“Paşinyanın Azərbaycanla müzakirə və danışıqlar aparması sual altındadır” Layihə

“Paşinyanın Azərbaycanla müzakirə və danışıqlar aparması sual altındadır”

Fikrət Sadıqov: "Səsləndirdiyi fikirlər onun bir sıra sənədlərdən xəbərsiz olduğunu göstərir"

Ermənistanın yeni baş naziri Nikol Paşinyanın fəaliyyəti Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin gələcəyini sual altında qoyur. Xatırladaq ki, Paşinyan mayın 8-də, Şuşanın işğal günü Xankəndində yerli separatçıların lideri Bako Saakyanla görüşüb, daha sonra Şuşanın işğalının 26 ili ilə bağlı mərasimə qatılıb. Bununla Paşinyanın hansı siyasət yürüdəcəyi təsəvvürü yaranır. Belə olduğu halda müharibə ehtimalı daha da artır.
Politoloq Arzu Nağıyev deyib ki, Nikol Paşinyan bir müddət öncə Rusiya, Avropa Birliyi, İran və Gürcüstan səfirləri ilə görüşmüşdü: "Göründüyü kimi, o, həm Qərbə, həm də region ölkələrinə meyllilik nümayiş etdirməklə balansı qorumağa çalışır. Bəzi müşahidəçilər şübhə etmir ki, Nikol həm də Rusiyanın iradəsinə uyğun hərəkət edir. Çünki sanksiyalarla üz-üzə qalan Rusiya Ermənistan adlı yükdən xilas olmaq üçün Ermənistanı müəyyən müddət üçün sərbəst buraxmağı faydalı sayır. Sözsüz ki, bu, müəyyən dövr üçün düşünülə bilər".
Onun sözlərinə görə, Ermənistan Avropa İttifaqı ilə əməkdaşlıq oyununda müəyyən vəsaitlər əldə edib yenidən Rusiyanın yanına qayıda bilər: "Necə ki, ötən il Ermənistanın NATO təlimlərində iştirakı Putinlə razılaşdırılmışdı, lakin sonuncu təlimə qatılmaqla bağlı qərar son anda ləğv edildi - Sərkisyan Soçidə Putinlə görüşən zaman. Çox güman ki, bu dəfə də Ermənistandakı proseslər Rusiyanın dirijorluğu ilə cərəyan edir və Paşinyanın ilk xarici səfərini Rusiyaya etməsi də bundan xəbər verir. Əks təqdirdə, Paşinyanı aradan götürmək Rusiya üçün çox asan idi. "Rusiyanı Ermənistanın strateji tərəfdaşı hesab edirik. Hərəkatımız bu münasibətlərə təhlükə yaratmır", bunu da Paşinyan deyib.
"Gözlənildiyi kimi, Paşinyan ilk səfərini məhz Dağlıq Qarabağa etdi və bununla da ona satqın damğası vuranları təkzib etməyə cəhd göstərdi. Məlumdur ki, bütün Ermənistan rəhbərləri öz ilk səfərlərini məhz Dağlıq Qarabağa edirlər və bununla da iqtidara gəlmək üçün hansı kartdan istifadə edildiyini göstərirlər. Deməli, Paşinyanın da hələlik kursu dəyişmək istəyi yoxdur", deyən A.Nağıyev bildirib ki, bu addım Ukrayna və Gürcüstan variantından seçilir: "Yəni fərq ondan ibarətdir ki, korrupsiya ilə mübarizə adı altında başlanılan inqilablar Rusiya ilə kifayətlənmədən, Qərbə doğru addımlar atmaqdan ibarətdir. Hələ bu, Ermənistanda baş vermir. Paşinyan nə qədər başa salmağa çalışsa da ki, korrupsiyanın kökündə Sərkisyan və onun klanı durur, əsas məsələ məhz geosiyasi, daha doğrusu, Dağlıq Qarabağ məsələsinin həll edilməməsidir. Bu, Ermənistan üçün ən böyük problemdir, bunu artıq bütün vətəndaşlar dərk edir. Paşinyan bunu başa salmaq üçün böyük imkana malikdir. O da bilir ki, Dağlıq Qarabağ məsələsi nə qədər ki, həll edilməyib, Ermənistan səfalət içində olacaq və daima Rusiyadan asılı vəziyyətdə qalacaq. Lakin bunun əksinə olaraq, Paşinyan variant kimi kursun dəyişməyəcəyini göstərməyə çalışır. O, çalışacaq ki, lider olduğunu sübuta yetirsin, yeni parlament seçkiləri keçirməyə nail olsun. Lakin bununla erməni vətəndaşının iqtisadi vəziyyəti düzəlməyəcək, əksinə o öz hörmətini itirib gözdən düşəcək, vətəndaş isə yenə kasıblıq və səfalət içində qalacaq. Çünki Dağlıq Qarabağ münaqişəsi həll edilmir. Bu isə məlumdur ki, Rusiyanın ən böyük istəyidir".
Politoloq Fikrət Sadıqov deyib ki, ümumiyyətlə, Nikol Paşinyan çox ziddiyətli şəxsdir və onun heç bir siyasi təcürbəsi yoxdur: "Onun indiyədək fəaliyyəti müxalifətə rəhbərlik etmək, insanları hakimiyyətə qarşı ayağa qaldırmaqdan ibarətdir. Hətta o, həbsdə də olub. Bütün bunlar əlbəttə ki, dövləti inkişaf etdirmək və ölkələrlə münasibətlər qurmaq üçün kifayət deyil". Onun sözlərinə görə, Paşinyanın bundan sonra Azərbaycanla Dağlıq Qarabağ münaqişəsi kimi mürəkkəb problemin ətrafında müzakirə və danışıqlar aparması sual altındadır: "Yeni baş nazir Dağlıq Qarabağla bağlı sərt, reallığa uyğun olmayan bəyanatlar verir. Paşinyanın münaqişə ilə bağlı danışıqlarda Dağlıq Qarabağın qurum kimi iştirak etməsi ilə bağlı səsləndirdiyi fikirlər onun bir sıra sənədlərdən xəbərsiz olduğunu göstərir".
Politoloq qeyd edib ki, əgər Paşinyan baş nazirlik fəaliyyətini davam etmək istəyirsə, o zaman ölkənin həm daxili, həm də xarici siyasətindən xəbərdar olmalıdır: "Paşinyanın xəbəri yoxdur ki, 1990-cı illərin əvvəlində ATƏT-in Minsk qrupu yarananda orada tərəf kimi Azərbaycanla Ermənistanın adı çəkilir. Heç bir sənəddə "Dağlıq Qarabağın" ayrıca qurum kimi danışıqlarda iştirak etməsi əks olunmur. Əgər Paşinyan bunun əksini istəyirsə, o zaman erməni icması, azərbaycanlı icması ilə danışıqlar aparmalıdır. O münaqişənin həlli ilə bağlı istiqamətləri bilməlidir. Paşinyanın təcrübəsiz olması ilə yanaşı, savadı da hiss olunmur. Onun müxtəlif dilləri bilməsi heç də onun savadının göstəricisi deyil".
F.Sadıqov söyləyib ki, Paşinyanın münaqişə ilə bağlı sərt bəyanatları Ermənistanın maraqlarına uyğun deyil: "Əgər o, düşmən ölkədə yoxsulluq, miqrasiya, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmamasına qarşı mübarizə aparmaq istəyirsə, o zaman siyasi kursunu dəyişməlidir. Bu cür bəyanatlar, belə siyasətlə onlar heç nəyə nail ola bilməyəcək. Əgər Paşinyan Azərbaycanın gücünü görmək istəyirsə, o zaman öz siyasətini davam etsin. Ermənistan tərəfinin məsələnin həllində sağlam düşüncəyə malik olması əsas şərtlərdəndir. Əks halda, Ermənistanın hazırki vəziyyətdən çıxmaq şansı sıfıra yaxındır".
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı diqqətə çatdırıb ki, Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri və orada ölkəmizə qarşı əsassız ittihamlar səsləndirməsi Ermənistanda olan hakimiyyət böhranının mənfi göstəricisidir: "Çünki orada ciddi gərginlik mövcuddur. Paşinyan başıpozuq bir siyasət yeridir".
Onun sözlərinə görə, ümumiyyətlə normal bir rəhbər özünə rəva bilməzdi o cür hərəkət etsin: "Paşinyanın Azərbaycana qarşı hədələr, şərtlər irəli sürməsi normal qarşılana bilməz. Başqa ölkələrdə hökumət başçısı bunu özünə rəva görməzdi. Bu səviyyəsizlikdən xəbər verir. Digər tərəfdən bu, ermənilərin Azərbaycana, Qarabağa olan münasibətinin göstəricisidir. Ümumiyyətlə fərqi yoxdur erməni ermənidir və Azərbaycana qarşı ədalətsiz mövqedədir. Özlərinin işğal faktını heç bir halda etiraf etmək istəmirlər və ona müxtəlif don geyindirməyə çalışırlar. Rəsmi Bakının Ermənistandan hansısa müsbət addım gözləməyinə dəyməz. Onların qarşısına Azərbaycan ancaq güclə çıxmalıdır. Paşinyan qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib. Onun gəldiyi helikopter Azərbaycan tərəfindən vurulmalı idi. Əgər ermənilər bu cür həyasızlıq edirlərsə, onların qarşısında güc göstərmək lazımdır".
Politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyan mayın 8-də Azərbaycan ərazisi olan Dağlıq Qarabağa gəldi: "Bu gözlənilən idi. Ermənistan yeni seçilən istənilən prezident və baş nazir ilk olaraq Dağlıq Qarabağa gəlir". Onun sözlərinə görə, bunun iki məqsədi var: "Birinci məqsəd, Ermənistanın yeni liderinin də əvvəlki lider kimi Dağlıq Qarabağa dəstək verəcəyidir. İkinci məqsəd, Azərbaycan torpaqlarının işğalı siyasətini davam etdirəcəyini Ermənistan ictimaiyyətinə göstərməkdir.1990-ci illərdən bu yana erməni rəsmilərin bu siyasəti dəyişməyib. Ancaq bu siyasət onlardan heç birinə uğur gətirməyib. Azərbaycanla düşmənçilik Ermənistanı fəlakətə aparır. Qarabağ siyasətində Nikol Paşinyanın siyasəti istefaya məcbur etdiyi Serj Sərkisyanın siyasətinin davamıdır.
Nikol Paşinyan Xankəndində yerli separatçıların lideri Bako Saakyanla görüşdü, daha sonra Şuşanın işğalının 26 ili ilə bağlı mərasimə qatıldı. Bununla Nikol Paşinyan ilk gündən Azərbaycana mənfi siqnal göndərdi. Nikol Paşinyan baş nazir seçiləndən sonra parlamentdəki çıxışında dedi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Azərbaycanla danışıqlara hazırdır. Ancaq bunun ardınca başqa bir cümlə də işlətdi: "Azərbaycan Dağlıq Qarabağla da danışıqlar aparmalıdır".
E.Şahinoğlu deyib ki, Azərbaycan heç zaman Dağlıq Qarabağla danışıqlar aparmayacaq: "Azərbaycan torpaqlarını Ermənistan işğal edib və danışıqlar işğalçı ilə aparılır. Əgər Bakı Xankəndi ilə danışıqlara başlasa bu o demək olacaq ki, torpaqların işğalında Ermənistanın rolu olmayıb. Dağlıq Qarabağ erməni tərəfi danışıqlarda sonrakı mərhələlərdə iştirak edə bilərlər və bu zaman danışıqlarda Dağlıq Qarabağın azərbaycanlı icması da iştirak etməlidir.
Nikol Paşinyanın iki yolu var. Əgər Ermənistanın yeni baş naziri sülh, əmin-amanlıq və ölkəsi üçün inkişaf arzulayırsa keçmiş lideri və eks-prezident Levon Ter-Petrosyan kimi münaqişənin "mərhələli həll planı"nı qəbul etməlidir. İkinci alternativ keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın status-kvonun davamıdır. Ancaq Paşinyan bu halda Azərbaycanla yenidən toqquşma ehtimalını nəzərə almalıdır. Yəni Ermənistan gəncləri yenə onlara aid olmayan torpaqlarda ölməyə davam edəcəklər. Bu ölümlər keçmişdə olduğu kimi Ermənistanda narazılıq yaradacaq. Seçim Paşinyanındır. Onun düşünməsi üçün bir neçə ay vaxtı var".
O əlavə edib ki, Paşinyan gözlənildiyi kimi ilk xarici səfərini Rusiyaya edəcək, mayın 14-də Soçidə Avrasiya İqtisadi Birliyinin toplantısında iştirak edəcək: "Paşinyanı baş nazir seçilməsi münasibətilə ilk təbrik edən də Rusiya prezidenti Vladimir Putin oldu. Rusiya prezidenti Soçidə Paşinyanı başa salacaq ki, xarici siyasətdə onun manevr imkanları nə qədərdir və Qərblə yaxınlaşma İrəvana hansı problemlər yaradacaq.
Bu arada, Nikol Paşinyan Ankaraya da çağırış edərək Türkiyə ilə danışıqlara hazır olduğunu açıqladı. Azərbaycan torpaqları işğaldan azad edilməyənə qədər Ankara Paşinyanla dialoq aparmayacaq. Türkiyə XİN-də son açqılamasında Ermənistanla münasibətlərin nizanlanması kimi Dağlıq Qarabağ münaqişəsinin həllindən keçdiyini Paşinyana izah edib.
Paşinyanın daxili siyasətdə atacağı addımlara onun geniş manevr imkanları yoxdur. O komandasını və proqramını qısa zamanda formalaşdırmalı, islahalatlar aparmalı və sosial durumu normallaşdırmalıdır. İndiki şəraitdə bunu reallaşdırmaq problematikdir. Ermənistana bu işləri yerinə yetirmək üçün əlavə resurslar lazımdır. Ermənistan bu resurslara malik deyil. Digər tərəfdən Moskva hələ Paşinyana ehtiyatla yanaşır və ona kredit verməyə tələsməyəcək.
Paşinyan küçənin vasitəsilə hakimiyyətə gəldi, bu il ərzində Ermənistanın əsas problemlərini həll etməzsə ona qarşı elə həmin küçədən təzyiqlər artacaq. Bunu istefa verən Ermçənistanın artıq keçmiş müdafiə naziri Vigen Sərkisyan da deyib: "Ermənistanda artıq hər şey küçədə həll olunursa, Paşinyanın da gələcək taleyi küçədə həll olunacaq".

Əli