Ermənilərin etirafları həqiqət qarşısında aciz qalmalarından irəli gəlir Layihə

Ermənilərin etirafları həqiqət qarşısında aciz qalmalarından irəli gəlir

3-cü yazı
Hovanes Tumanyan – (1869-1923) şair və yazıçı etiraf edir ki, "tatar (Azərbaycan – İ.A.) mahnılarında nağıl etmək son yeri tutmur. Bu mahnılardan çoxu əfsanə xarakterindədir, çoxları da sanki naməlum zamanlardan gəlib bizə çatmış və naməlum xanəndələrin oxuduğu uzun poemaların parçalarıdır, məsələn, Koroğlu və onun atı haqqında mahnı".
Atrbet – (Mubayiyan Sarkis Mkrtiçi) – 1860-1937, yazıçı və tarixçi, islam dini və təriqətlərinə aid bir sıra əsərlərin müəllifi: "Məhsəti (yəni "aya bənzər" deməkdir) Gəncədəndir. O, öz rübailərinin dolğun mənalı olması ilə şöhrət qazanmışdı". "Məhsəti ...qadını özlərinin vəhşi arzularına xidmət etdirmək üçün hərəmxananın qara pərdəsi dalında dustaq edən mövhumat xadimlərinə qarşı həmişə mübarizə aparıb". "Məhsəti ədəbi səhnəyə atılıncayadək… şairlər özlərinin qara bəxtlərinə ağlayırdılar, lakin Məhsəti özünün şeirləri ilə onların simasını tamamilə dəyişdi. Məhsətinin sələfləri şəriəti müdafiə edən ruhanilərə qarşı açıqdan-açığa mübarizə aparmırdılar, ancaq Məhsəti hicri V əsdə (miladi XII) onun haqsız qanunlarına qorxmadan istehza edirdi. Bu qanun bəşəriyyətin yarısını təşkil edən qadınları hüquqdan məhrum etmiş, onları çıxılmaz vəziyyətdə qoymuşdu. Şairə bilirdi ki, qadınlar onlar üçün müəyyən edilmiş vəziyyətə dözə bilmirlər… Məhsəti rəhmsizliklə qadınların çiyinlərinə qoyulmuş yükü axıra qədər aparmalarına tərəfdar deyildi. O, qorxmaz bir aslan kimi …şəriət həbsxanalarının qapılarına, həbsxana müdirinin zəncirlərinə, cəlladların qılınclarına və aşağı işçilərin qamçılarına qarşı hücum edirdi. Yeni, dinc və xoşbəxt həyat carçısı olan bu həqiqi şairə baharın gəlməsini arzu edirdi. Məhsəti öz ideyası uğrunda cəsarətlə mübarizə apardı, həyatının sonunadək o qadının qəlbində azadlığa məhəbbət arzusu coşurdu" (Q.Antonyan. Erməni və Azərbaycan xalqlarının ədəbi əlaqəsi, Bakı, 1955, s.121).
XIX əsr erməni ədəbiyyatşünası G.Axverdyan yazır ki, aşıqlardan daha dindar olanları erməni dilinin elə o başdan yalnız özlərini yaradanı və müqəddəsləri şeirlərində tərifləmək üçün müəyyən edildiyini güman edib, erməni sözləri ilə ancaq öz dini və nəsihətamiz mahnılarını söyləyib, özlərinin ilahi dininin müqəddəsliyini saymamağı cinayət bilərək, öz gözəl poetik duyğularını farsların, türklərin (azərbaycanlıların – İ.A.) və osmanlıların şivəsində tərənnüm ediblər" (G.Axverdyan. Sayat-Nova, Moskva, 1852, s.3-4).
XIX əsrin sonu və XX yüzilliyin əvvəllərində yaşamış ədəbiyyatşünas Abr. Zaminyanın Nizami Gəncəvi haqqındakı etirafı diqqətçəkəndir: "Kanzaklı (Gəncəli – İ.A.) Nizami füsunkar "İsgəndərnamə" yazıb. Şübhəsiz, bu ümumi sitayişin nəticəsidir. Bu səbəbdən də XIII əsrin axırlarında Xaçatur Qaçaretsi Aleksandrın köhnə və cırılmış ermənicə tərcüməsini taparaq, üzünü köçürdü və bu xoşa gəlməyən bütpərəst əsəri xoşa gələn etmək üçün müqəddimə və xatimə yazdı".
Erməni tarixçi, yazıçı və tənqidçi, professor Leo (Arakel Babaxanyan, 1860-1932) yazır ki, aşıqlar üçün nağıllarda, mahnılarda təsvir olunan həyatı ifadə etmək üçün türk dili (Azərbaycan dili – İ.A.) erməni xalq ləhcələrindən daha səlis, daha ifadəli və daha zəngindir" (Leo. Erməni tarixi, III cild, İrəvan, 1946, s.1072). "..Erməni aşıq yaradıcılığının az bir hissəsi, hətta demək olar, əhəmiyyətsiz bir hissəsi bizim ədəbiyyata aiddir. Onların böyük əsərlərinin əksəriyyəti (dastanlar, qəhrəmanlıq nağılları) isə türkcədir (azərbaycancadır – İ.A.)". "Türk (Azərbaycan – İ.A.) xalqı böyük mədəni yüksəlişlər göstərib. Habelə o, hərtərəfli yaradıcılıq qabiliyyətinə də malikdir. Bu qabiliyyət özünü daha çox şifahi ədəbiyyatda biruzə verib. Burada atalar sözü və məsəllər xüsusilə zəngindir. Həmin nümunələr vasitəsilə türk (Azərbaycan – İ.A.) xalqı özünü bütün mədəni millətlərin birgə yaratmış olduqları dünyagörüşlərinin iştirakçılarından biri kimi nümayi etdirib. Türk atalar sözləri həm rus, həm də digər xalqların atalar sözlərinə bənzəyir. Bunlarda ifadə olunan fikir və hökmlərin türklər (azərbaycanlılar – İ.A.) üçün müqəddəs əfsanələr qədər qiyməti var. Atalar sözü və məsəllərdə əsrlərin təcrübəsi danışır. Məhz elə buna görə də bunlar son dərəcə müəllifli ifadələr kimi nəzərə çarpır. Doğrudan da – atalar sözü".
"Osmanlılar hədər yerə Xocanı osmanlı türkü hesab edir. Halbuki digər türk xalqları arasında da eyni tarixi şəxsiyyət Molla Nəsrəddin adı ilə tanınmaqdadır. Təxminən Şərqin bütün xalqları həmin lətifə və məsəllərin yaradılmasında iştirak ediblər. Ola bilsin ki, belə lətifələrin bir qisminin Nəsrəddinlə, yaxud sadəcə Xoca, yaxud Molla ilə heç bir əlaqəsi olmasın".
Yazıçı-dramaturq Aleksandr Şirvanzadənin (1858-1935) etirafı isə daha çox maraq doğurur: "Sizə bəllidir ki, mən Azərbaycan vətəndaşı olduğuma görə ilk vətənimin mədəniyyət məsələləri ilə və birinci növbədə türk (Azərbaycan – İ.A.) teatrı və ədəbiyyatının vəziyyəti ilə həmişə maraqlanmışam. Ona görə də türk (Azərbaycan – İ.A.) xalqının mədəniyyət sahəsində əldə etdiyi böyük müvəffəqiyyətləri görmək mənim üçün çox fərəhlidir. Doğrudan da türk (Azərbaycan – İ.A.) fəhlə sinfinin yaradıcılıq ruhu çarizmin onun ayaqlarına bağladığı zəncirlərdən Böyük Oktyabr inqilabı sayəsində azad olaraq misli görünməmiş sürətlə yüksəlir. Türk (Azərbaycan – İ.A.) teatrının fövqəladə irəliləyişi məni xüsusilə fərəhləndirir. …Sizi əmin edirəm ki, bunların hamısı məni hədsiz dərəcədə sevindirir".
XIX əsrin sonu XX əsrin əvvəli, din xadimi, folklor toplayıcısı, naşir Tridat Yepis Balean da folklorla bağlı yazır. Maraqlıdır, niyə ermənilərin çoxu folklora bu dərəcədə diqqət edir və həqiqəti gizlədə bilmirlər. Ona görə ki, folklor ilkinlikdir, bu torpaqlara gəlmə olan ermənilərin isə uydurduqlarından, özlərinə sırıdıqlarından, inandırdıqlarından başqa tutarlı faktları yoxdur: "Aşıqların istifadə etdikləri alətlərin adı türkcədir: saz, santur, kaman, yaxud kamança, bağlama".
XX əsr folklor toplayıcısı və naşiri Geğam Tarverdiyan yazır ki, mənim topladığım erməni aşıqlarının müəyyən hissəsi tamamilə azərbaycanca şeir söyləyiblər: "Qalan aşıqların əksəriyyəti isə öz əsərlərini Azərbaycan və erməni dillərində yaradıblar. Yalnız ermənicə şeir qoşan aşıqların sayı 20-25-dən artıq deyil" (Erməni aşıqları, I cild, İrəvan, 1937, s.19).
Q.Levonyan – (XX əsr) folklorşünas, teatrşünas: "Bu məktəbin (türk-osmanlı-erməni aşıq məktəbi – İ.A.) aşıqlarından hər hansı birinin erməni dilində yazıb-oxuması nadir bir hal idi. Onlar öz mahnılarını türkcə – Osmanlı sultanlığının dövlət dilində qoşurdular".
Mesrop Canaşyan – ədəbiyyatşünas: "Aşıq yaradıcılığı fars (İran nəzərdə tutulur, farslarda aşıq sənəti yoxdur - red.) və türk təsiri altında olub. Bu təsir hətta onların təxəllüslərində, habelə yaratdıqları şeir formalarının adlarında da qorunub. Havaların sayı 60-dan artıqdır".
Ədəbiyyatşünas, folklorşünas və dilçi, Ermənistan EA həqiqi üzvü Manuk Abeğyan – (1865-1944) yazır ki, "əlimizin altında müxtəlif variantları olan 1700-ə qədər bayatı var. Təəssüf edirik ki, bizim dilimiz çoxmənalı sözlərdən kasıbdır, eyni məna daşıyan ifadələr olduqca azdır, elə bunun üçün də özümüzə yaxın olan türkcəyə (azərbaycancaya – İ.A.) müraciət edirik" (M.Abeğyan. Xalq nəğmələri, Vağarşabat, 1904, s.35).
Dilçi və ədəbiyyatşünas, Ermənistan EA həqiqi üzvü Hraçya Acaryan – (1876-1954): "XI əsrdən etibarən türklərin ermənilər üzərinə yürüşü başlayır ki, bu da öz təsirini daha çox dildə göstərirdi. Türk-tatar dilləri cümlə quruluşu, cümlədə sözlərin düzülüşünə görə bütün Hind-Avropa, eynilə də erməni dilinin qanun-qaydalarının əksinədir. Məsələn, Hind-Avropa dillərində olduğu kimi erməni dilində deyilir: Mən gördüm quş ağacın üstündə oxuyurdu. Türk-tatar dillərində cümlənin sonundan başlayaraq həmin fikir belə çevrilib (ifadə olunub): mən ağacın üstündə oxuyan quşu gördüm. Məhz bunun, yəni türk-tatar dillərinin təsiri nəticəsində erməni dilinin qrammatik qanun-qaydaları da dəyişilib və aşağıdakı şəkli alıb: "Ağacın üstündə oxuyan quşu gördüm" (H.Acaryan. Yeni erməni ədəbiyyatı tarixi, Vağarşabat, 1906, s.9-10).
H.Manandyan və H.Acaryan: "Görünür, bu şeirlərin xüsusi ölçüsü, yaxud havası olub, çünki onları Nəsiminin, yəni onun müəllifinin adına bağlayıb yazırdılar. Onların sayı həddindən çox idi. Budaq 1524-cü ildə 1000-dən artıq nəsimi (şeir şəkli - İ.A.) bilirdi. Tutaq ki, heç də bunların hamısı Nəsiminin deyil, ancaq müəyyən hissəsi onundur, yenə də müəllifin adı ilə bağlı xeyli qalmış olar. Nəsiminin şeirləri, xalq tərəfindən sevilir və nəsildən-nəslə adlayır. Budaqdan 128 il sonra, 1652-ci ildə bu nümunələr yaşamaqda idi. Nəsiminin dərisini soyub öldürüblər".
Şair, Erm. EA həqiq üzvü Avedik İsahakyan – (1875-1957) yazır ki, "Nizami poeziyasının qüdrəti bu gün belə hakim islam aləmi şairləri üzərində hökmranlıq etməkdədir". "Nizami fantastikanı mümkün qədər real həyata gətirib, onu Azərbaycan xalqının məişəti ilə yoğuraraq Azərbaycan və Qafqazın tarixi keçmişi və coğrafi adları ilə bağlayıb". Yaxud da: "Azərbaycan xalqının bayatılardan ibarət zəngin bir şeiriyyət xəzinəsi var. Bu bayatılar vasitəsilə təbiətə çox yaxın olan bir xalq bütün öz həyat tərzini canlandırıb. Onları yaradanların adları bəlli olmasa da, müəllifləri xalq içərisindən çıxıb və xalq içərisində ərimiş şəxslərdir. Onlar övladlarını itirmiş analar, qəribliyə düşmüş qaçqınlar, sevmiş və məhəbbətə düçar olmuş qız və oğlanlardır. Bütün gözəlliyi ilə dağ havası, habelə məhəbbət, həsrət, kədər, qəhrəmanlıq, iztirab, nisgil – bax bayatıların ruhu bunlardan ibarətdir, Azərbaycan xalqının ruhu budur.
Erməni xalqı da bayatıları çox sevir, böyük bir məhəbbətlə erməni və Azərbaycan bayatılarını oxuyur. Ancaq xüsusi olaraq Qarabağ və Zəngəzurun erməniləri bayatıları azərbaycanlılar qədər yaxından duyaraq onlar vasitəsilə öz ürək arzularını bildirirlər.
Burada isə erməni "Azərbaycan xalqının əsrlik yaradıcılığı – atalar sözü və məsəlləri, nəğmə və musiqisi həmişə ermənilər üçün doğma olub. Xalq düşmənlərinə, xan və bəylərə qarşı vuruşan epik xalq qəhrəmanı Koroğlu, bizim erməniləri də eyni dərəcədə mübarizəyə ruhlandırıb. Bizim aşıqlarımız eyni sazla tarix boyu bizə doğma olan azərbaycanca nəğmələr oxuyublar. Mən kiçik yaşlarımdan Azərbaycan nəğmələrini dinləyərkən xalqımla birlikdə özümü doğma vətənimdə hiss etmişəm" ("Sovetakan Hayastan" qəzeti, 1938, 20 aprel).

Elçin Qaliboğlu