“Paşinyanın konkret mövqeyi yoxdur” Layihə

“Paşinyanın konkret mövqeyi yoxdur”

Ermənistanda baş verən hadisələr təbii ki, danışıqlar prosesinin davam etdirilməsinə təsir göstərir. Hələ də gərginlik davam edir. Bu da siyasi qüvvələr arasında olan gərginliklə yanaşı, cəmiyyət arasında da ajioataja səbəb olur.
Analitik Ehtiram Aşırlı bildirib ki, Ermənistanda dekabr ayının 9-da keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərində 9 siyasi partiya və 2 blok iştirak edəcək: "Məlumata görə, 105 yerlik parlamentə Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın liderlik etdiyi "Mənim addımım" bloku 183, Rusiyanın adamı kimi tanınan Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası 175, "Biz" bloku 144, "Daşnaksütyun" partiyası 152, sabiq baş nazir Serj Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar partiyası isə 125 nəfərin namizədliyini irəli sürüb. Bəs bu mübarizə onlardan hansının üstünlüyü ilə yekunlaşacaq? Əvvəla onu qeyd edək ki, "Çiçəklənən Ermənistan" partiyası 2007-ci ildən bəri Ermənistan parlamentində hakim Respublikaçılar partiyasından sonra ən çox səsə malik olan siyasi təşkilat olub. Politoloqların fikrincə, hazırda heç bir maliyyə problemi yaşamayan və son aylarda yaşanan Paşinyan-Sərkisyan qarşıdurmasından kənarda dayanan Tsarukyanın komandasının bu seçkilərdə ikinciliyi saxlamaq şansı var. Amma "Daşnaksütyun" partiyasının bu seçkilərdə fərqlənəcəyi bir qədər şübhə doğurur. Belə ki, həmin partiyanın havadarı Ermənistanın keçmiş iqtidarı hesab olunurdu. Məhz bu himayənin hesabına "Daşnaksütyun" seçkilərdə müəyyən uğur əldə edə bilirdi. Odur ki, indi himayədən məhrum olan "Daşnaksütyun"un əvvəlki nəticələri təkrar edəcəyi inandırıcı görünmür. Ermənistan parlamentində baş vermiş terror aktı zamanı öldürülən Vazgen Sarkisyanın qardaşı Aram Sərkisyanın təmsil olunduğu "Biz" blokunun isə geniş sosial bazaya malik olmaması onun işini çətinə salır". Onun sözlərinə görə, seçkilərdə iştirakını təsdiqlədən digər partiyaların isə demək olar ki, heç bir şansları yoxdur: "Ermənistan parlament seçkilərində əsas rəqabətin "Mənim addımım" bloku ilə "Çiçəklənən Ermənistan" partiyası arasında gedəcəyi qənaətindəyəm. Lakin bu rəqabətdə Respublikaçılar partiyasıda yer almağa çalışacaq. Qeyd edim ki, sabiq baş nazir Serj Sərkisyanın rəhbərlik etdiyi Respublikaçılar partiyasında namizədlərin siyahısına Ermənistanın keçmiş müdafiə naziri Vigen Sərkisyan rəhbərlik edir. Hazırda Respublikaçılar partiyasının təfdarları Nikol Paşinyanın daxili və xarici siyasətdə uğursuzluğundan, xüsusilə onun Ermənistanın KTMT-nın Astana zirvəsində üzləşdiyi məğlubiyyətdən yararlanaraq diqqət mərkəzinə düşməyə, rəqiblərini zəiflətməyə çalışırlar. Qeyd etmək yerinə düşər ki, keçmiş baş nazir Sərkisyan Respublikaçılar Partiyasının son iclasında sərt fikirlər səsləndirərək belə davam edəcəyi təqdirdə, daşı-daş üstündə qoymayacağına dair bəyanat verib. Görünür, Sərkisyanın on illik iqtidarı dövründə onun "islahatlarından" təngə gəlmiş erməni xalqı ona dəstək vermək niyyətində deyil. Çünki erməni xalqı daha başa düşüb ki, onun ən böyük düşməni elə Serj Sərkisyanın diktator rejimidir. Nikol Paşinyanın liderlik etdiyi "Mənim addımım" blokuna gəldikdə isə erməni mətbuatının yazdığına görə, Paşinyanın siyahısında Serj Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılmasında fəal iştirak edənlər, daha doğrusu, "meydan qəhrəmanları" çoxluq təşkil edirlər. Bununla da onlar kütləni ələ almaqda ən məqbul variant seçdiklərini düşünürlər. Digər tərəfdən, politoloqlar İrəvan merliyi uğrunda keçirilən son seçkilərə istinadən bu qənaətə gəliblər ki, xalq bu kimi variantlardan istifadə edən Paşinyana yalnız meydan və küçələrdə deyil, həm də seçki qutularında dəstək nümayiş etdirir. Bu isə o deməkdir ki, Paşinyanın rəhbərlik etdiyi blok bu mübarizədən qalib çıxma ehtimalı olduqca yüksəkdir".
Ekspert əlavə edib ki, Nikol Paşinyanın liderlik etdiyi "Mənim addımım" blokuna gəldikdə isə erməni KİV-nin yazdığına görə, Paşinyanın siyahısında Sərkisyanın hakimiyyətdən uzaqlaşdırılmasında fəal iştirak edənlər, daha doğrusu, "meydan qəhrəmanları" çoxluq təşkil edirlər: "Bununla da onlar kütləni ələ almaqda ən məqbul variant seçdiklərini düşünürlər. Digər tərəfdən, politoloqlar İrəvan merliyi uğrunda keçirilən son seçkilərə istinadən bu qənaətə gəliblər ki, xalq bu kimi variantlardan istifadə edən Paşinyana yalnız meydan və küçələrdə deyil, həm də seçki qutularında dəstək nümayiş etdirir. Bu isə o deməkdir ki, Paşinyanın rəhbərlik etdiyi blok bu mübarizədən qalib çıxma ehtimalı olduqca yüksəkdir. Digər tərəfdən, silahlı qruplaşma olaraq tanınan Sasna Tsrerin partiya olaraq bu seçkilərdə təmsil olunması da ayrıca Ermənistan partiya sisteminin çöküş də olduğunu göstərir. Hazırkı vəziyyətdə Sasna Tsrerin parlamentdə təmsil olunma şansları az da olsa mövcuddur. Fikrimcə, Sasna Tsrerin radikal milliyətçi mövqeyindən çıxış etməsi partiya olaraq ona müəyyən səs faizi qazandıracaqdır. Təbii ki, Sasna Tsrer parlamentdə təmsil olunarsa çox az sayda yerlə təmsil olunması ehtimalı yüksəkdir. Lakin dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində Ermənistanın ictimai-siyasi kursunda daha bir gərgin vəziyyət yaranıb. Belə ki, erməni siyasətçiləri KTMT-da Astana zirvəsində bu qurumun liderlərinin Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Paşinyanın təklif etdiyi paketin üstündən birdəfəlik xətt çəkmələrini, daha doğrusu, baş katib postunu itirilməsini heç cür qəbul edə bilmirlər. Bütün bunlara baxmayaraq Ermənistan hökuməti bu məsələdə hələ də baş katib postunun onlarda qalacağına ümid edirlər. Bu məsələ ilə bağlı son qərar dekabrın 6-da KTMT-yə daxil olan ölkələrin liderlərinin Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqın iclasında veriləcək. Bütün bu proseslər onu göstərir ki, liderlərin Ermənistanı bu postdan uzaqlaşdırmaq üçün əllərindən gələni edəcəklər. Bu növbəti gərginlik isə hazırda siyasi, iqtisadi böhran içərisində olan Ermənistan, həmçinin özünü qalib olaraq görən Nikol Paşinyan seçkilərdə bir başqa sonluqla qarşılaşa bilər".
Maraqlıdır, Paşinyan seçkilərdən sonra hakimiyyətdə qalacağı təqdirdə, onun danışıqlar prosesi ilə bağlı mövqeyində hər hansı bir dəyişiklik olacaqmı? O buna qədərki fəaliyyətində təxribatçı addımlar atıb. Xarici ölkələrlə münasibətdə isə məntiqsiz və bir birini təkzib edən uğursuz gedişlərlə yadda qalıb. Xüsusilə Ermənistanla Rusiya arasında gərginlik müşahidə edilir ki, bu da Qarabağ probleminin həll perspektivi baxımından maraqlı amildir.
Politoloq Fikrət Sadıqov deyib ki, Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın konkret mövqeyi yoxdur: "Onun fəaliyyəti hətta Rusiyanın bir sıra kütləvi informasiya vasitələri tərəfindən tənqid edilir. Son günlərdə Kremlə yaxın jurnalist Paşinyanı ciddi şəkildə tənqidinin də şahidiyik". Politoloq bildirib ki, Paşinyanın təcrübəsizliyi, ikiüzlülüyü, onun Qərbə meyllənməsi, Rusiya haqqında tənqidi fikirlər səsləndirməsi, KTMT-də özünü normal sivil şəkildə aparmaması, Xaçaturov hadisələri Ermənistanın nəinki Rusiya ilə eləcə də digər müttəfiqləri ilə münasibətlərinin pozulmasına gətirib çıxarıb. Onun sözlərinə görə, Ermənistanın münasibətlərini korladığı ölkələr sırasına Belarus və Qazaxıstan da daxildir: " Bu ölkələr Paşinyanla bağlı narazılıqlarını bildirirlər. Buna səbəb bir tərəfdən Paşinyanın təcrübəsizliyi, faktiki olaraq müxtəlif qütblərlə oyun oynamaq istəyi, digər tərəfdən də onun siyasi proseslərdən uzaq olması, düzgün təhlil etmək qabiliyyətinə malik olmamasıdır".
Paşinyan tərəfindən atılan addımların daxili auditoriyaya yönəldiyini deyən F. Sadıqov söyləyib ki, hazırda baş nazir vəzifəsini icra edən şəxsin atdığı addımların arxasında bir müddət sonra ölkəsində keçiriləcək parlament seçkilərində auditoriyanı əldə etmək dayanır: "Çünki, ölkədə iqtisadi, sosial vəziyyətin ağır olması, xarici siyasətdə uğursuzluqlara görə daxili auditoriya Paşinyandan narazıdır. Bu baxımdan sözügedən şəxs müxtəlif addımlarla özünə xal qazanmağa çalışır. Mənə elə gəlir ki, Rusiya-Ermənistan arasında gərginlik dekabrda keçiriləcək seçkilərə qədər davam edə bilər. Əgər seçkilərin nəticələrində Paşinyanın tərəfdarları çoxluq təşkil edərsə, o zaman onun mövqeyində konkret prioritetlər cızılacaq. Bildiyiniz kimi keçmiş rejimin tərəfdarları parlamentdə çoxluq təşkil edir və Paşinyan bunu qırmağa çalışır. Amma istənilən halda Ermənistan Rusiyanın əhatə dairəsində heç zaman çıxa bilməyəcək. Çünki, onun Azərbaycan və Türkiyə ilə sərhədləri bağlıdır və yeganə pəncərəsi olan İrana qarşı sanksiyaların tətbiq olunması düşmən ölkəni Rusiya ilə münasibətlərini davam etməsinə gətirib çıxaracaq. Ermənistan nə etsə də sonda yenə də Rusiyaya sığınmaq məcburiyyətində qalacaq".


Əli