İrəvan xanlığı birinci Rusiya-İran müharibəsi dövründə Layihə

İrəvan xanlığı birinci Rusiya-İran müharibəsi dövründə

13-cü yazı

Rus komandanlığının niyyətindən xəbərdar olan Məhəmməd xan gec- tez rus qoşunu ilə üzləşəcəyini dərk edərək özünə müttəfiq aparmağa qərara aldı. O, Osmanlı sarayına müraciət edərək rus qoşununa qarşı mübarizə aparmaq üçün kömək istədi. Lakin Osmanlı dövləti xanın nümayəndələrinə rədd cavabı vermişdi. Sultandan kömək almaq ümidini itirən Məhəmməd xan rus komandanlığı ilə münasibətləri normallaşdırmağa qərara aldı. O, yaxın adamı Hacı Fərzəli bəyi məktubla P.D.Sisiyanovun yanına göndərdi. Lakin baş komandan bu məktuba cavab vermədi. İrəvan xanı ikinci dəfə rus komandanlığına məktub göndərdi. Bu məktubdan sonra 1803-cü il iyunun 4-də P.D.Sisianov Məhəmməd xana çox kəskin və hədələyici bir cavab yazdı. Məktubun məzmunu belədir: "Sizin yüksək məqamlı Hacı Fərzəli bəylə mənə çatdırılan məktubunuza ona görə cavab vermədim ki, o (məktub-E.Q.) mənim cavabıma layiq deyil. Ona görə ki, ədəbsiz kəlmələrlə dolu məktuba rus generalı, baş komandan sözlə cavab verməyə borclu deyil. Hacı Fərzəli bəy İrəvana geri göndərildiyi vaxt sizdən məzmunu bir qədər sülh axtarmağa və mehriban qonşuluğa meyilli ikinci məktub aldım. Ona görə də, siz ali məqama aşağıdakılara cavab verməyi özümə borc hesab edirəm: ...patriarx (katolikos-E.Q.) Danili Eçmiədzin taxtında oturdub, Davidi devirmək və Tiflisə mənim yanıma gətirmək. Mənim sizinlə əlaqəmin kəsilməsının səbəbi bu olmuş, bu da İrəvan xanlığının xilasına və yaxud məhvinə səbəb olacaq. Bu məsələlər üçün sizin yanınızda olan iki nümayəndəmizin müvəffəqiyyətsizliklə geri qayıtması Rusiya imperiyasının şöhrətinə ədəbsizlik olduğundan, mən bunu müzakirə etmək üçün İrəvana nümayəndə göndərməyi lazım bilmirəm".
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, P.D.Sisianovdan hədələyici məktub alan İrəvan xanı onunla əlaqəni müvəqqəti kəsməli oldu. Eçmiədzində katolikos taxt-tacı uğrunda gedən mübarizədə Məhəmməd xanın tutduğu mövqe bir daha sübut edir ki, o, hər hansı kənar dövlətin xanlığın daxili işinə qarışmasına dözmək fikirində deyil və xanlığı müstəqil idarə emək istəyir. İrəvan xanlığı ilə gərgin münasibətə baxmayaraq, Rusiya işğal siyasətinə Azərbaycanın şimal-qərbində yerləşən Car-Balakən istiqamətində başladı. 1803-cü ilin mart-aprel aylarında general Qulyakovun başçılığı ilə rus qoşunları Car-Balakənə hücum edərək buranı işğal etdi. Bunun ardınca uzun sürən mübarizədən sonra 1804-cü ilin yanvarın 3-də Gəncə xanlığı rus qoşununa təslim oldu. Bu ərazilər işğal edildikdən sonra P.D.Sisianov İrəvan xanlığına hücum etməyə qərara aldı. O, planını həyata keçirmək üçün çar I Aleksandrdan əlavə kömək istədi. Baş komandan 1803-cü il martın 12-də imperatora yazdığı məlumatda, İrəvan xanlığının işğalını uğurla başa çatdırmaq üçün əlavə 3 alay və 100.000 rubl məbləğində pul lazım olduğunu bildirmişdi. Bu qüvvələrlə o, nəinki İrəvanı, həmçinin Naxçıvan və Şuşanı almağı və Kür-Araz boyu ərazilərin işğalını başa çatdırmağı vəd edirdi. İrəvana yürüş etmək üçün 1804-cü ilin mayında rus qoşunu Tiflisdə cəmləşməyə başladı. Rus qoşunlarının bölgədə işğalçılıq yürüşünə başlaması şah hökumətini narahat etməyə başladı. Fətəli şah Qacarın əmri ilə Təbrizdə şahzadə Abbas Mirzənin və Süleyman xanın komandanlığı altında 20-30 minlik qoşun toplandı. Bu qoşunun bir hissəsi Abbas Mirzənin komandanlığı altında İrəvana, digər hissəsi isə Şuşaya hücum etməli idi.
Həmin ərazilər tutulduqdan sonra hər iki dəstə Gəncə xanlığı ərazisində cəmləşməli və buradan Tiflis üzərinə yürüşü nəzərdə tutulmuşdu. Şah Şəki və Şamaxı xanlarına hədiyyələr göndərərək onlardan qoşunları ilə bu yürüşdə iştirakını tələb etmişdi. İrəvanlı Məhəmməd xan da belə bir göstəriş almışdı. Şahın göstərişilə İrəvan xanı hətta Təbrizə getməli idi. Əmrin icra olunmayacağı təqdirdə, şah xanı bu əraziləri tərk edərək Məkkəyə ziyarətə getməsini tələb etmişdi. Əks halda Fətəli şah İrəvan və Naxçıvan xanlarını əmanət verdikləri oğlanlarını öldürməsilə hədələmişdi. Abbas Mirzə Məhəmməd xanın könüllü təslim olmasına ümid edirdi.
O, 1804-cü il aprelin 22-də Təbrizdən Bədir bəyin başçılığı altında 17 nəfər və gürcü şahzadəsi Aleksandr Mirzənin 3 nəfərdən ibarət nümayəndə heyətini İrəvana göndərdi. Elçilər şah hökumətinə tabe olmaq üçün xanı dilə tutmağa başladı. Tərəflər arasında danışıqlardan məlum oldu ki, xan şaha sədaqətini sübut etmək üçün ilk növbədə 100.000 samar buğda toplayaraq, 4.000 qoşunla Gəncəyə hərəkət etməli və orada Abbas Mirzənin və Aleksandr Mirzənin qoşunları ilə birləşməli idi. Bundan əlavə, Məhəmməd xan şaha İrəvanın 12 nüfuzlu əyan ailəsini əmanət verməli idi. Lakin şah hakimiyyətini özü üçün təhlükə hesab edən İrəvan xanı bu tələbləri yerinə yetirməkdən boyun qaçırdı.
Şaha rədd cavabı verən Məhəmməd xan aqibətinin acınacaqlı olacağını çox gözəl dərk edirdi. O, bu təhlükənin qarşısını almaq üçün Rusiya hökumətindən hərbi kömək almaq fikirinə düşdü. Bu niyyətlə o, P.D.Sisianova xəbər göndərərək ruslara xidmət etmək arzusunda olduğunu bildirmiş, bunun əvəzində şah qoşununun qarşısını almaq üçün hərbi kömək göstərilməsini xahiş etmişdi. İrəvan xanının düşdüyü ağır vəziyyətdən istifadə edən P.D.Sisianov 1804-cü il mayın 10-da Məhəmməd xana yazdığı məktubda bir neçə ağır tələb irəli sürmüşdü: birinci, xan hər şeydən əvvəl, Danili katolikos taxt-tacına bərpa etməli, yalançı katolikos Davıd isə ruslara təhvil verilməlidir; ikinci, İrəvan qalası rus qoşununa təslim edilməlidir; üçüncü, xan Rusiya imperatorunu özünün hökmdarı kimi qəbul etməli və sədaqətli olacağına and içməlidir; dördüncü, xan ildə 80 min rubl həcmində xərac verməli idi, xərac ildə iki müddətə, biri novruz bayramına qədər, digəri isə iyul ayından sonra ödənilməli idi. Əvəzində baş komandan, xanın sədaqətli olacağı halda əvvəlki vəzifəsində qalacağına; təhlükəsizliyi üçün öz vəzifəsinə imperator fərmanı ilə yenidən təsdiq ediləcəyinə; xanın ailəsini (girovları-E.Q.) İrandan geri almaq üçün hərtərəfli cəhd ediləcəyinə söz verirdi. Məhəmməd xan bu tələbləri qəbul edəcəyi halda, P.D.Sisianovun əmr ilə general-mayor Leontev Pəmbəkdə yerləşən rus qoşununun başçısı mayor Montrezoru iki batalyonla, Danili katolikos taxtına oturtmaq haqqında çarın fərmanı ilə İrəvana göndərməli idi. Bu tələblər yerinə yetirildikdən sonra həm Məhəmməd xan, həm də onun qaynı naxçıvanlı Kəlbəli xan Rusiya təbəəliyini qəbul edə bilərdi. İki od arasında qalan Məhəmməd xan rus komandanlığının bu tələblərini qəbul etməyərək gözləmək qərarına gəldi.
İrəvana hücum üçün rus qoşunlarının Tiflisdə cəmləşdiyi və Məhəmməd xanla danışıqlar aparıldığı vaxt şahın baş vəziri Mirzə Məhəmməd Şəfi 1804-cü il mayın 23-də Yaqub bəy Gəraylını məktubla P.D.Sisianovun yanına göndərdi. Məktubda şah hökuməti baş komandandan rus qoşununun Tiflisə hansı məqsədlə gəlişini xəbər almış və Kartli-Kaxetiyanın ona məxsus olmasını iddia edirdi. P.D.Sisianova məsləhət görülürdü ki, rus qoşunu oranı tərk etsin, əks təqdirdə onlar silahla oradan qovulacaq. Lakin baş komandan elçini söyüşlə qarşılayaraq şahın tələblərinə məhəl qoymadı. Əvəzində, baş vəzirə təhqiramiz məktub yazaraq bildirdi ki, "mən sizi Kür çayı və Göyçə gölündə... süngü və mərmi ilə qarşılamağa hazıram". P.D.Sisianovun belə təhqiramiz cavabı 1804-cü il iyunun 10-da iki ölkə arasında diplomatik münasibətlərin kəsilməsinə səbəb oldu və beləliklə, Qacar İran dövlət ilə Rusiya arasında uzunmüddətli müharibə başladı.
E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, iki od arasında qalan İrəvan xanı müstəqilliyini qorumaq üçün hər iki dövlət arasında manevr etməklə bərabər, İrəvan qalasını möhkəmləndirməyə başladı. Məhəmməd xan ətraf kəndlərin əhalisini qalaya köçürdü. Köçürülən hər bir şəxs özü ilə 2 litr barıt, 1 metr qurğuşun və lazımi miqdarda ərzaq götürməli idi. Xan onlardan arxayın olmaq üçün ehtiyat tədbirlərə əl ataraq, hər ailədən arvad və uşaqlardan ibarət girov götürmüşdü. O, elan etmişdi ki, əgər kimsə düşmən tərəfinə keçsə, girovlar asılacaq. Xanın səyi nəticəsində qala qarnizonunun sayı 7000-ə çatdırıldı. Lakin Məhəmməd xanın bütün bu tədbirlərinə baxmayaraq, xanlığın əhalisi vahimə içərisində idi. Bu təhlükədən canlarını qurtarmaq üçün Azəri (Azərbaycan-red.) türklərindən və ermənilərdən ibarət iki min ailə Qarsa köçməyə başladı.
İrəvan xanlığını özünə tabe etmək üçün ilk öncə şah qoşunu hücuma keçdi. Nasir Nəcmi yazır ki, "bu vaxt Abbas Mirzəyə xəbər vermişdilər ki, İrəvan valisi Məhəmməd xan xəyanət edərək, Sisianovun həmləsindən bir neçə gün əvvəl rus qoşunlarını həmin şəhəri və başqa Qafqaz şəhərlərini almağa qaldırmışdı". Şahzadə Abbas Mirzənin komandanlığı altında 20 minlik şah qoşununun bir hissəsi İrəvan şəhərinə hücum edərək 1804-cü il iyunun 1-də qalanı mühasirəyə aldı. Digər hissəsi isə Mehdiqulu xanın komandanlığı altında gürcü şahzadələri Aleksandrın, Teymurazın və sabiq Axalsıx hakimi Şərif paşanın iştirakı ilə Kartli-Kaxetiyaya hərəkət etdi.
Məhəmməd xan və qaynı Kəlbəli xan İrəvan qalasına sığınaraq şah qoşununa güclü müqavimət göstərməyə başladı. Xanın təslim olmamasının səbəbi ondan ibarət idi ki, o, rus qoşunundan kömək alacağına böyük ümid bəsləyirdi və P.D.Sisianovla danışıqları davam etdirirdi. Danışıqlarda xüsusilə ermənilərdən istifadə edilirdi. Ermənilər isə rus qoşununun tezliklə köməyə gələcəyi ilə xanı aldadaraq, şah qoşununa müqavimət göstərməsini məsləhət görürdülər. Mühasirə isə uzanırdı. Qala sakinlərinin inadlı müqavimətini görən Qacar komandanlığı şəhər əhalisinin əmlakını talan etmək əmri verdi. Şah qoşununun bu hərəkəti müdafiəçiləri daha da hiddətləndirdi. Əmlaklarının talan olduğunu görən irəvanlılar iyunun 18-də qaladan çıxaraq şah qoşununun üzərinə hücum etdilər. Bir gün davam edən qanlı və amansız döyüşdə hər iki tərəfdən çoxlu adam həlak oldu. Lakin nizami qoşunun təzyiqlərinə davam gətirə bilməyən müdafiəçilər yenidən qalaya geri qayıtdı.
Mühasirənin uzanması irəvanlıları çox pis vəziyyətə salmışdı. Qalaya sığınmış xeyli sakin istidən və darlıqdan həlak olmuşdu. Şah qoşununun vəziyyəti də ürək açan deyildi. Ərzaq çatışmazlığı, hava şəraitinin isti və yağışlı olması qoşunu taqətdən salmışdı.

Elçin Qaliboğlu