinin hazırki durumunun saxlanmasında maraqlıdır: "Onlar status-kvonun davam etməsinin çox təhlükəli olduğunu yaxşı başa düşürlər. Aprel döyüşləri sübut etdi ki, müharibənin aktiv fazaya keçməsi hər an mümkündür. Bu da ilk növbədə Ermənistan tərəfini qane etməyən vəziyyətdir. Azərbaycan üçün isə sülh platformasının əhəmiyyəti yalnız insan faktoru ilə bağlıdır. Torpaqlarımızın işğaldan azad ediləcəyi heç kimdə şübhə doğurmadığı halda işğal olunmuş ərazilərimin boşaldılmasının sülh yolu ilə aparılması bizim üçün arzu edilən faktordur. Bu məsələnin siyasi tərəfidir. Münaqişənin bundan sonrakı davamına real olaraq nəzər salsaq, əslində Azərbaycan və Ermənistan xalqları tezliklə mühaibənin qansız-qadasız bitməsinin tərəfdarıdırlar. Erməni xalqı çox yaxşı başa düşür ki, iqtisadi cəhətdən güclü və böyük qonşu ilə münasibətlərin olmaması ilk növbədə onların özlərinə ziyandır. Sadəcə BTQ dəmir yolu layihəsindən kənar qalan Ermənistan nələrin itirdiyinin fərqində olmalıdır. Ona görə də Ermənistanın vətəndaş cəmiyyəti işğal altında olan torpaqların geri qaytarılmasının tərəfdarıdır. 20-ci əsrin əvvələrini nəzərə almasaq, tarixdə erməni və biz türklərlə münaqişə faktlarının olmamasının şahidi olarıq. Uzun zaman kəsiyində ermənilər bizlə eyni dövlətlərin tərkibində intizamlı yaşamışlar. Başqa xalqlar tərəfindən basqı və təqiblərə məruz qalan ermənilər məhz bizim torpaqlarda huzur tapmışlar. Bu münaqişənin süni olaraq yaradılması faktı hər iki tərəfin vətəndaş cəmiyyəti tərəfindən qəbul edilir. Lakin məlum qüvvələr öz siyasi maraqlarını təmin etmək məqsədilə erməni və Azərbaycan xalqlarının sülh və dostluq şəraitində yaşamasını qəbul etmək istəmirlər. Hazırki şəraitdə Ermənistan rəhbərliyi tərəfindən barışığa yol açan addımlar atılacağını gözlənilmir. Çünki, siyasi və iqtisadi cəhətdən Rusiyadan asılı olan Ermənistan dövləti müstəqil qərar vermək iqtidarında deyil. O zaman Sülh platformasının fəaliyyətinin davam etməsinin lüzümsuz olduğunu iddia etmək olar. Lakin bu belə deyil. İlk növbədə dünyada siyasi vəziyyətini gözlənilmədən və hətta proqnozlaşdırlıa bilinməyəcək dərəcədə dəyişməsi mümkünlüyü istisna deyildir. Bu günlərdə Kataloniyanın müstəqillik arzularının basdırılması gec, tez bu münaqişənin əsadlətli həlli üçün açar rolunu oynaya bilər. Ona görə də Avropa Şurası institutları ilə işləməyi davam etməliyik. Azərbaycan respublikasının müstəqilliyin qarantı olan Avropa Şurası ilə münasibətlər düzgün qurulmalıdır. Vətəndaş cəmiyyəti fəallarının bu işdə bütün imkanlarından istifadə edilməlidir və gərəkirsə bunun üçün əlavə dəstək verilməlidir".
Politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində ölkənin 20% ərazisi işğal edilib. 20 ildən artıqdır ki, davam edən danışıqlar prosesi heç bir nəticə vermir. Ermənistan öz himayədarları vasitəsilə bu işğalı davam etdirməkdədir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin apardığı danışıqlar da perspektivdə müsbət irəliləyişə zəmin yaratmır. BMT və digər təşkilatların Azərbaycanın ərazi bütövlüyü barədə qətnamələri işğalçının öz siyasətindən çəkindirməsinə səbəb olub. Belə olan təqdirdə yalnız bir yol qalır. Azərbaycan öz ərazi bütövlüyünü müharibə yolu ilə təmin etsin. Hazırda Azərbaycan bütün sülh təşəbbüsləri ilə çıxış edir. Azərbaycan-Ermənistan Sülh platformasıda buna əsaslanır. Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət olan bu platformanın işi xalqlar arasında sülhü təmin etmək, etimad mühitini formalaşdırmaqdır: "Qeyd edim ki, Ermənistan əhalisi ümümiyyətlə Qarabağ münaqişəsindən dolayı ağır iqtisadi tənəzzül yaşayır. Və, onlara Qarabağ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsindən yanadırlar. Amma Ermənistan rəhbərliyi öz hakimiyyətini qorumaq naminə həm də Rusiya öz siyasi rıçaqlarını Qafqazdan əldən verməməkdən ötəri münaqişğnin həllinə mane olur. Təsis edilən Sülh platforması Ermənistan və Azərbaycan rəhbərliyinə müraciət etsə də burada əsas işğalçı Ermənistana xüsusi müraciət edilməlidir. Sülh platforması yalnız Azərbaycana beynəlxalq miqyasda sülhpərvər siyasətini ortaya qoymuş olur. Bunun münaqişənin həllində hər hansı irəliləyişə gətirib çıxaracağı mümkünsüzdü. Xalq diplomatiyası Azərbaycanla Ermənistan arasında mümkün deyil. Bu onda ola bilər ki, Ermənistan işğal etdiyi əraziləri boşaltsın".
Politoloq Mirsamir bildirib ki, bütün beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətini pisləyən qərar və qətnamələr qəbul ediblər: "BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməyən işğalçı Ermənistan hansısa Sülh Platformasının tövsiyyələrinə baxacaq? Ermənistanı işğalmılkıq siyasətindən əl çəkməyə məcbur etmək üçün müharibə variantını seçməliyik. Sülh Platformasının yaradılması yazlnız ictimaiyyətin rəyinin öyrənilməsinə hesablanıb. Sarkisyan hakimiyyət üçün əsas söz sahibi Rusiyadır. Ermənistan Rusiyanın vassal olduğundan heç bir kənar qüvvənin tövsiyyəsini qəbul etmir və rəsmi Moskvanın dəstəyi ilə Azərbaycan torpaqlarını işğalda saxlayır. Bizə heç bir Sülh Platformasının təklif və tövsiyələri lazım deyil. Bu tövsiyələrə Sarkisyan heç bir əhəmiyyət verməyəcək. Azərbaycanın artıq səbri tükənib. 25 ildən çoxdur Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistan destruktiv mövqe nümayiş etdirir. Onu yerində oturtmaq üçün silaha əl atmalıyıq".
Cavid