Mətbuat, televiziya və radioda dil qüsurları... Layihə

Mətbuat, televiziya və radioda dil qüsurları...

Sabir Rüsiəmxanlı: "Alınma sözlərə nəzarət edilməlidir"
Nəsir Əhmədli: "Mətbuat, radio və televiziya nümayəndələri bu məsələyə ciddi fikir verməlidir"

Mətbuat, televiziya və radioda dil qüsurları problemi aktuallığını qoruyur. Qəzet, jurnal, saytlarda Azərbaycan və alınma sözlərin yazılışında acınacaqlı vəziyyət hökm sürür. Sosial şəbəkələr, küçə və prospektlərə vurulmuş reklam lövhələrində eyni hal təkrar olunur. Qeyd edilən sahələrdəki qüsurlar qrammatik və leksik pozuntularla müəyyənləşir. Terminlər, dialekt, şivə, neologizmlər düzgün qiymətləndirilmir. Mövcud qüsurların ən başlıcası morfoloji və sintaktik pozuntulardır. Bir müddət əvvəl Mətbuat Şurası və KİVDF-ın apardıqları monitorinqlər zamanı konkret olaraq mətbuatda hansı səpkidə dil qüsurlarının olduğu aşkar edilib. Alınma sözlər, terminlər, dialekt və şivə, neologizmlərin yaradılması və işlədilməsi əsas dil pozuntusu faktlarıdır. Bu silsiləyə sintaktik və morfoloji, üslub, dili praktik bilməmək, dilin qaydalarını bilməmək, bəhs olunan predmeti bilməmək qüsurları da daxildir. Bu problemlərlə yanaşı mətbuatda texniki səhvlər də yetərincədir. Dildən istifadə qaydaları zamanı pozuntuya daha çox televiziyalar yer verirlər. Bəzi mətbuat orqanları kobud (vulqar) sözlərdən çox istifadə edirlər. Bu cür yazılar oxunaqlı olsa da dil normalarına tərs üslubdur. Xüsusi və mürəkkəb adların yazılarda istifadə edilməsi qaydaları da pozulur. "Orfoqrafiya lüğəti"nə əsasən yüksək dövlət vəzifələri, müxtəlif dövlət orqanlarının və s. adların birinci hərfi böyük şriftlə yazılır. Məsələn: ABŞ Dövlət katibi Con Kerri, Almaniya Kansleri Angela Merxel, Rusiyanın Xarici işlər
naziri Sergey Lavrov və s. Çox hallarda isə bu sözlər bu cür ifadə edilir: ABŞ dövlət katibi, Rusiya xarici işlər naziri, Almaniya kansleri. Həmçinin lüğət qaydalarına əsasən mürəkkəb adların ixtisarla yazılış qaydasına (abreviatura) da əməl edilmir. Mətbu orqanlarda "Orfoqrafiya lüğəti"ndə qeydə alınmayan sözlərdən istifadə də geniş yayılıb. "Novostroyka", "obşak", "srok", "dıxaniye", "kayf" "uje", "voopşe", "davay do svidaniya" və s. kimi sözlər daha çox işlədilir. Qəzet, jurnal və saytlarda əcnəbi adlar Azərbaycan dilinin fonetik qaydalarına uyğunlaşdırılmır. Məsələn: "Facebook" (Feysbuk), "Mc Donalds" (Mak Donalds), Michael Jackson (Maykl Cekson), "Reuters" (Röyters), Giovanni Zambrotta (Covanni Zamrotta), Mahmud Ahmetnejat (Mahmud Əhmədinejad), Ayatullah Ali Xomeneyi (Xamneyi) və s. kimi adlar çox vaxt olduğu kimi yazılır. Punktuasiya (durğu işarələrinin qoyulması) qaydalarının pozulması halları da tez-tez rast gəlinən qüsurlardandır. Azərbaycan dilinin qrammatik qaydalarına əsasən "O", "Bu" əvəzlikləri və "Ki" bağlayıcısından sonra vergül (,) işarəsi qoyulur. Əgər "Ki" bağlayıcısından sonra xəbər gəlirsə vergül işarəsi işlədilmir. "Bu" və "O" sözlərindən sonra qoşma, bağlayıcı, xəbər, ədat və s. gəlirsə o zaman vergüldən istifadə edilmir. Müxtəsər cümlələrdə də "Ki" bağlayıcısından sonra vergül qoyulmur. Əksər hallarda isə bunun tamam əksini özünü tapır. Problemlərin başqa bir tərəfi idə neologizmlərdən düzgün istifadə edilməməsidir. Əsasən də Türkiyə türkcəsindən dilimizə keçən sözlər çox vaxt olduğu kimi yazılır və tələffüz edilir. Məsələn: "Sonuc" türkcədə "Sonuç" kimi işlədilir. Lakin, bu tip keçmə sözlər mətbuat orqanlarında çalışan jurnalistlər tərəfindən necə var elə işlədilir. Əcnəbi dillərdən alınmış sözlər qrammatik cəhətdən "verbalizə olunmuş" və "verbalizə edilməmiş" olaraq iki qrupa ayrılır. Əcnəbi dillərdən yazılı alınmalar 6 qrupa bölünür: 1) bilavasitə yazıda dəyişiklik edilmədən alınma; 2) transliterasiya - başqa yazı ilə verilməklə alınma; 3) elmi və tədris ədəbiyyatında elmi, fonetik və fonematik transkripsiya ilə alınma; 4) öz hərfləri ilə məhdudlaşmaqla praktik transkripsiya ilə alınma; 5) doğma dilin qrammatik vasitələri ilə morfoloji cəhətdən ifadə edilməklə alınma; 6) tam və ya qismən tərcümə olunmaqla, leksik ifadə ilə alınma. Sırf linqvistik baxımdan alınmış sözlər isə 3 yerə bölünür: 1)morfem dəyişikliyi olmadan alınma; 2) qismən morfem dəyişikliyi ilə alınma; 3) tam morfem dəyişilməsi ilə alınma. Bunlar bütün dünya dövlətləri tərəfindən qəbul edilmiş qrammatik qaydalardır. Lakin, qəbul edilmiş bu qaydaların heç birisinə faktiki olaraq əməl edilmir.
Mediada dil problemlərinin qloballaşmasının səbəbi korrektura şəbəkəsinin sıradan çıxması, dil normalarına səthi jurnalist və redaktor yanaşması, qeyri-peşəkarların mətbuata axınıdır. "Orfoqrafiya lüğəti" qaydalarının düzgün dəyərləndirilməməsi, jurnalistlərin iş müqabilində aldıqları məvacibin azlığı və Azərbaycan dilinin fundamental xüsusiyyətlərindən lazımi istifadə edilməməsi də məsələyə təsir edən amillərdir. Problemləri həll etmək üçün mətbuatda korrektor işi bərpa olunmalı, Azərbaycan dilinin qaydaları barədə bütün mətbuat sahəsində çalışanlar maarifləndirilməli, Mətbuat Şurasının, həmçinin aidiyyatı qurumların mətbuat orqanlarında apardıqları monitorinqlərin sayı artırılmalı, jurnalistlərə verilən maddi vəsaitlərin (qonorar və maaş) məbləği artırılmalı və qeyri-peşəkarların mətbuata axınının qarşısı alınmalıdır.
Bunun qarşısının alınması üçün dil polisini yaradılması təklifi də səslənirdi.
Şair, deputat, Azərbaycan Dil Qurumunun rəhbəri Sabir Rüstəmxanlı ölkədə dil polisinin yaradılması ilə bağlı bir neçə gün əvvəl dediyi fikirlərə aydınlıq gətirib. Deputat bildirib ki, o heç də konkret dil polisi yaradılsın deyə təkliflə çıxış etməyib: "Mən sadəcə dillə bağlı ümumi vəziyyətdən danışarkən dünya təcrübəsindən misallar gətirmişəm, dilin qorunması üçün bir sıra ölkələrin atdığı addımları sadalamışam. Məsələn, Almaniyada dili yad, gəlmə sözlərdən qoruyan dil gömrüyü yaradılıb. Onlar kənardan gələn sözləri süzgəcdən keçirir, alman dilinə uyğun gələnlərin istifadəsinə icazə verir, digər hallarda qadağalar tətbiq edirlər. Kanadada ingilis dili dövlət dilidir, ölkənin Kvebek əyalətində isə fransız dilini qorumaq üçün dil polisi fəaliyyət göstərir. Hansı formada, hansı adla fəaliyyət göstərməsindən asılı olmayaraq dünyanın hər yerində ana dilinə nəzarət mexanizmi var.
Bu gün paytaxtın mərkəzində üzərində ana dilində bir ifadə belə olmayan kifayət qədər xarici adlı mağazaya rast gəlirik. Niyə Bakının mərkəzini kənar reklamlara, sözlərə təslim eləmişik? Belə hallarla qarşılaşan ölkələr vəziyyətdən çıxmaq üçün lazımi tədbirlər görür, həmçinin dil polisi yaradır. Azərbaycanda da dilimizin qorunmasına hansısa şəkildə nəzarət olunmalıdır.
Bu təklifdən çıxış edib bəzi jurnalistlərin "Azərbaycanda onsuz da polis çoxdur, dil polisi də yaradılacaq?" kimi söz oyunu düzəltməsi, ana dilinin qorunması yolunda irəli sürülən təkliflərə bu cür yanaşması, ifadəni "polis" sözünün doğurduğu məna ilə assosiasiya etməsi cahillik əlamətidir. Mən fikirlərimlə dünyada dilə münasibətin mənzərəsini ifadə etmişəm, deməmişəm ki, Azərbaycanda da hökmən dil polisi yaradılmalıdır. Mənə elə gəlir qəzetlərin, medianın özünə də nəzarət edilməlidir ki, hansı dillə yazmaq, hansı ifadələri qəzetə, mətbuata gətirmək olar".
Deputat qeyd edib ki, dilin qorunması çox mühüm milli məsələ olduğu üçün bu sahə ilə təkcə bir qurum, bir müəssisə məşğul olmamalı, nazirliklər, dövlət idarələri işə cəlb edilməli, hətta Milli Məclisdə qəbul olunan qanunların belə dilinə xüsusi diqqət yetirilməlidir: "Bizim dil haqqında qanunumuz var. Qanunun yerinə yetirilməsi məsuliyyət doğurur, bu məsuliyyəti tələb etmək lazımdır. Bu fəaliyyətin dil polisi yaratmaqlamı, yoxsa hansısa başqa formada təşkil edilməsi haqqında düşünmək lazımdır. Deyək ki, yol polisi, gömrük nəzarəti idarələri olduğu kimi ana dilinə nəzarət idarəsi də ola bilər. Gömrük xidməti ölkəyə keyfiyyətli malların daxil olmasına nəzarət edir. Onda niyə yad dillərdən gələn sözlər də süzgəcdən keçirilməsin? Bu nəzarəti həyata keçirən qurumun, orqanın adı nə qoyulursa qoyulsun, məqsəd dil haqqında qanunun yerinə yetirilməsinə nəzarəti həyata keçirməkdir. Alınma sözlərə, dilin işlənməsinə, qanunun yerinə yetirilməsinə hökmən nəzarət edilməlidir".
Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin müəllimi Nəsir Əhmədli isə bildirib ki, Azərbaycan dilindən düzgün istifadə, dilin təbliği və qorunması məqsədilə "Dil polisi"nin yaradılmasına ehtiyac var: "Dövlət dilinin qorunması ilə bağlı çoxsaylı dövlət proqramları, qanunlar var. Amma çox təəssüflər olsun ki, heç birinə əməl edən yoxdur. Onun özünü necə doqğruldacağı təbii ki, onun quruluşundan və qarşısına qoyduğu məqsədlərdən asılı olan bir şeydir. Yəni əsas yaradılmasıdır. Qalan şeylər sonranın işidir. Hər şey qurumun təşkilatlanmasından, orada təmsil olunacaq insanlardan asılıdır. Əgər adına uyğun şəkildə öz funksiyasını tam məsuliyyətlə yerinə yetirəcəksə. Yaradılacağı təqdirdə "dil polisi" dilimizin qorunması və təbliği istiqamətində müsbət nəticələr əldə edəcək".
Onun sözlərinə göoə, Dilimizdə işlənən əcnəbi sözlərə birmənalı yanaşmaq doğru deyil: "Burada müxtəlif kateqoriyalar var. Elə sözlər var ki, dilimizdə qarşılığı olmasına rəğmən biz öz sözlərimizdən deyil, onun rus, yaxud da ingilis variantından istifadə edirik. Elə əcnəbi sözlər də var ki, onun ana dilimizdə qarşılığı olmadığı üçün ehtiyac üçün üzdən işlədirik. Bu da təbii prosesdir. Fikrimizi ifadə etmək üçün əcnəbi də olsa, həmin sözlərdən istifadə etməliyik. Yəni əcnəbi sözlər iki kateqoriyaya ayrılır: ehtiyac olan və ehtiyac olmayan əcnəbi sözlər.
Əcnəbi sözlərdən istifadə zamanı jurnalistlər çox diqqətli olmalıdır. Sözün quruluşuna, mahiyyətinə çox ciddi yanaşmalıdır. Bəzən jurnalistlər dilimizin qayda- qanunlarını bilmədiyi üçün yanlış sözlərdən istifadə edirlər. Bu o qədər də qorxulu deyil. Çünki hər bir redaksiyanın tərkibində korrektor ştatı var və həmin səhvi o aradan qaldıra bilər. Bir də var ki, bəzi yanlış sözlər artıq dilimizdə "qanuniləşib". Doğru mahiyyət ifadə etməməsinə rəğmən birmənalı şəkildə hər kəs tərəfindən işlənir. Təhlükə burdadır və bunun qarşısını almaq lazımdır".
Nəsir Əhmədli hesab edir ki, reklam, idarə, müəssisə adları olan lövhələrdə bir çox hallarda əcnəbi adlara üstünlük verirlər: "Bunun bir səbəbi var, o da nəzarətsizlikdir. Hesab edirəm ki, "dil polisi" yaradılsa, məhz bu sahəyə də ciddi nəzarət etməlidir. Hətta üst yazıları ilə məşğul olacaq ayrıca bir şöbə də yaradılsa, daha yaxşı olar. Bu sahə kifayət qədər nəzarətsizdir. Hər nə qədər qanunda reklam lövhələrinə, obyektlərə əcnəbi adların verilməsi qadağan olsa da, bizdə buna əməl edən yoxdur.
Bütün sahələrdə dilimizin saflığı və təmizliyi eyni səviyyədə qorunmalıdır. Amma razıyam ki, mətbuat, radio və televiziya nümayəndələri bu məsələyə ciddi fikir verməlidir. KİV birbaşa kütləyə ünvanlanır və maarifləndirici funksiya daşıyır. Mətbuatda gedən bir söz artıq cəmiyyət tərəfindən sorğu-sualsız düzgün variant kimi qəbul olunur. Bu mənada, media nümayəndələri daha ehtiyatlı olmalıdır.
Sadəcə, dilimizin qayda-qanunlarına dərindən bələd olmaq, orfoepiya və orfoqrafiya qaydalarına əməl etmək lazımdır. Bir qədər də yaradıcı olmaq lazımdır".

Əli

Yazı KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Fikir, söz, məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" layihəsi çərçivəsində dərc olunur.